Ruslar SSRİ-nin bərpasını istəyir

Ruslar SSRİ-nin bərpasını istəyir

Cəmiyyət
28 Noyabr 2012, 08:45 2122
Qonşuları ilə sıx münasibətlərin qurulmasının tərəfdarı olan Rusiya vətəndaşlarının sayı yüksək olaraq qalır. Sosioloqların sözlərinə görə, ölkə əhalisinin yarıdan çoxu hesab edir ki, inteqrasiya prosesləri daha intensiv şəkildə getməlidir. Bu ideyanın müdafiəçilərinin Avropa Birliyinin oxşarı olan Gömrük İttifaqı və yaxud AvrAzES kimi qurumlara dəstəkləri daha güclüdür. Bir çoxları isə hələ də SSRİ-nin yenidən bərpasını mümkün sayırlar. Özü də ruslar ən yaxşı tərəfdaş dövlətlər kimi adları qeyri-leqal miqrasiyada hallanmayan dövlətləri görürlər. Bütövlükdə isə rusiyalılar postsovet məkanında inteqrasiya prosesini əhəmiyyətli sayır və onu tam dəstəkləyirlər. Bunu Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VÇİOM) keçirdiyi sorğu da sübut edir.

Rəyi soruşulanların yarısı keçmiş sovet respublikaları ilə inteqrasiya birliyi ideyasının tərəfdarı olduğunu bildiriblər. Mövcud strukturlar - Gömrük İttifaqı və yaxud Avrasiya iqtisadi ittifaqını dəstəkləyənlər 15 faizdir. 23 faiz isə keçmiş SSRİ-nin bərabərhüquqlu qaydada bərpasını istəyir. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi Rusiya ilə yanaşı 4 ölkədə - MDB və Baltikyanı dövlətlərdə də sorğu keçirib. Azərbaycan, Belarus, Qırğızıstan və Litvada keçirilən sorğu maraqlı nəticələr ortaya qoyub. Qırğızların 67, belarusların 62 faizi inteqrasiya prosesini tam dəstəklədiklərini bildiriblər. Azərbaycanda isə keçmiş yurddaşları ilə inteqrasiyanın tərəfdarı olanlar daha az olub. Bu, cəmi 24 faiz təşkil edib. Baltikyanı Litvada isə bu göstərici 26 faizdir.

Levada Analitik Mərkəzinin sosioloqları isə inteqrasiya əhval-ruhiyyəsi ilə bağlı tədqiqatlarında daha irəli gediblər. Onlar respondentləri qarşısında belə bir sual qoyublar – «Rusiyanın istənilən vasitə ilə, hətta güc yolu ilə MDB ölkələrini tam nəzarət altında saxlamasına razısınızmı». Belə bir sərt siyasətin tərəfdarları 27 faiz təşkil edib. Böyük əksəriyyət 65 faiz isə bunun əleyhinə çıxıb. «Levada- mərkəz»də bildiriblər ki, SSRİ-nin klassik formada ilbəil dəstəkləyənlər getdikcə azalır. Əgər 2002-ci ildə bu rəqəm 21 faiz idisə, indi bu, 14-dür. Artıq əksəriyyət bir neçə respublikanın daha sıx ittifaqlarda birləşməsinə daha çox tərəfdardır. Bu cür ittifaqları 25 faiz dəstəkləyir. «Levada- mərkəz»in respondentlərinin 18 faizi bütün respublikaların Avropa İttifaqı kimi qurumda birləşməsinin tərəfdarıdır. Daha 16 faiz isə MDB-nin indiki halda saxlanılmasını istəyir. Nəhayət 12 faiz postsovet ölkələrinin müstəqil mövcudluğunu istəyib. Sosioloqlar bildirirlər ki, mehriban qonşuluq hisslərinə baxmayaraq, heç də MDB-nin bütün ölkələrinə ruslar birmənalı yanaşmırlar. Məsələn, onlarda ən çox rəğbət bəslədikləri ölkə Qazaxıstandır. VÇİOM-un sorğusuna görə, bu dövlət əvvəlki tək MDB-də ən sabit ölkə olaraq qalır. Bu qənaətdə olanlar 42 faizdir. İkinci yerdə Belarus - 35, üçüncü yeri isə 17 faizlə Ukrayna bölüşür.

Rusiya Elmlər Akademiyasının Sosiologiya İnstitutunun aparıcı əməkdaşı Leonti Bızovun sözlərinə görə, Qazaxıstanı bir çox ruslar öz ölkələrinin bir növ davamı kimi görürlər: «Nazarbayevi insanlar sovet dövründən qalan dost rusiyayönümlü siyasətçi kimi qəbul edirlər. Rusiyada qazax diasporası da elə də geniş yayılmayıb. Başqa sözlə, qazaxlar rusların məişət ksenefobiyasının hədəfi deyillər”. Köklü əhali daha çox taciklər və yaxud azərbaycanlılarla toqquşurlar. Sosioloqun qənaətincə, belə bir mif mövcuddur ki, qazaxlar SSRİ-nin tərkibindən çıxmağa meyilli deyildilər və onlar keçmiş sovet dünyasından qalan bir nüvədir: “Ruslar belə bir nüvə rolunda Belarus və Ukraynanı da görürlər. Fərziyyələrə əsaslanan slavyan nüvə barədə stereotip var. Düzdür, son illər Ukrayna ilə münasibətlər bir qədər pisləşib və bu məsələdə narıncı inqilab», qaza görə borc böyük rol oynayıb. Lakin buna baxmayaraq münasibətlərin pisləşməsini kritik adlandırmaq da olmaz”. Sosioloqun Ukrayna ilə bağlı sözlərini tədqiqatlar da təsdiqləyir: “Məsələn, «Levada-Mərkəz»in sorğusuna görə, qonşu ölkədə xaos və qeyri-sabit vəziyyətin hökm sürdüyünü hesab edən respondentlər ilbəil artır. Əgər 2005-ci ildə bu rəqəm 27 faiz idisə, indi bu rəqəm 38 faizdir. Keçmiş SSRİ-nin yerdə qalan dövlətlərinə daha az etibar edirlər”.

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğudan bəlli olur ki, Ermənistan və Azərbaycanı sabit ölkə hesab edənlər 9 faizdir. Sonrakı yeri Moldova - 5, Türkmənistan - 4, Özbəkistan - 4, Gürcüstan -3 və Qırğızıstan - 3 faizdir. Rəyi soruşulanların qənaətincə, ən qeyri-sabit vəziyyət Tacikistandır - 1 faiz. Liderlərə gəldikdə, ruslar arasında ən populyar lider Qazaxıstan prezidenti Nursultan Nazarbayevdir - 37 faiz. İkinci yerdə Belarus prezidenti Aleksandr Lukaşenko - 28, üçüncü yerdə 12 faizlə Ukrayna prezidenti Viktor Yanukoviç gəlib. Sonrakı yeri prezident İlham Əliyev 7, Ermənistan prezidenti Serj Sarkisyan – 6, 3 faizlə isə Özbəkistan prezidenti İslam Kərimov gəlib. Yerdə qalan prezidentlər - Qırğızıstan prezidenti Almazbek Atambayev, Türkmənistan Qurbunqulu Berdıməhəmmədov, Moldova prezidenti səlahiyyətlərini icra edən Marian Lupu və Gürcüstan prezidenti Mixail Sakkaşvili ruslarda 2 faiz etibar doğurur. Ən az etimad isə Tacikistan prezidenti İmomali Rahmonadır - cəmi 1 faiz.

Rusiyalı ekspert Leonid Bızov bu cür fikir ayrılıqlarını stereotip baxışlarla izah edir: “İlk növbədə bu, miqrantlarla bağlıdır. Biz bu ölkələri əsas etibarilə miqrant axınına görə tanıyırıq. Bəlli olduğu kimi bizdə onları o qədər də çox sevmirlər. Bu əsas etibarilə Qafqaz və Mərkəzi Asiya ölkələri sakinlərinə aiddir. Onlara münasibət heç də dostcasına deyil. İnsanlar bu regionlardan olanları özləri üçün əlavə yük hesab edirlər. Yəni rusların anlamında bu ölkələr başqalarının hesabına dolanan, Rusiya pullarının müəyyən qisminin getdiyi ölkələr imicinə malikdirlər. Bu insanların böyük bir qismi bu ölkələrlə bir ittifaqda yaşamaq istəmirlər və miqrasiya siyasətinin sərtləşdirilməsini istəyirlər”.


Azər NURİYEV