• cümə axşamı, 18 aprel, 09:55
  • Baku Bakı 12°C

Rusiyada böyük narahatlıq

20.04.17 09:00 767
Rusiyada böyük narahatlıq
Rusiyanın bir sıra kütləvi informasiya vasitələri Birləşmiş Ştatların bu ölkənin sərhədləri yaxınlığında bioloji silah yaratmaq istəyi ilə bağlı xəbərlər yayıblar. Özü də məsələ ondadır ki, Birləşmiş Ştatlar məxfi bioloji laboratoriyaları Rusiyaya hansısa rəqib ölkədə deyil, onun Cənubi Qafqazdakı forpostu Ermənistanda yerləşdirmək istəyir.
Bu tip xəbərlər əvvəllər də Rusiyanın bir sıra tanınmamış mətbu orqanları tərəfindən səslənib. Lakin bu dəfə xəbər Rusiyanın tanınmış telekanalı – Müdafiə Nazirliyinin tabeliyində olan "Zvezda” kanalında səslənib. BMT baş katibinin kimyəvi və bioloji silah üzrə keçmiş müşaviri İqor Nikulin telekanalın "Qəsdin nəzəriyyəsi” verilişinin efirində bildirib ki, Birləşmiş Ştatlar bioloji laboratoriyaları Rusiyanın cənub sərhədlərində yerləşdirəcək. "Pentaqon hazırda Rusiya Federasiyasının bütün cənub sərhədləri boyu referens-laboratoriyaların yaradılması ilə bağlı böyük bir proqramın icrasına başlayıb. Bu ölkələr sırasında Ukrayna, eləcə də Qazaxıstan, Qırğızıstan və s. ölkələr var. Praktiki olaraq, onlar bizim bütün cənub ərazilərimizi əhatə edir və ərazilərimizin yaxınlığındadır”, - deyə ekspert vurğulayıb.
Nikulin izah etməyə çalışıb ki, Rusiya sərhədlərində virusların peyda olması məhz bununla bağlıdır. Halbuki, belə hallara əvvəllər rast gəlinməyib. "Bu yaxınlarda Abxaziyada Zika virusunun yayılmasında əsas rol oynayan ağcaqanadlar peyda olub. Şimal yarımkürəsində onlara heç zaman rast gəlinməyib. Bu, sırf Cənubi Amerika ağcaqanadıdır. Lakin ortada olan odur ki, onlar peyda olub və bu elə-belə deyil. Bu viruslar xüsusi laboratoriyalarda hazırlanır. Deyə bilərik ki, konkret Amerika laboratoriyalarında”.
Öz növbəsində, Rusiyanın başqa bir nəşri, millətçi mövqeyi ilə seçilən "Kolokol Rossii” konkretləşdirir ki, bu laboratoriyalar məhz Ermənistandadır. Nəşr xatırladır ki, 2016-cı ildə ABŞ Müdafiə Nazirliyi yanında Təhlükələrin azaldılması Agentliyinin (Defense Threat Reduction Agency, DTRA) maliyyəsi ilə Ermənistanda üç biolaboratoriya açılıb. Bu laboratoriyalar Yerevan, Gümrü və İcevanda açılıb. Eləcə də, bu il ərzində Lori, Geqarkuniksk və Sünik vilayətlərində analoji laboratoriyalar açılacaq. "ABŞ bəyan edir ki, bu laboratoriyaların mülki əhəmiyyəti var. Lakin bu mərkəzlərin əsl əhəmiyyəti yalnız sifarişçilərə bəllidir”, - deyə portala müsahibəsində ekspert Ayk Ayvazyan bildirib. Ekspertin sözlərinə görə, narahatlıq doğuran hal ondan ibarətdir ki, bu laboratoriyalar Birləşmiş Ştatların maliyyəsi ilə ərsəyə gətirilir. "Amerikanın hərbi komandanlığı endemik patogen informasiyaların mütəmadi və sistematik olaraq alıcısıdır. Eləcə də, onlarla mübarizə, yayılma kanalları, xəstəliklər və s. hallarla bağlı informasiyalar alır. Bütün bunlar yeni bioloji hücum silahlarının hazırlanması üçün qiymətli vasitədir”.
Nəşr xüsusi qeyd edir ki, analoji laboratoriyalar əvvəllər Gürcüstanda açılıb. Tbilisi yaxınlığında Riçard Luqar adına "İctimai sağlamlıq tədqiqat Mərkəzi” fəaliyyət göstərir. Qeyd edək ki, bu laboratoriya Ermənistanda da ciddi rezonans doğurmuş və narahatlığa səbəb olmuşdu. Erməni tərəfi iddia edirdi ki, onların sərhədi yaxınlığında inşa edilən bu laboratoriya bir sıra xəstəliklərə səbəb olub. "Sərhəd ərazilərdə donuz qripi və onlarla insanın ölümü Ermənistanda belə bir qorxu yaratmışdı ki, virus həmin laboratoriyadan yayılıb”, - deyə "Regnum” yazmışdı. Bu laboratoriya 2011-ci ildə açılıb. Gürcüstanın xəstəliklərə qarşı mübarizə mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib ki, burada bioloji silahlar yaradılması üzrə gizli təcrübələr keçirilir, viruslar düzəldilir. Laboratoriyada 50 nəfər çalışır. Kuratorlar sırasında amerikalılar da var.
Rəsmi Tbilisi isə dəfələrlə laboratoriyada məxfi təcrübələrin aparıldığını təkzib edib. Və bununla bağlı yayılan dezinformasiya xəbərlərində xarici ölkələrin xüsusi xidmətlərini günahlandırıb. Qeyd edilib ki, laboratoriya Dünya Səhiyyə Təşkilatının razılığı ilə fəaliyyət göstərir.
Yeri gəlmişkən, Ermənistandakı məşhur Metsamor AES də ciddi təhlükə mənbəyi olaraq qalır. "Barıt çəlləyini” xatırladan bu stansiya uzun müddətdir ki, dünya mediasının diqqətindədir. Qeyd edilir ki, istifadə müddəti başa çatan və qəzalı vəziyyətdə olan bu stansiya hər an partlamaq təhlükəsi ilə üz-üzədür. Lakin təəssüfedici haldır ki, məxfi laboratoriyalardan min dəfə ciddi təhlükə mənbəyi olan bu stansiyaya beynəlxalq ictimaiyyət böyük önəm vermir. Ətraf ölkələr - Azərbaycan, İran, Gürcüstan, Türkiyə, eləcə də Rusiya üçün potensial təhlükə mənbəyi olan AES-lə bağlı heç kim səsini çıxarmır. Yalnız üç ölkə - Azərbaycan, Türkiyə və arabir Gürcüstan beynəlxalq tədbirlərdə bu təhlükəni mütəmadi olaraq qaldırır. Ermənistan isə nəinki stansiyanı dayandırmaq barədə düşünür, əksinə, Rusiyanın yaxından köməyi ilə onun bloklarını daha da aktivləşdirir.
Azər
banner

Oxşar Xəbərlər