• çərşənbə, 24 Aprel, 11:32
  • Baku Bakı 13°C

Rusiyanın meyvə-tərəvəzlə bağlı qərarı ixracatımıza mənfi təsir göstərə bilər

24.07.19 19:44 15482
Rusiyanın meyvə-tərəvəzlə bağlı qərarı ixracatımıza mənfi təsir göstərə bilər
Rusiya hökuməti meyvə-tərəvəzin sərhəddən keçirilməsi qaydalarını sərtləşdirəcək. Bu barədə Rusiya mətbuatı yazıb. Məlumata görə, yeni qaydalar bu il avqustun 19-dan etibarən qüvvəyə minəcək. Belə ki, bundan sonra baqaj və ya əl yükündə fitosanitar sertifikatı olmadan sərhəddən yalnız 5 kq-dək meyvə-tərəvəz və hər birində 15 gül olmaq şərti ilə 3 buketin keçirilməsinə icazə veriləcək. Daha çox meyvə-tərəvəzin ölkədən çıxarılması üçün isə fitosanitar sertifikatlar tələb olunacaq. İndiyədəkbelə sertifikat tələb olunmurdu.
Əgər sertifikat təqdim edilməsə, məhsullar ya ölkəyə geri qaytarılacaq, ya da sahibkarın hesabına məhv ediləcək. Qaydaların bütün növ nəqliyyat vasitələrinə şamil olunacağı da yayılan xəbərlər arasındadır.
Hər kəsə bəllidir ki, Rusiya Azərbaycanın iqtisadi baxımdan geniş əlaqələr qurduğu, məhsullarının böyük hissəsini idxal etdiyi ölkələrdəndir. Biz də qonşu dövlətin idxal məsələlərində qaydaları sərtləşdirməsi bizim məhsulların ixracatına necə təsir göstərəcəyi, meyvə-tərəvəzimiz fitosanitar baxımdan qoyulan qaydalara cavab verib-verməməsi kimi suallarımıza cavab tapmağa çalışdıq.
Məsələ ilə bağlı ilk olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) münasibətini öyrəndik. Agentliyin rəsmisi qeyd edir ki, AQTA qida zəncirinin bütün mərhələlərində dövlət nəzarətini həyata keçirir: "Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartların tələblərinə və milli qanunvericiliyə uyğun olaraq, hər bir idxalçı ölkə tərəfindən ərazisinə daxil olan fitosanitar karantin nəzarətində olan məhsullara fitosanitar karantin baxışı tətbiq olunur (yükü müşayiət edən sənədlərə, nəqliyyat vasitələrinə, qablaşdırma materiallarına, bitki və bitkiçilik məhsullarına). Karantin baxışı zamanı uyğunsuzluq aşkar edilmədiyi təqdirdə, yükün idxalına icazə verilir. Aşkar edilmiş hər hansı bir uyğunsuzluq Fitosanitar Tədbirlər üzrə 13 nömrəli Beynəlxalq Standartla tənzimlənir. Həmçinin ölkədən ixrac olunan bitki və bitkiçilik məhsullarına idxalçı ölkə tələb edərsə, Agentlik tərəfindən fitosanitar sertifikatı verilir. Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartların tələblərinə və milli qanunvericiliyə uyğun olaraq idxal olunan yükdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, yük zərərsizləşdirilə, emal edilə, məhv edilə və ya geri qaytarıla bilər. Fitosanitar Tədbirlər üzrə 13 nömrəli Beynəlxalq Standartın tələbinə əsasən uyğunsuzluq aşkar edildiyi təqdirdə, idxalçı ölkə ixracatçı ölkəyə dərhal rəsmi bildiriş verir”.
Qeyd edək ki, AQTA əməkdaşları tərəfindən respublika ərazisində fitosanitar müşahidələr davam etdirilir. Növbəti fitosanitar müşahidələr Xaçmaz rayonunda fərdi torpaq sahələrində, fermer təsərrüfatlarında aparılıb.
Müşahidələr zamanı fərdi torpaq sahələrinin, fermer təsərrüfatlarının bəzilərində zərərli orqanizmlərlə sirayətlənmə halları aşkar edilib və bununla bağlı zəruri tədbirlər görülərək, gələcəkdə yarana biləcək məhsul itkisinin qarşısı alınıb. Eyni zamanda Xaçmazda təsərrüfat sahibləri arasında kimyəvi preparatlardan istifadə qaydaları və təhlükəsizlik tədbirləri barədə maarifləndirmə işləri aparılıb.

İqtisadçı Rəşad Həsənov Rusiya bazarında baş verən dəyişikliklərin, qəbul edilən yeni qərarların Azərbaycan kənd təsərrüfatı sektoruna birbaşa təsirinin olduğunu deyir: "Azərbaycanın kənd təsərrüfatı məhsulları 95% məhz Rusiya bazarlarına ixrac olunur. Bu baxımdan, Rusiya bazarında baş verən dəyişikliklərin, qəbul edilən yeni qərarların Azərbaycan kənd təsərrüfatı sektoruna birbaşa olaraq çox ciddi təsiri var və davamlı olaraq da fermerlər bu risklərlə üzləşirlər. Xüsusilə də ixracata hədəflənən istehsalçılar çıxılmaz vəziyyətdə qalırlar. Təbii ki, bu sertifikat tələbinin olması nəticə etibarı ilə ixrac olunan məhsulların həcminə neqativ təsir göstərəcək. Çünki nəzərə almaq lazımdır ki, ölkəmizdə istehsal prosesində sertifikatlaşma mərhələsi zəif şəkildə həyata keçirilir. 2016-cı ildə sertifikatların müasir tələblərə, prosedurların rəqabətli məhsul istehsalına uyğunlaşdırılması ilə bağlı xüsusi fərman imzalanıb. Fərman çərçivəsində bu istiqamətdə mexanizmlərin nisbətən təkmilləşdirilməsi və etibarlılığın artırılması ilə bağlı müəyyən addımlar atılıb. İndiki şərtlər daxilində ölkəmizdə ixraca vahid sertifikat tələb olunur. Amma təbii ki, hər bir ölkənin özünün fərdi olaraq qoyduğu tələblər əhəmiyyətli məqamlardan biridir”.
Ekspert bütün qeyd olunan proseslərin zaman tələb etdiyini qeyd edir: "Təkcə kənd təsərrüfatı sahəsində yox, digər sahələrdə olan ixracatçılar da mümkün zamanı dəyərləndirərək ixrac etdikləri məhsulların beynəlxalq standartlar çərçivəsində ölkə xaricinə çıxmasını təmin etmək üçün müvafiq infrastrukturdan yararlanmalıdırlar. Qeyd olunan sertifikatların əldə edilməsi mühüm məsələlərdən biridir. Kənd təsərrüfatı sahəsində bu kimi ani ortaya çıxan tələblər məhsulların istehsalı prosesinin gecikməsinə, istifadəyə yararsız hala düşməsinə gətirib çıxarır. Nəticə etibarı ilə fermer ziyan etmiş olur. Düşünürəm ki, Rusiyanın qoyduğu yeni tələb istənilən halda növbəti aylarda ixracın həcminə mənfi təsir göstərəcək. Bu məqamda bəzi dövlət qurumları təşəbbüsü ələ almalı, müəyyən mənada sahibkarlara kömək etməlidirlər. Xüsusilə də lazım olan sertifikatın verilməsində həm maddi, həm də texniki baxımdan dəstək göstərməlidirlər. Digər tərəfdən, bu vəziyyətin başqa bir effekti də ola bilər. Belə ki, məhsulların Rusiya bazarına çıxarılmasının məhdudlaşdırılması daxili bazarlarda təklif bolluğuna gətirib çıxarmaqla, qiymətlərin ucuzlaşmasına şərait yaradar. Bu da istehlakçılar üçün müsbət olsa da, istehsalçılar üçün maliyyə itkilərinə gətirib çıxaracaq”.

Günel
banner

Oxşar Xəbərlər