• cümə axşamı, 28 mart, 17:10
  • Baku Bakı 16°C

Rusiyadakı səfirliyimiz izahatla çıxış edib

09.12.13 12:51 1621
Rusiyadakı səfirliyimiz izahatla çıxış edib
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi Azərbaycan vətəndaşlarının vətəndaşlıqdan çıxması və Rusiya vətəndaşlığını qəbul etməsi ilə bağlı hüquqi vəziyyətə aydınlıq gətirib. APA-nın xəbərinə görə, səfirlik bu barədə izahatla çıxış edib.
Açıqlamada deyilir ki, bu proses elə getməlidir ki, gələcəkdə vətəndaşlar hüquqi mübahisələrlə üz-üzə qalmasınlar: “Təəssüf ki, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma və Rusiya Federasiyası vətəndaşlığının qəbulu məsələsində vətəndaşların hüquqi münaqişələrlə üzləşməsinin şahidi oluruq. Belə ki, Rusiya qanunvericiliyi Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq üçün bu və ya digər vətəndaşın Azərbaycanın Rusiyadakı səfirliyindən və ya baş konsulluqlarından birindən onların ünvanına göndərilən vətəndaşlıqdan çıxma barədə ərizənin notarial qaydada təsdiq olunmuş variantını əsas hesab edir. Federal Miqrasiya Xidmətinin səlahiyyətli orqanı belə ərizənin göndərilməsi barədə poçt qəbzini qəbul edərək Rusiya vətəndaşlığına qəbul proseduruna başlayır. Lakin Azərbaycan qanunvericiliyinə uyğun olaraq vətəndaşlıqdan çıxma proseduru tamamilə digər prosedurların icrasını tələb edir. Yekun qərarı isə Azərbaycan Respublikasının prezidenti imzalayır. Yalnız bundan sonra vətəndaş Azərbaycan vətəndaşlığından çıxmış hesab oluna bilər”.
Səfirlik bildirib ki, Rusiya Federasiyasında yaşayan Azərbaycan vətəndaşları Azərbaycan Respublikası vətəndaşlığından çıxmaq istədikləri halda Azərbaycanın Rusiyadakı səfirliyinə, Sankt-Peterburq və Yekaterenburqdakı baş konsulluqlarına müraciət etməlidirlər: “Vətəndaşlıqdan çıxmaq istəyən şəxslər Azərbaycan Respublikası prezidentinə ünvanlanmış ərizə anketi dolduraraq tələb olunan sənədləri təqdim etməlidirlər. Rusiya tərəfi həmin vətəndaşın Azərbaycan Respublikası vətəndaşlığından çıxma prosedurunun sona çatmasını gözləmədən onu Rusiya vətəndaşlığına qəbul edir. Nəticədə Azərbaycan vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxmadan Rusiya vətəndaşlığını qəbul edir. Və bu, gələcəkdə həmin şəxsin hüquqi münaqişələrlə üz-üzə qalması kimi arzuolunmaz hallarla qarşılaşacağına zəmin yaradır. Belə hallardan qaçmaq üçün vətəndaşların seçimi hər iki ölkənin (vətəndaşlıqdan çıxmaq istədiyi və vətəndaşlığını qəbul etmək istədiyi) qanunvericiliyinə uyğun olaraq həyata keçirilməlidir”.
banner

Oxşar Xəbərlər