“Rusiyanın keçirdiyi təlimlər istənilən halda bir mesajdir”

“Rusiyanın keçirdiyi təlimlər istənilən halda bir mesajdir”

Müsahibə
19 Sentyabr 2012, 15:54 1430
Məlum olduğu kimi, sentyabrın 17-dən başlayaraq Rusiya Federasiyasının cənubunda “Qafqaz 2012” strateji komando-qərargah təlimlərinin keçirilməsinə başlanılıb. Sentyabrın 23-ə kimi davam edəcək bu təlimlər cari ildə Rusiyanın keçirdiyi ən əhəmiyyətli müdafiəyönümlü tədbir sayılır. Təlimdə Rusiya Federasiyası Silahlı Qüvvələrindən əlavə, Federal Mühafizə Xidməti, DİN, FHN və FTX də iştirak edir. Minlərlə hərbçinin, 200 hərbi maşının, 100-dən çox hərbi təyyarə və 50 helikopterin, 10 hərbi gəminin, yüzlərlə artilleriya qurğusunun cəlb edildiyi təlimlər eyni vaxtda 4 poliqonda, Qara və Xəzər dənizlərinin akvatoriyalarında keçirilir. Təlimlərin ikinci mərhələsi Dağıstanın və digər Şimali Qafqaz respublikalarının ərazisini əhatə edir. Xüsusi ilə Dağıstanın cənubunda, Azərbaycan və Gürcüstanla sərhəddə təlimlərdə 6 mindən çox hərbi heyətə malik 7-ci Novorossiysk qvardiya desant-hücum diviziyası iştirak edir. Rusiya prezidenti Vladimir Putin də “Qafqaz-2012” hərbi təlimlərini müşahidə edib. O, hərbçilərin hərəkətlərinə “əla” qiymət verib və vurğulayıb ki, onlar Rusiyanın milli maraqlarını və təhlükəsizliyini qorumağa həmişə hazır olmalıdırlar. Miqyasına görə Rusiyanın indiyə kimi bu regionda təşkil etdiyi ən böyük hərbi təlimi ilə bağlı “Kaspi”nin suallarını politoloq Fikrət Sadıxov cavablandırır.
- Fikrət müəllim, ilk öncə Rusiyanın son hərbi təlimlərinə sizin münasibətinizi öyrənmək istərdik. Sizcə, bu təlimlərin keçirilməsini zəruri edən nədir?
- Əvvəlcə onu qeyd etmək lazımdır ki, Rusiya bu regionun iri dövləti olaraq bütün regionda yerləşən dövlətlərə sübut etmək istəyir ki, onun təsir gücü hələ də saxlanılır. Yəni Rusiya bu regiondan, Şimali və Cənubi Qafqazdakı maraqlarından imtina etmək fikrində deyil. Bunu regionda yerləşən dövlətlərə nümayiş etdirmək istəyir. Eyni zamanda, bu regionla bağlı digər aparıcı dövlətlərə – hansılara ki, orada öz maraqlarını realizə edir, öz maraqları var. Həm iqtisadi, həm də strateji. Düşünürəm ki, bu əsas, ən birinci, ən mühüm məqsəddir Rusiya qarşısında. Bu məqsədini yerinə yetirmək üçün də belə bir irimiqyaslı təlimlər keçirir.
- 7-ci Novorossiysk qvardiya desant-hücum diviziyası 1990-cı ilin 20 yanvarında Bakıya yeridilən və qanlı qırğınlar törədən hərbi birləşmənin varisidir. Bu diviziya Çeçenistanda yaraqlılara qarşı döyüşlərdə də iştirak ilə tanınıb. Sizcə belə bir diviziyanın Azərbaycan və Gürcüstan sərhədinə gətirilməsi region dövlətlərini qorxutmağa yönəlik cəhd sayıla bilərmi?
- Hər hansı bir diviziyanın gətirilməsindən asılı olmayaraq, burada əsas strateji məqsəd hərbi əzələnin nümayişidir. Eyni zamanda, təbii ki, burada yerləşən ölkələrə, dövlətlərə bir mesajdır. Düşünürəm ki, bu ilk növbədə Gürcüstana qarşı yönələn mesajdır. Çünki Gürcüstanda axır zamanlar öz ərazi bütövlüyünü bərpa etmək fikirləri tez-tez təkrarlanır və rəsmilər tərəfindən bəyan edilir. Bu səbəbdən düşünürəm ki, bu təlimlər Gürcüstana birinci mesajdır. İkincisi, bəlkə də onların bu təlimləri burada yerləşən dövlətlərə Rusiyanın Ermənistanın müttəfiqi olması haqqında müəyyən ismarıcı kimi də qəbul oluna bilər. Və nəhayət təbii ki, Şimali Qafqazda da vəziyyət çox gərgin olaraq qalır. Həm Çeçenistanda, həm İnquşetiyada, həm də digər Şimali Qafqaz respublikalarında. Yəni bu təlimləri keçirməklə mərkəzi hökumət öz təsir gücünü nümayiş etdirmək məqsədi var. Eyni zamanda, istisna etmirəm ki, bu təlimlər ilk növbədə həm Gürcüstana, həm də Azərbaycana müəyyən mənada güc nümayişidir. Rusiyanın bu dövlətlərə təsir gücünün, öz maraqlarının yerinə yetirilməsi hazırlığının nümayişidir. Bu təlimlər hal-hazırda çox ziddiyyətli geosiyasi vəziyyət fonunda, ilk növbədə Yaxın Şərqdə olan hadisələr fonunda, Suriya və İranla bağlı çox ziddiyyətli hadisələrlə də bağlı ola bilər. Bütövlükdə “Qafqaz-2012” irimiqyaslı təlimləri açıq-aşkar mesajdır, gücün nümayişidir və Rusiya bundan heç də çəkinmir. Rusiya bununla öz iradəsini və maraqlarını açıq şəkildə bizim hamımıza çatdırmaq fikrindədir.
- Amma Rusiya rəsmiləri 7-ci diviziyanın Dağıstanın cənub rayonlarına yeridilməsinin səbəbini şərh edərkən bildiriblər ki, bu, sadəcə son vaxtlar regionda terror və ekstremizm hallarının artması ilə bağlıdır. Rusiyalı məmurlar bu arqumentlərində nə dərəcədə səmimidirlər?
- Diviziyanın nömrəsindən və harada olmasından asılı olmayaraq Rusiya elə bir amildir ki, ona yaranan hər bir təhlükənin qarşısını almaq üçün istənilən gücü-qüvvəni tətbiq etməyə hazırdır. Biz bunu görmüşük, hiss etmişik. 1990-cı ildə bizim paytaxt şəhərimizdə rəsmi Moskvanın göstərişi ilə faciəvi 20 Yanvar hadisəsi törədilib. Eləcə də 1988-ci ildə cərəyan edən hadisələr, 1989-cu ildə Rusiya qoşunlarının Bakıya daxil olması, fövqəladə vəziyyətin elan olunması və s yaxşı xatırlayırıq. Yəni, diviziyaların, qoşunların sayından və nömrəsindən asılı olmayaraq, məqsəd birmənalıdır. Məqsəd odur ki, biz buranın, bu regionun əsas gücüyük, həmişə öz maraqlarımızı müdafiə etməyə hazırıq. Əgər Rusiyaya hər hansı bir təhlükə yaransa, rəsmi Moskva hər bir addıma əl ata bilər, istənilən ölkəyə qoşun yeridə bilər, hansısa sərhəddə müəyyən manevr keçirər. Bu da Rusiyanın gücünün nümayişidir. Heç vaxt yaddan çıxarmaq olmaz ki, bu regionda əsas aparıcı qüvvə Rusiyadır. Rəsmi Moskva bu təlimlərlə bunları sübut etmək fikrindədir.
- 2008-ci ildə bu cür təlimlərin ardınca Rusiya ordusu Gürcüstana girib və Cənubi Osetiya ilə Abxaziya bölgəsini faktiki işğal edib. Rusiya hərbi ekspertləri, Müdafiə Nazirliyindəki yüksək rütbəli qaynaqlar ”Qafqaz-2012" təlimlərinin ssenarisində Azərbaycan və Gürcüstanın da yer aldığını bildirir. Belə ki, rus qoşunlarının İrana qarşı mümkün hərbi əməliyyatlar zamanı müxtəlif bəhanələrlə Gürcüstan üzərindən Ermənistana dəhliz açmaq, habelə Azərbaycana müdaxilə etmək ssenarilərini nəzərdən keçirirlər. Sizcə bu ehtimallar nə dərəcədə realdır?
- Mən düşünmürəm ki, Rusiya qoşunları hər hansı bir bəhanə ilə Azərbaycana girsin. Artıq, bizi işğal etmək məqsədi heç kəsdə olmamalıdır. Onsuz da bizim 20 faiz torpaqlarımız işğal altındadır. Gürcüstanın da iki vilayəti işğal altındadır. Bunlar nəyi işğal edə bilərlər? Bakını işğal edəcəklər? Birincisi, söylənilənlər o qədər də real görünmür. İkinci məqam da ondan ibarətdir ki, lazım olsa Rusiya dəhliz vasitəsi ilə, kiminsə ərazisindən istifadə edib İrana silah-sursat və sair göndərə bilər. Sadəcə olaraq, Azərbaycanı işğal etmək vasitəsi ilə bunu edə bilməz. Çünki Azərbaycan müstəqil bir dövlətdir, hətta BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Hətta Rusiya istəsə də, bunu asanlıqla etmək çox çətin olacaq. Bu ərazi boş olan ərazi, hansısa heç bir dövlətə aid olmayan yer deyil axı. Bunu indiki zəmanədə, indiki şəraitdə açıq-aşkar etmək düşünürəm ki, çox çətin olacaq. Onu da əlavə etmək istəyirəm ki, biz Gürcüstandan fərqli olaraq daha yumşaq və incə siyasət aparırıq. Bizdə Rusiyaya qarşı açıq siyasi kurs aparılmır. Biz başa düşürük ki, Rusiya regionda aparıcı dövlətdir və rəsmi Moskvanın müəyyən maraqları ilə hesablaşırıq. Amma təbii ki, bizim üçün aparıcı rol oynayan Azərbaycanın öz dövlət və milli maraqlarıdır. Bundan irəli gələn siyasətimizi yeridirik. Rusiya ilə düşmənçilik münasibətdə deyilik. Lakin bu münasibət Rusiyaya hansısa rəğbətdən, sevgidən irəli gəlmir. Sadəcə reallıq bunu tələb edir. Bizim özümüzün kifayət qədər problemlərimiz var və ona görə də Rusiya ilə hesablaşırıq. Ona görə də düşünmürəm ki, Rusiya bu əlaqələri inkar edib, tapdalayıb Azərbaycan torpaqlarını işğala cəhd etsin. Buna nə zəmin var, nə də elə bir şərait yaradılıb. Digər tərəfdən, Azərbaycan da əvvəlki illərdəki ölkə deyil. Azərbaycan istənilən hücumu, təcavüzü dəf etmək gücünə malikdir. Diplomatik prinsipləri qoruyan, uğurlu xarici siyasət həyata keçirən Azərbaycanın regionda ən müasir silahlarla təchiz olunmuş, güclü nizami ordusu da var. O səbəbdən Azərbaycanın işğalı sadə məsələ deyil. Əgər Rusiyanın hər hansı güc strukturunun belə bir planları varsa, düşünmürəm ki, onların istəyi asanlıqla həyata keçirilsin.

Rufik İSMAYILOV