• cümə, 29 Mart, 01:36
  • Baku Bakı 7°C

Rusiyada keçirilən konfransda erməni alimin məruzəsindən “Şərqi Ermənistan” sözləri çıxarılıb

06.10.16 11:47 893
Rusiyada keçirilən konfransda erməni alimin məruzəsindən “Şərqi Ermənistan” sözləri çıxarılıb
Rusiya Dövlət Ermitajının direktoru Mixail Piotrovski AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlıya məktub ünvanlayıb.

MuzeydənAPA-ya verilən məlumata görə, məktubda hər iki muzey arasında mövcud olan ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndirən M.Piotrovski Sankt-Peterburqda keçirilən beynəlxalq konfransda erməni alim A.Akopyanın məruzəsinin təhrif olunmuş ad altında təqdim olunmasını anlaşılmazlıq adlandırıb.

O qeyd edib ki, AMEA Prezidenti akademik A.Əlizadənin və akademik N.Vəlixanlının dəstəyi ilə Azərbaycan alimlərinin konfransda iştirak etməsindən məmnundur və gələcək elmi əlaqələrin inkişaf etdirilməsini dəstəkləyir.

Xatırladaq ki, sentyabrın 26-29-da Sankt-Peterburqda, Dövlət Ermitajında islam numizmatikasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. Konfransın proqramına erməni alimi A.Akopyanın İrəvan, Naxçıvan, Qarabağ, Gəncə xanlıqlarının ərazisinin "Şərqi Ermənistan” adı ilə təqdim olunduğu məruzə daxil edilib.

Bununla əlaqədar AMEA Milli Azərbaycan Tarixi Muzeyi Dövlət Ermitajına etiraz məktubu göndərib. Etiraz məktubundan sonra məruzənin adından "Şərqi Ermənistan” sözləri çıxarılıb.

Konfrans vaxtı erməni alimin təxribatının qarşısını almaq və tarixi həqiqəti auditoriyaya çatdırmaq məqsədilə AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə bir qrup alim Sankt-Peterburqa ezam edilib.

Sentyabrın 26-da Azərbaycan nümayəndə heyətinin üzvləri Ermitajın direktoru M.B.Piotrovski ilə görüşüblər. M.B.Piotrovski Azərbaycan alimlərinin nüfuzlu elmi tədbirdə iştirakından məmnunluğunu və A.Akopyanın məruzəsinin ilkin adının təşkilat komitəsi ilə razılaşdırılmadığını bildirib.
banner

Oxşar Xəbərlər