• çərşənbə axşamı, 23 aprel, 15:18
  • Baku Bakı 24°C

Rusiyalı jurnalist erməniləri aşağıladı

07.05.18 18:35 537
Rusiyalı jurnalist erməniləri aşağıladı
Ermənistan baş naziri Serj Sarkisyanın istefasına nail olmuş etiraz hərəkatının lideri, "Yelk” (Çıxış) parlament fraksiyasının rəhbəri Nikol Paşinyan yenidən tərəfdarlarını Yerevanın "Respublika” meydanında toplaşmağa çağırıb. Lakin bu dəfə sadəcə konsertə baxmağa... Paşinyan baş nazir seçiləcəyi halda hökumətin tərkibinin necə formalaşdırılacağı ilə bağlı sualın cavabında deyib ki, yeni hökumət "mövcud siyasi durumu əks etdirməlidir”. Mayın 8-də onun baş nazirliyə namizədliyi parlamentdə təkrar səsverməyə qoyulacaq. Bundan əvvəl hakim Respublika Partiyasından olan deputatların çoxu onun baş nazir seçilməsinə qarşı çıxmışdı. Amma sonradan Respublika Partiyası bildirdi ki, "parlament üzvlərinin üçdə birinin irəli sürdüyü namizədə səs verəcək”. Paşinyanı isə bundan daha çox deputat dəstəkləyir. Paşinyanın bildirdiyinə görə, onun fikrində yeni hökumətin mümkün tərkibi ilə bağlı bir neçə variant var. Amma o, respublikaçılarn da yeni hökumətdə yer alıb-almayacağı ilə bağlı sualdan yayınıb. Bildirib ki, baş nazir seçiləndən sonra "azad və ədalətli parlament seçkilərinin keçirilməsi üçün şəraitin yetişdiyini görən kimi istefa verəcək”. "Ermənistanın yeni hökumətində oliqarxlar olmayacaq. Heç kim heç kimə bu və ya digər bazara görə xərac ödəməyəcək. Bununla birgə, hazırkı iri iş adamlarına qarşı da heç bir hərəkət olmayacaq. Qanun qarşısında bərabərlik olacaq. Hüquq pozuntuları qanunla cəzalandırılmalıdır, başqa cür yox. Qanun qarşısında hamı bərabər olacaq”, - deyə Paşinyan bildirib.
Yeri gəlmişkən, Ermənistanda baş verənlərə sakit tərzdə yanaşan Kreml nəhayət ki, sükutu pozub. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də media vasitəsilə. Rusiyalı məşhur jurnalist Mixail Leontyevin Ermənistanı aşağılaması bu ölkədə kəskin reaksiyaya səbəb olub. "Rosneft” şirkətinin vitse-prezidenti və mətbuat katibi Leontyev Ermənistandakı hadisələri kəskin şəkildən qınayan açıqlamalar yayıb. O, ermənilərin Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmağa çalışdığını bildirib: "Bu yük lap əvvəldən olub. Əgər onlar ayrılmaq istəyirlərsə, o zaman, üzr istəyirəm, "arvad, arabadan düş, sənsiz daha rahatdır” (qədim rus deyimi, "yaxşı yol”, "xoş getdin” mənasında) və hər şeyə nöqtə qoyaq”.
Leontyevin çıxışı ilə bağlı təkcə Ermənistan mətbuatı yox, həm də rəsmi dairələr də açıqlama yaymağa başlayıb. Rusiyanın Ermənistandakı səfirliyi qismən də olsa, Leontyevin çıxışını qınayıb. Səfirlik Leontyevin çıxışının onun öz şəxsi fikri olduğu və Ermənistan-Rusiya münasibətlərinə təsir etmədiyini bildirib. Səfirlik Ermənistanla münasibətlərdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndə Mariya Zaxarovanın fikirlərinə uyğun formada hərəkət etdiyini açıqlayıb. Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan isə məsələyə öz Feysbuk səhifəsində münasibət bildirib. Onun sözlərinə görə, Leontyevin tarix və geosiyasət məsələsindən heç bir anlayışı yoxdur. O, həmçinin, jurnalistin ölkədə yaranmış vəziyyətlə bağlı məlumatlı olmadığını deyib. Toqonyanın fikrincə, Leontyevin fikirləri provokasiya xarakteri daşıyıb. Ermənilərin Rusiyadakı ən böyük diasporu olan Rusiya Erməniləri İttifaqı da Leontyevin Ermənistanla bağlı ifadələrini kəskin şəkildə qınayıb. Təşkilat qanunvericilik çərçivəsində Leontyevlə hesablaşacağını rəsmən bəyan edib. "Ermənistanda daxili konflikt alovlanıb. İstənilən siyasi həll bu konflikti sosiumun daxilində gizlədir. Yeni hakimiyyət güclü texnologiyaları işə salıb bu konflikti söndürməyə cəhd edəcək. Mən belə anlayıram ki, Paşinyanın əmlakın yenidən bölüşdürülməsiylə bağlı çox böyük sosial proqramı var. Bu isə hər zaman ictimaiyyəti həyəcanlandırır, daxili gərginliyi gücləndirir. Bəzən isə onu vətəndaş müharibəsinə çevirir”. Bunu isə "Moskva-Bakı” portalına müsahibəsində rusiyalı yazar, ideoloq Aleksandr Proxanov deyib. Onun sözlərinə görə, Paşinyan və Sarkisyan tərəfdarlarının qarşıdurması Qarabağ və İrəvan klanlarının qarşıdurması kimi qəbul edilə bilər:"Bu konflikt çoxdan mövcuddur və indi daha sərt forma alıb. Tərəflərdən birinin qələbəsi konfliktin yatırılması demək deyil. Konfliktin inkişafı ictimai ziddiyyətlərin sakitləşməsindən və yüksəlməsindən asılı olacaq. Qarabağ klanının revanşı yalnız bundan asılıdır. Bundan sonra Ermənistanda Amerikanın mövcudluğu güclənəcək.İnanmıram ki, bu, tam açıq formada olsun. Moskva Vaşinqtonun buradakı böyük təsirinə dözməyəcək. Erməni ictimaiyyəti isə çox güclü şəkildə amerikanlaşdırılıb”. Onun sözlərinə görə, Qarabağ klanı İrəvandakı yeni hakimiyyətlə mübarizədə mövqelərini gücləndirməkdən ötrü Qarabağda müharibəni aktivləşdirib, böyük risklərə getməyəcək.
Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya Paşinyanın namizədliyinə qarşıdır. Çox güman ki, müəyyən müddətdən sonra ona qarşı irimiqyaslı kampaniya start götürəcək. Bundan çıxış edərək deyə bilərik ki, proseslərin sonu Ermənistan üçün yaxşı heç nə vəd etmir. Gərginlik və etirazlar davam edəcək və bütün bunlar da ölkənin onsuz da ağır olan durumunu daha da pisləşməsinə gətirib çıxaracaq.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər