• şənbə, 20 Aprel, 09:01
  • Baku Bakı 14°C

Rüstəm İbrahimbəyov bütün addımlarında özünü ifşa edir

10.07.13 09:59 1950
Rüstəm İbrahimbəyov bütün addımlarında özünü ifşa edir
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli “Kaspi”nin suallarını cavablandırır.
- Elçin müəllim, bir neçə müxalifət təmsilçisi tərəfindən Milli Şura adlı yeni bir birlik yaradılıb, ardınca kinorejissor Rüstəm İbrahimbəyov bu qurumun vahid namizədi elan edilib. Bu gün (red. dünən) isə Milli Şura sayca üçüncü sessiyasını keçirib və müxtəlif komissiyalar yaradılıb. Siz bütün bu prosesləri necə qiymətləndirirsiniz?
- Baş verən prosesləri doğru-düzgün təhlil etmək üçün əvvəlcə Milli Şuranın ilk toplantısına diqqət yetirmək istərdim. Rüstəm İbrahimbəyovun birmənalı olaraq Milli Şuranın vahid namizədi müəyyənləşdirilməsini demək, düzgün olmazdı. İsa Qəmbər həmin toplantıda açıq şəkildə ifadə elədi ki, Müsavat Partiyası Məclisinin onun prezidentliyə namizədliyini müəyyən edən qərarı qüvvədə qalır. Eyni zamanda o, İbrahimbəyovun Bakıya gələcəyinə də şübhə ilə yanaşıb. İsa Qəmbər ümidavar olduğunu bildirib ki, Rüstəm İbrahimbəyov, - “Yüz minlik mitinq təşkil edin, sonra gələcəyəm” – deməyəcək. Belə mövqe proseslərə şübhəli yanaşmanın göstəricisidir. İbrahimbəyovun sonuncu açıqlamasında isə Müsavat başqanının ünvanına açıq şəkildə təhdid var idi. İbrahimbəyov vurğulayırdı ki, əgər onun namizədliyi qeydə alınmasa, Milli Şuradan digər namizəd olmamalıdır. Ardınca isə əlavə edib ki, əgər olacaqsa, həmin adam gerçək demokratik düşərgənin namizədi olmayacaqdır. Son fikir konkret olaraq İsa Qəmbərə aid edilir. Göründüyü kimi özlərini demokratik qüvvələr kimi qələmə verən şəxslərin Milli Şurasında ziddiyyətlər ortadadır. Ona görə də birmənalı şəkildə Milli Şuranın vahid namizədinin müəyyənləşdirildiyini söyləmək mümkün deyil. O cümlədən həmin Şuraya daxil olan şəxslərin də potensialı şübhə doğurur. Onların bir qismi bütövlükdə siyasətdə özünü doğrultmayan, uğursuz insanlardır. Bir qismi isə Azərbaycan müxalifətində illərdir eyni fikirləri, baxışları bölüşən, bir-biri ilə düşmən münasibətində olan insanlardır.
- Milli Şurada təmsil olunan İsa Qəmbər və Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi öz partiyaları tərəfindən irəli sürülüb. R.İbrahimbəyovun müxalifətin vahid namizədi olması isə onların da səs vermələri ilə təsdiqlənib. Sizcə, əgər R.İbrahimbəyovun namizədliyi qeydə alınmasa, Müsavat və ya KXCP sədrinin vahid namizəd olması gündəmə gələ bilərmi?
- Müsavat başqanının namizədliyi hələ Milli Şura yaranmazdan əvvəl partiyanın Məclisi tərəfindən irəli sürülüb. Ona görə də bu qərarın məhz Milli Şuraya hesablandığını söyləmək düzgün olmazdı. Əslində İsa Qəmbərin prezidentliyə namizəd olmaması onun faktiki olaraq, siyasətdən getməsi idi. Müsavatçılar bununla barışmayacaqdılar. Çünki, məhz İsa Qəmbərin namizədliyi irəli sürülsün deyə, Müsavat Partiyasının qurultayı keçirilmədi. Əgər qurultay keçirilsə idi, İsa Qəmbər başqan seçilməyəcəkdi. Belə olan halda İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsində kifayət qədər problemlər yaranacaqdı. Bu baxımdan Müsavat Partiyası öz Nizamnaməsini pozaraq, Qurultay keçirmədi, ardınca Məclis başqanın namizədliyini irəli sürdü. İndiki şəraitdə də partiya daxilində kifayət qədər narazılıqlar var. Müsavatçıların əhəmiyyətli hissəsi Rüstəm İbrahimbəyovu vahid namizəd kimi dəstəkləməkdən imtina edirlər. digər tərəfdən Milli Şura daxilində İsa Qəmbər və Əli Kərimli qarşıdurması ənənəvi qaydada davam edir. AXCP sədrinin məqsədi Rüstəm İbrahimbəyovu daha qabarıq şəkildə dəstəkləməklə, özünü az qala İbrahimbəyovçu kimi təqdim etməkdir. Bununla o, İsa Qəmbəri siyasi proseslərdən kənarda qoymağa, onu prezidentlik iddiasından çəkindirməyə çalışır. Amma bunun baş verməsi mümkün deyil. İsa Qəmbərin indiki şəraitdə istək və arzuları yalnız seçkilərə qatılmaqdan ibarətdir. O, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınacağına inanmır. Bunun üçün kifayət qədər hüquqi əsaslar da var. Əgər Müsavat başqanı inansaydı ki, İbrahimbəyov seçkilərdə iştirak edəcək, o, heç bir halda Milli Şurada kinorejissorun vahid namizəd kimi müəyyənləşdirilməsinə razılıq verməyəcəkdi.
- Siz R.İbrahimbəyovun namizədliyinin qeydə alınmaması üçün kifayət qədər hüquqi əsaslar olduğunu vurğuladınız. Konkret olaraq, nəyi nəzərdə tutursunuz?
- Bu şərtlər həm Azərbaycan Konstitusiyasında, həm də Seçki Məcəlləsində açıq şəkildə göstərilib. Prezidentliyə namizəd olacaq şəxsin ikili vətəndaşlığının, başqa ölkələr qarşısında öhdəliyinin olmaması barədə tələblərdən, 10 il ərzində daimi şəkildə Azərbaycanda yaşamasından söhbət gedir. Fakt budur ki, İbrahimbəyov daimi olaraq Azərbaycanda heç bir il də yaşamayıb. O ömrünün, vaxtının böyük hissəsini Moskvada keçirir. Həm Rusiyanın, həm də Azərbaycanın vətəndaşıdır. Azərbaycanda iki vətəndaşlıq haqqında qanun olmadığı üçün, onun namizədliyi qəbul edilən deyil. İbrahimbəyov son vaxtlara kimi Rusiya vətəndaşı sayılıb, bu dövlət qarşısında müəyyən öhdəlikləri var. Xarici dövlət qarşısında öhdəliyinin olması da onun namizədliyinin təsdiqlənməsini yolverilməz edir. Bununla yanaşı vergi ödəyicisi faktoru və bunun kimi səbəblər var.
- R.İbrahimbəyov bütün maneələrə rəğmən Bakıya gələcəyi barədə açıqlamalar verib. O, gələcəyi tarixi iyul ayının əvvəlinə, ardınca bu ayın sonuna müəyyənləşdirib. Bu gün (red. dünən) Milli Şuranın üçüncü sessiyasında isə aydın olub ki, o, avqustun 2-də Azərbaycana qayıdacaq. Sizcə müxalifətin vahid namizədinin belə qeyri-dəqiq açıqlamaları nədən irəli gəlir?
- Əslində, İsa Qəmbərin kinorejissor Rüstəm İbrahimbəyova işarə edərək, - “Siz mitinq təşkil edin, mən də qayıdım” - ifadələrində müəyyən qədər həqiqət var. Rüstəm İbrahimbəyov öz müsahibələrində də bunu dolayısı yolla büruzə verib. Adam bir tərəfdən bildirir ki, Azərbaycana qayıtmaq üçün, bu ölkədə ona hər hansı bir maneə yaradılmaması, namizədliyinin qeydə alınması üçün o, xaricdə görüşlər keçirir. Digər tərəfdən isə bildirir ki, xalqın dəstəyinə arxalanır, söykənir. Bu bir-birini kökündən təkzib edən məsələlərdir. Çünki Rüstəm İbrahimbəyov 3 ölkədə ayrı-ayrılıqda görüşlər keçirir. Rusiyanın paytaxtı Moskva onun daimi məkanıdır. Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarında, Avropada da görüşlər keçirir. Bir məqamı da qeyd edim ki, Rüstəm İbrahimbəyov Rusiyadan başqa digər ölkələrdə keçirilən bütün görüşlərdəki insanların adını çəkir. Amma nədənsə, Rusiyadakı dostlarının “demokratiya” vədi verən dostlarının adlarını çəkmir. Onların kim olduqları da bəlli olmur və burada ziddiyyət də ondan ibarətdir. Daha öncə qeyd etdiyim kimi iki fərqli mülahizə var. Əgər söhbət xalqın iradəsindən gedirsə, xalqın iradəsinə söykənən insan öz ölkəsində olmalıdır. Amma o, ölkədə deyil xaricdə görüşlər keçirir və özünün Bakıya gəlişinin təminatını xaricdən almaq istəyir. Deməli, o, Azərbaycan xalqının deyil, xarici qüvvələrin himayəsinə sığınır.
- Milli Şuranın bir qədər əvvəlki sessiyasından sonra elan edildi ki, quruma üzv olan partiya liderlərinin xaricə səfərləri təşkil olunur. Hətta səfərdə iştirak edəcək müxalifətçilərin kimliyi də mətbuata açıqlandı. Lakin adıçəkilən şəxslər bu barədə danışarkən, səfərdən xəbərsiz olduqlarını bildirdilər. Sizcə, belə yalan informasiya yayanların məqsədi nədir?
- Bu, “piar” xarakterlidir. Rüstəm İbrahimbəyovun Avropa və Amerikada keçirdiyi görüşlərin bütün məqsədi, buradan bir neçə adamın ora aparılması barədə informasiyaların yayılması Milli Şura və onun vahid namizədinin Moskvadakı bəzi dairələrin proyekti, layihəsi olması məsələsindən diqqəti yayındırmağa xidmət edir. Bütün cəhətlər ona yönəlib. Baxın, özü dediyi kimi bütün Avropanı, Amerikanı gəzir, görüşlər keçirir, lakin Milli Şuraya özünün təyin etdiyi katibi Eldar Namazovla Moskvada görüşür, təlimatları da orada verir. Əslində, atılan addımlarla səsləndirilən fikirlərin arasında kifayət qədər ziddiyyətlər var. Rüstəm İbrahimbəyov hər kəlməsində özünün nə qədər ziddiyyətli adam olduğunu, əslində bu prosesdə idarə olunduğunu nümayiş etdirir. Çünki şüurlu bir insan atdığı addımların ardıcıllığına diqqət yetirməlidir. Amma İbrahimbəyovun addımlarında, davranışlarında, eyni zamanda müsahibələrində ardıcıllıq yoxdur. Elə bil ki, konkret olaraq təlimatlar verilir. Bu təlimatlar müxtəlif məkanlardan verildiyi üçün isə tez-tez dəyişilir.
- Bəs, R.İbrahimbəyovun Rusiya mətbuatına müsahibəsini, ABŞ-ın Azərbaycan siyasətini tərifləməsini, rəsmi Kremli isə ölkəmizə yanaşmasına görə tənqid etməsini nə ilə əlaqələndirərdiniz?
- Bu da bayaq söylədiklərimə xidmət edir. Yəni, Rüstəm İbrahimbəyovun bütün məqsədi diqqəti əsas məqamdan kənarlaşdırılmasıdır. O, bütün diqqəti Rusiyadakı dostlarından kənarlaşdırmaq istəyir. Düşünün, Rüstəm İbrahimbəyov Rusiya mətbuatına, özü də Moskvanın layihəsi olan media qurumunda rəsmi Kremlin əleyhinə fikirlər səsləndirir və ABŞ-ı tərifləyir. Bu, absurd bir şeydir. Bu “piar”dan başqa bir şey deyil. Məqsədyönlü şəkildə aparılan bir texnologiyadır. Ancaq bu proses olduqca bəsit formada həyata keçirilir. Zənnimcə, siyasətçi deyil, heç orta səviyyəli kinodramaturq da buna yol verməzdi.
- Son olaraq, Milli Şuranın gələcəyi barədə proqnozlarınızı da bilmək istərdik.
- Ziddiyyətlərlə yaranmış, tamamilə fərqli ideologiyalara, düşüncələrə xidmət edən, peşəkar kadrların, Azərbaycanın gələcəyi barədə təsəvvürlərin olmadığı bir strukturdan inkişaf gözləmək olmaz. Milli Şuradakı bir qrupun isə ümumiyyətlə, ideyası, düşüncəsi yoxdur. Onlar sadəcə siyasətdə gün keçirmək üçün Şuraya üzv olublar. Hazırda orada ziddiyyətli məqamlar var. Yəni, faktiki olaraq bir-birinə əks qütbdə dayanan insanlar Milli Şuraya cəmləşib. Təkcə Əli Kərimli və İsa Qəmbər münasibətləri bunu sübuta yetirir. Eyni zamanda, Milli Şuraya ictimai dəstəyin olduğunu da görmürük. Müxalifətin birliyi adlandırılan, Milli Şura kimi gurultulu ad qoyulan bir quruma ortalıqda hər hansı ictimai dəstək yoxdur. İnsanlar Milli Şuraya bu günə qədər ənənəvi, radikal müxalifətin yaratdığı digər qurumlar kimi yanaşırlar. Amma nəzərinizə çatdırım ki, bu gün yaradılan Milli Şura daha öncə yaradılan qurumlardan daha zəifdir. Zəifdir ona görə ki, bu quruma rəhbərlik edən adamın siyasi təsəvvürləri, dünya görüşü yoxdur. Onun atdığı bütün addımlar əslində özünün və qurumun ifşa olunmasına yönəlib. Bu baxımdan mən bu prosesin ciddi hər hansı bir nəticəyə gətirib çıxaracağını gözləmirəm.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər