• çərşənbə axşamı, 16 aprel, 19:51
  • Baku Bakı 18°C

“Rüstəm İbrahimbəyov Milli Şuranı alət kimi öz əlində saxlamaq istəyir”

23.11.13 09:27 1664
“Rüstəm İbrahimbəyov Milli Şuranı alət kimi öz əlində saxlamaq istəyir”
Milli Şura daxilində ziddiyyətlər pik həddə çatıb. Müsavat partiyasının növbəti qurultayında özünün yenidən başqan seçilmək şansının olmadığını anlayan İsa Qəmbər tərəfdarları vasitəsilə AXCP sədri Əli Kərimli və Milli Şura sədri Rüstəm İbrahimbəyov üzərinə hücuma keçib. Artıq Müsavat funksionerləri kinorejissorun təklif etdiyi həmsədrlik institutunu qəbul etməməklə yanaşı, onun Milli Şura sədrliyindən uzaqlaşdırılmasını da tələb etməyə başlayıblar. Beləliklə onlar gələcəkdə qurumda rəhbərliyi öz əllərinə almağı, İsa Qəmbəri Milli Şuraya sədr seçməyi qarşılarına məqsəd qoyublar. Müxalifət düşərgəsindəki son proseslər, Milli Şuranın perspektivi və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev cavablandırır.
- Milli Şuradakı radikal müxalifət partiyaları arasında yenidən kəskin fikir ayrılıqları, ziddiyyətlər yaşanmaqdadır.
- Milli Şuradakı partiyalararası münasibətlərin bu səviyyəyə gəlib çatması ilk növbədə uğurun olmaması ilə əlaqədardır. Uğur əldə edilmədiyindən öz aralarında günahkar axtarışına çıxmaq cəhdi var. Fikir ayrılığına ikinci səbəb isə daha köklüdür. Bu da Milli Şuranın növbəti dönəmdə də yönləndirilməsi, onun rəhbərliyinin tərkibi ilə bağlıdır. Lakin hesab edirəm ki, Milli Şuranın dağılma ehtimalı çox zəifdir. Oradakı əsas partiyalar bir yerdə olmağa məhkumdurlar. Sadəcə, Milli Şurada baş verənlər daha çox mövqe savaşına bənzəyir.
- Sizcə, R.İbrahimbəyovun həmsədrlik institutunun təsis olunması barədə təklifinə Müsavat Partiyasının qarşı çıxması, AXCP-nin isə bunu dəstəkləməsi əsl həqiqətdə nə ilə bağlıdır?
- Bayaq qeyd etdiyim kimi bu, mövqe savaşıdır. Milli Şura daxilindəki bütün prosesləri bilməsəm də, məlumatım var ki, orada ciddi nüfuz savaşı var. Buna da səbəb təşkilatın rəhbərliyində kimlərin təmsil olunması məsələsidir. Görünür, Müsavat Partiyası Cəmil Həsənlinin Milli Şuranın həmsədrlik institutunda təmsil olunmasına ehtiyatla yanaşır. Bunu Müsavat Partiyasının maraqlarına uyğun saymır. Baş verənləri Milli Şuranın indiki dönəminin keçici problemi də saymaq olar. Çünki AXCP ilə Müsavatı Milli Şurada saxlayan daha ciddi amillər var. Həmin iki təşkilatın bir araya gəlməsi bizim partiyanın, şəxsən mənim gözümün qarşısında baş verib. Bir sıra pərdəarxası məqamlar var ki, mən bunların ictimaiyyətə açıqlanmasını düzgün saymıram. Misal üçün, AXCP-nin uzun müddətdən sonra nəhayət ki, qərargah əldə etməsi.
- Bəzi ekspertlər hesab edirlər ki, Milli Şura daxilində kəskin fikir ayrılığına əsas səbəb Müsavatın qurultayında təkrar başqan seçilməyəcəyinə əmin olan İsa Qəmbərin şura sədrliyinə iddia etməsidir.
- Bu, düzgün ehtimal deyil. Rüstəm İbrahimbəyov həmsədrlik institutunun təsisi barədə təklif vermişdi. Avtomatik olaraq prezident seçkilərində radikal müxalifəti təmsil etmiş Cəmil Həsənlinin orada olması göz önünə gəlirdi. Ola bilsin Müsavat üzvləri Cəmil Həsənlinin siyasi simpatiyalarından xəbərdardırlar, onun daha yaxın təmasları barədə məlumatlıdırlar. Qurum daxilindəki təbii rəqabət şəraitində bu vəziyyət AXCP-nin maraqlarına daha uyğun gəldiyindən, Müsavat yetkililəri buna etiraz edirlər.
- Sizcə, Milli Şurada ziyalılar, yoxsa partiya liderləri həmsədr olmalıdır?
- Hesab edirəm ki, nə ziyalıların, nə də partiya liderlərinin həmsədr olması Milli Şura üçün qorxulu deyil. Çünki Milli Şuranın nüvəsi AXCP və Müsavat partiyalarından ibarətdir. Bu partiyaların tərəfdaşları Milli Şuranın əsas mahiyyətini formalaşdırırlar. Belə olan vəziyyətdə siyasi rəhbərlikdə hər kim təmsil olunacaqsa, bu iki partiya arasında balansı gözləyəcək.
- Bəs, o zaman Milli Şura sədrinin narahatçılığına səbəb nədir?
- Düzünə qalsa, Rüstəm bəyin özü Milli Şura sədrliyindən istefa vermək istəmir. Görünür, müxalifətçilik imici Rüstəm İbrahimbəyova lazımdır. O, Milli Şuranı alət kimi öz əlində saxlamaq istəyir. Məntiqli olardı ki, o, özü bu qurumun rəhbərliyindən istefa verəydi. Bundan sonra Milli Şuranın rəhbərliyinə kimin gəlməsi və ya gətirilməsi barədə polemika açmaq olardı. Lakin indiki vəziyyətdə Rüstəm bəy Milli Şuraya rəhbərliyi əlində saxlayır, proseslərdə yaxından iştirak etmir, ölkəyə də gələ bilmir. Belə vəziyyətdə onun açıqlamaları “qıcıq” yaradır. Rüstəm bəy mətbuata müsahibəsində deyir ki, mən siyasətçi deyiləm, istəyiblər deyə şuraya sədr seçilmişəm, Milli Şuranın yığıncağında nə qərar qəbul edilsə ona riayət edəcəyəm və sair. Məncə, bir az səmimi olmaq gərəkdir. Hərçənd ki, siyasətdə səmimi olmaq da düzgün yanaşma deyil. Amma kimisə zorla hansısa quruma rəhbər saxlamaq qeyri-mümkündür. Əgər fərd özü proseslərə ədalətli münasibət bəsləyirsə, hadisələri düzgün qiymətləndirirsə, sərbəst şəkildə qərar qəbul etməlidir.
- Heç bir siyasi statusu olmayan Cəmil Həsənlinin Azərbaycan müxalifətinin lideri kimi Vaşinqtona dəvət edilməsində, Milli Şura adından görüşlər keçirməsində məqsəd nədir?
- Cəmil Həsənlinin Azərbaycan müxalifətinin lideri, Milli Şuranın isə müxalifətin yeganə qurumu kimi təqdim edilməsi, sırf təbliğat məsələsidir. Müxalifəti təmsil edən bütün siyasi təşkilatların heç də hamısı Milli Şurada olmadığı halda Cəmil Həsənlinin müxalifətin vahid lideri kimi təqdim olunması ədalətsizlikdir. Ola bilsin Milli Şuradakı təşkilatlar bu cür təqdimatla nəyə isə nail olmaq istəyirlər. Hər halda, mən onları haqlı saymıram.
- R.İbrahimbəyov mart ayında Azərbaycana gələcəyi barədə növbəti dəfə vəd verib. Onun bu vədi nə qədər inandırıcıdır?
- Siyasətçi ilk növbədə verdiyi sözə sahib çıxmağı bacarmalı, onun arxasında durmalıdır. Bundan əvvəl də o, bir neçə dəfə Azərbaycana gələcəyi barədə vədlər vermişdi. Təəssüf ki, bu vədlər özünü doğrultmadı. Rüstəm müəllim sonradan bunu əsaslandıraraq dedi ki, guya onun Bakıya gəlməməsi özünə qarşı ölüm təhlükəsi ilə bağlı olub. Ancaq son prosesləri təhlil etsək görərik ki, baxışlarına görə Azərbaycanda heç kim öldürülməyib.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər