• çərşənbə axşamı, 23 aprel, 18:49
  • Baku Bakı 20°C

Rusiyanın ədalətsizliyə susması və ya separatçılara dəstək jesti

03.12.13 10:58 1447
Rusiyanın ədalətsizliyə susması və ya separatçılara dəstək jesti
Artıq xeyli müddətdir ki, Azərbaycan dövləti və diasporu tərəfindən dünyanın müxtəlif ölkələrində yaxın tarixi keçmişdə xalqımıza qarşı erməni qəsbkarları tərəfindən törədilmiş cinayətlər, terror fəaliyyəti, vandalizm aktlarının dünya ictimaiyyətinə çatdırılması məqsədilə faktlara söyəkənməklə geniş miqyaslı aktiv işlər aparılmaqdadır. Xalqımıza qarşı yol verilmiş bu tarixi ədalətsiziyin ifşa edilməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyət əlbəttə ki, ermənilərin və onların havadarlarının ciddi narahatçılığına səbəb olmaya bilməz. Rusiya Federasiyası Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsindən AzərTAc-a daxil olmuş 2013-cü il dekabrın 12-də hakim N.Y.Çernovanın sədrliyi ilə Azərbaycanda nəşr olunmuş “Erməni terrorizmi” kitab-albomunun “ekstremist material” kimi tanınmasına dair məhkəmə iclası keçiriləcəyi ilə bağlı məlumat da məhz bu qəbildəndir. Belə ki, daim ermənilərin haqsız iddialarına və onların bölgədə həyata keçirdiyi terrorist fəaliyyətinə dəstək verən Rusiyadakı bəzi dairələr tarixi faktların işığa çıxmasına və yayılmasına hər vəchlə mane olmağa cəhd göstərirlər.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının mərhum baş prokuroru İsmət Qayıbov və “Azərinform”un (indiki AzərTAc) mərhum sabiq baş direktoru Azad Şərifovun müəllifliyi ilə 1992-ci ildə Azərbaycanda nəşr olunmuş “Erməni terrorizmi” kitab-albomu erməni terror təşkilatlarının dünyanın müxtəlif ölkələrində türklərə və azərbaycanlılara, habelə Azərbaycan Respublikasının ərazisində dinc əhaliyə qarşı həyata keçirdikləri çoxsaylı terror aktlarına dair faktoloji materiallar əsasında hazırlanıb. Bu faktlar ABŞ, Fransa, Almaniya, Avstriya, İsveçrə, Türkiyə, Belçika, İspaniya, İtaliya, Böyük Britaniya, Niderland, Danimarka, Livan, Azərbaycan və digər ölkələrin hüquq mühafizə orqanları tərəfindən araşdırılmış, çoxsaylı insan tələfatına səbəb olan həmin cinayətlərin erməni terror təşkilatları tərəfindən törədildiyi təkzibolunmaz sübutlarla təsdiq edilmişdir.
Göründüyü kimi, Azərbaycan və Türkiyə ilə yanaşı, bir sıra nüfuzlu Qərb dövlətlərinin hüquq sistemi tərəfində də təsdiq olunmuş materiallar əsasında hazırlanmış nəşr Rusiya hüquq mühafizə orqanları tərəfindən «ekstremist material» kimi dəyərləndirilmişdir. Bu isə əlbəttə ki, müəyyən suallar və narahatçılıqlar doğurmaya bilməz.
Qeyd olunduğu kimi, dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş və yuxarıda adları çəkilən demokratik cəmiyyət və şəffaf hüquq sisteminə malik dövlətlərdə təsdiq edilmiş və qəbul edilmiş faktlardan ibarət olan kitabın Rusiyada süngü ilə qarşılanmasını normal hal kimi qiymətləndirmək mümkün deyildir.
Çünki həm erməni ekstremizminə yaxından bələd olan və ümumiyyətlə proseslərin baş verdiyi bölgədə fəal aktor olan Rusiyanın erməni vandalizminə ədalətli qiymət verilməsi işində digər ölkələrdən daha çox iş görməsi onun nüfuzunun daha da artmasına gətirib çıxara bilərdi. Lakin göründüyü kimi, hazırda Rusiya baş verənlərə hüquqi cəhətdən düzgün qiymət vermiş Avropa hüquq sistemini də şübhə altına almaqla məşğuldur. Əgər belə olmasaydı Rusiya hüquq mühafizə orqanları hüquqi cəhətdən öz təsdiqini tapmış faktlar əsasında yazılmış kitabı öz təbirlərincə, «ekstremist nəşr» adlandırmazdı.
Görünür, Rusiya bu məsələdə də forpostu hesab etdiyi Ermənistanın və ermənilərin maraqlarından çıxış etməyi lazım bilib. Bu isə müəyyən mənada anlaşılandı. Rusiya, bir çox Ermənistan vətəndaşının və siyasi qüvvələrinin də etiraf etdiyi kimi, bu ölkəyə müstəqil dövlət gözü ilə deyil, vilayətlərindən biri kimi yanaşır. Və bu mənada həmin nəşri qadağan etməklə ermənilərə və Ermənistana müəyyən jest etmək niyyəti güdür. Lakin bu zaman onu nəzərə almır ki, bölgənin ən böyük və qüdrətli xalqı olan azərbaycanlıların gözündə Rusiya dövlətinin etibarı ciddi şəkildə sarsıntıya məruz qalır.
Azərbaycan xalqının başına gətirilən müsibətlərin Rusiyadakı bəzi dairələrin göz ardı etməsi prosesinin bu istiqamətdə inkişafı istər-istəməz ikitərəfli münasibətlərin perspektivlərinə ən azından ciddi mənəvi zərbə vurmuş olur. Bu isə yaxın perspektivdə ciddi regional layihələrin və birliklərin yaradılmasını qarşısına məqsəd qoymuş Rusiyanı region xalqlarının, o cümlədən azərbaycan xalqının dəstəyindən məhrum edə bilər.
Digər tərəfdən o da nəzərə alınmalıdır ki, erməni terroristləri və vandalları Azərbaycan xalqına qarşı törətdikləri qanlı əməlləri zamanı daim Rusiyanı öz arxalarında hiss ediblər. Bu isə onları daha da azğınlaşdırıb. Bu mənada Rusiyadakı bəzi dairələrin erməni terrorizminin faş olunmasına qarşı çıxmaları və bunun əngəllənməsinə çalışmaları başadüşüləndir. Yəni erməni terrorizminin ifşasının «altından» «rus əli» görünə bilər.
Digər bir məqam isə ondan ibarətdir ki, «ekstremist ədəbiyyat» deyəndə nədənsə, Rusiya hüquq-mühafizə orqanları bu qisimdə yalnız “Erməni terrorizmi” adlı nəşri görmüş olub. Halbuki, Rusiyada azərbaycanlılara, Azərbaycanın ərazi bütövlüyünə, türklərə, Türkiyənin ərazi bütövlüyünə qarşı yazılmış və yayılmış çoxlu sayda ədəbiyyata, internet materialına göz yumulur. Bunu söz və ifadə azadlığı ilə əsaslandıranlar, nədənsə, konkret faktlara istinad olunan materialların əks olunduğu Erməni terrorizmi”nəşrini «ekstremist material» hesab edir. Bu mövqe sırf ikili standartlardan çıxış etmənin bariz nümunəsidir.
«Erməni terrorizmi” adlı kitaba münasibətdə Rusiya hüquq-mühafizə orqanlarının istinad etdiyi yalnız bu ölkədə hüququ qüvvəsi olan “Ekstremist fəaliyyətə qarşı” Federal Qanundursa, ermənilər haqda adıgedən nəşrdə toplanmış faktlar bütün dünya tərəfindən qəbul edilmiş hüquq normalarının pozulması hallarıdır ki, bu da müxtəlif səviyyələrdə təsdiqini tapmışdır. Digər tərəfdən Azərbaycan xalqına qarşı törədilmiş elə təkcə «Xocalı» soyqırımı bir sıra dünya dövlətlərinin qanunverici orqanları tərəfindən, həmçinin bəzi beynəlxalq təşkilatlar tərəfindən də etiraf edilmişdir. Rusiya hüquq mühafizə orqanlarının diqqətinə o da çatdırılmalıdır ki, ermənilərin terror həyata keçirdikləri məkanlardan olan Xocalıda baş verən vəhşilikləri hətta bugünkü Ermənistan prezidenti özü də xarici mediaya müsahibəsində təsdiqləmişdir.
Belə bir şəraitdə, yəni dünya ictimaiyyətinin də qəbul etdiyi erməni vəhşiliklərinin, terrorist fəaliyyətlərinin, o cümlədən yuxarıda qeyd olunduğu kimi, bir sıra parlament və beynəlxalq qurumların tanıdığı soyqırımı faktlarının öz əksini tapdığı kitabın Rusiyanın müvafiq strukturları tərəfindən guya Rusiya Federasiyasının maraqlarının müdafiəsi məqsədilə “ekstremist material” kimi tanıması hüquqi deyil, sırf siyasi yanaşma kimi dəyərləndirilməlidir.
Ümumilikdə isə Rusiya hüquq-mühafizə orqanlarının bu tip yanaşması çoxlu sayda xalqların yaşadığı bu ölkənin ədalətli hüquq sisteminə etimadı da zədələyə bilər.
Sonda bir daha qeyd olunmalıdır ki, məlum terror aktları barədə məlumat verən nəşrin Rusiya Federasiyasının hüquq mühafizə orqanları tərəfindən “ekstremist material” kimi qələmə verilməsi, həmçinin bu iddianın qanuniləşdirilməsi üçün həyata keçirilən əməli fəaliyyət Azərbaycan ictimaiyyətinin dərin narahatlığına səbəb olmuşdur. Çünki Azərbaycan kitab-albomda əksini tapmış bir sıra terror hadisələrinə özünün müasir tarixində bilavasitə məruz qalmış, digər terror faktlarına dair məlumatlar isə dünyanın müxtəlif ölkələrinin mətbuatında və başqa nəşrlərində işıq üzü görmüşdür. Bunları təkzib etmək qeyri-mümkündür. Bir müddət əvvəl Fransada “erməni soyqırımı”nı tanımamağın cinayət məsuliyyəti doğuran hal olması ilə bağlı müvafiq qanunun qəbul edilməsinə cəhd göstərilmişdir. Həmin qanunun qəbulu həm Fransa, həm də Türkiyə və Azərbaycan ictimaiyyəti tərəfindən ciddi etirazla qarşılanmışdır. Əksər insan haqları təşkilatları hesab etmişlər ki, bu qanunun qəbulu insanların ifadə azadlığını və fikir plüralizmini kobud şəkildə poza bilər. Buna görə də Rusiya hüquq mühafizə orqanlarının tarixi faktları inkar etmək, obyektiv reallığı erməni lobbisinin maraqlarına uyğun dəyişdirmək, insanların sərbəst şəkildə öz fikirlərini ifadə etmək imkanlarını məhdudlaşdırmaq cəhdləri qınağa layiqdir. Rusiyada miqrantlara, o cümlədən azərbaycanlılara qarşı dözümsüzlük mühitinin mövcud olduğu bir zamanda belə addımın atılması Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına mənfi təsir edən amil kimi qiymətləndirilə bilər.
Göstərilənləri nəzərə alaraq Rusiyanın aidiyyəti dövlət orqanlarının bu işə müdaxilə edərək lazımi tədbirlər görəcəyinə ümid edirik.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər