• çərşənbə, 24 Aprel, 19:14
  • Baku Bakı 23°C

“Rüstəm İbrahimbəyov hap-gopla gündəmdə qalmaq istəyir”

20.11.13 09:20 1967
“Rüstəm İbrahimbəyov hap-gopla gündəmdə qalmaq istəyir”
Radikal müxalifətin cəmləşdiyi Milli Şurada fikir ayrılığı, gərginlik artıq açıq müstəviyə keçib. Davamlı şəkildə mətbuata açıqlama verən Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının funksionerləri qarşılıqlı olaraq bir-birini ittiham etməkdədirlər. Hətta iş o yerə çatıb ki, Milli Şuranın üzvü Zəfər Quliyev qəzetlərə verdiyi müsahibəsində vəziyyətin daha ciddi və qəliz olduğunu bildirib. Qeyd edib ki, sədrlik və həmsədrlik məsələsi həll olunsa belə, bu, şuranın siyasi perspektivini yaratmır. O, qurumun növbəti sessiyasının həlledici ola biləcəyini dilə gətirib. Proseslərə Rusiyadan qoşulan Milli Şura sədri Rüstəm İbrahimbəyov isə öz ampulasında qalmaqda davam edir, tərəfdarlarına müxtəlif vədlər verməklə vaxt keçirir. Müxalif düşərgədə cərəyan edən son hadisələr, Milli Şuranın sədr və həmsədr problemi, R.İbrahimbəyovun səsləndirdiyi fikirlər və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Azadlıq Partiyasının sədri Əhməd Oruc cavablandırır.
- Azərbaycanda daha bir seçki marafonu arxada qaldı. Bu prosesə birləşərək vahid namizədlə qatılan radikal müxalifət liderləri yenə də məğlub olaraq kənarda qaldılar. Hazırda Milli Şuranın, orada təmsil olunan müxalifət liderlərinin durumunu necə dəyərləndirirsiniz?
- Milli Şura Azərbaycan hakimiyyətinə təhdid üçün ortaya atılmışdı. Bu qurum Kremlin hazırladığı ssenari əsasında seçki öncəsi yaradılmışdı. Yaxın gələcəkdə də Rusiya Azərbaycanı sərbəst buraxmaq fikrində olmadığı üçün Milli Şuradan hələ çox istifadə edəcək. Oradakı təmsilçilər də Milli Şura ideyası arxasından Rusiya maraqlarının təminatçısı rolunu oynamaqda qərarlıdırlar. Ona görə də hansısa şəkildə Milli Şuranın qorunub saxlanmasına çalışacaqlar. Bu səbəbdən, hesab etmirəm ki, Milli Şuranın hər hansı qərar qəbul etməsi, müəyyən addımlar atması orada toplaşanlardan asılıdır. Rusiyanın istəyi ilə Milli Şura, yaxud onun hansısa transformasiyası Azərbaycan siyasi səhnəsində xeyli müddət qorunub saxlanılacaq.
- Milli Şura daxilində bir sıra məsələlərə münasibətdə oradakı partiyalar, xüsusən AXCP və Müsavat arasında kəskin fikir ayrılığı özünü göstərməkdədir. Siz bunu nə ilə əlaqələndirirsiniz?
- Siyasi gündəmi zəbt etmək üçün hər zaman Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları bir-birindən fərqli mövqe nümayiş etdirirlər. Partiya funksionerləri tərəfindən bilərəkdən səsləndirilən ziddiyyətli fikirlər təşkilatın nəzarətində olan media qurumları vasitəsilə ictimailəşdirilir, müzakirəyə çıxarılır. Bununla da siyasi gündəm formalaşdırırlar. Əslində isə AXCP ilə Müsavatın yanaşmasında prinsipial fərq yoxdur. Bu, bir oyundur. İndi də həmin proses davam etdirilir. Hər iki təşkilat bir-birinə zidd fikirlər söyləmək zorundadırlar. Əgər bu gün Müsavat Partiyası Milli Şurada həmsədrlik institutunun tərəfdarı olduğunu açıqlasa, dərhal AXCP vahid sədr olmasının tərəfdarı kimi çıxış edəcək. İllərdir bu şəkildə yalançı görüntü yaradılır. Fikrimcə, Milli Şurada bir sədrin, yaxud bir neçə həmsədrin olması nəyisə dəyişmir. Məsələnin mahiyyəti bundan ibarətdir ki, Milli Şuraya AXCP və Müsavat elektoratından başqa heç bir əlavə qüvvə cəlb olunmadı. İctimai Palatanın sosial bazasından Milli Şuranın sosial bazası cəmi 7-8 nəfər çox oldu. Həmin adamlar da Eldar Namazov kimi tribunaya buraxılanlardan ibarət idi. Nə qədər ki, uzun illər Azərbaycan siyasətini məşğul etmiş siyasi liderlər ortadadır, nəyə isə nail olmaq qeyri-mümkündür. Həmin liderlər Azərbaycan cəmiyyətində, siyasi müxalifətində inanılmış insanların ortaya çıxmasına imkan vermirlər.
- R.İbrahimbəyov mətbuata müsahibəsində bildirib ki, partiya liderləri Milli Şurada həmsədr olsalar, qurumu məhv edərlər və Milli Şura İctimai Palataya çevrilər. Siz necə düşünürsünüz, Milli Şuraya ziyalılar, yoxsa partiya liderləri həmsədr olmalıdır?
- Son hadisələr onu göstərdi ki, yalnız Cəmil Həsənliyə görə siyasi proseslərə heç bir nəfər də qoşulmadı. Ortada olanlar yenə də AXCP və Müsavat partiyalarının elektoratı, köhnə aktiv kəsimlər idi. Bəllidir ki, bu gün siyasi proseslərdə Milli Şura deyil, lap Şuranın Millisi olsun, mahiyyətcə onu təşkil edən qüvvələr eynidir. Ona görə də orada AXCP və Müsavatın istəmədiyi hər hansı hadisə baş verə bilməz. Belə olan halda, bunun adına ziyalı deyil, nə qoysan da bu, dekorasiyadan uzağa getməyən bir addımdır. Bununla yanaşı, hesab edirəm ki, Milli Şura ətrafında cərəyan edən hadisələrdə Müsavat bir qədər səmimi görünür. Onlar açıq şəkildə bəyan edirlər ki, arxasında heç bir qüvvə, güc olmayan iki ziyalının rəhbərlik etdiyi Milli Şura oyuncaq siyasi qurumdur. Ən azından, AXCP və Müsavatın yanında belə Milli Şura oyuncaq qurum təəssüratı yaradır. Ona görə də Rüstəm İbrahimbəyovun fikirlərini düzgün saymıram. Guya ki, ziyalılar gəlib Azərbaycan müxalifətində, siyasi arenada hər hansı ciddi uğura imza atacaqlar. Belə fikirlərin heç bir əsası yoxdur. Oyunbazlıqdan başqa bir şey deyil. Rüstəm İbrahimbəyovun bütün fəaliyyəti göstərdi ki, o, tərəddüd, yalan içindədir. Bu adam verdiyi bəyanatların, vədlərin heç birinin arxasında dayana bilmədi. Belə bir adamla siyasətdə ciddi uğur qazanmaq mümkün deyildi. Elə buna görə də Milli Şuranın yaradılmasını, Rüstəm İbrahimbəyovun siyasətə gətirilməsini ilk vaxtlardan Rusiyanın oyunu kimi qiymətləndirmişəm. O zaman bu təşkilata qatılmadıq, bu gün də həmin fikrimizdə qalırıq.
- Əgər Milli Şuranı doğurdan da yalnız AXCP və Müsavat partiyalarının elektoratı formalaşdırırsa, o zaman nə üçün R.İbrahimbəyov bu liderlərin həmsədr olacağı təqdirdə qurumun məhv olacağından, İctimai Palatanın aqibətini yaşayacağından ehtiyatlanır?
- Nəzərə alsaq ki, Milli Şura iki əsas sütunun – AXC və Müsavatın üzərində dayanır, bu bəyanatın tamamilə qeyri-ciddi olduğunu anlayarıq. Bu partiyalardan biri kənara çəkilsə, yerdə Milli Şuradan nə qalar? Bu, bir daha göstərir ki, Rüstəm İbrahimbəyov hap-gopla, yalanla gündəmdə qalmaq istəyir. Beləsindən ciddi nə isə gözləmək də yersizdir. Bu adam üst-üstə bir neçə dəfə vəd verdi ki, Azərbaycana gələcəyəm. Amma həmin vədlərin hamısı boş çıxdı. Bu günlərdə mətbuata müsahibəsində təzədən belə bir vəd verib. Əminəm ki, o, bu vədinə də əməl edə bilməyəcək. Onun Azərbaycan qayıtmağı, Rəsul Quliyevin Vətənə qayıtmasının daha pis variantından başqa bir şey deyil.
- Sizə elə gəlmirmi ki, ənənəvi müxalifət təmsilçiləri sərgilədikləri mövqe ilə R.İbrahimbəyovu təkləyiblər?
- Ənənəvi müxalifət təmsilçiləri bu seçkilərdə iştirak etmək istəmirdilər. Hətta AXCP və Müsavat maliyyə çatışmazlığından bu prosesdə iştiraka tərəddüdlə yanaşırdılar. Lakin son anda Rusiyada “Milyarderlər İttifaqı”nın yaranması, kinorejissor Rüstəm İbrahimbəyovun da ora üzv olması, ardınca Milli Şura ideyasının ortaya atılması onlara ümid verdi. Elə bildilər ki, rusiyalı milyarderlərin pulu hesabına Rüstəm İbrahimbəyov timsalında Azərbaycanda hakimiyyət dəyişikliyi mümkün olacaq. Ona görə də kinorejissora dəstək verdilər, onun Milli Şuraya sədr seçilməsini alqışladılar. Amma bu plan iflasa uğradı. Belə vəziyyətdə AXC və Müsavat bu iflasdan öz məqsədləri üçün yararlanmağa çalışırlar. Digər tərəfdən, Rusiyanın Azərbaycandakı maraqları hələ də gündəmdə olduğundan, arxadan onlara, “Bu oyun davam etməlidir” - mesajı verilib.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər