• cümə, 19 Aprel, 03:41
  • Baku Bakı 18°C

“Rustavi-2” müxalifətdə qalacaq

26.07.19 18:36 12048
“Rustavi-2” müxalifətdə qalacaq
Gürcüstanın məşhur "Rustavi-2” telekanalı ətrafında yaşanan gərginlik səngiyir. Tək Gürcüstanda deyil, ətraf ölkələrdə də qalmaqalları ilə ad çıxaran telekanal təzyiqlərə baxmayaraq əvvəlki tək antihökumət etiraz aksiyalarının ruporu kimi çıxış etməkdə davam edir. Daxili işlər naziri Gerorgi Qaxeliyanın istefası tələbi ilə keçirilən aksiyaların yayımını telekanal bir gün də olsun dayandırmayıb. Avropa İnsan Haqları Məhkəməsinin qərarından sonra biznesmen Kibar Xalvaşi telekanalın rəhbəri olub. Onun səhmlərinin 100 faiz sahibidir. İlk bəyanatı da o olub ki, telekanalın redaksiya siyasətini nəinki dəyişmək fikrindədir, əksinə, açıq efirdə Rusiya prezidenti Vladimir Putini təhqir edən telejurnalistləri geri qaytara bilər. "Kommersant” da yazır ki, rəhbər dəyişikliyinə baxmayaraq, telekanalın siyasətində hər şey əvvəlki kimidir. Bundan əlavə "Rustavi-2” Abxaziya və Cənubi Osetiya, Rusiyaya münasibət, eləcə də ölkənin NATO-ya üzvlük məsələlərinə kompromissiz mövqedə qalmaqdadır.
Artıq yeni telekanal bir neçə gündür ki, yeni rəhbərliklə fəaliyyət göstərir. Telekanalın sahibi yeni baş direktor vəzifəsinə Paatu Saliyanı təyin edib. O, bu postda Nika Qvaramiyanı əvəzləyib. Sonuncu Rusiyaya qarşı barışmaz mövqeyi ilə seçilirdi. "Rustavi-2” telekanalının jurnalist kollektivi birgə bəyanatlarında mütəmadi olaraq bildirirlər ki, "sahibin dəyişməsi, eləcə də, baş direktor Nika Qvaramiyanın vəzifəsindən götürülməsi – ölkənin ən populyar telekompaniyasının redaksiya siyasətinin dəyişməsi ilə bağlı hakimiyyətin apardığı xüsusi əməliyyatın bir hissəsidir”. "Məqsədləri odur ki, heç kim onlara rusiyayönümlü siyasət yürütməsinə maneə yaratmasın. Moskvaya Abxaziya və Cənubi Osetiyanı təhvil vermək, eləcə də, avroatlantika inteqrasiya kursundan imtina etmək məqsədi güdülür”, - deyə telekanalın heyəti bəyan edir. Jurnalistlər hakimiyyəti, o cümlədən K.Xalvaşini xəbərdar ediblər ki, telekanalın informasiya və ictimai-siyasi proqramlarının, tok-şou rəhbərlərini dəyişmək səylərini ölkədə yeganə tənqidi media vasitəsini susdurmaq cəhdi kimi qiymətləndirəcəklər. "Kommersant” yazır ki, görünür, bu çağırış öz işini görüb. Biznesmen də bundan sonra bəyan edib ki, telekanalın redaksiya siyasətinə qarışmayacaq. Bundan əlavə, təminat verib ki, heç bir əməkdaş indiki mövqeyinə görə nə vəzifəsindən uzaqlaşdırılacaq, nə də yeri dəyişəcək. Hamını inandırmaq üçün hətta efirdə Rusiya prezidenti Vladimir Putini ana söyüşü ilə təhqir edən və bununla da Rusiya ilə Gürcüstan arasında qalmaqala səbəb olmuş "Post Scriptum” proqramının aparıcısı Georgi Qabuniyanı efirə qaytaracağını vəd edib. Əvvəlki rəhbər N.Qvaramiya sentyabrın ortalarına qədər onu efirdən uzaqlaşdırıb. Sahib dəyişdikdən sonra çoxları gözləyirdi ki, o, ümumiyyətlə efirə qayıtmayacaq. Lakin Xalvaşi rəhbəri olduğu kanalın jurnalistlərinin dəstəyini qazanmaq üçün bu şübhələrə son qoymuş oldu. O, rusiyayönümlü siyasətçiləri, hətta "Gürcü arzusu”nun lideri oliqarx Bidzina İvanişvilini sərt tənqid edən əməkdaşların əməkhaqlarını da verməyə hazır olduğunu bildirib. Halbuki, Xalvaşi onun komandasının üzvü və yaxın ətrafına daxil olan şəxs kimi tanınır.
Politoloq David Avalişvilinin qənaətincə, bütün bu qəribəliklər Qərbin mövqeyi ilə izah olunur. "Vaşinqton və Brüssel Tbilisidəki nümayəndəlikləri vasitəsilə İvanişvilini xəbərdar ediblər ki, "Rustavi-2” telekanalı əməkdaşlarına hər hansı bir təzyiqə Qərb tərəfindən sərt reaksiya veriləcək”, - deyə politoloq vurğulayıb. Politoloqun sözlərini təsdiqi kimi Fransanın bu ölkədəki səfiri Paskal Menyenin bəyanatını göstərmək olar. O bildirib ki, "telekanal cəmiyyətin böyük bir hissəsinin mövqeyini əks etdirir. Hakimiyyət də bunu eşitmək istəməlidir”. Bununla da səfir demək istəyir ki, "Rustavi-2”nin müstəqil redaksiya siyasəti yeritməsini müdafiə edirlər. Onun sözlərinə görə, demokratiya uzunmüddətli mübarizədir və onun qorunması üçün hamı birləşməlidir. Fransız diplomat ümidvardır ki, ölkədə söz azadlığına təhlükə yaranmayacaq.
O ki qaldı "Rustavi-2”nin keçmiş rəhbəri Qvaramiyaya, o, bir neçə tərəfdaşı ilə birlikdə yeni televiziya açmağı planlaşdırır. Bu barədə onun özü sosial şəbəkədə yazıb. Qvaramiyanın sözlərinə görə, bu kanal Gürcüstanda "ən əsas və ən yaxş” kanal olacaq. O etiraf edib ki, ölkəni tərk etmək fikrində idi, lakin sonradan fikrini dəyişib. Bildirib ki, yeni telekanalın yaradılması üçün investisiya gərəkdir. İnvestorlar var, lakin xərclər daha çoxdur. Əlavə edib ki, vəsait yığımı ilə bağlı kampaniyaya başlayacaq.

Təzyiqlərdən söz düşmüşkən, hakimiyyət telekanalın əsas müdafiəçilərindən olan keçmiş müdafiə naziri və "Müzəffər Gürcüstan” Partiyasının lideri İrakli Okruaşvilini həbs edib. Gürcüstan DİN-in məlumatına görə, Okruaşvili ötən ay parlament binasına basqında şübhəli bilinənlərin arasındadır. Şübhəlilər etirazlar zamanı zorakılığı qızışdırmaqda ittiham olunurlar. Gürcüstan prokurorları deyirlər ki, ötən ay paytaxt Tbilisini bürümüş etiraz aksiyaları əslində dövlət çevrilişi cəhdinin bir hissəsi idi. Etirazçılar əvvəlcə iyunun 20-də parlament binasının qarşısına toplaşmışdılar. Onlar Rusiya Duması nümayəndəsinin Gürcüstan parlamentində spikerin kürsüsündə oturmasına etiraz edirdilər. Bunun ardınca polislə toqquşmalarda yüzlərlə insan xəsarət almış və həbs edilmişdi.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər