• cümə, 29 Mart, 10:15
  • Baku Bakı 5°C

Ruslar Mingəçevirdə qalib oldu

13.05.13 13:11 1600
Ruslar Mingəçevirdə qalib oldu
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Mingəçevirdə keçirilən beynəlxalq basketbol turniri başa çatıb. İlk olaraq meydanda 3-cü yer uğrunda Azərbaycanın "Qala Atena" komandası ilə "Gəncə" komandası mübarizəyə qoşulublar. Tərəflər bir-birinə qarşı ciddi müqavimət göstərməyə çalışıblar. Birinci hissə 17:9 hesabı ilə "Qala" komandasının xeyrinə başa çatıb.
İkinci hissədə də tərəflər maraqlı oyun nümayiş etdiriblər. Buna baxmayaraq, "Qala" üstünlüyü əldə saxlaya bilib - 32:24. Üçüncü hissədə gərgin mübarizə davam edib və 53:42 hesabı ilə "Qala" "Gəncə" üzərində üstünlüyünü qoruya bilib. "Qala Atena" 78:61 hesabı ilə Gəncə komandasına qalib gələrək, turnirin bürünc medalını qazana bilib.
Qeyd edək ki, oyunun ən məhsuldar basketbolçuları "Qala Atena"da 25 xalla Zaur Quşanov, "Gəncə" komandasında isə 39 xalla Amil Həmzəyev olublar. Ümumilikdə, turnirdə Zaur Quşanov 61, Amil Həmzəyev isə komandalarına 122 xal gətiriblər.
Turnirin daha maraqlı oyunu I-II yerlər uğrunda olub. Bu sırada Rusiyanın "Stavropol" komandası ilə Bakının "Aztop" komandası aralarındakı münasibətə aydınlıq gətirməyə çalışıblar. Hər iki komanda tamaşaçılara maraqlı oyun nümayiş etdirməyə müvəffəq olub.
Birinci hissə minimal 18:17 hesabı ilə Rusiya idmançılarının qələbəsi ilə başa çatıb. İkinci hissədə tərəflər sürətli oyun göstərə biliblər. Rus basketbolçuları "Aztop"un buraxdığı səhvlərdən maksimum yararlana biliblər və bu hissədə 40:29 hesabı ilə qalib gəliblər. Üçüncü hissədə Bakının "Aztop" komandası ruslara qarşı təzyiqi bir az artıra bilib, lakin hesab arasındakı fərq Rusiya basketbolçularının xeyrinə olub - 59:50. Dördüncü hissədə gərgin mübarizə gedib. Tərəflər bu və ya digər formada hesab arasındakı fərqi azalda və ya artıra biliblər.
Turnirin ən maraqlı və yadda qalan oyununda qələbə uğrunda axıradək mübarizə gedib, 70:67 hesabı ilə Rusiyanın Stavropol komandasının xeyrinə qurtarıb və komanda turnirin qalibi adına layiq görülüb.
banner

Oxşar Xəbərlər