• çərşənbə, 24 Aprel, 09:50
  • Baku Bakı 13°C

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirməyə hazırdır" - Yenilənib

20.08.18 12:30 789
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirməyə hazırdır" - Yenilənib
Rusiyanın Azərbaycandakı səfirliyinin yaxın müddət ərzində əsas hədəfi iki ölkənin dövlət başçıları arasında qurulmuş əlaqələrin praktiki məsələlərlə zənginləşdirilməsidir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

O bildirib ki, hazırda gündəlikdə regionlararası əməkdaşlıq forumunun təşkili, eləcə də hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi dayanır: "Məhz iki ölkənin dövlət başçıları arasındakı dostluq əlaqələri Rusiya ilə Azərbaycan arasında müxtəlif yönümlü əməkdaşlığa təkan verir. Ona görə də bu əlaqələrin zənginləşdirilməsini bir nömrəli hədəf hesab edirəm. Əgər konkret danışsaq, hazırda gündəlikdə oktyabrın əvvəlində Gəncədə keçiriləcək regionlararası əməkdaşlıq forumunun təşkil olunması dayanır. Bu, işgüzar dairələrin, rəsmi şəxslərin, müvafiq nazirliklərin iştirak ilə ölkələrimizin regionlarının böyük görüşü olacaq. Fikrimcə, bu görüş əməkdaşlığımızın inkişafına yeni təkan verməlidir”.

Səfir əlavə edib ki, bu ilin sonunadək Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin həmsədri olduqları hökumətlərarası komissiyanın növbəti iclası keçirilməlidir: "Bu da cari ilin sonunadək müəyyən olunmuş hədəflərdən biridir. Mən dövlət hədəflərindən danışdım, səfir olaraq şəxsən mənə gəldikdə isə əsas hədəf rəsmi şəxslər və ictimaiyyət nümayəndələri ilə sıx əlaqələr yaratmaq, eləcə də ölkə ilə daha yaxından tanış olmaqdır”.
Səfir onu da bildirib ki, Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə köməyini davam etdirməyə hazırdır. Diplomat qeyd edib: "Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə Rusiyanın həmsədrlərdən biri olduğu ATƏT-in Minsk qrupunun prizmasından yanaşırıq. Bizim məqsədimiz münaqişə tərəflərinə hərtərəfli kömək göstərməkdir ki, onlar öz aralarında razılığa gələ bilsinlər. Münaqişə tərəfləri üçün məqbul olan bizim üçün də məqbuldur".
Səfir Xəzər dənizinin statusu haqqında Konvensiyanın imzalanmasının tarixi hadisə olduğunu diqqətə çatdırıb. Diplomatınsözlərinə görə, vacib amil ondan ibarətdir ki, bu Konvensiya ilk növbədə öz maraqlarını nəzərə alan beş müstəqil dövlət tərəfindən imzalanıb.

Səfir qeyd edib ki, Rusiya və Azərbaycan yaxın zamanlarda iri sənədlər zərfi imzalamağı planlaşdırır. Onun sözlərinə görə, paketə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq elementləri daxil olacaq:"Bu sənədlər zərfi iqtisadi əməkdaşlığa əsas yanaşmanı müəyyən edəcək. Biz qarşımıza ticarət dövriyyəsini artırmağı hədəf qoymuşuq. 2017-ci ildə dövriyyə 2,6 milyard dollar təşkil edib. Gələcəkdə bu göstəricinin artacağına ümid edirik”.
M.Boçarnikovun sözlərinə görə, tərəflər, həmçinin sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafını davam etdirmək niyyətindədir: "Tezliklə biz Rusiyanın iştirakı ilə birgə müəssisələrin yaradılmasını görəcəyik. Bu müəssisələr gələcəkdə daha da yaxınlaşmağımıza şərait yaradacaq”.

Diplomat əlavə edib ki, son zamalarda iki ölkənin biznes şuralarının işi fəallaşıb: "Bizim tərəfimizdən Şura 70-dən çox şirkətlə təmsil olunur. Dövlət inkişaf istiqamətlərini planlaşdırarkən biznes maraqları nəzərə alınmalıdır. İlin sonunadək iqtisadi əməkdaşlığa yeni təkan veriləcək”.

Mixail Boçarnikov multikulturalizm və tolerantlığın Azərbaycanın nüfuzunu daha da yüksəltdiyini vurğulayıb. O,qarşıdan gələn Qurban bayramı ilə bağlı öz təbriklərini də çatdırıb: "Bu, hər kəsi sevgi və mərhəmət ideallarında tərbiyə edən böyük bayramdır. Mən Azərbaycandakı fəaliyyətimə yenicə başlayanda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin çıxışını eşitdim. O qeyd edirdi ki, Azərbaycanda müsəlmanlar bərabər hüquqlardan, multikulturalizm və tolerantlığın üstünlüklərindən yararlanır. Mən bunu eşitməkdən çox məmnunam. Multikulturalizm, tolerantlıq Azərbaycanın beynəlxalq nüfuzunu artıran amillərdəndir. Ona görə də mən hamını qarşıdan gələn bayram münasibətilə təbrik etmək, hər kəsə mehribanlıq, sağlamlıq, xoşbəxtlik və rifah arzu etmək istəyirəm”.
Diplomat deyib ki, Rusiya Azərbaycanla münasibətlərin möhkəmlənməsi üçün lazım olan hər şeyi edəcək. M.Boçarnikovun sözlərinə görə, Rusiya digər ölkələri əməkdaşlıq istiqamətlərinin seçimi qarşısında qoymur: "Biz heç vaxt heç kimi seçim qarşısında qoymağa cəhd etməmişik. Rusiya və Azərbaycan suveren, dayanıqlı, sabit müstəqil dövlətlərdir və özləri beynəlxalq arenada öz dostlarını müəyyən etmək gücündədir. Fikrimcə, Rusiya mümkün olan hər şeyi edəcək ki, Azərbaycanla münasibətlərimiz möhkəmlənsin və daha da sıx olsun”.

Bundan başqa, səfir Rusiya və Azərbaycanın ünvanına səsləndirilən hücumları şərh edib: "Biz hesab edirik ki, birqütblü yanaşma artıq köhnəlib. Dünyada çoxlu təsir mərkəzləri var və onlar öz münasibətlərini öz maraqlarına uyğun qurur. Hesab etmirəm ki, Azərbaycana hansısa təsir o qədər güclü olsun ki, ölkə öz suverenliyinə uyğun olmadan hərəkət etsin”.
banner

Oxşar Xəbərlər