• şənbə, 20 Aprel, 18:11
  • Baku Bakı 24°C

Rusiya XİN-dən Ermənistana təpgi

02.12.16 12:48 830
Rusiya XİN-dən Ermənistana təpgi
Ermənistanla Rusiya arasında "rus dili” ilə bağlı qalmaqal səngimir. Bu ölkədə rus dilinə dövlət dili statusu verilməsi ilə bağlı Rusiya tərəfinin səsləndirdiyi bəyanat və ona rəsmi Yerevanın kəskin reaksiyaları dayanmır. Hazırda Ermənistanın ictimai-siyasi dairələrində bu məsələ ciddi müzakirə olunur. Bəziləri bunu Rusiyanın Ermənistanı forpost ölkə kimi nəzərdən keçirməsi ilə əlaqələndirir. Müxalifət isə hesab edir ki, Ermənistan rəhbərliyi yarıtmaz xarici siyasəti ilə ölkəni bərbad bir duruma salır. Konkret olaraq aprel hadisələri zamanı Rusiyanın tutduğu mövqe göstərilir. Eləcə də, ən acınacaqlı hal - Gümrüdə rus əsgərinin erməni ailəsini məhv etməsi də yaddaşlardan silinmir. Həmin hadisə zamanı Ermənistanın Rusiyanın vassalı olduğu, hər hansı bir müstəqil siyasət yürüdə bilmədiyi üzə çıxdı.
Bu dəfə isə məsələ rus dili ilə bağlı qızışıb. İkitərəfli sərt bəyanat və açıqlamaların ardı-arası kəsilmir. Bəlli olduğu kimi, gərginliyə səbəb Rusiya Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Eleonora Mitrofanovanın MDB ərazisində rus dilinə hüquqi status verilməsi barədə fikirləri olub. Ardınca da erməni tərəfi sərt bəyanatlar səsləndirməyə başlayıb. Artıq Rusiya XİN də məsələyə qarışmalı olub. "Rəsmi Moskva Ermənistan ictimai-siyasi dairələrində Rusiya Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Eleonora Mirtofanovanın MDB ərazisində rus dilinə hüquqi status verilməsi barədə fikirlərinə sərt reaksiya verilməsini anlamır. Bu bəyanatda hansısa bir inqilabi fikir yoxdur. Açığını deyim, Ermənistanda bu məsələnin niyə belə neqativ rezonans doğurduğunu anlaya bilmirəm. Söhbət insan hüquq və azadlıqlarının adi normalarından gedir. Dünyanın bir çox ölkələri bu sənədə imza atıblar. Bu, insanlara adi ana dilində danışmağa imkan verir. Biz hamımız bu qaydalar qarşısında bərabərik. Söhbət beynəlxalq hüquq normaları çərçivəsində nəzərdə tutulan adi insan hüquqlarından gedir”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib. XİN rəsmisi əlavə edib ki, Mitrofanovanın bəyanatında söhbət rus dilinə dövlət statusu verilməsindən yox, sadəcə ümumbəşəri normaların qorunmasından gedir.
Qeyd edək ki, erməni tərəfi məsələyə sərt reaksiya verərək, Ermənistanda rus dilinə hansısa bir status verilə bilməyəcəyini bəyan edib. Bu ölkənin təhsil naziri isə məsələyə daha sərt reaksiya göstərərək, ölkədə bir dil - erməni dilinin dövlət dili olduğunu vurğulayıb. Nazir xüsusi vurğulayıb ki, rus dili heç bir zaman Ermənistanda dövlət dili ola bilməz. Erməni saytları və mətbuatı məsələyə başqa prizmadan yanaşmağa başlayıblar. Onların böyük əksəriyyəti vurğulayır ki, bu münasibət Rusiyanın Ermənistanı forpost gözündə görməsindən irəli gəlir. "Rusiya tərəfi dəfələrlə rus dili ilə bağlı bizləri aşağılayacaq bəyanatlar səsləndirib. Tək bircə Kremlin əsas təbliğatçılarından hesab edilən Dmitri Kiselyovun Ermənistan parlamentinin tribunasından səsləndirdiyi bəyanatı yada salaq. O bildirmişdi ki, Ermənistanda rus dilinin tədrisi ən aşağı həddədir. Onun bu bəyanatı geniş rezonans doğurmuş, müzakirələrə səbəb olmuşdu”,- deyə ermənilərə məxsus inosmi.ru/armtimes_com saytında dərc edilən məqalədə qeyd edilir. "Nazirin bəyanatı Rusiyadan olan həmkarlarına bir mesaj, yoxsa Ermənistanda vəziyyəti gərginləşdirmək istəyən qüvvələrə bir cavabdır - bunu söyləmək çətindir”, - deyə saytda dərc edilən məqalədə vurğulanır. Müəllif diqqəti başqa bir məsələyə yönlədir. Onun qənaətincə, onsuz da Ermənistanda rusdilli əhali MDB ölkələri ilə, məsələn, Qazaxıstan, Latviya, Ukrayna və s. ilə müqayisədə ən az saylıdır. Bu ölkələrdə ruslar çoxsaylı problemlərlə üzləşirlər - həm dil, həm də milli azlıqların hüquqlarının qorunması məsələsində. Nəşrin qənaətincə, Ermənistan Rusiya üçün bu məsələdə prioritet deyil.
Xatırladaq ki, Sovet İttifaqının dağılması ilə rus dilinin keçmiş sovet respublikalarındakı mövqeləri zəifləməyə başladı. Müttəfiq respublikaların sakinləri üçün millətlərarası ünsiyyət dili kimi görünən rus dili müstəqillik şəraitində öz yerini yavaş-yavaş ingilis dilinə verməyə başladı. Bu tendensiya istər Baltikyanı, istər Qafqaz, istərsə də Mərkəzi Asiya regionunda hiss olunur. Rus dilinin əhali arasında yayılmasına və rus məktəblərinin sayına görə Azərbaycanı bölgənin lideri adlandırmaq olar. Rusiyanın Cənubi Qafqazdakı forpostu Ermənistan isə bu ölkə ilə sıx əlaqələrə və faktiki asılılığa baxmayaraq, rus dilindən aktiv istifadə etmir. 1993-cü il aprelin 17-də qəbul edilən "Ermənistanın dili haqqında” qanununa əsasən, ölkədə yeganə dil erməni dili hesab olunur. Bu səbəbdən ölkə ərazisində rus məktəbləri yoxdur. Yalnız 30 məktəbdə, o cümlədən 15 min rusun kompakt yaşadığı Fioletovo və Makeyevka kəndlərində rus dili bölmələri olan məktəblər mövcuddur.
Ermənistan hakimiyyəti rus dilinə böyük ehtiyac olduğunu etiraf etsə də, bu sahədə heç bir köklü dəyişiklik aparmır və dil sahəsində siyasətini yumşaltmır. Yerli ekspertlərin fikrincə, ölkə sakinlərinin 50 faizinin rus dili haqda təsəvvürləri çox zəif, ya da ümumiyyətlə yoxdur. Vəziyyətin belə davam edəcəyi halda isə, yaxın 50 il ərazində ölkədə rus dili daşıyıcılarının sayının 2 faizə düşəcəyi ehtimal olunur.
Azər
banner

Oxşar Xəbərlər