• çərşənbə axşamı, 23 aprel, 12:20
  • Baku Bakı 24°C

Rusiyalı ekspert Paşinyanı hədələdi

17.06.20 18:00 735
Rusiyalı ekspert Paşinyanı hədələdi
Sergey Markedonov: "İstisna deyil ki, baş nazirin opponentləri ona qarşı da eyni cinayət işlərini qaldıra bilərlər”

Ermənistanın baş naziri Nikol Paşinyanın atdığı son addımlar, repressiya maşınını işə salması geniş rezonans doğurub. Rusiyanın "Kommersant” qəzetində Ermənistanda baş verənləri Rusiyanın nüfuzlu ekspertlərindən biri, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Avroatlantik Təhlükəsizlik Mərkəzinin əməkdaşı Sergey Markedonov analiz edib. Onun sözlərinə görə, postsovet Ermənistanının tarixçiləri çətin ki, 2020-ci il 16 iyun hadisələrindən yan ötəcək və yaxud onu diqqətə almayacaqlar. Və söhbət tək onda deyil ki, həmin tarixdə partiya sədrinin deputat toxunulmazlığı götürüldü: "Ermənistan parlamentində sayca ikinci böyük fraksiyanın lideri, partiya sədri, eləcə də, Ermənistanın ən varlı insanlarından biri parlament toxunulmazlığından məhrum edilib. Qaqik Çarukyan hakimiyyət və biznesin birləşməsinin simvollarından biri olub. O, postsovet kapitalizminin inkişafında böyük ölçüdə həlledici amil olub”. Ekspert yazır ki, həm hakimiyyət, həm də müxalifət yanında qalmağa imkan tapmış nüfuzlu oliqarxa qarşı hücumun tarixi iki il bundan əvvələ, "məxməri inqilab” dövrünə gedib çıxır: "Bu yolda əsas məsələ ikinci prezident Robert Koçaryanın həbsi, ardınca eks-prezident Serj Sarkisyanın yaxın qohumuna qarşı cinayət işinin başlanması, parlamentin homogenezisiyası, şəhər bələdiyyəsi üzərində, güc strukturları üzərində siyasi nəzarətin qurulması, eləcə də, icra və məhkəmə hakimiyyəti arasında münaqişə oldu. Lakin bütün bu hadisələri bir şey birləşdirir - onlar erməni postsovet siyasi mədəniyyətinin yazılmayan ənənələrini pozurlar”, - deyə o bildirib. Onun sözlərinə görə, bu ənənələr ölkədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, illər uzunu hökm sürüb. Politoloq xatırladır ki, keçmiş SSRİ-nin süqutu ərəfəsində Ermənistan ən antisovet subyektlərdən biri idi: "Xarizmatik Levon Ter-Petrosyanın lideri olduğu Erməni Ümummilli Hərəkatı hakimiyyətə sanasiya (sağlamlaşma, yeniləşə) şüarları ilə gedirdi. Təcrübəli nomenklatura işçilərini gənc həkim və elmlər namizədləri, linqvistlər, tarixçilər, fiziklər əvəzləyirdilər. Lakin bu, ölkənin birinci prezidentinə əhəmiyyətli bir ənənənin əsasını qoymağa mane olmadı: yerdəyişmələr opponentlərin tamamilə sıradan çıxarılmasına gətirib çıxarmamalıdır. Bu səbəbdən də vətəndaşlar "köhnə yeni liderlərin” sırasında keçmiş birinci katib Karen Dəmirçiyanı gördülər. Bu şəxs yeni hökumətdə parlamentin spikeri vəzifəsini tutdu. Və əgər siyasi qətlin qurbanı olmasaydı, növbəti dövlət başçısı məhz o olacaqdı. Ter-Petrosyanı Robert Koçaryan, onu isə Serj Sarkisyan əvəzlədi. Lakin hər üç prezident hakimiyyətə dinc yolla gəldilər”. S.Markedonov bildirir ki, əvvəlki prezident (Petrosyan) on illik pauzadan sonra ölkənin ən radikal müxalifət liderlərindən birinə çevrildi: " Seçkilərdə iştirak etdi və səslərin dörddə birini də topladı. Belə bir halı postsovet məkanının heç bir respublikasında görmək mümkün deyildi. Elə Koçaryanın özü də istefada olanda Sarkisyanı tənqid edirdi. Vahid "hakimiyyət partiyası” ilə də bağlı ölkədə hər şey rəvan olmadı. Bu dəfə adı keçən "Çiçəklənən Ermənistan” hökumətyönümlü koalisiyalarda tərəfdaş qismində çıxış edirdi. Koçaryan Ter-Petrosyanın təqibini həyata keçirə bilərdi. Konkret olaraq Petrosyanın Qarabağ məsələsinə görə tutduğu mövqeyə görə onu incidə bilərdi. Nəzəri cəhətdən Sarkisyan da bunu edə bilərdi. Lakin bu "qırmızı xətti” onlar keçmədilər. Bilirdilər ki, ölkə üçün hakimiyyətin ötürülməsi prinsipinin pozulması, iki qonşu ölkə ilə münaqişə minimum risklidir”.
O qeyd edir ki, Nikol Paşinyan erməni siyasətinə tamam başqa bir ənənə gətirdi. Əsas hədəflər Robert Koçaryan, Serj Sarkisyan və Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan "keçmiş” və "əksinqilabçılar” kimi nəzərdən keçirilirdisə, Çarukyanla bağlı məsələ başqadır: "2018-ci ildə "inqilabçı xalqın seçimi”ni müdafiə etdi. Onun nümayəndələri hətta hökumətin birinci kabinetində təmsil olundular. Sonra isə onun partiyası, eləcə də, "Maarifçi Ermənistan” növbədənkənar parlament seçkilərindən sonra parlamentə keçdi. Son günlərə kimi də, "məxməri konsensusu” bölüşürdülər. Lakin bu konsensus pozulub - bir tərəfdən pandemiyanın sosial nəticələri, digər tərəfdən konstitusiyaya edilən düzəlişlərlə bağlı ətrafındakı mürəkkəb trayektoriyalar. İnqilabdan sonrakı hakimiyyət ona loyal olmayan və nəzarətində olmayan başqa bir güc mərkəzi və yaxud təsirlərlə işləmək istəmir. Strateji cəhətdən bu, təhlükəli yoldur. Bu gün hökumət və Nikol Paşinyan şəxsən populyardırlar. Lakin heç kim təminat vermir ki, bu, hər zaman belə olacaq. Bu gün vəziyyət dəyişib. İstisna deyil ki, baş nazirin opponentləri ona qarşı da eyni cinayət işlərini qaldıra bilərlər”. Markedonov qeyd edib ki, situasiyaların dəyişməsi halında Paşinyan əleyhdarlarının, onunla eyni şəkildə davranmaq istəməsi istisna edilmir. O zaman hakimiyyətin ötürülməsi fiksiyadan (uydurma) başqa bir şey olmayacaq.
Öz növbəsində başqa bir siyasi analitik Modest Kolerov Ermənistan parlamentində "Çiçəklənən Ermənistan” partiyasının rəhbərinin deputat toxunulmazlığından məhrum edilməsi məsələsinə toxunarkən bildirib ki, Qaqik Çarukyana qarşı bu mərhələdə başlamış proses yalnız siyasi xarakter daşıyır və bu, gözlənilən idi. Rus siyasi analitik qeyd edib ki, Nikol Paşinyanın barəsində danışdığı Ermənistanın yeni konstitusiyası ölkənin prezidenti Armen Sarkisyanın hazırkı mövqeyini və statusunu təhdid edir.

Azər
banner

Oxşar Xəbərlər