• cümə axşamı, 28 mart, 12:09
  • Baku Bakı 16°C

Rüstəm İbrahimbəyov müxalifəti barmağına dolayıb

24.08.13 08:31 7646
Rüstəm İbrahimbəyov müxalifəti barmağına dolayıb
Milli Şuranın vahid namizəd elan etdiyi kinorejissor Rüstəm İbrahimbəyov bununla bir neçə dəfədir ki, ona etimad göstərənləri aldadıb. Hər dəfə Azərbaycana gələcəyi vaxtı elan etsə də sonradan vədinin üstündə dayanmayıb. O, bunu ABŞ-da, Avropada, Rusiyada daha vacib görüşlərinin olması ilə əlaqələndirib. Bu günlərdə isə onun Rusiya ilə yanaşı Amerika dövləti qarşısında öhdəliyinin olması barədə məlumatlar yayılıb. Belə vəziyyət müxalifət liderlərini təkrar toplaşmağa, seçkiyə az bir müddət qaldığını nəzərə alıb da ehtiyat namizədi müəyyənləşdirməyə məcbur edib. Seçkiöncəsi müxalifət düşərgəsində baş verən bütün bu proseslər, o cümlədən 18 avqust mitinqinin uğursuzluğu, Milli Şuranın dağılma təhlükəsi ilə üzləşməsi və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını politoloq Qabil Hüseynli cavablandırır.
-Qabil bəy, seçkiyə az bir müddət qalmasına baxmayaraq, hələ də Milli Şuranın vahid namizədinin sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edilməyib. Siz müxalifətin hazırkı seçki hazırlığını necə qiymətləndirirsiniz?
-Mən cəmiyyətdə güclü müxalifətin olmasının tərəfdarıyam. Belə güclü müxalifət meydana çıxsa o zaman seçki prosesi kifayət qədər maraqlı keçər. Amma təəssüf ki, bu gün həmin mənzərəni müşahidə edə bilmirəm. Əksinə, Milli Şurada bir araya gələn müxalifət liderləri üzdə birlik, güc nümayiş etdirsələr də, daxildə bir-biri ilə mübarizə aparır, parçalanırlar. Üstəlik siyasi proseslərə dərindən bələd olmayan kinorejissor Rüstəm İbrahimbəyovu özlərinə vahid namizəd seçiblər. Hansı ki, prezident seçkilərinə iki aydan da az bir müddət qalmasına baxmayaraq, müxalifətin prezidentliyə namizədi olacaq Rüstəm İbrahimbəyovu heç cür Azərbaycana gətirə bilmirlər. Mətbuatdan oxuyuram ki, o, ABŞ-a gedib. Oradan isə Avropaya getməyi planlaşdırır. Görünən budur ki, o, vahid namizəd məsələsinə çox səthi yanaşır. Bununla da Rüstəm İbrahimbəyov bütövlükdə Azərbaycan siyasi müxalifətini barmağına dolayır. O, müxalifətlə necə istəyirsə, elə o cür də davranır. Halbuki Milli Şuranın sədri, yaxud vahid namizəd olmaq o demək deyil ki, sən əlahiddə hüquqlara maliksən. Seçki öncəsi bəzi proseslər həyata keçirilib, bir müddət sonra isə təbliğat kampaniyasına start veriləcək. Amma hələlik Milli Şuradan kiminsə namizədliyi Mərkəzi Seçki Komissiyasına təqdim edilməyib. Hər dəfə toplaşır, o qədər də mühüm olmayan qərarlar qəbul edib ayrılırlar. Belə olan halda müxalifətin seçkiyə hazırlığını qənaətbəxş saymaq olmaz.
-Ötən həftə Milli Şura ilk mitinqini keçirdi. Seçki öncəsi onların bu addımını uğurlu gediş saymaq olarmı?
-Bir neçə partiyanın birləşdiyi Milli Şuranın təşkil elədiyi bu mitinqi qənaətbəxş hesab etmədim. Güman edirəm ki, mitinq öz qarşısına qoyduğu məqsədlərə nail ola bilmədi. Çünki orada iştirakçıların sayı çox deyildi. Bununla yanaşı, həmin mitinq cəmiyyətdə, əhalidə, ayrı-ayrı fərdlərdə rezonans yarada biləcək gücdə də deyildi. Bu cür mitinqlərlə prezident seçkilərinin uğurlu startını vermək çətindir.
-Sizcə, mitinqə əvvəlcədən elan edildiyi sayda adamın toplaşmamasına səbəb nə idi?
-Müxalifət partiya sədrləri iddia edirdilər ki, guya rayonlardan gələn adamların bir çoxunu şəhərə buraxmayıblar. Amma mən hakimiyyətin kütləvi şəkildə belə bir addım atmasına əmin deyiləm. Əgər bütün partiyaların rayonlarda yerli təşkilatı varsa və həmin təşkilatın hər biri ən azı 10 nəfərlə aksiyada təmsil olunmaq istəsə, bu xeyli sayda insan edər. Belə olan halda onların qarşısını heç cür almaq olmaz. Bununla yanaşı, Milli Şurada 8 partiya təmsil olunur. Onların yalnız Bakı təşkilatlarındakı insanlar, eləcə də Şuranın 131 üzvünün hər biri özü ilə birlikdə yaxın qohumlarını da gətirsəydilər mitinq iştirakçılarının sayı çox ola bilərdi. Amma görünən budur ki, Milli Şuranın üzvləri mitinqin kütləvi olmasını ya istəməyiblər, ya da onların potensialı həddindən artıq zəifdir. Şuradakı partiya üzvləri öz üzvlərini mitinqə gətirdə bilməyiblər. Bu cür startla isə Milli Şuranın populyarlığını təmin etmək olmaz.
-Amma Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov bütün bu uğursuzluqların günahkarı kimi Azərbaycan xalqını görür. Qeyd edib ki, Azərbaycan xalqı çox passivdir. Onun hadisələrə bu cür yanaşması nə dərəcədə düzgündür?
-Ağıllı adam məğlubiyyətinin səbəbini özündə, ağılsız adam isə başqalarında axtarır. Konkret olaraq Milli Şuranın vahid namizədinin azərbaycanlıları aşağılamasına gəlincə, Rüstəm İbrahimbəyov, eləcə də onun ətrafına toplaşan adamlar əvvəlcə gəlib hesabat versinlər görək, nəyə görə bu xalqı barmağına dolayıblar? Azərbaycan xalqı Milli Şuraya nə edib ki? Vahid namizəd seçilən şəxs dəfələrlə söz verir, daha sonra vədinə əməl etmir. Bununla da özü bütün bu proseslərin baş verməsinə şərait yaradır. Sonra da günahı başqasında axtarır. Bu günlərdə Milli Şuranın növbəti sessiyasının olacağını ona çatdırdılar. O, isə cavab verdi ki, kino montajı ilə məşğulam, gələ bilməyəcəm. Yaxud hər hansı ciddi məsələnin müzakirə olunduğunu deyirlər, cavab verir ki, ABŞ-a, Avropaya səfərim var. Bu, xalqı barmağına dolayıb oynatmaqdır. Yaxşı ki, xalqın böyük hissəsi Rüstəm İbrahimbəyovu tanımır. Əgər tanısa bu hərəkətlərinə görə onu daş-qalaq edərlər.
Azərbaycan siyasətində bu qədər qeyri-səmimiliyi, hiyləgərliyi başa düşmək çox çətindir. Cəmiyyət səmimiyyətdən kənar adamların arxasınca düşə bilməz. Onsuz da Azərbaycan xalqının böyük əksəriyyəti Milli Şura adlı təşkilatın varlığından xəbərsizdir. Xəbəri olanlar isə orada baş verən hadisələrdən məmnun deyil. Belə hal isə həm Milli Şura və müxalifət, həm də siyasət barədə mənfi rəyin yaranmasına səbəb olur.
-Belə fikir var ki, alternativ namizədin müəyyənləşməsindən sonra bir neçə siyasi təşkilat Milli Şuradan uzaqlaşacaq. Bu hadisəni müxalifətin müvəqqəti birliyinin dağılması hesab etmək olarmı?
-Problemin kökü dərindədir. Məsələ burasındadır ki, Rəsul Quliyev, Lalə Şövkət, Eldar Namazov siyasi müxalifətin mübarizəsinə töhfə verəcək adamlar sayılmırlar. Onların hər bir işi, - “yalnız mən deyən olmalıdır” – prinsipi ilə həll etmələri destruktiv fəaliyyətin nəticəsidir. Neçə illərdir ki, Azərbaycan müxalifətini bu vəziyyətə salan belə düşüncə tərzidir. Üstəlik liderlərin heç bir çərçivəyə sığmayan siyasi hikkələri də vəziyyəti gərginləşdirir. Bu mənada həmin liderlərin sədrlik etdiyi partiyaların sıravi üzvlərinin nə düşündüyü məni çox maraqlandırır. Onlar başa düşməlidirlər ki, cəmiyyətdə siyasi inteqrativ proseslərin getməsi çox vacibdir. Bunun nəticəsində cəmiyyətdə bir balans yaranır. Amma siyasi təşkilatlar parçalanma, mərkəzdən qaçma meylləri ilə həm özlərini, həm də siyasi müxalifəti nüfuzdan salırlar. Nəticədə cəmiyyət müxalifətdən küsür və uzaqlaşır. Belə zərərli tendensiyanın bütün məsuliyyəti müxalifətin içərisindəki bəzi partiyaların siyasi liderlərinin üzərinə düşür. Lakin bu adamlar elə düşünürlər ki, ölkə və xalq qarşısında yeganə məsuliyyəti hakim partiya, mövcud iqtidar daşıyır. Bu qətiyyən belə deyil. Həm müxalifət, həm iqtidar eyni dərəcədə buna məsuliyyət daşıyır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər