• cümə, 19 Aprel, 14:04
  • Baku Bakı 25°C

Rusiyadan forpostuna növbəti zərbə

07.07.17 10:00 985
Rusiyadan forpostuna növbəti zərbə
Rusiya Cənubi Qafqazdakı forpostu elan etdiyi Ermənistana növbəti zərbə vurub. Ermənistan hakimiyyəti ümid edirdi ki, ağalarına nə qədər çox yarınsalar, bir o qədər də üstünlük əldə edəcəklər. Lakin Rusiya rəhbərliyinin atdığı addımlar onların arzusunu ürəyində qoyub. Miqrantlara qarşı sərt tədbirlər ilk olaraq ermənilərin başında çatlamaqdadır. İyulun 1-dən Rusiyada nəqliyyat vasitələrinin idarə olunmasına icazə verilməsi haqda yeni qanun qüvvəyə minib. Yeni qanunun qüvvəyə minməsi nəticəsində Rusiyada çalışan erməni vətəndaşı olan sürücülərin böyük əksəriyyəti işini itirib. Onların çoxu artıq vətənə qayıdıb. Problem ondadır ki, bundan sonra Rusiyada xarici vətəndaşlarla sürücü kimi əmək müqavilələri bağlamaq yasaqlanıb. Məsələn, Gümrüdən olan erməniKarapet Mkrtçyan erməni nəşrlərinə bildirib ki,9 il idi ki, Moskvada mikroavtobus sürürdü. Ancaq bu yaxınlarda vətəni Ermənistana qayıtmalı olub. Bundan başqa, K.Mkrtçyanın sözlərinə görə,Ermənistanda verilmiş sürücülük vəsiqələrində buraxılmış səhv ucbatından erməni sürücülər imtahan verərək Rusiyanın sürücülük vəsiqəsini ala bilmirlər. Rusiyada erməni sürücüyə deyiblər ki, Vyana Konvensiyasına görə, sürücülük vəsiqəsində olan istənilən qeyd eyni zamanda həm də latın hərfləri ilə yazılmış olmalıdır. Ermənistanın sürücülük vəsiqələrində isə "atasının adı” qrafasındakı yazı yalnız ermənicədir. Bəzi hallarda bu qeyd həm də rusca göstərilib. Latın əlifbası ilə qeydin olmaması erməni sürücüləri fakt qarşısında qoyub.
"Rusiyada sürücülük vəsiqəsini yalnız milli vəsiqənin əsasında verirlər. Ancaq bizim vəsiqədə latın əlifbası ilə qeydin olmaması səbəbindən Rusiyada bizə sürücülük vəsiqəmiz əsasında sənəd vermirlər”, – deyə Gümrüdən olan sürücü bildirib. Mkrtçyan Ermənistanın sürücülük vəsiqələrində "ata adı” qrafasının olmasının səbəbini anlamır. Onun sözlərinə görə, bu qrafanı doldurmaq elə də vacib deyil. Faktiki olaraq, bu, erməni sürücülərə süni çətinliklər yaradıb. "Hökumət belə bir şeyi nəyə əsasən edib?”– deyə o sual edir. İndi K.Mkrtçyan Ermənistanda verilən sürücülük vəsiqələrindəki bu səhvin düzəldilməsi üçün tədbirlər görməyə çalışır. O, Ermənistan Milli Məclisinin deputatıEdmon Marukyana müraciət edərək, erməni sürücülük vəsiqələrində Vyana Konvensiyasının tələblərinə əməl edilməməsinin səbəblərini araşdırmasını xahiş edib. Sürücü özünün Avrasiya İqtisadi İttifaqı ərazisində işə bərpa olunması üçün kömək istəyib. Bu günlərdə E.Marukyan özünün Facebook səhifəsində yazıb ki, iyulun 1-dən Rusiya Federasiyası ərazisində qüvvəyə minmiş yeni qaydalara görə, xarici, o cümlədən erməni sürücülük vəsiqələri ilə sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olmaq qadağan edilir. Deputat əlavə edib ki, bu, Avrasiya İqtisadi İttifaqı məkanında işçi qüvvəsinin sərbəst hərəkəti prinsipinə ziddir.
Marukyan həmçinin, Avrasiya İqtisadi Komissiyasının sədriTiqran Sarkisyana müraciət etdiyini bildirib. O, Sarkisyanı Avrasiya İqtisadi İttifaqı haqda müqavilənin şərtlərinin yerinə yetirilməsi və Ermənistan vətəndaşlarının maraqlarının qorunması istiqamətində tədbirlər görməyə dəvət edib. Müxalifətçi deputatlar, xüsusən də Nikol Paşinyan və Zaruhi Postancyan isə Rusiya tərəfinin atdığı addımlara hakimiyyətin sərt reaksiya verməli olduğu qənaətindədirlər. Onların qənaətincə, qərardan sonra ermənilərin Rusiyadan geri köçü baş verəcək və bu da Ermənistandakı durumu daha da çətinləşdirəcək. Onsuz da ölkədə işsizlik baş alıb gedir. Belə olan halda insanların axını sosial-iqtisadi duruma təsirsiz ötüşməyəcək.
Rusiyanın bu cür qərar qəbul etməsinin bir neçə səbəbi ola bilər. Birincisi, ölkənin öz vətəndaşlarının işlə təmin olunmasında problemlər yaşanır. Neftin qiymətinin aşağı düşməsi ilə irimiqyaslı layihələrin icrası dayanıb. Ukraynanın şərqində yaradılan separatçı qurumların maliyyələşdirilməsi də rus vətəndaşının cibindən çıxır. Bu və digər hallar da hökuməti zəruri addımlar atmağa məcbur edir. Hətta miqrantları uzaq əyalətlərə köçürmək qərara alınır. Məsələn,hakimiyyət bu yaxınlarda ölkə boyu səpələnən miqrantlarla bağlı orijinal konsepsiya işləyib hazırlayıb.
İlk növbədə miqrantların Uzaq Şərq regionları və Sibirin bəlkə də insan ayağı dəyməyən ərazilərinə göndərilməsi nəzərdə tutulub. Onlara müvafiq infrastrukturu olan ərazilərdə peşələrinə uyğun müvəqqəti yaşayış üçün icazələr veriləcək.
Miqrantlara informasiya və hüquqi dəstək məqsədilə mərkəzlərdə rus dili, tarixi və mədəniyyətinin öyrənilməsi üçün kursların açılması da konsepsiyada əks olunub.
Daxili İşlər Nazirliyində hesablayıblar ki, son beş ildə Rusiyaya gələn miqrantların sayı əvvəlki illərlə müqayisədə iki dəfə artıb. İl ərzində əcnəbi vətəndaşların axını 15 faiz artaraq 280 minə yüksəlib. Təşəbbüs və konsepsiyanın hazırlanması prezident Vladimir Putundən gəlib. Layihə prezidentin xüsusi qərarı əsasında hazırlanıb və bir müddət əvvəl onu ictimai müzakirəyə çıxarmaq qərara alınıb. DİN yeni konsepsiyaya zərurəti dünyanın bir sıra ölkələrində siyasi sabitsizliklə əlaqələndirib. Nazirlik hesab edir ki, bu hal da miqrasiya axınını gücləndirir.Başqa bir səbəb isə miqrant sürücülərin çoxsaylı insan tələfatları baş verən qəzalara yol vermələridir. Rusların yadından hələ də 20-ə yaxın Rusiya vətəndaşının ölümünə səbəb olan erməni sürücü çıxmayıb. Həmin insident ölkəni bir-birinə vurmuş və geniş rezonans doğurmuşdu. Erməni sürücünün qadın xalatında alçaldılmış halda məhkəmə zalına gətirilməsi səhnəsi isə Ermənistanda təhqir kimi qəbul edilmişdi. Hətta bununla əlaqədar Ermənistandakı Rusiya səfirliyi önündə aksiyalar da keçirilmişdi.
Azər
banner

Oxşar Xəbərlər