• cümə, 26 Aprel, 09:10
  • Baku Bakı 12°C

Rusiyanın əbədi miqrant problemi

23.01.18 09:00 884
Rusiyanın əbədi miqrant problemi
Rusiya rəhbərliyi miqrantlar problemini prioritet, həlli vacib məsələ kimi nəzərdən keçirməkdədir. 2018-ci ilin prezident seçkiləri ərəfəsində hakimiyyət bu sahəni ciddi şəkildə nəzarətə almağa çalışır. Elə prezident Vladimir Putin də bu məsələni xüsusi diqqət və nəzarət altında saxladığını dəfələrlə bəyan edib. Məsələ ondadır ki, illər uzunu ucuz işçi qüvvəsindən istifadəyə üstünlük verən hökumət neft pullarının azalmasından sonra yerli əhalini işlə təmin etməkdə çətinlik çəkir. Hətta iş o yerə çatıb ki, prezident V.Putin son çıxışlarının birində əmək miqrantlarının axını qarşısında yerli əhalinin maraqlarının daha çox qorunmasının zəruriliyini bildirib. Yeri orqanlar da qanunsuz yolla ölkəyə gələnlərin qarşısının almaq istiqamətində tədbirlərə start veriblər. Hökumət qeyri-qanuni yolla ölkə sərhədlərini keçən insanlara qarşı sərt addımlar atmağa başlasa da, bu, elə də effekt vermir. Qanunsuz miqrantları saxlanma mərkəzləri tam dolub. Rusiyalı ekspertlər həyəcan təbili çalaraq bildirirlər ki, həmin şəxslərin ölkədən çıxarılması problemin köklü həllinə gətirib çıxarmayacaq.
Miqrasiya məsələsi Rusiya siyasi və ekspert dairələrində müzakirə olunan əsas mövzulardan birinə çevrilib. "Rosbalt” "Qaydar forumu-2018”nda miqrant məsələsi ilə bağlı gedən müzakirələri öz səhifəsində yerləşdirib. Forumda çıxış edən Müasir Şərqin Ümumi Problemləri Mərkəzinin rəhbəri Sergey Panarin xatırladıb ki, kütləvi miqrasiyalar tarixi perspektivdə bir mədəni subyektin digəri ilə əvəzlənməsinə gətirib çıxarır. Onun qənaətincə, miqrasiya olmasaydı – müasir insan da olmazdı. Yəni, bu, bəşəriyyətin ən qədim problemi olmaqla yanaşı, həm də heç bir vaxt həllini tapmayacaq məsələdir. Forumda çıxış edən Regional Tədqiqatlar və Urbanistika Mərkəzinin direktoru Konstantin Kazenin qeyd edib ki, Özbəkistan, Tacikistan və Qırğızıstandan olan miqrantların ölkəyə axını təhlükəli hal alıb. Onun qənaətincə, bu bölgədən olanların Rusiyaya axını sırf iqtisadi səbəblərlə bağlıdır. Bundan əlavə, əsas olan odur ki, bu kütlə qanunpərəst vətəndaşlardır. Lakin miqrantların bir qismi Rusiyada fəaliyyəti qadağan edilən İŞİD və digər terror qruplaşmalarının təsiri altına düşür. Onun qənaətincə, bunun səbəbləri sadə və aydındır – işəgötürənlər tərəfindən aldadılmalar, miqrasiya nəzarəti xidməti və polis əməkdaşlarının yarıtmaz fəaliyyəti, eləcə də ölkələrinin diplomatik nümayəndəliklərindən hüquqi dəstək ala bilməmələri: "Terror qruplaşmaları da bu tip insanları gözəl seçə bilirlər. Risk qrupu olan insanlar əsasən 20 yaşa qədər olan gənclər hesab edilir. Əgər həmin gənc ekstremist baxışlar ortaya qoyursa, briqadirlər dərhal onu vətəninə göndərməyə çalışırlar. Radikallıq vətəndə başlayır. Lakin Rusiyadan İraq və Suriyaya getmək asandır. Biz burada insanları qanunsuz sənədlərlə çox saxlaya bilmərik”.
Rusiyada miqrasiyanın vəziyyəti barədə danışan Sosial Analiz və Proqnozlaşdırılma İnstitutunun aparıcı elmi işçisi Yuliya Florinskaya isə hesab edir ki, miqrasiya ilə bağlı onun iki xəbəri var. "Pis odur ki, miqrasiyanın qarşısını almaq mümkün deyil. Bu proses qarın yağması kimi davam edəcək. Yaxşı xəbər isə odur ki, dünya əhalisinin sayında beynəlxalq miqrantların iştirak payı 3,5-4 faiz olaraq qalıb və qalacaq da. Hələ ki, fəlakətli bir şey baş verməyib. Rusiyada təqribən 9-10 mln. əcnəbi vətəndaş yaşayır. Bu faiz dərəcəsi neçə illərdir ki, davam edir. Son üç ildə isə Rusiya tərəfinin sərt siyasəti ilə bu say hətta bir qədər də aşağı düşüb. İşçi miqrantların ümumi sayı isə 5 mln. həddindədir, onların 4 mln-u leqal fəaliyyət göstərir. Uzaq xaricdən – Çin, Koreya, Vyetnam və Türkiyədən olanların sayı isə 100-160 min nəfərdir. Ukrayna və Moldovadan gələnlərin sayı isə azalmaqdadır. Səbəb də bu ölkələrin vətəndaşlarının Avropa ilə vizasız gediş-gəliş imkanı əldə etmələridir. Bu səbəbdən də əsas qüvvə - Mərkəzi Asiya olub”. Ekspert qeyd edir ki, Rusiyada qırğızlar özlərini üstün mövqedə hiss edirlər. Buna səbəb də onların Avrasiya İqtisadi İttifaqına üzv olmalarıdır. Bu hal onların həyatını xeyli asanlaşdırır. Rusiyalı ekspert bildirir ki, taciklər arasında "İmomali Rahmon bizi nə vaxt Avrasiya İqtisadi İttifaqına üzv qəbul etdirəcək” sualı populyardır. Y.Florinskaya hesab edir ki, istənilən halda, Mərkəzi Asiya ilə viza rejiminin tətbiqi bu regiondan olanların Rusiyaya axınını zəiflətməyəcək.
Rusiya nəşrləri yazır ki, bundan əlavə, ölkənin Daxili İşlər Nazirliyində qanunları pozan əcnəbilərin ölkədən çıxarılması ilə bağlı plan hazırlanıb. Yeni qaydalara görə, qastarbayterlərdən ölkələrinə qayıtmaq üçün vəsaiti ödəmək tələb olunacaq, əks təqdirdə onlar məcburi işlərə cəlb olunacaqlar. Artıq Dövlət Dumasında DİN-in səlahiyyətlərinin artırılmasını nəzərdə tutan "Gəlmələrin deportasiyası ilə bağlı təşkilatın səlahiyyətləri” adlanan qanun layihəsi qəbul edilib.
Azər
banner

Oxşar Xəbərlər