• çərşənbə axşamı, 23 aprel, 21:51
  • Baku Bakı 20°C

Ruslan Abışov: “Bütün Rusiya Azərbaycan millisinin aldığı mükafatdan danışır“

12.11.13 13:48 1376
Ruslan Abışov: “Bütün Rusiya Azərbaycan millisinin aldığı mükafatdan danışır“
Rusiyanın "Rubin" klubunun və Azərbaycan millisinin futbolçusu Ruslan Abışov azerisport.az saytına müsahibəsində Rusiyadakı həyatından, "Qəbələ"nin təklifindən, yığmanın yoldaşlıq görüşlərindən və Berti Foqtsdan danışıb.
- Zədən nə yerdədir, artıq sağalmısan?

- 1 həftədir, məşqlərə başlamışam. Bildiyiniz kimi, Rusiya ilə oyunda köhnə zədəmi yeniləmişdim. İndi yığmanın düşərgəsində hazırlaşıram. İnanıram ki, millinin oyunlarında oynamaq imkanı olacaq. Fikrimcə, yığmadan sonra Kazana qayıdanda oynamağa hazır olacam. Zədə artıq keçmişdə qalıb.
- Azərbaycan - Rusiya görüşündən əvvəl Ryazantsevlə mərc gəlmişdin. Sonu necə oldu?

- Kazana qayıdanda Ryazantsev mənə qiymətli hədiyyə bağışladı. O mərc gələrək demişdi ki, Rusiya Bakıda 3 xal qazanacaq. Mən isə demişdim ki, Azərbaycan uduzmayacaq. Ona görə mənə hədiyyə verdi. Millimizin oyununu yüksək qiymətləndirdi. Eyni zamanda Bakını çox təriflədi. Ryazantsev dedi ki, paytaxtımızın belə gözəl olduğunu bilmirdi. Şəhərimizdən çox razı qalıb.
- "Rubin" son zamanlar yaxşı təsir bağışlamır...

- Komanda son turlar qələbə qazana bilmir. Amma bu, müvəqəttidir. Bizim yaxşı heyətimiz var. İnanıram ki, fasilədən sonra uğurlu çıxış edəcəyik. Mən də yığmadan kluba hazır vəziyyətdə qayıdacağımı düşünürəm. Zədəm sağalıb. Məşqçi nə vaxt istəsə, oynamağa hazıram. Komandanın uğurunda payımın olması üçün çalışmaq istəyirəm. "Rubin"də sözümü deməyi bacarmalıyam.
- Yığmanın oyunundan sonra orada sənə münasibət dəyişib?

- Yaxşı mənada dəyişib. Çoxları millimizdən belə oyun gözləmirdi. Rusiyada ən çox müzakirə olunan mövzu bizim mükafatlardı. Hamı məndən futbolçularımızın Şimali İrlandiya üzərində qələbəyə görə nə qədər mükafat aldıqlarını soruşur. Amma mən belə məsələlərə şərh vermirəm.
- "Qəbələ" səninlə maraqlanır və heyətə cəlb etmək istəyir...

- Mənimlə maraqlanan bütün komandalara təşəkkür edirəm. Amma Azərbaycana qayıtmaq barədə düşünmürəm. Hazırda bütün fikrim "Rubin"lə bağlıdır. Azərbaycandan gedən futbolçulara dəstək olmaq lazımdır. Onları geriyə qaytarmaq yox. İnanıram ki, komandamda start heyətə düşəcəm. Əlbəttə, indi mənim ehtiyatda qalmaq yaşım deyil. Ancaq baş məşqçinin mənə inandığını və güvəndiyini bilirəm. Həmin etimadı doğrultmaq istəyirəm.
- Rusiyadan olan təkliflərdən də imtina etmisən?

- Onlar çoxdan var idi. Premyer Liqanın digər klubları məni icarəyə götürmək istəyirdi. Amma Kurban Berdıyev dedi ki, Abışov satılmır və icarəyə verilmir. Əgər mənim haqda yaxşı fikirdə olmasaydı, belə söyləməzdi. O insanın komandanın uğurlarında böyük rolu var. Kurban Berdıyev kimi məşqçiylə çalışmaq mənə çox şeyi öyrədir. Ona görə onun ümidlərini doğrultmaq istəyirəm.
- Yığmanın Estoniya və Qırğızıstanla oyunları haqda nə deyə bilərsən?

- İlin son oyunlarıdır. Hər iki matçda qələbə qazanmaq istəyirik. Estoniya ilə oyun daha maraqlı olacaq. "Amkar"da oynayan Vasilyevi tanıyıram. Eyni zamanda Dmitri Kruqlov da Estoniyanın şərəfini qoruyur. Qırğızıstan son oyunlarda İndoneziya və Tacıkistana uduzub. Amma həmin oyunları görməmişəm. Fikrimcə, azarkeşlər də bizdən uğur gözləyirlər.
- Yəqin nəticə Berti Foqtsun taleyinə təsir edəcək....

- Bilmirəm. Bu məsələni AFFA həll edir. Mənim fikrimcə, Foqts qalsa, daha yaxşı olar. Bütün futbolçularımız bu fikirdədirlər. 6 ildir bir yerdə çalışırıq. Bir-birimizi tanıyırıq. Yeni məşqçiyə vaxt lazım olacaq. O komandanı tanıyır və uğurlu çıxışımızı davam etdirməyin yolunu da bilir. İstənilən halda biz futbolçular həmişə maksimum oynamağa hazırıq. Məşqçi məsələsini federasiya həll edəcək.
- Azərbaycan çempionatını izləyirsən?

- İnternet vasitəsilə bəzi oyunlara baxmışam. "Neftçi", "Qarabağ" və "Qəbələ" çempionluğa əsas namizəd sayılır. Amma "Bakı"nı, "İnter"i və digər komandaları unutmaq olmaz. Sadəcə, indiki halda əsas mübarizə "Qarabağ"la "Neftçi" arasında gedir. Vacib oyunlar hələ irəlidədir.
banner

Oxşar Xəbərlər