• çərşənbə axşamı, 19 mart, 14:57
  • Baku Bakı 8°C

Rusiya XİN rəhbəri növbəti dəfə ermənilərə hamilik etdi

23.06.18 09:00 850
Rusiya XİN rəhbəri növbəti dəfə ermənilərə hamilik etdi
Bir neçə gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı BMT qətnamələrinin döyüş əməliyyatları getdiyi vaxtda qəbul edildiyini deyib. Onun bu fikirləri o anlama gəlir ki, həmin qətnamələr indi keçərli deyil. Artıq məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi öz münasibətini bildirib və qeyd edib ki, BMT TŞ-nın qətnamələri icra olunmayana qədər onların vaxt məhdudiyyəti yoxdur və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar tamamilə aydın yanaşma nümayiş etdirir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun bu mövqeyi real vəziyyətə adekvat deyil: "Bu, həqiqətin təhrif edilməsidir. Həqiqət də ondan ibarətdir ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Həmin qətnamələrdə erməni silahlı qüvvələrinin tamamilə və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi öz əksini tapıb. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təsdiqlənib. Hesab edirəm ki, Sergey Lavrov çox gözəl bilir ki, BMT nizamnaməsinin məşhur 25-ci maddəsinə görə, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi məcburi xarakter daşıyır. Yəni, burada müharibə faktoru və ya dinc dövr məsələsi əksini tapmayıb. İstənilən halda qətnamələrin yerinə yetirilməsi icbaridir. Bu qətnamələrin müharibə dövründə qəbul edilməsinə gəlincə, məgər indi müharibə dayanıbmı? Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı deyə bilərikmi daha müharibə yoxdur? Bu qətiyyən dondurulmuş münaqişə deyil. İstənilən an müharibə yenidən başlaya bilər. Ona görə də qətnamələr müharibə dövründə qəbul edilib və indi təsirə malik deyil kimi yanaşmalar kökündən yanlışdır. Bu, qarşı tərəfdə, təcavüzkarda növbəti dəfə arxayınçılıq sindromunun gücləndirilməsinə gətirib çıxarır”.
E.Nəsirov qeyd etdi ki, qətnamələrin qəbulundan neçə il keçməsinə baxmayaraq, onlar yerinə yetirilməyibsə, buna BMT Təhlükəsizlik Şurası məsuliyyət daşıyır: "Bu qurumun nüfuzuna zərər vuran ən böyük amillərdən biri odur ki, qəbul etdiyi sənədlərin icra mexanizmi yoxdur. Prezident İlham Əliyev də dəfələrlə, eyni zamanda BMT kürsüsündən səsləndirib ki, bu qurumda islahatlara ehtiyac var. Bu islahatlar ilk növbədə elə BMT-nin öz qətnamələrinin icra mexanizmini yaratmasından başlamalıdır. Çünki qətnamələr bir halda icra olunur, başqa bir halda isə 20 ildən çox vaxt keçməsinə baxmayaraq, icra olunmur. Deməli, icra mexanizmi ilə bağlı BMT-də çox ciddi boşluqlar var və bu istiqamətdə daha böyük islahatlara ehtiyac var. Ona görə də hesab edirəm ki, istənilən halda BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmalıdır və bu təşkilatın nizamnaməsinin 25-ci maddəsi bunun üçün hüquqi əsas yaradır”.
Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirdi ki, Azərbaycan XİN tərəfindən artıq Lavrovun çıxışına cavab verilib: "Məsələdən xəbəri olanlar bilir ki, BMT Təhlükəsizlik Şurasının verdiyi qərarların vaxt limiti yoxdur, yəni onlar icra olunana qədər səlahiyyət müddəti var. Rusiya xarici işlər nazirinin sözlərindən belə anlaşılır ki, atəşkəs rejiminin olması və saxlanması üçün BMT Təhlükəsizlik Şurası həmin qərarı qəbul edib. Sonra ATƏT-in Minsk qrupu artıq danışıqlar masasında Ermənistan və Azərbaycan dövlət başçıları ilə ikitərəfli, üçtərəfli görüşlər keçirib və bununla da həmin qətnamələr öz aktuallığını itirib. Lakin əslində bu belə deyil, Lavrov Rusiya xarici siyasət idarəsinin rəhbəri kimi çox yaxşı bilir ki, BMT-nin Təhlükəsizlik Şurasının verdiyi qətnamələr çox vacib qərarlardır. BMT dünyada bir nömrəli qurumdur və belə bir təşkilatın verdiyi qərara bu cür laqeyd yanaşmaq təbii ki, olmaz. Bu qətnamələrdə qeyri-qanuni hərbi birləşmələrin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasından söhbət gedir. Lavrovun bildiyi kimi, Minsk qrupu vasitəsilə danışıqlar gedir. Lakin ötən illər ərzində biz BMT-nin qətnamələrində deyildiyi kimi, ermənilərin torpaqlarımızın işğalına son qoymasının şahidi olmamışıq. Əgər biz bunun şahidi olmamışıqsa, o zaman Lavrovun dedikləri təbii ki, əsassızdır. BMT-nin bəyannaməsində bildirilir ki, münaqişələr ölkələrin ərazi bütövlüyü və xalqların müqəddəratını təyinetməsi əsasında həll edilməlidir. Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyü pozulub və xalqların müqəddəratını təyinetmə prinsipi bu münaqişədə keçərli deyil. Çünki erməni xalqı öz müqəddəratını, birincisi, təyin edib, öz dövləti var, ikinci isə, mərkəzi hakimiyyətlə, yəni Azərbaycanla heç bir dialoqa getmədən birbaşa olaraq müharibəyə başlayıblar, azərbaycanlıları terrora məruz qoyublar”.
Z.Məmmədov vuğuladı ki, istənilən halda BMT-nin bütün qətnamələrinə əsasən Azərbaycan tərəfi haqlıdır: "BMT bəyannaməsinin 51-ci maddəsinə əsasən, hər bir ölkə öz ərazi bütövlüyünü bərpa edə bilər. Yəni, söhbət açıq şəkildə ərazi bütövlüyümüzün pozulmasından gedirsə, biz hərbi və ya anti-terror əməliyyatlarına başlayaraq torpağı işğalçılardan təmizləyə bilərik. Bu gün Ermənistanda hakimiyyətin dəyişməsi, Paşinyanın hakimiyyətə gəlməsi və Qarabağ məsuliyyətindən boyun qaçıraraq məsuliyyəti qondarma rejimin üzərinə atmaq istəməsi, Rusiyanın və digər dövlətlərin bu məsələdə susmaları yaxşı bir hal deyil”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər