AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rusiyada Njdenin qəhrəmanlaşdırılmasına qarşı etiraz genişlənir

Rusiyada Njdenin qəhrəmanlaşdırılmasına qarşı etiraz genişlənir

Təfsilat
24 İyun 2020, 14:38 549
Vladimir şəhər rəhbərliyi faşist əlaltısının boş qəbrinin götürülməsini tələb edir
 
Faşizm üzərində Qələbənin 75 illiyinin keçirildiyi günlərdə "Faşizmə son” vətəndaş təşəbbüsü Vladimir meriyasına müraciət edərək şəhər qəbiristanlığında faşistlərlə əməkdaşlıq edən Qaregin Njdenin boş qəbrinin götürülməsini xahiş ediblər. Rusiyanın nüfuzlu "Rosbalt” nəşri yazır ki, təşəbbüs, portalın redaksiyasında keçirilən onlayn-konfransın yekununda qəbul edilib. Onlayn konfransda Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Dmitri Novikov, xarici və müdafiə Şurasının üzvü, Federal Təhlükəsizlik Xidmətinin istefada olan general-mayoru Aleksandr Mixaylov, eləcə də, vətəndaş təşəbbüs qrupunun üzvləri, Moskva hökuməti yanında millətlər üzrə Şurasının komissiya sədri Qalli Monastıryeva, ukraynalı jurnalist və politoloq Vladimir Çxvediani və s. şəxslər iştirak edib. Konfrans zamanı Rusiya ərazisində faşizm və nasist əlaltılarının qəhrəmanlaşdırılması cəhdlərinə qarşı praktiki addımlar nəzərdən keçirilib. Konfrans iştirakçıları Rusiya prezidenti Vladimir Putinin faşizm üzərində Qələbənin 75 illiyi zamanı faşizmin qəhrəmanlaşdırılmasına qarşı söylədiyi fikirləri dəstəkləyiblər. Dumanın deputatı Dmitri Novikov faşizmin qəhrəmanlaşdırılmasına qarşı ictimaiyyətin təşəbbüslərindən nümunə götürülməsinə çağırıb.
 
Xüsusi vurğulayıb ki, Böyük Vətən Müharibəsi tarixini saxtalaşdıranlara, eləcə də, faşizmi dəstəkləyənlərə qarşı yeni qanunvericilik aktları hazırlamaq gərəkdir. Qanunvericilik çərçivəsində bu vəziyyəti daha sıx nizamlamaq və müharibə tarixini saxtalaşdıranlara qarşı kampaniyanı genişləndirməyin zəruriliyi bildirilib. Bununla bağlı "Faşizmə son” təşəbbüs qrupunun üzvlərinin qəbul etdiyi müraciətdə bildirilir ki, bir neçə ildir ki, Qaregin Njdenin Vladimir qəbiristanlığında boş qalan qəbiri, necə deyərlər "xatirə tədbirlərinin” keçirilməsi yerinə çevrilib. Həmin tədbirlərdə Rusiyadakı erməni diasporunun nümayəndələri aktiv iştirak edirlər. Məqalədə bildirilir ki, faşist ordusu tərkibindəki erməni legionunda fəaliyyət göstərən Njde sovet kəşfiyyatı tərəfindən Bolqarıstanda həbs edilib və istintaq zamanı faşistlərlə əməkdaşlığını təsdiq edib. İstintaq müəyyən edib ki, Njdenin ələ aldığı yüzlərlə diversant SSRİ ərazisində hərbi cinayətlərdə, xüsusən də Krımda yəhudi əhaliyə qarşı həyata keçirilən vəhşiliklərdə iştirak edib. 

Konfransda bu barədə danışan ukraynalı politoloq Vladimir Çxvediani bildirib ki, Njdenin faşizm inancları hələ 30-cu illərdə Amerika isteblişmenti tərəfindən də təkzib edilmirdi. Jurnalist xatırladıb ki, faşizmə simpatiyası səbəbindən Njde ABŞ-dan qovulub və Almaniyaya, nasist ideologiyasının mərkəzi olan Münxenə gəlib. 1945-ci il mayın 4-də amerikalı bir konqresmen daşnakların Hitler və Xolokostu müdafiə etdiklərini bildirib. Njde faşizmi "bəşəriyyətə hədiyyə”, Almaniya və İtaliyaya yeni həyat bəxş edən hesab edib. Bu barədə o zamankı daşnak təbliğatında da fikirlər var. Xolokost isə "zəhərli elementi məhv edəcək bir cərrahi müdaxilə” adlandırılır. Sovet  məhkəməsi tərəfindən barəsində uzunmüddətli həbs qərarı çıxarılan Njde 1955-ci ildə Vladimir qəbiristanlığında basdırılıb. Ötən əsrin 80-ci illərində erməni millətçiləri onun meyitini gizli şəkildə Ermənistana gətirib orada basdırıblar.
 
SSRİ dağıldıqdan sonra meyitin hissələri ölkənin müxtəlif yerlərində dəfn edilib. Onlayn konfransın iştirakçıları xüsusi qeyd ediblər ki, bu gün Ermənistanda dövlət səviyyəsində Njdenin qəhrəmanlaşdırılması, ona sitayiş həyata keçirilir. Rəsmi ideologiya isə onun nasistlərlə əməkdaşlığını "Ermənistanın müstəqilliyi uğrunda mübarizənin məntiqi davamı” adlandırır. Yerevanın mərkəzində ölkə rəhbərliyinin iştirakı ilə abidə də ucaldılıb. Bildirilir ki, Rusiyada Njdeyə münasibət dəyişməyib. Məsələn, Müdafiə Nazirliyi, FTX-nin hesabatlarında Njdenin faşistlərlə əməkdaşlığını sübut edən çoxsaylı faktlar əks olunur. Müttəfiq Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasından narahatçılıq dəfələrlə qeyd olunub.

Konfransda çıxış edən "İzbor” klubunun Vladimir regional bölməsinin rəhbəri Dmitri Saqal bildirib ki, Rusiya ictimaiyyətinin diqqəti 2019-cu ildə yenidən faşist əlaltısına yönəlib. O zaman bəlli olmuşdu ki, Njdenin xatirə lövhəsi Armavirdə erməni kilsəsində də qoyulub. Bu da şəhər deputatı Vinoqradovun diqqətini cəlb edib və nəticədə Njdenin lövhəsini qara rəngə boyadı. Etirazlar zamanı lövhə götürülüb. Vladimir meriyasının müraciətində qeyd olunur ki, Armavirdəki lövhə Rusiya ərazisində faşist əlaltısına qoyulan yeganə lövhə deyil. Belə ki, Vladimirdə Njdenin qəbri ətrafında neçə ildir ki, erməni diasporu "xatirə tədbirləri” keçirir. Bundan əlavə, Ermənistandan gələn turistlər və ermən diasporu üçün Vladimirdə tur keçirilir. "Faşizmə son” təşəbbüs qrupu onu da müəyyən edib ki, Rusiyadakı erməni gəncləri arasında Njdeni qəhrəmanlaşdıran simvollar geniş yayılıb. Onun "çeqaqron” ideologiyası irqi alilik kimi təbliğ edilir.
 
Müraciətdə bildirilir ki, faşizm üzərində Qələbənin 75 illiyini qeyd edən bir ölkədə - Vladimir torpağında baş verənlərə göz yummaq olmaz. Məşhur sovet diktoru Levitanın vətənində faşist əlaltısının dəfn olunduğu yer, müqəddəs yerə çevrilə bilməz. Bu səbəbdən də şəhər rəhbərliyi müvafiq addımlar atmalıdır. Onların hərəkəti dözümlülük deyil, milyonlarla insanın xatirəsinə hörmətsizlikdir. Bu səbəbdən də vətəndaş təşəbbüsü Vladimir meriyası qarşısında Njdenin boş qəbrinin götürülməsi məsələsini qaldırıb. Dmitri Saqal bildirib ki, Rusiya beynəlxalq səviyyədə faşizmin qəhrəmanlaşdırılmasına qarşı ciddi addımlar atır. Əlavə edib ki, belə hallar, Ermənistan, Ukrayna və Baltikyanı ölkələrdə qeydə alınır. İndi isə belə cəhdlər Rusiyanın daxilində, Njdenin xatirəsini anılması ilə həyata keçirilir. "Bu gün belə təbliğatın obyekti Rusiyadakı erməni gəncliyidirsə, sabah digər milli azlıqlar, sonra isə bütün Rusiya ictimaiyyəti olacaq. Axı bu mübarizə, tək tarixi həqiqət uğrunda mübarizə deyil, rusiyalıların milli özünüdərkidir. Bizim nəsil kimi qəhrəman hesab edəcək? Jukovu, yoxsa Njdeni? Rusiyanın böyüklüyü bundan asılıdır. Mən hesab edirəm ki, bu mübarizədə xırdalıqlar ola bilməz. Bu səbəbdən də Njdenin Vladimirdəki boş qəbrinə qarşı prinsipiallıq həyata keçirilməlidir”, - deyə Saqal bildirib.
 
Azər