• cümə, 29 Mart, 04:07
  • Baku Bakı 7°C

Rüstəm İbrahimbəyov: “Mən artıq siyasətlə məşğul olmuram və olmayacağam”

14.09.13 17:02 1489
Rüstəm İbrahimbəyov: “Mən artıq siyasətlə məşğul olmuram və olmayacağam”
Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun APA-nın Moskva müxbirinə müsahibəsi
“Londona getməməyim səhhətimlə bağlı deyil”
- Sizin Londona səfərdən imtina etməyinizin səhhətinizdə, konkret olaraq böyrəyinizdə yaranmış problemlə bağlı olduğu bildirilir. Bu nə qədər doğru xəbərdir?

- Londona getməməyim böyrəyimdə olan problemlə bağlı deyil. Mənim böyrəyimdə çoxdandır ki, daşlar var. Bunu orda Eldəniz Quliyev bilir, elə bu məlumatı da mətbuata o verib. Lakin mənim səfərə buna görə getməməyim həqiqət deyil. Mən indi çox məşğulam, Moskvada vacib işlərim çoxdur. Ona görə Londona gedə bilmədim.
- Bilmək olarmı bu gün sizin üçün Milli Şuradan daha vacib iş nə ola bilər?
- Milli Şuranın əsas vacib işi təkcə Londona getmək deyil. Bizim Milli Şura ilə bağlı çox vacib işlərimizi var. O ki qaldı London səfərinə, bu səfər barəsində qərar veriləndə Milli Şuranın vahid namizədi mən idim. Lakin sonra Cəmil Həsənli vahid namizəd oldu. Londonda keçirilən görüşlər vahid namizədlədir. Ona görə də Londona Cəmil Həsənli getdi. Mən isə Londona səfərimi daha sonraya, təxminən gələn aya planlaşdırıram. Bir də onu da qeyd edim ki, Cəmil Həsənli və Eldar Namazovun Londonda görüşəcəyi adamlarla mənim görüşmək istədiyim adamlar başqa-başqa adamlardır. Ona görə də mən səfərimi daha sonra edəcəm.
“Müxalifət qanunları bilmirdi”
- Sonuncu dəfə İsa Qəmbər və Əli Kərimli ilə nə vaxt danışmısınız?

- Sonuncu dəfə İsa Qəmbər və Əli Kərimli ilə Cəmil Həsənli vahid namizəd seçiləndə telefon danışığım olub. Ondan sonra heç bir əlaqəmiz olmayıb. Lakin Cəmil Həsənli və Eldar Namazovla demək olar ki, hər gün danışıram.
- Sizin prezidentliyə namizədliyinizlə bağlı müxalifətin mübarizə aparmamasına necə baxırsınız?
- Deyə bilmərəm ki, mənim namizədliyim uğrunda mübarizə aparılmayıb. Namizədliyimin qeydə alınmaması qanunsuz idi. Müxalifət də qanunları bilmirdi və bilmədiyi şeyə qarışmırdı. Mən onları başa düşürəm. Mərkəzi Seçki Komissiyasının mənim namizədliyimlə bağlı çıxardığı qərardan görürəm ki, onlar da qanunları bilmirlər. MSK “ikili vətəndaşlıq” ilə “ikinci vətəndaşlıq” terminini qarışdırır. Bunlar tamamilə fərqli terminlərdir. Mənim ikili vətəndaşlığım yoxdur, ikinci vətəndaşlığım var. Mən Azərbaycan vətəndaşıyam, bununla bərabər həm də Rusiya vətəndaşıyam. Bütün bu hüquqi məsələləri Azərbaycanda bilən yoxdur. Mənim də ki, bunlarla məşğul olmağa nə vaxtım var, nə də hövsələm…
Mən Rusiya vətəndaşlığından çıxmaqla bağlı ərizə yazmışam. Bir ay ərzində vətəndaşlıqdan çıxmaq üçün lazım olan sənədləri yığdım. İyul ayının əvvəlində təklif olundu ki, Milli Şuranın vahid namizədi olum. Lakin vətəndaşlıqdan çıxmaqla bağlı sənədləri isə bir ay sonra məndən qəbul elədilər. Milli Şura mənim vahid namizədliyimlə bağlı qərara gəldikdən bir gün sonra mən ərizə yazdım. Lakin məndən çoxlu sənədlər tələb olundu. Həmin sənədləri yığmaq xeyli müddət çəkdi. Bu sənədlər vergidən, polisdən və s. yerlərdən idi. Avqustun 12-13-də ərizəm qəbul olundu. Ərizəm qəbul olunanda təsdiq olundu ki, mənim Rusiya dövləti qarşısında öhdəliklərim yoxdur. Həmin sənədlərin bir nüsxəsin Bakıya da göndərdim.
İş ondadır ki, mənim heç fikrimdə də deyildi ki, prezidentliyə vahid namizəd olum. Məni məcbur elədilər. Milli Şuranın yaradılması mənim təşəbbüsüm idi. Fevral ayında yaranan bu təşəbbüs üç ay çəkdi. İyunda Milli Şura yarananda məni sədr seçdilər. Mən rolumun bundan ibarət olduğunu düşünürdüm. Lakin təkid elədilər ki, prezidentliyə vahid namizəd olum. Gördüm ki, Milli Şurada olanlar bir-biriləri ilə dil tapa bilməyəcəklər. Ona görə də bu qərara gəldim.
“Məni məcbur elədilər”
- Kimlər sizi vahid namizəd olmağa məcbur elədilər?

- Konkret olaraq ad çəkə bilməyəcəm. Milli Şuraya çox partiyalar, təşkilatlar daxildi. Mən vahid namizədliyə üç-dörd adamın, onların sırasında da Cəmil Həsənlinin adını çəkdim. Lakin mənə dedilər ki, yox! Konkret deyə bilərəm ki, Rəsul Quliyev buna qarşı çıxdı. O, mənim namizədliyimin irəli sürülməsini dəstəkliyirdi. Deyirdi ki, Cəmil Həsənlinin şansı yoxdur. Rəsul Quliyev və Eldar Namazov deyirdilər ki, vahid namizəd mən olmalıyam.
- Milli Şuranın digər üzvləri necə, sizin namizədliyinizin verilməsini istəmirdilər?
- Xeyr! İsa Qəmbər də, digərləri də mənim namizədliyimi dəstəkləyirdilər. Əvvəldən məsələ belə qoyulmuşdu ki, Milli Şuranın prezidentliyə namizədi siyasətçi olmasın. Namizəd ziyalılardan biri olmalıdır. Məsələ belə qoyulanda bir neçə şəxs irəli çıxdı. Mən, Cəmil Həsənli, Rafiq Əliyev və Mehman Əliyev. Bu dörd adamın adı çəkildi. Lalə Şövkət, Rəsul Quliyev və “El” hərəkatı mənim tərəfdarım olduqlarını bildirdilər. O birilər də bununla razılaşdılar. Mən razılıq verməsəydim, həmin adamlar deyəcəkdilər ki, başqa adamın namizəd olmasına razı deyillər. İstəmirdim ki, Milli Şurada belə ayrı-seçkilik olsun və təfriqəli vəziyyət yaransın, məcbur oldum razılıq verəm.
Mən heç vaxt Rusiya vətəndaşlığımı bu seçkilərlə bağlamırdım. Çünki mən bu qanunları bilirəm. Qanunda da yazılıb ki, başqa ölkə qarşısında öhdəliyi olan şəxslər…Mənim Rusiya qarşısında heç bir öhdəliyim yoxdur. Rusiya ərazisində nə biznesim, nə də mülküm var. Ona görə də mən rahat idim. Rusiya vətəndaşlığından çıxmaq altı ay çəkir. Amma fikirləşirdim ki, şəxsən Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romodanovskidən xahiş etsəm, o bu məsələni bir ay ərzində həll edə bilər. Tanışlarım Romodanovski ilə əlaqə saxlamışdılar, vəziyyəti ona başa salmışdılar. O da demişdi ki, çalışarıq kömək edək. İstisna hal kimi mənə kömək edə biləcəklərini demişdi. Mən onlardan bunu tələb edə bilməzdim, çünki normal prosedur altı aydır. Putinin Bakıya səfərindən sonra prosesin ləngidiyini gördüm və daha bunun üstünə düşmədim. Lakin bu məsələ bir həftənin içində həll oluna bilərdi. Əgər Putin Bakıya getməsəydi, mən Rusiya vətəndaşlığından çıxmağımla bağlı sənədi alacaqdım. Bunu məsuliyyətlə deyirəm.
Qeydiyyatdan keçməməyimə və Cəmil Həsənlinin qeydiyyata alınmasına görə heç də təəssüf eləmirəm.
“Heç vaxt müxalifətlə yaxın olmamışam”
- Sizi Rusiya vətəndaşlığınız olduğunu bilə-bilə vahid namizədliyi qəbul etməyinizə görə ittiham edirlər. Bu barədə nə deyə bilərsiz?

- Bunu ya qəsdən deyirlər, ya da ki, başa düşmürlər. İş ondadır ki, mənim namizədliyik problemim iyulun 12-dən başlanıb. O vaxta kimi mən qarışıq heç kəs bu haqda bilmirdi. Ümumiyyətlə, vahid namizəd problemi yox idi. İyunun 2-də ancaq Milli Şura yarandı. Kim 2bilirdi ki, Milli Şuranın sədri mən olacam? Kim bilirdi ki, vahid namizəd mən olacam? Bunu heç kəs bilmirdi. Bunları bilməyə-bilməyə Rusiya vətəndaşlığından çıxmaq üçün niyə ərizə verməliydim? Vahid namizəd məsələsi dəqiq deyə bilmərəm, iyulun 2-də, ya 8-də yarandı. O vaxta qədər bu haqda bilmirdim, heç bunu istəmirdim də…Bunu hamı bilirdi ki, mən siyasətlə məşqul olmaq istəmirəm. Məcbur oldum bunu qəbul eləməyə. Mənim üçün əsas Ziyalılar Forumu idi. Mən bu təşkilatda fəaliyyətimi davam etdirəcəyəm. Milli Şuranın seçkilərdən sonra fəaliyyət göstərib-göstərməyəcəyi bilinmir. Bunu tarix göstərəcək. Çalışacam ki, bu qalsın və fəaliyyətini davam etdirsin. Amma Ziyalılar Forumu mütləq fəaliyyət göstərəcək. İki il bundan qabaq Ziyalılar Forumunu yaratdıqda deyirdik ki, biz siyasətlə məşğul olmaq istəmirik, sadəcə istəyirdik ki, iqtidar bizi saysın. Amma bizə hücum elədilər, biabır elədilər. Ondan sonra məcbur oldum ki, seçkiqabağı müxalifəti birləşdirim. Ondan qabaq mən heç vaxt müxalifətllə yaxın olmamışam. Hərdən bir onlara kömək eləmişəm. Bu da 90-cı illərin əvvəllərində olub.
- Vətəndaşlıqla bağlı müraciətinizi geri götürəcəksizmi?
- Bu, Bakıda mən qarşı olan münasibətdən asılı olacaq.
“Rusiya vətəndaşlığından çıxmaq mənə sərf eləmir”
- Siz artıq namizəd deyilsiz. Yenə də vətəndaşlıqdan çıxmağı düşünürsünüzmü?

- Əgər vahid namizəd deyiləmsə, seçkilərdə iştirak eləmirəmsə, bəlkə heç çıxmadım.
- Yəqin ki, bundan sonra sizə tək Azərbaycan vətəndaşı olmaq, Rusiya vətəndaşlığını itirmək sərf eləməz
- Bəli. Mən Rusiyada adi şəxs deyiləm. Bu ölkənin ictimai həyatında fəal şəxs kimi iştirak edirəm. Əgər vətəndaşlıqdan çıxsam, Rusiyanın ictimai həyatında iştirak edə bilməyəcəm. Burda müxtəlif ictimai təşkilatlar var. Mən onların tərkibindəyəm. Oktybarın 12-də Polşa-Rusiya Ziyalılar Forumunda iştirak edəcəm. İndi gözləyirəm ki, Azərbaycanda seçkilər baş tutsun. Sonra qərarımı verəcəm. Vətəndaşlığımdan çıxıb-çıxmayacağımla bağlı qərarım seçkilərin nəticəsindən asılı olacaq. Cəmil Həsənli və ya başqa namizəd seçkilərdə qalib gəlməsə, mənim Azərbaycanda yaşamağım çətin olacaq. Ona görə də, hər şeyi götür-qoy etdikdən sonra qərarı verəcəm. Yəni, vətəndaşlıqdan çıxmaqla bağlı yazdığım ərizəni geri götürmək ehtimalım var.
- Bundan sonra da siyasətlə məşğul olacaqsınızmı?
- Mən artıq siyasətlə məşğul olmuram və olmayacağam. Sadəcə, seçki prosesinə qarışdım. Buna da ki məcburiyyət qarşısında qaldım. Lakin ictimai həyatda hər zaman fəal olmuşam, bundan sonra da olacam. Heç bir vəzifə hərisi deyiləm. Sabah Azərbaycanda mən gözlədiyim islahatlar başlasa, ictimai rəy yaransa deyərəm ki, məqsədimə çatmışam.
“Milyaderlər ittifaqı” bir əfsanə idi”
- “Milyaderlər İttifaqı” məsələsi necə oldu? Həmin ittifaqda sizin namizədliyinizin qeydiyyata alınmaması ilə bağlı nə deyirlər?

- “Milyaderlər ittifaqı” bir əfsanə idi. Bu əfsanəni kim yaradıb, bilmirəm! Burda toplaşanlar iş adamlarıdır. Onlar öz işləri ilə məşğul olan insanlardır. Abbas Abbasov burda bizim diasporla ciddi iş aparır. O, həmin millayderləri, Ramazan Abdulatipovu və məni cəlb elədi ki, biz ona bu işdə kömək edək. Lakin bunu Bakıda düz başa düşmədilər. Abbas Abbasov özü mənə dedi ki, Bakıda əvvəl razılıq verilib bu təşkilatın yaradılmasına, sonradan “yox” deyiblər. Həmin milyaderlər bu günə kimi nə mənim seçki prosesində iştirakımla maraqlanıb, nə də ki, bu prosesə pul ayırıb. Hərdən bir Abbas Abbasovla görüşürük. Çünki onunla köhnə dostam. Ramazan Abdulatipovla da bir-iki dəfə görüşmüşəm. Bu görüş də Dağıstanda Rəsul Həmzətov barəsində film çəkilişləri ilə bağlı olub. Lakin milyaderlərin heç biri ilə indiyə qədər görüşməmişəm. Onların seçki ilə bağlı heç bir söhbətləri olmayıb. Məncə, onlar bu barədə heç danışmaq da istəməzlər.
“Roman yazıram, film çəkirəm”
- Hazırda nə ilə məşğulsuz?

- Bu saat ömrümün elə bir çağındayam ki, yaradıcılıq işlərimi gərək yekunlaşdıram. “Günəş nöqtəsi” romanını bitirirəm, dörd hissəli romandır. Bu romanda Bakıda yaşayan dörd-beş nəfərin 1952-ci ildən əsrin axırınadək həyatından bəhs edilir. Film də çəkirəm.
- Ümumrusiya Dövlət Kinomatoqrafiya İnstitunda yenə dərs deyirsiz?
- Bəli, həmin ali məktəbdə, qiyabi fakültədə ssenari emalatxanam var. Lakin orada ştada olan işçi deyiləm, müqavilə əsasında fəaliyyət göstərirəm.
banner

Oxşar Xəbərlər