• şənbə, 20 Aprel, 09:50
  • Baku Bakı 14°C

Rusiyanın işğalçını dəstəkləməsi Azərbaycanı narahat edir

17.11.16 12:02 1458
Rusiyanın işğalçını dəstəkləməsi Azərbaycanı narahat edir
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan XX əsrin sonlarında müstəqilliyini ikinci dəfə bərpa etdikdən bu günə qədər inkişaf yolu ilə uğurla addımlamaqdadır. Ötən 25 il ərzində ölkədə ictimai-siyasi sabitlik təmin olunub, geniş iqtisadi islahatlar həyata keçirilib, bütün sahələr üzrə mühüm nailiyyətlərə imza atılıb. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, prezident İlham Əliyev tərəfindən davam etdirilən neft strategiyası, balanslı xarici siyasi kurs Azərbaycanın müstəqilliyini möhkəmlədib, dövlətimizin qüdrətini, beynəlxalq nüfuzunu daha da artırıb. Bütün bu illər ərzində Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün dünya dövlətləri ilə, o cümlədən qonşu ölkələrlə, xüsusən də Rusiya ilə hərtərəfli əlaqələr qurub. Azərbaycan ilə Rusiya arasında 4 aprel 1992-ci il tarixində Bakıda imzalanmış müvafiq protokol əsasında qurulan diplomatik münasibətlər elə həmin il Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirliklərinin fəaliyyətə başlaması ilə nəticələnib. Lakin bu münasibətlərin inkişafı ulu öndər Heydər Əliyevin Azərbaycan prezidenti olduğu illərə təsadüf edir. Bu müddətdə xarici işlər nazirləri ilə yanaşı, Azərbaycan və Rusiya hökumətlərinin üzvləri qarşılıqlı şəkildə çoxsaylı səfərlər həyata keçiriblər.
Qeyd edək ki, Azərbaycanın Rusiya ilə hərtərəfli əlaqələrini daim inkişaf etdirməkdə maraqlı olmasına bir sıra səbəblər var. Rusiya bizim ən böyük və qüdrətli qonşumuzdur. Bu ölkədə 1 milyondan artıq azərbaycanlı yaşayır. Digər tərəfdən, Rusiyan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədilə yaradılan ATƏT-in Mİnsk qrupunun həmsədridir. Belə ki, Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb, ərazisinin 20 faizi erməni silahlı birləşmələri tərəfindən işğal olunub. 1994-cü ildə tərəflər arasında atəşkəs razılığı əldə olunandan bir qədər sonra Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həll olunmasına dair danışıqlara start verilib. Dinc danışıqların aparılması, tərəflərin razılığa gətirilməsi işi isə ATƏT-in Minsk qrupunun üzvü olan Amerika Birləşmiş Ştatları, Fransa və Rusiyaya həvalə olunub. Həmin vaxtdan indiyə qədər münaqişənin sülh yolu ilə həlli məqsədilə danışıqlar aparılır. Lakin təəssüflər olsun ki, hər üç ölkəni təmsil edən həmsədrlərin, eləcə də dövlət başçılarının iştirakı ilə keçirilən sülh danışıqlarında Ermənistan qeyri-konstruktivlik nümayiş etdirir, yaxud əvvəlcədən üzərinə götürdüyü öhdəliklərə əməl etmir, yaxud cəbhə xəttində təxribatlar törətməklə münaqişənin həllini yubadır. Belə olan halda Azərbaycan həmsədr dövlətlərdən ədalətli mövqe sərgilənməsini, işğalçıya təsir və təzyiq göstərilməsini, beynəlxalq hüququn prinsiplərinin yerinə yetirilməsini gözləyir.
Acınacaqlı hal burasıdır ki, belə hallarda həmsədr dövlətlər ya seyrçi mövqedə qalır, ya da müəyyən vədlər versələr də, sonradan o vədlərə sahib çıxmırlar. Sonuncu dəfə aprel ayının əvvəlində cəbhə xəttində Ermənistanın növbəti təxribat törətməsi və buna cavab olaraq, Azərbaycan ordusunun əks hücuma keçərək bir sıra yüksəklikləri işğalçılardan təmizləməsi hadisəsindən sonra da eyni mənzərə müşahidə edildi. Sarsıdıcı zərbə alaraq geri otuzdurulan düşmən ordusu darmadağın ediləndə Ermənistan rəhbərliyi həmsədr dövlət Rusiyaya üz tutaraq hücumun dayandırılması, nəticə verən sülh danışıqlarına başlanması barədə yalvarışlar etdi. Məhz Rusiya dövlət başçısının bu xüsusda xahişini nəzərə alan Ali Baş Komandan İlham Əliyev cəbhədəki əməliyyatların dayandırılmasına, təkrar sülh danışıqlarına başlanmasına qərar verdi. Həmin vaxtdan sonra prezidentlərin iştirakı ilə keçirilən Vyana və Sankt-Peterburq görüşlərində düşmən ölkənin rəhbəri yenidən "ərköyünlük” nümayiş etdirməyə başladı. Bu gün də işğalçı Ermənistan cəbhə xəttində atəşkəsi pozmaqda, müxtəlif təxribatlara əl atmaqdadır.
Buna baxmayaraq, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri yenə də seyrçi mövqeyə çəkilməkdədirlər. Ən pis hal isə budur ki, Azərbaycanın Rusiya ilə hərtərəfli əlaqələrini inkişaf etdirməsi, hətta bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə gətirməsi müqabilində Kreml rəhbərliyi işğalçıya dəstək nümayiş etdirir. Həmsədrlik missiyasının ziddinə olaraq, işğalçıya 200 milyon dollarlıq silah-sursat verir, "İsgəndər” tipli raketlərlə düşmən ölkəni təmin edir, hətta bu ölkənin ordusu ilə birlikdə ortaq ordu yaradır. Təbii ki, bu, rəsmi Moskvanın qeyri-səmimiliyidir. Azərbaycan xarici siyasətində hər zaman qonşusunun da maraqlarını nəzərə alır, qarşılıqlı əməkdaşlığa, sülhə, əmin-amanlığa xidmət edəcək balanslı siyasət yürüdür. O da danılmaz faktdır ki, Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edəndə, Azərbaycan bütün təsir və təzyiqlərə əhəmiyyət vermədən bu sanksiyalara qoşulmadı. Əksinə, yaranan ərzaq, meyvə-tərəvəz çatışmazlığından xilas olmaq üçün rusiyalı diplomatların bu xüsusda müraciətini nəzərə alıb, öz məhsullarını rus bazarlarına çıxardı. Amma bugünkü reallıq onu deməyə əsas verir ki, Rusiya bütün bunları nəzərə almır. Bir qədər əvvəl də vurğuladığımız kimi, Rusiya bütün davranışları ilə işğalçının yanında olduğunu göstərir. Heç şübhəsiz, belə vəziyyət Azərbaycanı çətin duruma salır, cəmiyyətimizdə çaşqınlıq yaradır, rəsmi Bakını fərqli addım atmağa məcbur edir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər