AZE | RUS | ENG |

Rusiyalı deputat: "Danışıqlar görüntüsü yaratmaq bundan sonra təhlükəlidir"

Rusiyalı deputat:
Rusiya – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının üzvü Dmitri Savelyev "Report"a eksklüziv müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Davosdakı qeyri-rəsmi görüşü şərh edib, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının Ermənistana verəcəyi faydalar barədə fikirlərini açıqlayıb.

- Bu yaxınlarda Davosda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş keçirilib. Bu görüş dünyaya nəyi göstərdi?
- Dünya İqtisadi Forumunun təşkilatçıları bu iki liderin görüşünü forum çərçivəsindəki mühüm proseslər sırasına aid ediblər. Belə ki, Əliyevlə Paşinyan qeyri-rəsmi şəraitdə söhbət edib, Dağlıq Qarabağ məsələsindəki mövqelərini ortaya qoymaq fürsəti qazandılar. Əminəm ki, Əliyev təcrübəli diplomat kimi, Dağlıq Qarabağ münaqişəsinin həllindən Ermənistanın qazanacağı faydaları Paşinyana çatdırıb. Belə faydalar az deyil, çünki Ermənistanın iqtisadi vəziyyəti xüsusilə də Azərbaycan və Türkiyə tərəfindən ən uzun sərhəd sahələrinin bağlı olması üzündən heç də ürəkaçan deyil. Həmin sərhədlər açılsa, Ermənistan nəinki Avropa bazarlarına sərbəst çıxmaq imkanı, üstəlik neft və qaz kəmərləri üçün tranzit ölkəyə çevrilmək fürsəti də qazanar. Sənayesi enerji daşıyıcılarının kəskin qıtlığı ilə üzləşən Ermənistan üçün sonuncu məsələ xüsusi əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycan bir daha səmərəli dialoqa, məntiqli güzəştlərə açıq olduğunu qarşı tərəfə çatdırıb. Ümidvar olmaq istərdim ki, Ermənistanda hakimiyyətə gələn siyasətçilər reallıqla hesablaşaraq sülhə doğru hərəkətə başlamağa hazır olarlar. Hərçənd Ermənistan cəmiyyətinin Dağlıq Qarabağ məsələsində ciddi güzəştlərə hələlik hazır olmaması danışıqları ləngidə bilər. Ona görə də Nikol Paşinyan konkret addımlar atmaq zərurəti ilə ölkə daxilində sərt etirazlarla qarşılaşmaq ehtimalı arasında çətin vəziyyətdə qalır. Lakin hər halda əvvəlki hökumət kimi danışıqlar görüntüsü yaradaraq hərbi toqquşmanın astanasında var-gəl etmək bundan belə mümkün deyil, çox təhlükəlidir.

- Sizcə, Azərbaycanla Ermənistan liderlərinin bu görüşü Dağlıq Qarabağ münaqişəsinin həqiqi həlli prosesinin başlanğıcıdırmı?
- Məncə, İlham Əliyev ilə Nikol Paşinyan arasındakı saatyarımlıq söhbətin nəticələri fevral ayında Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasındakı son vaxtların sayca üçüncü rəsmi görüşündə özünü göstərəcək. Bu cür fəal şəkildə görüşlərin keçirilməsi rəsmi Bakı və Yerevanın həqiqətən də öz aralarındakı gərginliyi səngitmək xəttini götürdüklərinə ümid yaradır. Həm də Azərbaycan son vaxtlar görüş naminə görüş keçirtmək tərəfdarı olmadığını, yalnız hansısa səmərə verəcəyi təqdirdə görüşlərdə iştirak etməyə razı olduqlarını açıq şəkildə diqqətə çatdırıb. İki ölkə xaric işlər nazirləri arasındakı son Paris görüşünün dörd saat davam etdiyini nəzərə alsaq, rəsmi şəxslərin belə uzun-uzadı danışıqları Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair konkret variantlar üzrə müzakirə apardıqlarını güman etməyə müəyyən əsas verir. Yəni Azərbaycanla Ermənistanın razılığa gələ biləcəyinə, danışıqların növbəti mərhələsinin daha səmərəli olacağına ümid yaranır. Dağlıq Qarabağa dair həqiqi razılaşma əldə edilsə, Türkiyə parlamenti də 2009-cu ildə imzalanmış Zürix protokollarını təsdiq edər, nəticədə sərhədlər açılar, Cənubi Qafqazın uzun illərdir həsrətini çəkdiyi sülh əldə edilər.

- Bəs bu sülhə nail olmaq üçün tərəflər hansı güzəştlərə getməlidirlər?
- Azərbaycan tərəfi münaqişənin həllinə dair öz mövqeyini çoxdandır ortaya qoyub, bu mövqe dəyişməzdir. Dağlıq Qarabağ ətrafındakı 7 rayon boşaldılır, azərbaycanlı məcburi köçkünlər öz yurd-yuvalarına qayıdır. İlham Əliyev ölkənin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən geniş muxtariyyat verməyə də razıdır. Məncə, Azərbaycanın hazır olduğunu bildirdiyi bu güzəşt məntiqlidir. Həmçinin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ ermənilərinə təhlükəsizlik və yerli idarəçilik hüququ ilə bağlı da zəmanət verməyə hazır olduqlarını bildirib. Bu, çox ciddi güzəşt addımıdır. İndi də növbə Ermənistandadır. Onlar da siyasi iradə göstərib bu tarixi fürsətdən yararlana biləcəklərmi?! Bunu ən yaxın vaxt ərzində görəcəyik.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056