• şənbə, 27 Aprel, 01:33
  • Baku Bakı 14°C

Rusiyadan Ermənistana 100 milyon dollarlıq “jest”

18.10.17 10:30 1652
Rusiyadan Ermənistana 100 milyon dollarlıq “jest”
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların getdiyi bir ərəfədə Rusiya işğalçı Ermənistana silah alınması üçün 100 milyon dollar dəyərində kredit verib. Bu, Rusiya ilə Ermənistan arasında 2015-ci ilin noyabr ayının 26-da imzalanmış razılaşmaya əsasən həyata keçirilib. Həmin razılaşmaya görə, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb.

Ermənistan hökuməti bir neçə gün öncə, yəni oktyabrın 12-də 100 milyon dollarlıq kredit paketini artıq təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kreditin Ermənistana 20 il müddətinə verilməsi və bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitlə Ermənistanın "Smerç" reaktiv sistemləri, "İqla-S" zenit raket kompleksləri, "Avtobaza-M" radiotexniki kəşfiyyat kompleksləri, TOC-1A "Solnsepyok" ağır odsaçan sistemləri və digər sursatlar alacağı gözlənilir.

Maraqlıdır ki, hazırda iqtisadiyyatı Rusiyanın inhisarında olan Ermənistan nəinki indiki, ümumiyyətlə aldığı kreditləri geri qaytarmaq iqtidarında deyil. Bütün bunlara baxmayaraq, Ermənistanın hər vasitə ilə silahlandırılması mövcud rejimin ömrünün uzadılmasına rəvac verir. Çünki 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistan silahlı qüvvələrinin məğlubiyyətindən ciddi sarsılan və xalqın qəzəbindən qorxan erməni iqtidarı hakimiyyəti itirmək təhlükəsi ilə üzləşib.

Onu da qeyd edək ki, Rusiyanın Ermənistanın silahlanması ilə bağlı ayırdığı kredit ilk baxışdan iki ölkənin daxili məsələsi kimi görünə bilər. Lakin Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi faktı, bu məsələnin həm də ölkəmizə aidiyyatı olduğunu deməyə əsas verir. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflər arasında danışıqların getdiyi bir zamanda Rusiyanın Ermənistana "100 milyonluq jest” etməsi nədən xəbər verir?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mizəzadə bildirdi ki, Rusiyanın Ermənistana silah alınması üçün güzəştli kredit verməsi birmənalı qarşılanmır: "Rusiyanın ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olması və Dağlıq Qarabağ probleminin həllində maraqlı olduğunu göstərdiyi bir məqamda bu ölkədən Ermənistana silah satılması yolverilməzdir. Məsələ burasındadır ki, silah satılmır, kreditlə verilir. Rusiyanın 20 il müddətinə ayırdığı 100 milyon dollar dəyərində Ermənistana silah satılır. Göründüyü kimi, Ermənistanın özünün sərbəst vəsaiti olsaydı, bunu müəyyən qədər başa düşmək olardı. Bu situasiyada isə Rusiyanın müəyyən dairələrinin regionu gərginlikdə saxlamaq istəməsi hiss edilir. Həmçinin bundan Azərbaycana qarşı təzyiq kimi istifadə etdiyi də görünür. Hesab edirəm ki, Rusiya belə addım atmamalı idi. Azərbaycanla münasibətlərdə vəziyyəti bu səviyyəyə çatdırmamalı idi. Onsuz da Ermənistanın böyük hərbi büdcə saxlamaq imkanı yoxdur və işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. Belə olan halda Ermənistanı bir qədər də gücləndirmək işğal faktını uzadır. Hesab edirəm ki, bu məsələ Azərbaycan və Rusiya arasında diplomatik yollarla müzakirə edilməlidir”.

A.Mirzəzadə əlavə etdi ki, Cənubi Qafqaz regionunda qarışıqlığın yaranması Rusiyanın maraqlarına xidmət etmir: "Çünki qarışıqlıq yaranarsa, Ermənistan ötən ilin aprelində olduğu kimi, növbəti dəfə ciddi məğlubiyyətə uğrayacaq. Bu isə Rusiyanın forpostu olan Ermənistanın daha da zəifləməsinə xidmət edəcək. Başqa məsələ ki, Rusiya bu situasiyada Azərbaycana siyasi təzyiq kimi, yaxud da Ermənistanı özünə daha çox bağlamaq üçün belə bir variantdan istifadə edibdir”.

Politoloq Fikrət Sadıxov bildirdi ki, Rusiyanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyi təhdid edir və gərginliyin daha da artmasını stimullaşdırır. Onun sözlərinə görə, Rusiya Ermənistanı silahlandırmaqla onu güclü forposta çevirmək niyyətində olduğunu ortaya qoyur. Politoloqun fikrincə, indiki halda Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir: "Biz bilirik ki, Rusiya ilə əlaqələr günü-gündən daha geniş sahələri əhatə edir. Amma indiki məqamda Rusiyanın belə bir addım atması təəssüf hissi doğurur”.

F.Sadıxov qeyd etdi ki, hazırda ATƏT-in Minsk qrupunun həmsədr ölkələri üçün əsas məsələ Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsi olmalıdır: "Necə ki, bir neçə gün öncə Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Bu mənada hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın belə məsələlərə ehtiyatla yanaşması daha vacib amillərdəndir. Çünki Ermənistan uzun illərdir ki, Azərbaycana məxsus Dağlıq Qarabağ və ətraf rayonları işğal altında saxlayır və Rusiya da bunu çox yaxşı bilir. Həmçinin dəfələrlə məhz Rusiyanın təşəbbüsü ilə münaqişə tərəfləri arasında danışıqlar çərçivəsində görüşlər keçirilib. Belə olan halda, qonşu ölkə kimi Rusiya vasitəçilik edərək, məhz bu istiqamətdə olan addımlarını artırmalıdır. Ermənistan bir sıra dövlətlərə öz ərazi iddialarını dəfələrlə nümayiş etdirib. Düşmən ölkə indi də Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına iddialıdır. Hesab edirəm ki, təcavüzkar dövlət kimi Ermənistan silahlandırılmamalıdır”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər