• cümə axşamı, 28 mart, 18:18
  • Baku Bakı 13°C

Rusiyada sevdiyi qızı Yunanıstanda tapan səyyah – SƏYAHƏT

05.04.17 13:32 9521
Rusiyada sevdiyi qızı Yunanıstanda tapan səyyah – SƏYAHƏT

Hər ölkənin, hər şəhərin özünəməxsus qoxusu olduğunu deyir. Ona görə səyahət etmək, dünyanı tanımaq əvəzolunmaz hissdir. Müsahibimiz səyahət etdiyi ölkələrdən çəkdiyi şəkilləri "instagram” profilində paylaşır. Biz də "çox gəzən çox bilər” misalını əsas tutub, səyahətçi ilə söhbətləşmək qərarına gəldik.

Həmsöhbətimiz hazırda Amerikada yaşayan, Harvard universitetinin məzunu Orxan Vəliyevdir. Orxan Rusiyada anadan olub. 5-ci sinifdən sonra isə ailə ilə birlikdə vətənə - Azərbaycana qayıdıb. 9-10-cu sinfi İsveçrədə oxuyub. 11-ci sinfi Azərbaycanda bitirib və Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. Universiteti bitirdikdən sonra Amerikaya köçüb və orada yaşayıb. Deyir ki, Amerikada yaşamaq və Harvard Universitetində təhsil almaq uşaqlıq arzusu olub: "Evdə tək” filminə baxdıqdan sonra bu ölkədə yaşamağı qarşıma məqsəd qoymuşdum. Lakin Harvard Universitetinə 2 il qəbul ola bilmədim. 2 il sonra Harvard universitetində Biznesin İdarə olunması fakültəsində magistr təhsili aldım”.
Dünyanın 57 ölkəsində olan Orxan səyahət etməyə uşaqlıqdan başlayıb: "Ailəm də səyahəti sevirdi. Demək olar ki, orda-burda böyümüşəm. Uşaq vaxtı Meksikada, Braziliyada olurduq. Biz ailəliklə səyahət edirdik. Atam bizi ən çox Avropada gəzdirirdi. Amma mən müəyyən yaşa çatdıqdan sonra dünyaya daha çox açıldım. Amerikaya köçdükdən sonra bu arzumu reallaşdırdım.
Məlumat üçün bildirək ki, müsahibimiz rus, ingilis, ispan, fransız dillərini bilir. Dil bilməsi gəzdiyi ölkələrdən zövq almasına kömək edir.


- İlk səyahət etdiyiniz ölkə hansıdır?


- İlk dəfə ailəmlə İtaliyaya getmişdik. Çünki atam İtaliyanı çox sevirdi. 8-9 yaşım olardı. 20 gün İtaliyanı gəzdik. Amma özümün ən çox sevdiyim ölkə Amerikadır. Amerikadan sonra daha rahat olduğum ölkə isə İspaniyadır. Barselonanı, İvisanı, Malyorkanı çox sevirəm. Ən çox sevdiyim şəhər isə Parisdir. Parisi çox yaxşı tanıyıram.


- Amerikada yaşayırsınız. Bu ölkə ilə bağlı təəssüratlarınız necədir? Okeanın o tərəfi haqqında nə deyə bilərsiniz?

- Amerika çox fərqli ölkədir. Orada həyat başqadır. İnsanları fərqli düşünür. Ən əsası odur ki, onlar həyatda tək özlərini düşünürlər. Hər kəs öz həyatını yaşayır, kiminsə həyatını yaşamır. Onlar hər dəfə deyir ki, həyat kiminsə həyatını yaşamaq üçün çox qısadır. Okeanın o tərəfi fərqlidir. Əsl kinolardakı kimidir. İnsanlar sakitdir. Orada gecə olanda, burada səhər olursa, hansısa fərqlərdən danışmağa dəyməz. Amerika ilə Azərbaycan gecə ilə gündüz kimidir. Bu ölkənik təsvir etməyə söz tapa bilmirəm. Sadəcə, oranı görüb, hiss etmək lazımdır.


- Hansı ölkədə hansı yerə dəfələrlə getsəniz də, ordan doymursunuz?

- Kaliforniyada San-Fransiskoya nə qədər getsəm yorulmaram. Ruh azadlığı deyilən bir məfhum var. Məhz həmin şəhərdə ruh azadlığını hiss edirəm. Sırf San-Fransiskoda insan öz ruhu ilə söhbət edə bilir. Şəhərin ab-havası sizi özünüzlə danışmağa vadar edir. Mən hislərimlə yaşayan insanam. Nəyi hiss edirəmsə, onu da edirəm. San-Fransiskoda şəhərin hər bir tərəfindən sevgi, ehtiras damır. Sakitlikdir. Adicə çirkin bir qadını görəndə deyirsiniz ki, İlahi, bu necə gözəldir... Bu şəhəri sevirəm, ona görə ki, sən lüt də olsan, sənə baxıb bir söz deməzlər. Əsas odur, öz həyatını yaşayırsan.


- 56 ölkədə olmusunuz. Hansı ölkənin mətbəxini sevirsiniz?


- Hər bir ölkənin özünəməxsus mətbəxi var. Osmanlı mətbəxini çox sevirəm. Məncə türk mətbəxi kimi dünyada ikinci möcüzəvi bir mətbəx yoxdur. Livan mətbəxinin maraqlı yeməkləri olur, bir də Meksikada ət yeməyin ləzzəti ayrıdır.

- Bəs sizi təəccübləndirən mətbəx hansı mətbəxdir?

-Xorvatiyanın yeməkləri maraqlıdır. Rus mətbəxinə də oxşayır, amma tam elə deyil. Dünyada bəyənmədiyim və qəbul etmədiyim mətbəx Çin mətbəxidir. Onunla da yaxından tanış olmuşam. Tanış olduğum kimi də qaçmışam (gülür). Çin mətbəxinin qoxusunu götürə bilmirəm. Yapon da buna daxildir. Hətta mənim bir yaxın azərbaycanlı dostum var, bir gün onlara getdim. Onun sevgilisi koreyalı idi. Təsəvvür edin, su içmək üçün soyuducuya yaxınlaşdım, elə bir qoxu gəldi ki, allergiya olmuşdum.

- Sevgili demişkən, hansı ölkənin xanımları ilə yaşamağa dəyər?

- Hər zaman demişəm, indi də deyirəm. Dünyanın bir çox ölkəsində olmuşam, çox mentaliteti görmüşəm. Öz mentalitetim də demək olar ki, Azərbaycan mentalitetinə uyğun deyil. Amma bir söz deyə bilərəm ki, Azərbaycan qadını dünyanın ən gözəl, ən səmimi, ən ehtiraslı və ən əsası qadın kimi qadındır. Yaxşı ki, Azərbaycan qadınları var və biz azərbaycanlıları xoşbəxt edirlər.

- Orxan bəy, səyahət zamanı hansısa təhlükə ilə üzləşmisiniz?

- Bir dəfə Avropa çempionatının hansısa oyunu idi. Fransada idim. Futbol gedə-gedə dedilər ki, stadionu partladacaqlar. Bu da bizdə qorxu yaratmışdı. Təyyarədə uçuşlar zamanı təhlükələr olub. Amma şükür Allaha, heç nə olmayıb.

- Azərbaycan ən çox hansı ölkələrdə az tanınır?

- Azərbaycanlıları Afrika ölkələri yaxşı tanımır. Afrikanın elə ölkəsi var ki, biz də tanımırıq. Onlar üçün Azərbaycan balaca bir ölkədir. Hər dəfə səyahətlərimdə Azərbaycan haqqında danışıram.

Bəs səyahətlərinizdə unutmadığınız hadisə nədir?

- Hər bir ölkədə maraqlı hadisələrlə rastlaşıram.
Mən xaraktercə çılğın olduğuma görə, tez-tez başıma belə hadisələr gəlir. Bir dəfə uşaq vaxtı Rusiyada məktəbdə sevdiyim qızı Yunanıstanda görmüşəm. Danışıb tanış olmuşuq. Rusiyadan söhbət düşəndə bilmişəm ki, bu həmin qız imiş. Mənim üçün çox maraqlı xatirə idi.

- Orxan bəy, səyahətə başlamaq istəyən insanlara nə məsləhət görürsünüz?

- Bizə yaxın Avropadır, İlk olaraq burdan başlamaq lazımdır. Öncə Avropadakı dünyanı görsünlər, sonradan Amerikaya, Afrikaya getsinlər. İtaliya, Fransa, İspaniya çox gözəldir. Xorvatiya ailəvi istirahət üçün ideal yerdir. Sonra isə məsləhət görərdim Meksika, Tailand, Şiri-Lanka, Sinqapura getsinlər. Ən əsası, gedərkən heç nə götürməsinlər. Əgər istirahətə gedirlərsə, hətta telefonlarını belə evdə qoysunlar. Sadəcə, bir fotoaparat kifayət edir. Çünki hər bir ölkənin, hər bir şəhərin özünün xatirəsi, qoxusu olur. O qoxunu duymaq üçün tək səyahət etmək lazımdır. Ölkə var ki, 6-7 dəfə təkrar olmuşam, hər dəfə də eyni qoxunu alıram. Tək istirahət etməyi xoşlayıram, bu, mənim üçün daha maraqlıdır. İnsan tək, yalnız fotoaparatla səyahətin dadını çıxarmalıdır.
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər