Ruslar Kamranı matçın ən yaxşısı seçdilər

Ruslar Kamranı matçın ən yaxşısı seçdilər

İdman
17 Oktyabr 2012, 17:31 1206
Rusiya - Azərbaycan matçına geniş yer ayıran Rusiya mətbuatı qarşılaşmadan sonra meydançada ən çox diqqət çəkən futbolçuların qiymətləndirməsini aparıb.
Qol.Az-ın məlumatına görə, “PROsport” jurnalı futbolçuların qiymətləndirməsini apararkən, ən yüksək balı millimizin qapıçısı Kamran Ağayevə verib -8 bal.
Maraqlıdır ki, qiymətləndirmədə yer alan futbolçuların sırasında Azərbaycan millisindən yalnız Ağayev yer alıb. Qalan bütün futbolçular Rusiya millisinin üzvləri olub.
Rusiyalı həmkarlarımız Kamranı matçın ən yaxşısı seçmələrini bu cür izah ediblər: “Möhtəşəm oynadı. Məhz o, matçın komandası üçün böyükhesablı məğlubiyyətlə başa çatmamasının əsl səbəbkarı oldu. Kamran olmasaydı hesab ən azı 3:0 olacaqdı”.
Qeyd edək ki, ruslar öz qapıçıları İkoq Akinfeyevə ümumiyyətlə bal veməyiblər. Onların fikrincə, rusiyalı qapıçı dünənki oyunda sözün əsl mənasında istirahət edib.
Bu arada Azərbaycan millisi ciddi itki ilə üzləşib. Belə ki, komandamızın baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsinin gələn ayın 14-də Şimali İrlandiya ilə baş tutacaq qarşılaşmasında da tam heyətə güvənməyəcək.
Belə ki, 2012-ci ildə yığmamız üçün sonuncu olacaq sınaq Kamran Ağayevsiz baş tutacaq. Qapıçı Belfastdakı görüşü cəza üzündən buraxacaq. Son 2 oyunda - əvvəl Portuqaliya, sonra Rusiya ilə matçlarda sarı vərəqə alan qolkiper bu üzdən cəzalı duruma düşüb. Yığmada ili bitirən Kamran yalnız gələn il seçmə mərhələ matçlarında oynaya biləcək.