• çərşənbə, 24 Aprel, 13:53
  • Baku Bakı 27°C

“Rüstəm İbrahimbəyov özünü biabır elədi”

29.01.14 10:38 1729
“Rüstəm İbrahimbəyov özünü biabır elədi”
Müsavat Partiyası və onun liderinin Milli Şuradan ayrılmasının ardınca əsas təşkilatçılardan sayılan Eldar Namazov da qurumdan istefa verib. Bununla da düşdükləri duruma görə öz yürütdükləri siyasəti deyil, hər zaman qarşı tərəfi günahkar sayanlar yenidən fəallaşıb. Milli Şuranın bəzi üzvləri, xüsusən də AXCP təmsilçiləri E.Namazovun istefasını qəzəblə qarşılayaraq, sosial şəbəkələrdə onu təhqir edib, ünvanına ən müxtəlif ittihamlar yazıblar. Müxalifət düşərgəsindəki son proseslər, Milli Şuranın aqibəti, Eldar Namazovun xaricdən dəstək alması, Rüstəm İbrahimbəyovun fəxri sədrliyi və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Azərbaycan “El Hərəkatı” Partiyasının sədri Əflan İbrahimov cavablandırır.
- Əflan müəllim, axırıncı dəfə Sizinlə söhbətimizdə partiyanızın təsis konfransının keçirildiyini, təşkilatın dövlət qeydiyyatına alınması üçün müvafiq qurumlara müraciət hazırladığınızı bildirmişdiniz. Hazırda məsələ nə yerdədir?
- Partiyanın qurultayının ardınca, dekabrın 23-də sənədlərimizi ədliyyə nazirliyinə təqdim elədik. Qanuna görə 1 ay müddətində bizə cavab verilməliydi. Yəqin ki, sənədlərimizdə hər hansı əgər-əskik olsaydı, nazirliyə dəvət olunar, məsələyə aydınlıq gətirməyimizi tələb edərdilər. Təxminən on gün bundan qabaq mənə nazirlikdən zəng edib partiyanın təsisçiləri haqqında soruşdular, ətraflı cavab verdim. Ümid edirik ki, fevral ayının ilk günlərində qeydiyyata alınmağımız barədə şad xəbəri eşidəcəyik. Gözləməklə yanaşı, partiyamızdakı təşkilatlanma işini də davam etdiririk. Partiyanın qurultayı keçirilən zaman ölkəmizin 48 rayon və şəhərində yerli təşkilatımız formalaşmışdı. İndi isə ümumilikdə 52 rayon və şəhərdə partiyamızın özəyi qurulub. Daha 4 rayonda da bu istiqamətdə iş aparılır. Əlavə olaraq Naxçıvan Muxtar Respublikasında da partiyamızın yerli təşkilatlarını yaratmaq arzusundayıq. Ancaq hələlik bu bölgə üzrə təşkilati işlərimiz zəifdir.
- Siz Milli Şuradan istefa verəndən bir qədər sonra qurumdan ayrılanların sayı artmağa başladı. Bir-birinin ardınca müxalifət liderləri, siyasi təşkilatlar qurumdan çıxdı. Demokratik qüvvələrin birliyi kimi qələmə verilən təşkilatın bu vəziyyətə düşməsinə səbəb nədir?
- Mən dəfələrlə bəyan etmişəm, yenə də deyirəm ki, ən geci 2014-cü ilin mart ayına kimi Milli Şura darmadağın olacaq. Dediklərim öz təsdiqini tapmaqdadır. Lalə Şövkət Hacıyeva, Rəsul Quliyev, Zəminə Dünyamalıyeva, Asəf Quliyev, Eldəniz Quliyev və başqaları bir-birinin dalınca Milli Şuradan getdilər. ALP-dən sonra bu günlərdə daha bir siyasi təşkilat - Müsavat Partiyası, onun dalınca isə Eldar Namazov da Milli Şuradakı müttəfiqlərindən yolunu ayırdı. Düzdür, İsa Qəmbər bu qərarı şuranın öz missiyasını başa vurması ilə əlaqələndirdi. Əsl həqiqətdə isə səbəb başqadır. O, Milli Şura yaradılarkən ölkəmizdə prezident seçkiləri öncəsi Rusiyanın Azərbaycana təzyiq cəhdlərindən məlumatlı idi. Belə bir vaxtda Vladimir Putinin xeyir-duası ilə yaranmış “Milyarderlər İttifaqı”nın üzvü, kinorejissor Rüstəm İbrahimbəyov Azərbaycanda Milli Şura ideyasını ortaya atdı. İsa Qəmbər o zaman düşünürdü ki, Rusiyanın dəstəyi ilə Milli Şura və onun vahid namizədi prezident seçkilərində qalib gələcək, Rüstəm İbrahimbəyov iki illik keçid dövründə prezident olarkən, o da bundan bəhrələnəcək. Halbuki, bu ana qədər Müsavat rəhbərliyi Avropaya inteqrasiyanın tərəfdarı olduqlarını bəyan edirdi. Digər tərəfdən seçki öncəsi Milli Şuraya Rusiyadan külli miqdarda maliyyə yardımının ediləcəyi gündəmdə idi. Müsavat başqanı Milli Şuraya üzv olmaqla həm də pul qazanmaq istəyirdi. Gördü ki, bu pulu qazanmaq mümkün olmur, dərhal Milli Şuradan çıxmaq barədə qərar verdi. Əslində onlar üçün müxalifətin birliyinin heç bir əhəmiyyəti yoxdur. Hadisələri yaxından izləsəniz görəcəksiniz ki, KXCP sədri Mirmahmud Mirəlioğlu da bu yaxınlarda Milli Şuradan istefa verəcək. Çünki AXCP sədri Əli Kərimli ilə klassiklər arasında böyük narazılıqlar var. Bundan başqa, Milli Şuradakı Mehdibəy Səfərov və Eldəniz Quliyev açıq-aşkar separatçılıqla məşğul olan adamlardır. Belələrinin toplaşdığı qurumda qarşıdurmanın, parçalanmanın olması təbiidir.
- Deyirsiniz ki, mart ayında Milli Şura tamamilə dağılacaq. Əgər belədirsə, kinorejissor Rüstəm İbrahimbəyovun dağılma ərəfəsində olan bir quruma təkrar fəxri sədr seçilməsinin nə əhəmiyyəti var?
- Rüstəm İbrahimbəyov həm Moskvadan, həm də Tbilisidən dəfələrlə bəyanat verib, mütləq Azərbaycana gələcəyini, siyasi proseslərin aktiv iştirakçısına çevriləcəyini bildirib. Hər dəfə də verdiyi sözə sahib çıxa bilməyib. Xatırlayırsınızsa, Rəsul Quliyev də bəyan eləmişdi ki, Azərbaycana gəlirəm. Ancaq o, Ukraynaya məxsus hava limanından bu tərəfə keçə bilmədi. Bu hadisədən sonra Rəsul Quliyev xalqın gözündən tamamilə düşdü, özü barədə qorxaq, cəsarətsiz bir adam təəssüratı yaratdı. Rüstəm bəyin də öz sözünə ağalıq etməməsi, onun barəsində eyni fikirləri formalaşdırdı. Bu adamın siyasətçi, lider deyil, daha çox kinorejissor, yazıçı olduğunu təsdiqlədi. Rüstəm İbrahimbəyov tamamilə özünü biabır elədi. O, Əli Kərimlinin, Cəmil Həsənlinin, Eldar Namazovun əlində alətə çevrilib. Son proseslərdə isə Əli Kərimli və Cəmil Həsənli zorla onu fəxri sədr seçiblər.
- Bəs, Eldar Namazovun Milli Şuradan getməsi nə ilə əlaqədardır?
- Xatırlayırsınızsa, əvvəlki müsahibələrimdə “EL” Hərəkatını hansı formada, kimlərlə birlikdə, nə cür şərtlərlə yaratdığım barədə fikir bildirmişdim. Mənə verilən sözün səmimiliyinə inanıb öz ətrafımdakı insanları bir araya toplayıb 8 rayonda bu təşkilatı qurdum. Lakin sonradan Eldar Namazov bütün bunları öz adına çıxmağa, hər şeyə sahiblənməyə başladı. Belə halda orada baş verənləri görüb həm mən, həm də mənimlə bərabər gələn insanlar təşkilatdan uzaqlaşdıq, öz partiyamızı yaratdıq. Bu səbəbdən Milli Şuranı, eləcə də Eldar Namazovun indi sahibləndiyi təşkilatı isə bünövrəsi olmayan bir qurum hesab edirəm. Bünövrəsi olmayan bir binanı daim ayaq üstdə tutmaq qeyri-mümkündür, əvvəl-axır o uçacaq. Eldar Namazov ömrü boyu çalışıb ki, ciddi bir təşkilat yaratsın, ancaq bunu bacarmayıb. Onun ən yaxşı bacardığı iş casusluqdur. Onlar bir tərəfdən “Soros” Fondundan, digər tərəfdən isə Rusiyadan maliyyə dəstəyi alıb iş görürdülər. Gömrükdə “EL” Hərəkatı üçün gələn bayraqların, qısaqol köynəklərin tutulması deyilənləri bir daha təsdiq edir. İndi də Eldar Namazov və onun ətrafındakı Nağıbəylilər başlayıblar sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovla iş görməyə. Bu faktı təsdiqləmək üçün mənim əlimdə kifayət qədər sübut var.
- Sizcə, Azərbaycan xalqının, cəmiyyətin bütün təbəqəsinin etimadını qazanmadan, yalnız Qərb dövlətlərinin maliyyə dəstəyi ilə əsas siyasi gücə, ana müxalifətə çevrilmək mümkündürmü?
- Eldar Namazov xaricdən dəstək ala bilər, ancaq Azərbaycan xalqı onun səsinə səs verməyəcək, arxasınca getməyəcək. Mən buna yüz faiz əminəm. Çünki o, indinin özündə ətrafına ancaq həmyerlilərini toplayır, ayrı seçkilik edir, region təşkilatı qurur. Nurəddin Mustafayev, Əli Ömərov və başqalarını ətrafına toplayıb böyük gücə çevriləcəyini düşünür. Xislətində regionçuluq, yerlibazlıq olan birisi heç vaxt bütün ölkəni əhatə edən, ciddi siyasi partiya yarada, ona rəhbərlik edə bilməz. Çəkdiyi siqaretin, nikotinin iyindən yanaşı dayanmaq mümkün olmayan, içki düşkünü Zəfər Quliyev də tez-tez deyir di ki, “EL” Hərəkatı öz mənası Eldar Namazovun adındakı “EL” hecası ilə bağlıdır. Yalnız ailə müxalifəti, ailə təşkilatı yaratmaq təxəyyülündə olan insanların cəmiyyətdən dəstək alması mümkün deyil. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Eldar Namazov aldığı pulların hesabına 3-4 nəfəri mitinqə çıxara, əllərinə şüar, bayraq verib görüntü yarada bilər, ancaq Azərbaycan xalqının etimadını, inamını qazana bilməz. Bu adam lider olacaq, ətrafına adam yığacaq gücdə deyil.
- Bir vaxtlar AXCP və Müsavat sədrlərini öz iqamətgahlarına çağıraraq iqtidara təzyiq kimi istifadə edən səfirlər sonradan onları yararsız əşya kimi kənara atıblar. Eyni aqibət E.Namazov üçün də gözləniləndirmi?
- Belə bir Azərbaycan atalar sözü var: Yetimə gəl-gəl deyən çox olar, çörək verən az olar. Eldar Namazov ola bilsin bundan sonra da ingilis, Fransa, ABŞ səfirləri ilə təkrar-təkrar görüşəcək, hələ üstəlik təlimatlandırılacaq, maliyyə dəstəyi də alacaq. Amma yaxşı olardı ki, o, çönüb keçmişə baxa, bəzi radikal müxalifət liderlərinin belə görüşlərdən sonra hansı duruma düşmələrini görə biləydi. Eyni aqibət onu da gözləyir. Qərb dövlətləri müəyyən bir vaxtda öz maraqları naminə ölkəmizdəki daxili qüvvələrdən yararlanmaq həvəsinə düşə bilərlər. Bunun üçün təbii ki, səfirlər fəallıq göstərirlər. Ancaq həmin dövlətlər Azərbaycan xalqının iradəsi, mövcud iqtidarın, xüsusən də dövlət başçısının həyata keçirdiyi siyasətin qarşısında gec-tez geri çəkilməyə məcbur olacaq, reallıqla barışacaqlar. Bax o zaman eldarlara, isa qəmbərlərə, əli kərimlilərə ehtiyac qalmayacaq. Sözügedən ölkələrin səfirləri radikal müxalifəti arxadan vuracaqlar.
Son olaraq bir məsələyə münasibət bildirmənizi də istərdim. Ziyalılar Forumunun və Milli Şuranın üzvü Eldəniz Quliyev hər zaman öz açıqlamaları ilə alternativ fikrə hörmətsiz yanaşdığını nümayiş etdirib. Sizcə, özünü ziyalı hesab edən, siyasətçi kimi proseslərə qatılmaq iddiasında olan birisinin belə davranışı nə dərəcədə düzgündür?
- Dəfələrlə bəyan etmişəm, bir daha təkrar edirəm ki, Eldəniz Quliyev casusdur. Uzun müddət Lənkəranda yaşayan bu şəxs İran xüsusi xidmət orqanları ilə əlaqəlidir. Nə vaxt baxırdın o, İranın “Səhər” kanalında Azərbaycan əleyhinə fikirlər səsləndirirdi. İndinin özündə də Eldəniz Quliyev Bakının Nardaran kəndi ilə sıx əlaqədədir. Rəhmətə gedən şəxsi tanıdı-tanımadı həmin kənddəki bütün hüzr mərasimlərində iştirak edir. İnsanlarla söhbət zamanı qızışdırıcı mövqedən çıxış edir. Öz ətrafına isə Mehdibəy Səfərov kimi separatçı adamları toplayır. İstər müxalifət düşərgəsindən, istərsə də hakimiyyət nümayəndəsindən kimsə bir söz deyən kimi, o dəqiqə reaksiya verir, təhqir və tənqid dolu fikirlərini qarşı tərəfə yağdırır. Bununla özünü gündəmə gətirir, fəal adam kimi İrana və Rusiyaya nümayiş etdirir. Təsəvvür edin, Eldəniz Quliyevin və oğlunun hərəsinin 120 min manat qiyməti olan şəxsi “Lexsus” markalı bahalı maşını var. Bundan başqa, Eldənizin şəxsi ofisi, ayrı-ayrılıqda 3 ünvanda şəxsi evi var. Əgər bu adam bizneslə məşğul olmursa, yalnız aldığı təqaüdlə bunları necə əldə edə bilər? Deməli, Eldəniz Quliyev xaricdən aldığı maliyyə dəstəyi ilə bunları alıb. Eldəniz Quliyev əvvəlcə müəyyən bir dona girib ziyalıları öz ətrafına toplayır, daha sonra onları xaricə satır. Elə bu kimi səbəblərə görə Ramiz Rövşən və digər yazıçılar onun yanından uzaqlaşıb. Hesab edirəm ki, belə davranış tərzi onun nə yaşına-başına, nə də saç-saqqalına yaraşmır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər