«Rüstəm İbrahimbəyov belə bir görüntü yaratmaq istəyir ki…»

«Rüstəm İbrahimbəyov belə bir görüntü yaratmaq istəyir ki…»

Müsahibə
31 İyul 2012, 04:50 1528
Bir neçə gün bundan öncə “İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi, jurnalist Eynulla Fətullayev özünə məxsus elektron KİV-də kinorejissor Rüstəm İbrahimbəyovdan bəhs edilən “Səhranın qara günəşi” adlı məqaləsini yerləşdirib. Tənqidi ruhda olan bu yazı bəziləri tərəfindən birmənalı qarşılanmayıb. Hətta iqtisadçı-ekspert Zöhrab İsmayıl “Facebook” sosial şəbəkəsində açıq-aşkar E.Fətullayevi yazdığı yazıya görə təhqir edib. Köşə yazarı Şahvələd Çobanoğlu isə E.Fətullayevə demək istədiklərini öz yazısında bildirib və ona bir sıra suallar ünvanlayıb. Bütün bunları nəzərə alaraq, hüquq müdafiəçisi ilə əlaqə saxlayıb baş verənlərə onun münasibətini öyrəndik.

- Eynulla bəy, ilk öncə “Səhranın qara günəşi” adlandırdığınız məqalənizə toxunmaq istərdik. Rüstəm İbrahimbəyovu tənqid ruhunda olan belə bir yazını yazmağa sizi nə vadar etdi?

- Hər bir jurnalist, publisist hansısa problemli hadisələrə münasibət bildirir. Əfsuslar olsun ki, Azərbaycanda kolomnistika mövzusunu, yəni köşə yazarlığını şəxsi hissələrin ifadəsi guşəsinə çeviriblər. Bu isə publisistikanın mahiyyətinə qarşı yönəlmiş bir cərəyandır. Jurnalist öz məqalələrini, düşüncələrini cəmiyyəti narahat edən, düşündürən problemlərə həsr etməlidir. Bu gün Rüstəm İbrahimbəyov mövzusu da problemli bir mövzudur. Bu eyni zamanda həm mənəvi və ictimai, həm də sosial hadisələrlə, səbəblərlə sıx bağlı olan bir mövzudur. Ən çox müzakirə olunan mövzulardan biridir. Rüstəm İbrahimbəyov belə bir görüntü yaratmaq istəyir ki, guya, ziyalılarla hakimiyyət arasında dərin bir konfrantasiya var. Və bu da həmin o konfrantasiyanı təcəssüm etdirən şəxslərdən biridir. Mənə də bu maraqlı gəldi. Əslində mən bunu çoxdan yazmaq istəyirdim. Sadəcə bunun bir kulminasiya nöqtəsini gözləyirdim. Gözlədim, izlədim, ifadələrimi və nəticələri toplayaraq bir məqalədə əks etdirdim. Amma siz fikir verin, Azərbaycanda ifadə azadlığı problemindən danışan insanlar görün necə də alternativ fikir düşüncəsinə münasibətdə dözümsüzlük nümayiş etdirir. Bunlar deyir ki, Azərbaycan hakimiyyətində bir dözümsüzlük var. Ancaq kiçicik bir tənqidlə üzləşəndə, bu insanlar elə coşur, elə ehtiraslar ifadə edirlər ki, Azərbaycan hakimiyyətinin dözümlülüyünə adam həsəd aparır. Çünki hakimiyyət barədə elə şeylər yazırlar ki… Lakin qarşı tərəfdən heç bir reaksiya olmur. Amma bunları kiçicik tənqid edəndə nifrətlə dolu epitetlərlə, qara hisslərlə qarşılaşırsan. Sanki onların içləri belə çürüyüb. Və bunu özlərini ziyalı adlandıran şəxslər edir. Məhz o şəxslər ki, guya Azərbaycanda ifadə azadlığı problemindən narahat olub dünya ictimaiyyətini Azərbaycandakı situasiyaya cəlb etmək niyyətindən hərəkətə keçən qüvvələr formalaşdırılır. İndi məlum olur ki, bu insanlar özləri ifadə azadlığına nə qədər dözümsüzdürlər. Yəni bir məqalədə olan tənqidə belə dözə bilmirlər.

Xədicə İsmayılovaya görə məndən üzrxahlıq etdilər

- Bəziləri iddia edir ki, siz bu yazını sifarişli şəkildə qələmə almısınız. Bu kimi fikirlərə münasibətiniz necədir?


- Tamamilə cəfəngiyyatdır. Birinci Xədicə İsmayılova məni “Azadlıq” radiosunun efirinə dəvət edib. Sonradan jurnalist etikasını pozaraq mənə qarşı təxribat edib. Mən də onun hərəkəti ilə bağlı Praqaya “Azadlıq” radiosunun mərkəzi ofisinə şikayət etdim. O verilişi təkrar təhlil edəndən sonra qənaətə gəldilər ki, Xədicə İsmayılova jurnalist etikasını kobud şəkildə pozub və məndən üzrxahlıq etdilər. Ancaq mən tələb qoydum ki, Xədicə İsmayılova cəzalanmalıdır. Ona ya töhmət verilməli, ya da o, işdən çıxarılmalıdır. Bu mənim üçün də bir mənəvi kompensasiya olardı. Çünki o məni təhqir etmişdi. Əfsuslar olsun ki, ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Sadəcə üzrxahlıq edildi. Bu da məni qane etmədi və ona görə də boykot etdim. O ki, qaldı Emin Hüseynov mövzusuna, bu ayrıca bir söhbətdir. O, Avropa komissiyasından 400 min avroluq qrant alıb. Azərbaycan televiziyasının və digər Azərbaycan kanallarının guya monitorinqini aparıb. Amma bu tərəfdən mən çıxış edirəm öz «Obyektiv TV»si mənim çıxışımı kəsib efirə vermir. Mən də ona deyirəm ki, Emin Hüseynov sən bütün günü tənqidini Azərbaycanda ifadə azadlığının pozulmasına yönəltmisən. Bəs niyə Elmar Hüseynovun qəbri üstündə mən çıxış edirəm, sən isə çıxışımı efirə vermirsən? Məsələn, Az.TV dövlət televiziyasıdır, bəlkə də bunu edə bilər. Hansısa şəxsi telekanal da maraqlarına toxunduğuna görə bunu edə bilər. Amma bu layihə birbaşa Avropa Komissiyası tərəfindən maliyyələşib. Amma sən götürüb bunu kəsirsən. Bəyəm bu pozuntu deyilməməlidir? Təkrar yazıma qayıdaraq onu demək istəyirəm ki, kimin nə deməsindən asılı olmayaraq mən öz fikirlərimi qələmə almışam. Bəzi jurnalistlər zarafat edirlər ki, sənin hər bir məqaləndən sonra toz-tufan qopur. Görünür, mən həqiqəti söyləyir, düzünü yazır, yaralı nöqtələrə toxunuram ki, bu da onlara təsir edir. Həmin insanlar hadisələrə tolerant yanaşmağı bacarmırlar. Əks halda yazılanlara biganəlik nümayiş etdirərdilər.

Onlar Avropa dəyərlərinin deyil, İran dəyərlərinin daşıyıcısıdırlar

- Sizin son yazınıza ən sərt reaksiya verənlər, hətta ünvanınıza təhqiramiz ifadələr işlədənlər də oldu. Belələrinin sizə qarşı söylədiyi fikirləri necə dəyərləndirirsiniz?


- Açığı həmin insanları başa düşə bilmirəm. Onlar hər zaman ifadə azadlığı, tolerantlıq, Avropa dəyərləri haqqında danışırlar. Amma Avropa cəmiyyətində hansısa tənqidi fikir səsləndiriləndə, hətta bu fikir sənin xoşuna gəlmirsə belə, bu cür qaraguruhçu hücumlar təşkil olunmur. Sanki bu insanlar Avropa dəyərlərinin deyil, İran dəyərlərinin daşıyıcısıdırlar. Avropa dəyərlərinin daşıyıcısı olan insan bu kimi hərəkətlərə yol verməz. Onların qəzəblərinə, sadəcə olaraq gülümsəyirəm. Çünki özlərini o qədər gülünc, o qədər eybəcər hala salırlar ki, bu ətrafda gülüş və heyranlıq doğurur. KİV azadlığı, Avropa dəyərləri haqqında bütün günü danışan insanlar, özləri Avropa dəyərlərinə qarşıdırlar. Özləri Avropa dəyərlərinə nifrət edirlər. İndi məlum olur ki, ifadə azadlığı bu insanlar üçün yalnız vasitədir. Spekulyasiya və manipulyasiyalar üçün bir predmetdir.

Fikir verin, bu gün Mehriban Vəzir deyir ki, Rüstəm İbrahimbəyov tənqid edilə bilməz. Mən soruşuram niyə? Bu nə deməkdir? Bəyəm Rüstəm İbrahimbəyov müqəddəsdir, peyğəmbərdir? Bəs necə olur, Prezident Administrasiyasının rəsmiləri deyəndə ki, dövlət başçısı tənqid oluna bilməz, o dəqiqə müxalifət təmsilçiləri buna reaksiya verirlər. Hakimiyyət üzərinə hücuma keçib deyirlər ki, bu fikir və mətbuat azadlığına, plüralizmə, azad sözə qarşıdır. Ay nə bilim, siz demokratiyanı pozursunuz və sair. Amma indi özləri deyirlər ki, Rüstəm İbrahimbəyovu tənqid etmək olmaz. Niyə olmaz? Niyə onun haqqında fikir söyləmək yasaqlanıb? Bu necə yanaşma tərzi, bu necə münasibətdir?

Əslində bütün olanları müşahidə edərək belə qənaətə gəlirəm ki, sərgilənən münasibət rəmzi bir hadisədir. Bu hadisə bütövlükdə Azərbaycan cəmiyyətinə nümayiş etdirdi ki, ifadə azadlığından bəhs edən insanlar özləri alternativ fikirə dözümsüzdürlər. Bu bir güzgü oldu. Mən bir güzgü çıxarıb bütün bunları göstərdim. Onların o eybəcər, simasız əksi bütövlükdə Azərbaycan cəmiyyətinə əyan oldu. Əslində bu sırf təsadüf idi. Mən Rüstəm İbrahimbəyov haqqında yazdığım məqalənin girişində də bildirmişəm ki, bu barədə çox düşünüb-daşındım. Fikirləşdim ki, bu barədə yazım-yoxsa yazmayım? Çünki bilirdim ki, hazırda Rüstəm İbrahimbəyovla Azərbaycan hakimiyyəti arasında müəyyən ziddiyyətlər var. Ola bilər ki, bu yazı başqa cür qələmə veriləcək. Həmin məqalənin özündə mən Rüstəm İbrahimbəyovun şəxsiyyətinə toxunmamışam. Məqalədə təkrar-təkrar vurğulanıb ki, Rüstəm İbrahimbəyov çox istedadlı şəxsdir, böyük yazıçıdır, Azərbaycan tarixində özünəməxsus rolu və yeri var. Amma eyni zamanda məqalədə mənəvi məsələlərə də toxunulub, bu şəxsin siyasi konyukturaya bağlılığı da göstərilib tamlıqla. Əfsuslar olsun ki, bu qədər hörmət və ehtiramla deyilən tənqidə də bunlar vəhşicəsinə münasibət sərgiləyirlər. Bu onu göstərir ki, onlar əslində ziyalı deyil, qaraguruhdurlar. 1992-ci ildən bu yana həmin insanların təfəkküründə heç bir dəyişiklik baş verməyib. Hətta daha da deqradasiyaya uğrayıblar. Onların dəyərləri devolvasiyaya uğrayıb. Ən pisi isə həmin adamların əsəbləri pozulub. Mənim belələrinə yazığım gəlir. Bu məndə acı təəssüf hissi yaradır.

Ona yazdım ki, sən tərbiyəsizsən

- İqtisadçı ekspert Zöhrab İsmayıldan və jurnalist Şahvələd Çobanoğludan özünüzə qarşı belə münasibəti gözləyirdinizmi?

- Artıq belə qənaətə gəlmişəm ki, Zöhrab İsmayılın Azərbaycan hökuməti barədə yazdıqlarının hamısı yalandır, böhtandır və heç bir həqiqətə söykənmir. Mən özümə qarşı olan münasibətdə bunu gördüm. Məsələn, mən kirayə evdə yaşayıram. Zöhrab İsmayılın da mənsub olduğu “Real” Hərəkatının sədri İlqar Məmmədov da mənim qonşumdur. Mən sosial şəbəkədə Zöhrab İsmayıla yazdım ki, heç olmasa öz sədrin İlqar Məmmədovdan soruş. O, mənim qapı qonşumdur və yaşadığım mənzildə kirayənişin olduğumu da yaxşı bilir. Təsəvvür edin, bunu yazandan sonra o, daha bu arqumentdən istifadə etmədi. Maşına gəldikdə isə, mənim hər zaman şəxsi avtomobilim olub. 1993-cü ildə orta məktəbi bitirəndə atam mənə avtomobil hədiyyə edib. Sonrakı illərdə işlədikcə avtomobilimi də dəyişmişəm. Əslində Bakı kimi bir şəhərdə bu, böyük bir zənginlik deyil. Hazırda kreditə ucuz bir avtomobil götürmüşəm. Zöhrab İsmayıl isə yazıb ki, “Jeep”də gəzirəm. Bunun özü də növbəti bir böhtandır. Rəhmətlik Elmar Hüseynovla bağlı məqama gəlincə isə, mən sosial şəbəkədə ona yazdım ki, sən tərbiyəsizsən. Çünki tərbiyəli adam dünyasını dəyişmiş adamın adını mübahisəyə qoşmaz. Özü də mən mərhum jurnalistlə bir yerdə işləmişəm və o, dostum olub. Bunlar onu göstərir ki, bu adamlar həddən artıq mənəviyyatsız, əxlaqsız insanlardır. Belələri üçün müqəddəs dəyər yoxdur. Azərbaycan hakimiyyətinin pis-yaxşı bir əxlaq kodeksi var. Bunu mən həbsdən əvvəl də, sonra da, hətta həbsdə olarkən də gördüm. Bu qaraguruhun isə heç bir kodeksi yoxdur. Bizim ölkə və cəmiyyət üçün isə ən təhlükəlisi bax, budur. Heç bir əxlaqi kodeksə malik olmayan insanlar nəyəsə iddia edir və cəmiyyətin dəstəyini qazanmaq istəyir. Fikrimcə, onlar çox danışdıqca, öz mahiyyətlərini ortaya qoyurlar.

- İyulun 24-də İctimai Televiziyanın efirində hakimiyyət nümayəndələri ilə vətəndaş cəmiyyəti sektorunun təmsilçiləri arasında keçirilən debatla bağlı narazılıqlara münasibət bildirərkən, həmkarınız Mirşahin Ağayevlə bağlı məqamlara da toxunmusunuz. O, isə sizin fikirlərinizi şərh edərkən, “mənim üçün Eynulla Fətullayev adlı adam yoxdur. Ona görə də onun nə dediyi ilə də maraqlanmıram”, - deyə, cavab verib. Son olaraq, bu barədə də fikirlərinizi bilmək maraqlı olardı.

- Məni İctimai Televiziyaya dəvət etdilər, tribuna verdilər və mən çıxış etdim. Heç bir senzuraya məruz qalmadım. Məhz buna görə də İTV-yə sadəcə təşəkkür etdim. Hesab edirəm ki, bu cür addımları təqdir etmək lazımdır. Əgər kimsə buna qısqanclıqla yanaşırsa, artıq bu, onun öz problemidir. Yəni, həmin insan hərəkətində, fəaliyyətində, eləcə də işlədiyi televiziyanın fəaliyyətində korrektələr etməlidir.

Rufik İSMAYILOV