• şənbə, 20 Aprel, 17:03
  • Baku Bakı 23°C

“Rusiyada heç vaxt anti-Azərbaycan kampaniyası aparılmayıb və aparılmayacaq” - Səfir

18.10.13 13:18 1416
“Rusiyada heç vaxt anti-Azərbaycan kampaniyası aparılmayıb və aparılmayacaq” - Səfir
“Baş vermiş hadisə barədə mətbuatda çox şərhlər verilib və siyasətçilər tərəfindən çox bəyanatlar səslənib. İnsanların emosiyaları anlaşılandır, lakin mən qeyd etmək istəyirəm ki, Rusiyanın bu məsələyə diqqəti cinayətdə şübhəli bilinən şəxsin milli mənsubiyyəti ilə bağlı deyil, sadəcə, bu işin səs-küylü olması ilə əlaqədardır. Ola bilər ki, Rusiya mətbuatındakı bəzi materiallar hüquqi nöqteyi-nəzərdən qüsursuz deyil, lakin mən sizi əmin etmək istəyirəm ki, Rusiyada heç vaxt anti-Azərbaycan kampaniyası aparılmayıb, aparılmır və aparılmayacaq”.
APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. O bildirib ki, Rusiya Azərbaycanla münasibətlərin qədrini bilir: “Məhkəmənin qərarı nə olursa olsun, biz bu epizodun ölkələrimiz arasındakı münasibətlərə, Rusiyada çalışan və ölkəmiz üçün böyük və vacib işlər görən azərbaycanlılara olan xoş hisslərimizə təsir göstərməməsi üçün hər şeyi edəcəyik”.
Səfir xatırladıb ki, oktyabrın 9-dan 10-na keçən gecə Moskvada böyük ictimai rezonans doğuran qətl hadisəsi baş verib: “Bu rezonans onunla şərtlənib ki, ertəsi gün həmin rayonda belə demək mümkündürsə, xalq yığıncağı, etiraz aksiyası keçirilib və bu, polislə kütləvi toqquşmalara, dava-dalaş və talanlara çevrilib. Bu hadisələrin kökündə Rusiyada yaşayan miqrantların, o cümlədən qeyri-leqal miqrantların bir hissəsinin kriminal və antisosial davranışları ilə bağlı yığılıb qalan problemlər dayanır. Oktyabrın 15-də cinayətin törədilməsində şübhəli bilinən şəxs - Orxan Zeynalov saxlanılıb. Eyni zamanda, etiraz aksiyalarında qızışdırıcılıq mövqeyindən çıxış edən 2 nəfər saxlanılıb və onlara müvafiq ittihamlar irəli sürüb. Hazırda Rusiyanın səlahiyyətli orqanları təhqiqata başlayıb. Sizin soydaşınızın bütün prosessual hüquqları təmin olunub – onun vəkili və tərcüməçisi var. İttiham tərəfinin bütün materialları Azərbaycan dilinə tərcümə olunub. Mən əminəm ki, yaxın vaxtlarda iki ölkə arasında qüvvədə olan razılaşmalar və sənədlərə uyğun olaraq Azərbaycan səfirliyinin nümayəndələrinin saxlanılan şəxslə görüşünə icazə veriləcək. Məsələ hüquqi müstəvidədir və biz məhkəmənin qərarını gözləyirik, əminik ki, məhkəmə düzgün qərar qəbul edə biləcək”.
Rusiyalı diplomat O. Zeynalovun hansı şəraitdə yaxalanmasını da şərh edib: “Əlbəttə, bu kadrlar, belə deyək ki, xoşagələn mənzərə deyil. Lakin siz başa düşməlisiniz ki, söhbət xüsusilə ağır cinayətdə şübhəli bilinən şəxsin tutulmasından gedir. O, silahlı ola bilərdi, hansı hərəkəti edəcəyini qabaqcadan bilmək qeyri-mümkün idi və əməliyyatı xüsusi təyinatlılar keçirirdi. Belə situasiyalarda dünyanın bütün ölkələrində xüsusi təyinatlılar bu cür davranır. Lakin saxlanılan şəxsin və onun vəkilinin ilkin istintaq mərhələsində polisin ifrat və yanlış hesab etdikləri davranışlarından şikayət vermək hüquqları var”.
Səfir sonda hər kəsi Rusiya və Azərbaycanda millətçi tendensiyaların yayılmasının qarşısını almağa çağırıb.
banner

Oxşar Xəbərlər