• cümə, 29 Mart, 02:11
  • Baku Bakı 7°C

Rusiyanın qaz nəhənginə total hücum

11.06.16 12:05 1589
Rusiyanın qaz nəhənginə total hücum
Rusiyanın qaz nəhəngi "Qazprom”a qarşı Avroda total hücum səngimək bilmir. Getdikcə daha çox ölkə artıq ona qarşı bir növ şantaj kampaniyasına başlayıb. Əsas tələb də mavi yanacağın qiymətinin aşağı salınması ilə bağlıdır. Və artıq Ukrayna və Belarusun qiymət şantajına Polşa da qoşulub. Bu ölkə artıq bəyan edib ki, 2022-ci ildən sonra Rusiya qazını Norveç qazı ilə əvəzləyəcək. Varşava qərarını o halda dəyişəcək ki, Moskva daha əlverişli şərtlər və qiymətlər təqdim etsin. Rusiyanın isə ağır iqtisadi durumunu nəzərə alsaq belə bir güzəştin baş verəcəyi ağlabatan görünmür. Rəsmi Kiyev də 2015-ci ildən imtina etdiyi Rusiya qazını yenidən almağa hazır olduğunu bəyan edib. Lakin bir şərtlə - "Qazprom” qaza qoyduğu qiymətlərdə güzəştə getsə.
Beləliklə, bir-bir ölkələrin vəziyyətinə nəzər salaq. 2022-ci ildən Rusiya qazından imtina ilə Polşa Norveçdən sıxılmış təbii qaz alınmasını təmin edəcək. Ölkə ərazisində Svinouysda inşa ediləcək qaz mərkəzi və yeni qaz kəməri Norveçin müvafiq şelfi ilə birləşdiriləcək. Bu barədə Polşa hökumətinin strateji enerji infrastrukturunun inkişafı üzrə xüsusi nümayəndəsi Pyotr Naimski bəyan edib. "2022-ci ildən sonra mövcud olan şərtlərlə "Qazprom”la uzun müddətli müqaviləni davam etdirəcəyimizə ümid etmirəm. Biz başqa imkanlar və razılaşmaları nəzərdən keçirəcəyik”, - deyə Naimski bəyan edib. "Polşaya bütövlükdə 15 mlrd. kub metr qaz gərəkdir. Bütövlükdə demək olar ki, bu həcm bizim tələbatları təmin edəcək”, - deyə Naimski RAR agentliyinə müsahibəsində bəyan edib.
Polşa rəsmisi öz bəyanatını Danimarkaya səfəri ərəfəsində səsləndirib. Burada o, Baltic Pipe qaz kəmərinin inşası ilə bağlı müzakirələr aparmağı planlaşdırır. Bu kəmər Norveçdən Polşaya qazın nəqlini nəzərdə tutur. Polşalı məmurun sözləri, bir növ, Kremlin Polşaya Rusiya qazı çatdırmağın çətin olacağı barədə ehtimallarına özünəməxsus cavab olub. Bununla yanaşı, Rusiya Federasiyasının rəhbərliyi şübhə etmirdi ki, Polşanın "Qazprom” qazından imtina edəcəyi qazı kimə satacaq. Rusiya prezidenti Vladimir Putin bu ehtimalı belə dəyərləndirib. "Bunlar həm polyak, alman, avstriyalı, italyan və fransız şirkətləri ola bilər – bizim üçün fərqi yoxdur. Kİmsə alacaq. Əgər alan olmasa da, biz başqa bazarlar axtarışına çıxacağıq - qorxulu bir şey yoxdur. Ola bilsin, israillilər alsın və bu qazı Polşada satsınlar”, - deyə V.Putin vurğulayıb.
Ümumiyyətlə isə Polşanın Rusiya qazını almaqdan imtina etməsi barədə bəyanatını diskussiyalara dəvət kimi də qiymətləndirənlər var. Bunu polşalı rəsminin sözlərindən də hiss etmək olar: "Əgər Rusiya tərəfi əlverişli şərtlər və münasib qiymət təklif edərsə, biz bunu nəzərdən keçirə bilərik. Qapılarımız danışıqlar üçün açıqdır”. O zaman Polşa Rusiya ilə 2022-ci ildən sonra da müqaviləni uzada bilər.
Polşa ilə yanaşı, Ukrayna da Rusiya qazı ilə bağlı problem yaşayır. İndi isə qazın nəqlinin bərpasını istisna etmir.
"Qazprom” rəhbəri Aleksey Miller bildirib ki, "Naftoqaz Ukrayna”nın rəhbərliyindən Rusiya qazının bərpası ilə bağlı rəsmi məktub alıblar. "Söhbət doqquz aydan gedir: 2016-cı ilin ikinci yarısı və gələn ilin birinci yarısı”, - deyə "Qazprom” rəhbəri vurğulayıb. Və Kiyev də israrla qeyd edir ki, məhz əlverişli qiymət Rusiya qazını almaq üçün əhəmiyyətli amildir. "Ukrayna Rusiyadan qaz ixracını üçüncü rübdə bərpa etməyi planlaşdırır. Lakin bir şərtlə ki, "Qazprom” Avropadan fərqli olaraq daha ucuz yanacaq təklif etsin”, - deyə "Naftoqaz Ukrayna”nın rəhbəri Andrey Kobalev bildirib. Ötən ayın sonu Ukraynanın energetika və kömür sənayesi naziri İqor Nasalik bildirib ki, qazın bazar qiymətləri min kub metrə görə 130-132 dollar təşkil edir. Rusiya qazının qiyməti isə hər min kub metrə görə 177 dollardır. Rusiyadan qaz nəqlini dayandıran Ukrayna hazırda Avropa İttifaqından revers sxemi ilə qaz alır. Və bəyan edir ki, bu qiymətlər çox aşağıdır. Lakin Rusiya tərəfi iddia edir ki, bu heç də belə deyil. Onların sözlərinə görə, bu qiymət 195 dollara gəlib çıxır.
O ki qaldı Belarusa - bu ölkə ilə də bağlı qazın qiyməti ilə əlaqədar hansısa bir razılaşma əldə edilməyib. Belarusun baş naziri Andrey Kobyakov bəyan edib ki, konkret razılaşma əldə olunmayıb, lakin dialoqun aparılması üçün istiqamətlər var. Rusiya enerji naziri Aleksandr Novak bildirib ki, danışıqların nəticələrinə uyğun olaraq dialoqu aparmaq qərara alınıb. Rusiya mayın sonunda bəyan edib ki, Belarus üçün qazın qiymətində hansısa bir güzəşt olmayacaq. Tərəflər arasında Rusiya qazının qiyməti ilə bağlı fikir ayrılıqları bu ilin əvvəlində başlayıb. O zaman Kobyakov bildirmişdi ki, qazın hər min kub metrinə görə qiymətlər 132 deyil, 80 dollar təşkil etməlidir.
Göründüyü kimi, daha çox ölkə "Qazprom”dan güzəştlər əldə etmək istəyir. Əgər əvvəllər Kiyev tək idisə, əldə olunan razılaşmaları ayaq altına atırdısa, indi bu ritorikaya digər ölkələr də qoşulmağa başlayıb. Ekspertlərin gəldiyi qənaət budur ki, Mərkəzi və Şərqi Avropa ölkələri "Şimal axını-2” layihəsinə nə qədər hücum etsələr də, yaxın 2-3 il ərzində Rusiyanın mavi yanacağı olmadan nə Polşa, nə Ukrayna, nə də ki, digər Avropa ölkələri keçinə bilməyəcək. Səbəb də odur ki, alternativ tədarükçülərin iri həcmdə nəql üçün kifayət qədər həcmdə xammalı və müvafiq infrastrukturu yoxdur. Lakin məsələ ondadır ki, qaz bazarı daim dəyişir və bu proseslər istehlakçı uğrunda rəqabətin artmasına səbəb olur. Uzunmüddətli perspektivdə, beş, yeddi ildən sonra Avropanın qaz bazarında vəziyyət köklü şəkildə dəyişə bilər. İstisna deyil ki, Polşanın uzunmüddətli perspektivdən imtinası da ilk qaranquş olacaq.
Avropa İttifaqında sıxılmış maye qaz bazarının inkişafı istehlakçılar üçün uzunmüddətli sazişlər imzalamağı əhəmiyyətsiz bir məsələyə çevrilir. 2025-ci ildə Avropa sıxılmış qazla bağlı terminallarının gücünü iki dəfə artırmağı planlaşdırır. Ekspertlərin qənaətincə, bu planların reallaşması qaz sazişləri ilə bağlı Avropada azad bazar formalaşdırmağa imkan verəcək. Və "Qazprom” indidən bunlara hazır olmalıdır.
Azər
banner

Oxşar Xəbərlər