• cümə, 29 Mart, 00:41
  • Baku Bakı 7°C

Ruslar miqrantlar üçün düşərgələrin əleyhinədir

30.08.13 09:26 1411
Ruslar miqrantlar üçün düşərgələrin əleyhinədir
Rusiya Dövlət Dumasına miqrantların durumunu çətinləşdirəcək daha bir qanun layihəsi təqdim olunub. Yeni qanun layihəsi miqrantlara qarşı sərt tədbirlərin görülməsinin tərəfdarı olan Liberal Demokrat Partiyasından (LDPR) olan deputatlar İqor Lebedev və Yaroslav Nilov tərəfindən hazırlanıb. Yeni qanun layihəsində qanunu pozan miqrantların ölkədən məcburi deportasiyası nəzərdə tutulur. Hal-hazırda mövcud olan qanunvericiliyə görə, Rusiya ərazisində yaşama qaydalarını pozan miqrantlar cərimə olunur, ya da inzibati məsuliyyətə cəlb edilirlər.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Kommunist Partiyası tərəfindən Dövlət Dumasına miqrantların işini çətinləşdirəcək qanun layihəsi təqdim olunub. Bu qanun layihəsi miqrantların sadələşdirilmiş qaydada əmək fəaliyyəti ilə məşğul olmalarına dair mövcud qaydaların ləğvini nəzərdə tutur. Müvafiq qanunu hazırlayanların təklifinə əsasən, Belarus və Qazaxıstan vətəndaşları istisna olmaqla, vizasız qaydada Rusiya ərazisinə daxil olan əcnəbilər (postsovet ölkələrinin vətəndaşları nəzərdə tutulur) əmək fəaliyyəti ilə məşğul olmaq üçün ümumi əsaslarla işçi vizaları almalıdır. Beləliklə, təklif olunan qanun layihəsi Rusiyada işləməyə gəlmiş postsovet ölkələrindən olan insanlar üçün yeni sərt qaydaların tətbiqini nəzərdə tutur. Qanun layihəsinin ilk dəfədən qəbul olunacağı bir qədər şübhə doğursa da, hər halda artıq məsələ artıq ortaya atılıb. Adətən hansısa bir partiya tərəfindən bu və ya digər yönümlü bir qanun ortaya atılır, aylarla müzakirəsi gedir, sonda da qəbul olunur. Şübhəsiz ki, bu layihənin arxasında siyasi məqsəd güdülür. Axı nə üçün Belarus və Qazaxıstan istisna olmaqla. Şübhəsiz ki, Rusiya bununla Avrasiya İttifaqı və Gömrük İttifaqı məsələsini gündəmə gətirmək istəyir. Adları qeyd olunan iki ölkə Rusiyanın layihəsinə qoşulduqlarını artıq bəyan ediblər. Bu səbəbdən də yeni qanun layihəsi yerdə qalan ölkələrin də quruma üzvlüklərini tezləşdirmək məqsədilə ortaya atıla bilər.
Ümumiyyətlə isə, miqrantlara qarşı son dövrlər qərarlar çox sərtləşdirilir. Erməni miqrant-sürücü tərəfindən törədilən ağır qəzadan sonra bu sərtlik özünü daha bariz göstərməyə başladı. Keçirilən rəy sorğuları da miqrantlara qarşı mənfi nəticələr ortaya qoyur. Məsələn, Rusiyada fəaliyyət göstərən İctimai Rəy Fondunun keçirdiyi son sorğunun nəticələrinə görə, vətəndaşların böyük əksəriyyəti miqrantlara qarşı mənfi münasibət bəsləyir. Rəyi soruşulanlar Moskva regionunda onlar üçün düşərgələrin yaradılmasına da mənfi yanaşıblar. Rəyi soruşulanların 65 faizi ümumiyyətlə, əmək miqrantlarına qarşı ehtiyatlılıq nümayiş olunmasının tərəfdarıdır. Fondun ekspertlərinin çıxardığı nəticəyə görə, respondentlərin cəmi 27 faizi onlara elə də mənfi yanaşmır. Fondun analitiki İrina Osipovanın sözlərinə görə, əhali gəlmələrdən getdikcə daha çox qorxur. KİV-lər də diqqəti daha çox miqrantların törətdikləri cinayətlərə yönəldirlər. Fondun sorğusu onu da müəyyən edib ki, regionlarda qeyri-leqal miqrantlar üçün düşərgələrin açılmasına rusların 51 faizi qarşıdır. Onlar fikirlərini onunla əsaslandırırlar ki, miqranlar həddən artıq çoxdur və ümumiyyətlə, onlar lazım deyillər. Bundan əlavə, düşərgələrə görə vergi ödəyiciləri pul ödəməli olacaqlar. “Vətəndaşlar evlərinin yaxınlığında böyük sayda miqrantların məskunlaşmasından qorxurlar. Həm də gəlmələrin kriminal vəziyyəti ağırlaşdıracağı, xəstəliklər yayacağı, yerlilərin iş yerlərini əllərindən alacaqları gözlənilir” - deyə sakinlərdən biri bildirib.
Məlumat üçün bildirək ki, Rusiya müvəqqəti miqrant düşərgələrinə qanuni status vermək fikrindədir. Bundan başqa, artıq Rusiyaya giriş qaydalarını pozanlar üçün cərimələr 7 min rubla qədər artırılıb. Qeyri-qanuni miqrantlar üçün müvəqqəti sığınacaqların statusu federal qanunda qeyd ediləcək. Hazırda miqrantlar üçün çadır şəhərciyi Qolyanova sənaye zonasında salınıb. Dövlət Dumasının sosial siyasət və əmək komitəsinin sədri, Andrey İsayevin sözlərinə görə, qanunda həmçinin, qanunsuz miqrantların vətənə qaytarılma haqqı da qeyd ediləcək.
Qeyri-leqal miqrantlar məsələsindən Moskva merliyinə namizədlər də çox aktiv şəkildə istifadə edirlər. Mer vəzifəsinə iddialılar özlərinin seçki kampaniyasını məhz miqranların üzərində qurublar. Mer səlahiyyətlərini icra edən Sergey Sobyanin ölkə ərazisinə xarici pasport olmadan miqrantların gəlməsini qadağanı dəstəkləyib. Başqa namizəd, Aleksey Navalnı isə miqrantlar üçün viza rejimi tətbiqinin tərəfdarıdır. O, seçkiqabağı debatlarda Qolyanovada qeyri-qanuni miqrantlar üçün düşərgənin yaradılmasını pisləyərək, qeyri-leqal miqrasiyanı təşkil edənləri həbs etməklə hədələyib. Politoloq Mixail Vinoqradov isə bu qənaətdədir ki, miqrasiya probleminin həlli Rusiyanın iqtisadi cəlbediciliyi fonunda mümkün deyil. “Bütün namizədlər bu haqda danışır. Lakin heç kim bu problemi necə həll etməyin yolunu bilmir” - deyə politoloq vurğulayıb.
Beləliklə, miqrantlar məsələsi Rusiya, xüsusən də onun paytaxtı Moskva üçün çox ciddi problemə çevrilib. Bu gərginlik mer seçkiləri ilə yanaşı, Rusiyanın Avrasiya İttifaqı və Gömrük İttifaqı layihəsi ilə də bağlıdır. Belə ki, Moskva postsovet ölkələrindən olanlar üçün sərt qaydalar tətbiq etməklə onları zorla bu layihəsinə cəlb etməyə çalışır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər