• cümə, 26 Aprel, 00:32
  • Baku Bakı 16°C

Rusiya öz vətəndaşları arasında ayrı-seçkilik edir

19.01.17 11:00 1496
Rusiya öz vətəndaşları arasında ayrı-seçkilik edir
Rusiya və İsrail vətəndaşı, bloger Aleksandr Lapşin digər əcnəbilərlə Dağlıq Qarabağa qanunsuz səfər etdiyinə görə, onun adı 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahısı”na daxil olunub. Lakin 2015-ci ildə A.Lapşin Ukrayna pasportu ilə Azərbaycan ərazisinə Gürcüstandan keçib. Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun Oleksandr yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib. Azərbaycan tərəfi "Dövlət sərhədinin pozulması haqqında” qanunu pozduğu üçün blogeri beynəlxalq axtarışa verib. Ötən ilin sonlarında bloger A.Lapşin Azərbaycan tərəfinin sorğusu əsasında Belarusun paytaxtı Minskdə saxlanılıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov srağagün Moskvada keçirdiyi mətbuat konfransında bu məsələyə də toxunub. O, istənilən jurnalist və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırmağın və onun cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinə olduğunu diqqətə çatdırıb. Eyni zamanda, rusiyalı diplomat A.Lapşinin üçüncü ölkəyə ekstradisiyasının əleyhinə olduğunu da bəyan edib. A.Lapşinin eyni zamanda İsrail vətəndaşı olduğunu xatırladan S.Lavrov israillilərlə sıx əlaqədə olduqlarını, bu hadisə ilə əlaqədar diplomatik fəaliyyət aparıldığını söyləyib. S.Lavrov xüsusi olaraq vurğulayıb ki, Rusiya vətəndaşının bütün hüquqlarının qorunması şərti ilə bu məsələnin həlli üçün bütün lazımi tədbirlər görüləcək.

Rusiya xarici işlər nazirinin açıqlamasından da göründüyü kimi, rəsmi Moskva ikili vətəndaşlığı olmasına rəğmən, bloger A.Lapşini öz vətəndaşı sayır və onun hüquqlarının ən yüksək səviyyədə müdafiəsi üçün bütün zəruri tədbirlərə əl atır, İsrail dövləti ilə birlikdə sistemli iş aparır. Ancaq təəssüflər olsun ki, Rusiya belə "isti” münasibəti heç də bütün vətəndaşlarına şamil etmir. Misal üçün, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz QuliyevErmənistan silahlı birləşmələri tərəfindən işğal olunan Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən qondarma rejimin hərbçiləri tərəfindən girov götürülüb, daha bir Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti sonradan düşməndən alınaraq Bakıda dəfn edilib. Amma Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağda Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. Həmin "məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan tərəfi, eləcə də D.Əsgərovun ailəsi onun Rusiya vətəndaşı olması, qeyri-qanuni həbs edilməsi, mənəvi-psixoloji, fiziki işgəncələrə məruz qalması, həbs edilməsi, bir sözlə hüquqlarının kobud şəkildə pozulması ilə əlaqədar bütün beynəlxalq instansiyalara, həmçinin Rusiya diplomatik nümayəndəliklərinə müraciət etsə də, heç bir nəticə hasil olmayıb. Bu gün ikili vətəndaşlığı olan A.Lapşinə görə böyük narahatlıq keçirən, onun hüquqlarını ən yüksək səviyyədə müdafiə edən Kreml təmsilçiləri digər Rusiya vətəndaşı D.Əsgərov barədə arzuolunan tədbirlərə əl atmayıblar. Beləliklə də ikili standartlardan çıxış edən rəsmi Moskva öz vətəndaşı D.Əsgərovun taleyinə açıq-aşkar biganəlik nümayiş etdirib. Təəssüf ki, bu biganəlik indi də davam etdirilməkdədir.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Məmmədov mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, Rusiya vətəndaşları A.Lapşin ilə D.Əsgərovun hüquqlarının müdafiəsinə fərqli münasibətin sərgilənməsi, ikinciyə qarşı ayrı-seçkiliyin nümayiş etdirilməsi böyük diqqət çəkir. Millət vəkili bunu ikili standartlarla əlaqələndirib. Deyib ki, diplomatiyada hər zaman çoxsaylı standartlar mövcuddur: "Ümumiyyətlə, bu gün eyni məsələyə müxtəlif qeyri-obyektiv kriteriyalarla yanaşmaq və şərh vermək ənənəsi ikili standartlar kimi qiymətləndirilir. Aleksandr Lapşinlə Dilqəm Əsgərovun vəziyyətinə münasibətdə də ikili standartlar özünü göstərir. Burada hüquq anlayışının məntiqi, beynəlxalq hüququn aliliyi pozulur. Bütövlükdə isə hazırkı prinsipial məqamda siyasi əxlaq dediyimiz anlayış da duruş gətirə bilmir, siyasi əxlaqın da məntiqi itir. Bu gün hər bir milli dövlət ən müxtəlif yollarla, ən müxtəlif nüansları nəzərə alaraq, mümkün tədbirlərə əl atır, öz mövqeyini bu və ya digər şəkildə şərh edir, yaxud onun müdafiəsinə qalxır. Hüquq prinsipindən yanaşsaq, irqindən, cinsiyyətindən, milliyyətindən asılı olmayaraq, bütün vətəndaşlar mənsub olduqları dövlətin himayəsi altındadırlar, eynihüquqlu vətəndaş statusu daşıyırlar. Dövlətin bütün imkanları öz vətəndaşlarının hüquqlarını qorumaq üçün səfərbər olunmalıdır. Eyni ölkənin bir vətəndaşının hüquqlarının qorunmasına prinsipial mövqe nümayiş etdirmək, digərinin isə taleyinə biganə yanaşmaq yolverilməzdir. Çox təəssüf ki, Aleksandr Lapşin və Dilqəm Əsgərova münasibətdə belə bir reallıq mövcuddur. Rusiya xarici işlər nazirinin son açıqlamasında biz bir daha bu fərqli münasibətin şahidi olduq. Dünya siyasətinin həm reallıqları, həm də eybəcərlikləri bax burdadır”.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov Rusiyanın daim Ermənistanı, erməniləri himayə etməyinin artıq heç kəsdə təəccüb doğurmadığını dilə gətirib. Millət vəkili deyib ki, Lavrovun son fikirləri də ümumilikdə Rusiya rəsmilərinin ənənəvi yanaşmasıdır. O, Rusiya xarici işlər naziri S.Lavrovun əslən erməni olmasına da diqqət çəkərək, onun söylədiklərinin təəccüb doğurmadığını bir daha vurğulayıb. Politoloq R.Musabəyov bizimlə söhbətində hadisəyə beynəlxalq hüquq nöqteyi-nəzərindən mövqe bildirməyin də artıq əhəmiyyətsiz olduğunu söyləyib. Bildirib ki, beynəlxalq hüquq böyük dövlətlərin əlində yozum vasitəsidir və özləri istədikləri kimi beynəlxalq hüququ yozmaqda davam edirlər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin üzvü Elman Məmmədov isə qəzetimizə açıqlamasında bildirib ki, ötən iki il ərzində D.Əsgərov məsələsi ilə əlaqədar media üzərindən Rusiya Federasiyası rəhbərliyinə bir neçə dəfə sual ünvanlayıb. Deputatın sözlərinə görə, həmin suallardan biri də bu olub ki, əgər müsəlman, azərbaycanlı D.Əsgərovun əvəzinə hər hansı xristian Rusiya vətəndaşı eyni hərəkəti etsəydi, həmin vaxt ermənilər ona qarşı da eyni hərəkəti edər, onu qanunsuz həbsdə saxlayar, işgəncələrə məruz qoyardımı? Əgər belə hal eynən təkrarlansaydı bu zaman Rusiya hansı tədbirlərə əl atardı? Millət vəkili deyib ki, bu kimi bir çox suallar Rusiya tərəfindən indiyə qədər cavabsız buraxılıb: "Sergey Lavrovun açıqlaması, indiki məqam bir daha sübut edir ki, Rusiya hər zaman olduğu kimi indi də bu kimi məsələlərə öz prizmasından yanaşır. Bu hadisə bir daha sübut edir ki, Rusiya öz vətəndaşlarına milliyyətinə görə fərq qoyur, onların hüquqlarının müdafiəsinə də bu aspektdən yanaşır. Əgər hüquqları pozulan xristiandırsa, rusdursa dərhal müvafiq qurumlar, diplomatik nümayəndəliklər hərəkətə başlayır, onun hüquqlarını ən yüksək səviyyədə qoruyurlar. Lakin hüquqları pozulan Rusiya vətəndaşı müsəlmandırsa, rəsmi dairələr buna əhəmiyyət vermirlər, taleyinə biganə yanaşır, hətta işgəncələrə məruz qalmasına, öldürülməsinə də əhəmiyyət vermirlər. Hüquqi bir dövlət üçün öz vətəndaşlarına qarşı belə ayrı-seçkilik yolverilməzdir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər