• cümə axşamı, 25 aprel, 02:00
  • Baku Bakı 19°C

Rusiyanın Cənub Qaz Dəhlizinə loyal mövqeyi nəyin təzahürüdür?

04.06.18 21:40 945
Rusiyanın Cənub Qaz Dəhlizinə loyal mövqeyi nəyin təzahürüdür?
Azərbaycan Cənub Qaz Dəhlizini işə salmaqla, növbəti dəfə Avropanın enerji təhlükəsizliyinə töhfə vermiş oldu. Bu layihə nəticəsində Azərbaycan Avropanın cənub və cənub-şərq hissəsini təbii qazla təmin edəcək. Bəzi dairələr və mərkəzlər hələ də Cənub Qaz Dəhlizini Rusiya maraqlarına zidd amil kimi qiymətləndirir. Lakin ötən həftə Rusiya prezidenti Vladimir Putinin layihə ilə bağlı açıqlaması ziddiyyətli fikirlərin üzərindən xətt çəkdi. Belə ki, Putin açıqlamasında Rusiya Federasiyasının Avropa bazarına qaz tədarüklərinin diversifikasiyasını dəstəklədiyini və bunun, iş üçün bazar şəraiti yaratdığını diqqətə çatdırıb: "Cənub Qaz Dəhlizinə gəldikdə, biz bu sahədə istənilən iqtisadi fəallığı, enerji daşıyıcılarının Avropa bazarına tədarükünün diversifikasiyasını alqışlayırıq, belə ki, bu, iş üçün bazar şəraiti yaradır. Biz isə məhz bazar şəraitinin yaranmasında maraqlıyıq”.
Onu da qeyd edək ki, Rusiya mətbuatı və ekspertlər də Cənub Qaz Dəhlizinin açılışına müsbət münasibət sərgiləyiblər. Görəsən Rusiyanın bu layihəyə loyal yanaşmasının arxasında hansı amillər dayanır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, rəsmi Moskvanın tolerant yanaşması ilk növbədə Cənub Qaz Dəhlizinin Rusiya üçün heç bir təhlükə yaratmadığı qənaətini ortaya qoyur: "Bu gün Rusiyadakı müəyyən dairələr rəsmi Moskva ilə Azərbaycan və Türkiyə arasında münasibətləri pozmağa çalışırlar. Cənub Qaz Dəhlizini ilk növbədə Rusiyanın milli maraqlarına toxunan bur layihə kimi qələmə verməyə cəhd göstərirlər. Amma proseslər göstərdi ki, burada Rusiyanı narahat edəcək heç bir problem yoxdur. Yəni, Avropa o qədər böyük bir bazardır ki, burada hər bir satıcıya yer var. Rusiya öz xətti ilə, Azərbaycan və Türkiyə isə öz xətti ilə Avropa bazarına təbii qazı satışa çıxarırlar. Həmçinin bu layihədə iştirakla bağlı Rusiyaya sərfəli şərtlərlə təkliflər verilib. Hesab edirəm ki, rəsmi Moskvanın bundan narahat olmasına ehtiyac yoxdur. Eyni zamanda bu layihədə iştirak edən ölkələrin hər birinin Rusiya ilə çox yaxşı münasibətləri var. Bu baxımdan müəyyən dairələrin rəsmi Moskvanın Cənub Qaz Dəhlizi layihəsində iştirak edən ölkələrlə münasibətləri pozmaq cəhdləri puça çıxdı”.
A.Mirzəzadə qeyd etdi ki, burada hər hansı rəqabətdən söhbət gedə bilməz: "Çünki Rusiyanı, mövcud olduğu bazardan heç kəs çıxartmağa çalışmır. Həmçinin Rusiya qazının marağında olan və marağında olmayan ölkələr var. Yəni, bu baxımdan həm Azərbaycan, həm də Rusiya Avropa bazarında rahat hərəkət edə bilirlər”.
Politoloq Tofiq Abbasov bildirdi ki, Putin son 2-3 il ərzində enişli-yoxuşlu münasibətlərin fonunda Türkiyə və o cümlədən Azərbaycanla əməkdaşlığı genişləndirib: "Çalışır ki, əlavə problemlər gündəmə gətirməsin. Birincisi, çox gözəl anlayır ki, Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilməlidir. Putin yaxşı başa düşür ki, həm Ərdoğan, həm də AKP üçün böyük siyasi dividentlərin qazanılması çox vacib əhəmiyyət kəsb edir. Çünki seçki ərəfəsində Türkiyədə iqtisadi vəziyyət ağırdır və böhran baş alıb gedir. Belə vəziyyətdə istənilən qüvvə seçkilərlə bağlı elə bir gedişlərə imza atmağa çalışır ki, onların vasitəsilə çatışmayan cəhətləri haradasa neytrallaşdırsın, kompensasiya etsin. Bu baxımdan Cənub Qaz Dəhlizinin açılışı Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bu, Rəcəb Tayyib Ərdoğan üçün iqtisadi bir qazancdır. Bunun həm də geosiyasi aspekti var. Bu mənada hesab edirəm ki, Ərdoğanla münasibətləri yenidən qarşıdurma məcrasına gətirməmək üçün Putin bu məsələni adekvat bir şəkildə həzm etdi və elə bir narazılığının olmamasını qeyd etdi”.
T.Abbasov əlavə etdi ki, ilk günlərdə Cənub Qaz Dəhlizi ilə "Türk axını”nı üzü-üzə qoyurdular və bunların bir-birinə rəqib olduqlarını deyirdilər: "Ancaq həqiqətən də Rusiyanın mavi yanacağının diverfikasiya olunması imkanları çoxdur. Bilirsiniz ki, "Şimal axını” boru kəməri var, Belarusdan, Ukraynadan qaz kəmərləri keçir. Yəni, Rusiyanın Avropa istiqamətində imkanları çoxdur. Düzdür, Ukrayna ilə münasibətlər yaxşı deyil və durmadan da çətinləşir, müqayisəli məqamlar daha çox dərinləşir. Ancaq buna baxmayaraq, Rusiyanın imkanları çoxdur. Digər tərəfdən də, Rusiya özü də başa düşür ki, böyük bir bazar meydanı var və burada hər bir ölkə çalışır ki, istər istehsalçı, istərsə də tranzit ölkə kimi öz imkanlarını realizə etsin. Burada qəribə bir şey yoxdur. Hətta deyərdim ki, rəqabət məsələlərində mətbuat və ekspertlər vəziyyəti şişirdirdilər. Təbii ki, mavi yanacaq bazarında rəqabət varsa, tərəflər çalışırlar bir-birini qabaqlasınlar, daha çox əlverişli imkanlardan istifadə etsinlər, yararlansınlar. "Türk axını” ilə Cənub Qaz Dəhlizi arasında xeyli oxşarlıqlarla bərabər, fərqliliklər də var. Ola bilsin ki, qlobal anlamda bir-birinə rəqibdirlər. Amma digər tərəfdən bu layihələr ayrı-ayrı istiqamətləri əhatə edirlər. Misal üçün, Bolqarıstan vaxtı ilə Rusiya qazından imtina etdi, amma indi bu ölkənin rəhbərləri artıq Kremllə dil tapmağa çalışırlar. Hətta üzr istədilər ki, bu məsələnin layiqincə qiymətləndirə bilməyiblər, o cümlədən Avropa İttifaqı rəhbərlərinin təzyiqi nəticəsində Rusiya qazından imtina ediblər. Göründüyü kimi, burada həm bazar məqamları, həm də geosiyasi cərəyanların iştirakının xüsusi yeri var. Ona görə də ölkələr çalışırlar ki, öz imkanlarını layiqincə istifadə etsinlər. Hesab edirəm ki, qlobal anlamda burada rəqabətdən söhbət gedə bilər, ancaq detalları, nüansları nəzərə alanda, görürük ki, hər çəkilən qaz kəmərinin özünün istehlakçıları var. Misal üçün, TANAP istifadəyə verildikdən sonra Azərbaycan qazı əsasən Avropanın cənub hissəsinə, İtaliya, Albaniya və gələcəkdə Serbiya, Bosniya və Hersoqovinaya gedib çıxacaq”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər