• cümə, 29 Mart, 13:24
  • Baku Bakı 14°C

Rusiyada “qırmızı iblislər”in rəqiblərini gözləyən “təhlükə” - Portret

09.12.17 11:30 3949
Rusiyada “qırmızı iblislər”in rəqiblərini gözləyən “təhlükə” - Portret
Belçika millisi dünya çempionatlarının daimi iştirakçılarındandır. Gələn il Rusiyada təşkil ediləcək mundial "qırmızı iblislər”in sayca 13-cü dünya çempionatı olacaq. Avropanın ərazicə kiçik, ancaq futbol cəhətdən böyük ölkələrindən sayılan Belçika mundiallarda demək olar, heç vaxt qapazaltı olmayıb. Komanda hətta ən "dişli” rəqibləri ilə oyunlarda belə? öz gücünü nümayiş etdirə bilib. 1986-cı ildə Meksikada keçirilmiş mundialı 4-cü pillədə başa vuran belçikalılar, hələ ki, okeanın o tayında əldə etdikləri uğurun həsrətindədirlər. Belə ki, Belçika millisi bundan sonra keçirilən mundiallarda adətən, qrup mərhələsindən sonrakı etapda mübarizəni dayandırır. Lakin Braziliyada keçirilmiş son dünya çempionatı bu cəhətdən fərqləndi. Qrup mərhələsini yüzfaizli nəticə ilə başa vuran "qırmızı iblislər”, 1/8 finalda ABŞ-ı yolundan kənarlaşdıraraq, son 28 ildə ilk dəfə 1/4 finala vəsiqə qazandılar. Burda isə onların yolunu turnirin gələcək finalçısı Argentina kəsdi.

Lakin Belçika millisinin Braziliyada sərgilədiyi oyun futbol nəhəngləri üçün SOS siqnalı oldu. Əsasını gənclərin təşkil etdiyi komanda gələcək böyük turnirlər üçün ümid vəd edirdi. Proqnozlar özünü doğrultdu. Braziliyadakı dünya çempionatında heyətdə yer alan Tibo Kurtua, Eden Azar, Kevin De Bruyne və s. kimi futbolçular bu gün Avropanın ən çox arzulanan futbolçularıdır. Bu cür oyunçulardan biri də, Belçika millisinin "vuran ayağı” Romelu Lukakudur. 3 il öncə keçirilən mundialda cəmi 21 yaşı olan Lukaku, bu gün Avropa nəhənglərindən "Mançster Yunayted”in əsas üzvlərindəndir. Ancaq Braziliyadakı mundialda çox az adam onun bu zirvəyə yüksələcəyinə inanardı. Baxmayaraq ki, Lukaku həmin vaxt Avropa nəhəngi "Çelsi”nin formasını geyinirdi. Ancaq burdakı "geyinirdi” ifadəsi formal xarakter daşıyır. Belçikalı daha çox Premyer Liqanın ortabablarında icarədə gün keçirirdi. Həmin vaxt kiməsə bu oyunçunun dünyanın ən yaxşı forvardlarından biri olacağını desəydiniz, sizi futboldankənar şəxs sayardılar. Ancaq Lukaku qısa müddət ərzində bir çoxlarının ağlına gəlməyəni həyata keçirməyə nail oldu. Bəs Romelu qısa müddətdə bu cür yüksəlişə necə nail oldu? Bu yazıda sizə 24 yaşlı hücumçunun yüksəliş hekayəsindən bəhs edəcəyik.

"Bu uşaq ailəmizi xilas edəcək”
Romelu 1993-cü il, mayın 13-də Belçikanın Antverpen şəhərində dünyaya gəlib. O, konqolu ailədə dünyaya göz açıb. Atası Roje Lukaku peşəkar futbolçu olub. Hücumçu olmuş Roje, hətta Zair millisində də top qovub. Futbola həvəsin Romeluya haradan keçdiyi məlum oldu. Onun yaşıl meydanlarla tanışlığı isə çox erkən yaşlarına təsadüf edir. Ata Lukaku Türkiyənin "Gənclərbirliyi” klubunda top qovan zaman məşqlərə tez-tez kiçik yaşlı oğulları - Romelu və Cordanı da aparırdı. Komanda tərəfindən çox sevilən uşaqlar Ankara təmsilçisinin maskotuna çevrilmişdilər. O vaxt kimin ağlına gələrdi ki, Türkiyənin ortabab klublarından birinin bazasının daimi sakini, gələcəyin ən bahalı ulduz futbolçularından birinə çevriləcək. İstədiyi futbolçu karyerasını qura bilməyən Roje, bu cəhətdən ümidini oğullarına bağlayır. O, uşaqlarını çox kiçik yaşlarından futbola yazdırır. Romelu qısa müddətdə atasının ümidlərini doğruldur. O, cəmi 6 yaşında olan zaman qatıldığı bütün yarışlarda qolları sıralayır. Romelunun sözlərinə görə, soyuqqanlı xarakterə malik atası? onun poker etdiyi oyunlardan birindən sonra göz yaşlarını saxlaya bilməyib. O, göz yaşları içində həyat yoldaşına "bu uşaq ailəmizi xilas edəcək” deyib. İllər sonra ata Lukakunun uzaqgörənliyinə qibtə etməmək olmur.
Qardaş hesabına "flaqman”a açılan qapı

Futbolun sirlərinə "Rupel Bum”da yiyələnməyə başlayan Romelu, daha sonra qısa müddətdə "Vintam”, 2004-cü ildə isə "Lyers” klubunun aşağı yaş qrupuna qoşulur. Bu klubun aşağı yaş qruplarında meydana çıxdığı 34 oyunda 76 qol vurması isə hamını heyran qoyur. Əlbəttə, bu cür istedad ölkənin "flaqman”ı olan "Anderlext”in skautlarının diqqətindən yayına bilməzdi. Yayınmır da. Lukaku 2006-cı ildə Belçikanın ən köklü klublarından birinin akademiyasına yazılır. Romelu illər sonra "Əslində, məni yox, Cordanı (hazırda "Latsio”da çıxış edir) istəmişdilər. Lakin sonradan qardaş olduğumuzu görüb, hər ikimizi akademiyaya cəlb etməyə qərar verdilər” deyir. Romelu qısa müddətdə "Anderlext”də də parlayır. O, 14 yaşında klubun U-18 komandasında cəlb edilir. 16 yaşında isə əsas komandada debüt edir. "Anderlext”in əsas simasına çevrilən hücumçu, paytaxt klubunun ölkə çempionu olduğu 2009/10 mövsümündə komandanın ən sərrast futbolçusu olur (15 qol). Onun "Anderlext”dəki uğurlu çıxışı Belçika kimi ikinci eşelon çempionatlarında "futbolçu ovu”na çıxan Avropanın nəhəng klublarının skautlarının diqqətindən yayınmır. Ən tez tərpənən isə "Çelsi” olur. "Zadəganlar” ləqəbinə yaraşan səxavətlilik nümayiş etdirərək, 18 yaşlı belçikalının transferi üçün 12 milyon avrodan (bonuslarla birlikdə bu məbləğ 20 milyona çatırdı) keçir.

Dost acısı, icarədə keçən illər...
Lakin Lukakunun "Çelsi”də işləri heç də qaydasında getmədi. Baxmayaraq ki, Romelu bu klubdakı ilk oyunlarında azarkeşlərin etimadını, simpatiyasını qazana bilmişdi. Hətta bəzi azarkeşlər onu klubun yaşayan əfsanəsi Didye Droqba ilə müqayisə edirdi. Ancaq bura onun ürəyincə deyildi. Əsas heyətdə yer almırdı. Oynamaq üçün alışıb-yansa da, komandasının uğurlarını tribunadan və ya ehtiyat oyunçular skamyasından izləyirdi. Hətta Çempionlar Liqasını qazandıqdan sonra komanda yoldaşı Salomon Kalu ona kuboku qaldırmağı təklif etsə də, bundan imtina edir. Lukaku illər sonra hərəkətinin səbəbini belə izah etdi: "Ona (ÇL kuboku) toxunmaq istəmirdim, çünki zəfərin parçası deyildim”. "Çelsi”də əsas heyətə düşməkdə çətinlik çəkən Lukaku bir müddət digər klublarda icarədə oldu. O, DÇ-2014-də qol vursa da, həmin mundialdakı ləng və bir qədər passiv oyunu "zadəganlar”ın sərt və tələbkar baş məşqçisi Joze Mourinyonun diqqətindən yayınmamışdı. Portuqal mütəxəssislə, UEFA-nın Maliyyə feyr-pley qaydalarında ilişmək istəməyən London klubunun rəhbərliyinin fikirləri üst-üstə düşürdü. Lukaku "Çelsi”də çıxış etdiyi zaman Andre Villaş-Boaş, Roberto Di Matteo və Rafael Benites kimi mütəxəssislərin etimadını qazana bilməmişdi. O, Premyer Liqanın "Vest Bromviç”, "Everton” kimi klublarına icarəyə verilmişdi. Bu klublardakı çıxışı ilə ümid vəd etsə də, son vaxtlarda sərgilədiyi oyun ciddi problemlər məngənəsində sıxıldığını aşkar göstərirdi. Romelu avtomobil qəzasında yaxın dostunu ("Volfsburq”un yarımmüdafiəçisi Junior Malanda) itirmişdi, atası isə xəstəlikdən əziyyət çəkirdi. Artıq çəkisi olan Lukakunun bu hadisələrdən təsirlənmədiyini demək mümkün deyildi. Həm də, bu qədər mütəxəssis səhv edə bilməzdi. Futbol dahisi Mourinyonun da neqativ baxışı "Çelsi” rəhbərliyinin Lukaku ilə bağlı fikrini qətiləşdirdi. Belçikalı "Everton”a satıldı. London təmsilçisi onun transferindən 36 milyon avro irəli düşdü.
"Everton”da parlayan istedad
"Everton”da icarədə keçirdiyi mövsümdə 20 qola imza atması Liverpul təmsilçisinin rəhbərliyinin ona olan inamını artırdı. Premyer Liqanın ortababı belçikalı hücumçunun transferi üçün bədxərclik etmədi. 36 milyon avroya heyətə cəlb edilən Lukaku, bu pula dəydiyini öz oyunu ilə sübut etdi. O, qısa müddətdə qolları sıralamağa başladı. "Everton”un heyətində 100-cü oyununu keçirəndə isə artıq hesabında 50 qol var idi. 23 yaşına çatmamış Premyer Liqada 50 qol həddinə çatdı. Bu nəticə ilə Lukaku öz adını daha öncə bu uğura imza atmış Robbi Fauler, Maykl Ouen, Kriştiano Ronaldo, Ueyn Runi kimi hücumçuların sırasına yazdırdı. "Everton”da hər keçən ildə bir az da inkişaf edən Lukaku, son mövsümdə 25 qola imza atdı. Bu göstərici isə onun artıq daha üst səviyyədə olan kluba - top-komandaya transferinin vaxtının gəldiyini göstəridi. Ona "elçi düşən” klub isə keçmiş günlərinin axtarışında olan "Mançester Yunayted” oldu. Mankunianlar belçikalının transferi üçün 85 milyon avro ödədi. Lukaku "qırmızı şeytanlar”la 5 illik müqavilə bağladı.
Mourinyonu istehza obyekti edən hücumçu
Maraqlıdır ki, Lukaku üçün sərvət ödəyən komandanın "sükanı arxasında” cəmi bir neçə il öncə onun xidmətindən imtina edən Joze Mourinyo var idi. Portuqaliyalı "Çelsi”də Lukakunun xidmətinə ehtiyac görməmişdi. Belçikalı hücumçunun "Everton”da qolları sıralaması isə Mourinyonu futbol ictimaiyyəti arasında istehza obyektinə çevirdi - təbii ki, bu cür istedadı əldən buraxdığına görə. Lukaku isə illər sonra verdiyi müsahibələrin birində "Çelsi”dən ayrılmasında əsas günahkarın Mourinyo olmadığını, özünün də ayrılmaq istədiyini bildirib:
"Ona (Mourinyo) sadəcə, "oynamaq istəyirəm” dedim. Buna hazır olduğumu düşünürdüm. O isə cavabında "getmə, sənə ehtiyacım var” demədi. Daha çox oynamağa ehtiyacım olduğunu o da bilirdi”.
"Qırmızı şeytanlar”ın "qırmızı iblis”i
Lukaku 3 il öncəkindən fərqli olaraq, "Mançester Yunayted”də Mourinyonun etimadını qazanmağa nail olub. O, cari mövsümdə komandanın ən sərrast futbolçusudur. Lukaku bu mövsümdə meydana çıxdığı 21 oyunda 12 dəfə rəqib komandaları cəzalandırıb. Premyer Liqada bombardirliyə əsas namizədlərdən hesab olunur. Maraqlıdır ki, Lukakunun çıxış etdiyi millinin - Belçika yığmasının da ləqəbi "qırmızı iblislər”di.
Millidən söz düşmüşkən, Romelu yığmada 2010-cu ildə, Xorvatiya ilə matçda debüt edib. Elə həmin ildə, Rusiya ilə yoldaşlıq görüşündə isə millidə qol hesabını açdı. Lukaku millidə 7 il ərzində şans qazandığı 65 oyunda 31 qola imza atıb. Bu il Meksika ilə yoldaşlıq görüşündə dubla imza atan forvard, millinin qol rekordunu qırdı. Belə ki, Romelu cəmi 24 yaşında Belçika millisinin ən sərrast futbolçusu olmağı bacardı.

Oyun tərzi
Ucaboy (191 sm), sürətli və fiziki cəhətdən güclü olan Lukaku mərkəz hücumçusuna lazım olan bütün keyfiyyətlərə malikdir. Ancaq Premyer Liqa kimi bir çempionatda çıxış edən hücumçu təkcə qol vurmamalı, həm də, meydandakı hər hərəkəti ilə komanda yoldaşlarına da oynamaq üçün şərait yaratmalıdır. Lukaku da meydanda təkcə qol vurmur, həm də, müdafiəçiləri özünə "çəkməklə”, komanda yoldaşlarının rəqibin cərimə meydançasına yolunu açır. Onun işlək ayağı soldur.
Portreti

Lukaku gələn il keçiriləcək mundialda Belçika millisinin azarkeşlərinin əsas ümidi deyil. Çünki "qırmızı iblislər”in heyətində Romeludan başqa da ulduzlar var. Onun üzərinə düşən əsas vəzifə isə Belçika yığmasının ulduzlardan ibarət millisində ümumi "ansambl”a uyğunlaşmaq, bu "ansambl”ın ifasını məntiqli sonluqla - qolla tamamlamaqdır. Hələ ki, bu iş ondan pis alınmır. İnadkar, öz məqsədinə çatmaq üçün daim çalışan, Lukakunun bu işin öhdəsindən gələcəyi heç də şübhə doğurmur. Məhz bu xüsusiyyətlərinə görə, Romelunu mundialda Belçika millisinin rəqiblərinin arxa xətti üçün "əsas təhlükə” saymaq olar.
Elnur
banner

Oxşar Xəbərlər