• cümə, 29 Mart, 17:20
  • Baku Bakı 14°C

Ruslar ermənilərə etibar etmirlər

11.12.13 09:29 1448
Ruslar ermənilərə etibar etmirlər
Miqrantlara qarşı mübarizəni sərtləşdirən Rusiya hökuməti onların ölkə ərazisində qalmasına məhdudiyyətlər tətbiq etməkdə davam edir. Artıq məlumdur ki, Kreml 2014-cü ildə 100 minə yaxın miqrantı qəbul edəcək. Moskva şəhəri üçün müəyyənləşdirilmiş maksimum kvotaya görə 7 min miqrant burada yaşamağa icazə veriləcək. Rusiya Federal Hökumətinin Nazirlər Kabinetinin saytında yerləşdirilən məlumata görə Kalinqrad və Novosibirsk vilayətləri üçün 4 min nəfərlik, Başqırdıstan üçün 3,5 min icazə kvotası müəyyənləşdirilib. Ən az kvota həddi 50 icazə kağızı ilə Kalmıkiya və Nenets muxtar dairələri üçün nəzərdə tutulub. Sankt-Peterburda miqrantların müvəqqəti yaşaması üçün 1,5 min icazə kvotası təsdiqlənib. Düzdür, bu qərar əvvəldən burada yaşayan miqrantlara şamil olunmayacaq. Lakin hər halda onlara təsirsiz ötüşməyəcək. Ekspertlər bu qənaətdədir ki, Rusiya hökuməti bundan sonra gələn miqrantların sayını tənzimləməyə çalışır. Yəni kütləvi deportasiyalardan danışmağa dəyməz. Sadəcə, bundan sonra Rusiyaya getmək istəyənlər üçün ciddi maneələr yarana bilər. Miqrantlara münasibət isə əvvəlkitək mənfi olaraq qalır. Artıq elə gün olmur ki, onlarla bağlı hər hansı bir insident yaşanmasın.
Miqrantlar üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də postsovet məkanından olanlara viza tətbiqi məsələsidir. Bununla bağlı bir neçə dəfə Rusiya rəsmiləri məsələ qaldırıblar. Lakin ötən gün Rusiya baş naziri Dmitri Medvedyev mühacirət və milli münasibətlər barədə sualı cavablandırarkən bildirib ki, Rusiya rəhbərliyi MDB ölkələri ilə viza rejiminə keçilməsini planlaşdırılmır. “Biz hazırda, əgər xüsusi vəziyyət yaranmasa, heç bir viza rejimi tətbiq etməyəcəyik. Lakin biz sərhədlərimizdən keçməni sivilləşdirməyi planlaşdırırıq”. O “sivillik” sözünü izah edərkən deyib ki, sərhədlərin xarici pasportlar və tibb sığortaları barədə arayışlarla keçilməsini nəzərdə tutur. Baş nazir hökumətdəki iqtisadçıların mühacirət barədə mövqeyini bir daha açıqlayıb və bildirib ki, Rusiya mühacirlərsiz keçinə bilməz. Lakin Medvedev antimühacirət əhval-ruhiyyəli insanların da könlünü almaq üçün əlavə edib: “gəlmələr rus dilini bilməli və yerli adət-ənənələrə hörmət bəsləməlidirlər. Lakin bu dediklərim millətçilik dalğasının yaradılmasına əsas vermir. Bu, pisdir, mənəviyyatsız bir işdir, bizim ölkəmizdə isə ölümcül təhlükəlidir, çünki bizim ölkəmiz çoxmillətlidir”.
Ekspertlər isə bildirir ki, rusların son illərdə ifrat millətçiliyə meyllənmələrinin əsas səbəblərindən biri məhz miqrantların Rusiya cəmiyyətinin qaydalarına saymazyana yanaşmaları ilə bağlıdır. Artıq Putin hakimiyyəti də Rusiyada artmaqda olan bu narazılığın qarşısında dayanmaqda çətinlik çəkir. Ona görə də hakimiyyət bu narazılığı özündən uzaqlaşdırmaq üçün miqrantlara qarşı yönəldir.
Keçirilən rəy sorğularının nəticələri də bu qənaətə gəlməyə əsas verir. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (LEVADA) keçirdiyi sorğunun dünən açıqlanan nəticələri rusların miqrantlara olan münasibətini üzə çıxarıb. Məlumat üçün bildirək ki, ənənəvi olaraq hər il keçirilən sorğunun məqsədi rusların postsovet ölkələrə olan münasibətini üzə çıxarmağa yönəlib. Sorğuda Rusiyanın 46 regionu təmsil olunub. Nəticələr göstərib ki, rusların gözündə ən pozitiv imicdə Belarus və Qazaxıstan vətəndaşlarıdır. Respondentlərin böyük bir qismi - təxminən 44 faizi Belarusu, 35 faiz isə Qazaxıstanı özlərinə daha yaxın görürlər. Üçüncü yerdə 21 faizlə Ukrayna qərarlaşıb. Auesayderlər qrupunu Azərbaycan başçılıq edir. 7 faizlik göstərici ilə irəliləyən ölkəmizdən sonra Ermənistan, Gürcüstan, Moldova, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Tacikistan gəlib. Müvafiq göstərici postsovet məkanının liderlərinə də aiddir. Ən yüksək göstəricini Belarus lideri Aleksandr Lukaşenko - 41 faiz göstərib. Ondan sonrakı yeri Qazaxıstan lideri Nursultan Nazarbayev-33 faiz, Ukrayna lideri Viktor Yanukoviç isə 10 faiz toplayıb. Sonrakı yerləri 5 faizlə Azərbaycan prezidenti İlham Əliyev, 3 faizlə Ermənistan prezidenti Serj Sarkisyan, Özbəkistan prezidenti İslam Kərimov və 2 faizlə Moldova prezidenti Nikolae Timofti, Qırğızıstan prezidenti Almazbek Atambayev bölüşüb. Gürcüstanın artıq keçmiş prezidenti Mixail Saakaşvili də 2 faiz göstəriciyə malikdir. Siyahını Türkmənistan və Tacikistan prezidentləri Qurbanqulu Berdıməhəmmədov və İmomali Rahmon 1 faizlik göstərici ilə bağlayıblar.
Rus nəşrlərini xüsusən Ermənistanla bağlı göstərici şoka salıb. Axı necə ola bilər ki, bütün varlığı ilə ruslara bağlı olan Ermənistan birdən-birə rusların gözündə ən aşağı yerlərdən birində qərarlaşır? Çox güman ki, bu erməni miqrantların son vaxtlar törətdikləri cinayətlərin sayının artması ilə bağlıdır. Tək elə ötən gün Rusiyanın Arzamas şəhərində 26 yaşlı Aleksandr Slakayevin ermənilər tərəfindən öldürülməsi Nijeqorod vilayətində yerli sakinlərin ciddi narazılığına səbəb olub. Nəticədə Arzamas şəhər polisi 50 ermənini saxlayıb. Xatırladaq ki, Aleksandr Slakayevin ölüm hadisəsi Arzamas şəhərində ermənilərə məxsus “Ocaq” kafesində baş verib. Rus millətindən olan iki nəfərlə ermənilər arasında baş verən qarşıdurmada Aleksandr Slakayev ürəyinə vurulan kabab şişinin təsirindən ölüb, onun dostu İqor Karpov isə ciddi xəsarət alıb. Cinayəti törədən 3 erməni polis tərəfindən tutulub. Hadisənin səhəri günü 300 nəfər yerli sakin küçələrə çıxaraq miqrantlara qarşı şüarlar səsləndirərək onların şəhərdən və ümumiyyətlə Rusiyadan qovulmasını tələb ediblər. Rusiya erməniləri birliyinin Nijeqorod vilayəti üzrə bölməsinin sədri Tiqran Şahnazaryan isə bildirib ki, baş verən bu hadisəyə millətlərarası münaqişə kimi baxmaq düzgün deyil.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər