• cümə axşamı, 28 mart, 21:58
  • Baku Bakı 13°C

Rusiya xalatı erməni sürücüyə deyil, Ermənistan hökumətinə geyindirib

18.07.13 08:15 2041
Rusiya xalatı erməni sürücüyə deyil, Ermənistan hökumətinə geyindirib
Rusiya ilə Ermənistan arasında növbəti gərginlik yaşanır. Moskvada 18 nəfərin ölümünə, 61 nəfərin yaralanmasına səbəb olmuş Ermənistan vətəndaşı, sürücü Qraçya Arutunyanın qadın xalatında məhkəməyə çıxarılması Rusiya və Ermənistan arasında gərginliyə səbəb olub. Rusiyanın İrəvandakı səfirliyinin binası qarşısına toplaşan nümayişçilər Rusiyanı konstitusiyaya uyğun davranmağa və insanların qüruru ilə oynamamağa çağırıb.
Onlarca ictimai fəal Rusiya səfirliyi qarşısında etiraz piketində şənbə günü Podolsk yaxınlığında baş verən avtomobil qəzasını törətməkdə ittiham olunan Ermənistan vətəndaşı Qraçya Arutunyanla “alçaldıcı rəftara” qarşı etiraz bildiriblər. Aksiya iştirakçılarının əllərində tutduqları şüarlar üzərinə “Sürücü erməni, qatil həkimlər, düşmən ziyalılar, naxələf kosmopolitlər. Növbəti kimdir, cənab Putin?”, “RF Konstitusiyasının 21-ci maddəsi üzrə hər bir şəxsin ləyaqət haqqı erməni sürücülərə aid deyil”, “Şovinizmə son qoyun!” yazılmışdı. Aksiyaya Moskva yaxınlığında faciəli qəzanın əsas günahkarı bilinən sürücü Arutunyanın atası, qızı, həyat yoldaşı və qardaşı da qatılıblar. Aksiya iştirakçıları Rusiyada milli ədavətə son qoymağı da tələb ediblər. Sürücünün soydaşlarının etirazına yol-nəqliyyat hadisəsi üzrə məhkəmə prosesinə Qraçya Arutunyanın birbaşa xəstəxanadan “biçimsiz, rəngbərəng qadın xalatında” gətirildiyi, Rusiya mətbuatında onun haqqında informasiyada daima “erməni sürücü” və “müttəhim sualların cavabında moyuldayır” kimi ifadələrin işlədilməsi səbəb olub.
Qeyd olunur ki, sürücü qəza nəticəsində beyin sarsıntısı, digər xəsarətlər alıb və xəstəxanada dərmanların təsiri altında süni yuxudan müstəntiqlərin tələbi ilə ayıldılıb. Rusiya televiziya kanalları ilə məhkəmə prosesindən göstərilən kadrlarda əynində qadın xalatı olan 46 yaşlı sürücü ağlayır və üzünü kameralardan gizlətməyə çalışır. Aksiya iştirakçıları əmindirlər ki, sürücü günahkar olsa belə, heç kəsin qabaqcadan hökm çıxarmağa və Ermənistan vətəndaşını təhqiredici ifadələrlə xarakterizə etməyə haqqı yoxdur. “Mən, necə deyərlər, strateji partnyorun bu cür münasibətinə etirazımı bildirirəm” - deyən “Asparez” jurnalistlər klubunun rəhbəri Levon Barseğyan əmin olduğunu bildirib ki, müttəhim rus olsaydı, onu məhkəmə zalına qadın xalatında gətirməzdilər: “Hakim prosesi dayandırıb, müttəhimi normal qaydaya gətirməyi tələb edərdi”. Jurnalist Qayane Arustamyan isə bildirib ki, Rusiyada təhqir olunan Ermənistan vətəndaşı Rusiya tərəfindən borc müqabilində strateji müttəfiqini talayıb, bütün mülkünü mənimsəyib, onu acınacaqlı vəziyyətə düçar etdiyi səbəbindən həmin ölkədə iş axtarmağa məcbur olub. İctimai fəal, jurnalist Q.Arustamyanın sözlərinə görə, erməni sürücüyə münasibətilə Rusiya bütün erməni xalqına öz münasibətini nümayiş etdirib: “Mən Stalinin xələfi olan Putinin ölkəsindən həmvətənimizi ekstradisiya etməyi və onun vətənində mühakimə olunmasını tələb edirəm. O, terrorçu deyil, onun özü də həlak ola bilərdi”.
Hüquq-müdafiəçi Avetik İşxanyan isə bildirib ki, bu addımla Rusiya Ermənistan vətəndaşına deyil, Ermənistan hökumətinə xalat geyindirib. Aksiya iştirakçıları Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinin ölkədən çıxarılması tələbilə müraciət qəbul edib, səfirliyə təqdim ediblər. Ermənistan XİN-i öz Facebook səhifəsində iyulun 13-də Podolsk şəhəri yaxınlığında 18 adamın ölümü ilə nəticələnmiş yol-nəqliyyat qəzasında ittiham olunan Qraçya Arutunyanın iki təcrübəli vəkillə təmin olunduğunu və hal-hazırda həkimlərin nəzarəti altında olduğunu bildirir. “Moskvada Ermənistan səfirliyi istintaq orqanları və Qraçya Arutunyanın vəkilləri ilə daimi əlaqə saxlayır” - deyə məlumatda deyilir. Daha əvvəl Ermənistan ombudsmanı Karen Andreasyan “KamAZ sürücüsü Arutunyanla alçaldıcı rəftarın - məhkəmə qarşısına qadın xalatında çıxarılmasının - səbəblərini öyrənmək” xahişilə Rusiya Federasiyası insan haqları vəkili Vladimir Lukinə rəsmən müraciət edib. O, Arutunyanı qadın xalatı ilə məhkəməyə gətirənlərin sürücünün qüruruna toxunduqlarını bildirib. Ermənistan ombudsmanı “Ermənistan vətəndaşına yardım göstərmək üçün lazımi tədbirlər” görməyi xahiş edib. Rusiyada həbs olunmuş “Ermənistan vətəndaşı ilə təhqiramiz rəftar”la bağlı Ermənistan Vəkillər Palatası da bəyanatla çıxış edib və lazım gələrsə, “soydaşımızın haqlarının müdafiəsi üçün” Moskvaya vəkil göndərməyə hazır olduğunu bildirib. İlkin versiyaya əsasən, qəzaya “KamAz”ın nasazlığı, əylıəcin işləməməsi səbəb olub.
Sürücünün vəkili Erik Çabanov isə “RİA Novosti”yə verdiyi açıqlamada Qraçyanın təhqir olunmadığını bildirib: “Müvəkkilimin paltarı yox idi. Ona tibbi yardım edilərkən, həkimlər paltarını cırmağa məcbur olub. Ona görə də məhkəməyə getməzdən əvvəl qadın xalatı geyinməyə məcbur qaldı. Burada sürücünü təhqir etmək kimi bir hal yoxdur”. “İnsan haqları üzrə jurnalistlər” isə Rusiya Jurnalistləri İttifaqına məktub yollayaraq erməni sürücü ilə bağlı dərc edilən məqalələrin etikadan kənar olduğunu bildiriblər. Qurumun rəhbəri Janna Aleksanyan bildirib ki, onun xalatda məhkəməyə gətirilməsi heç bir etikaya sığmır.
Maralıdır ki, baş verənlərdən sonra Rusiyanın bir sıra şəhərlərində ermənilərə qarşı narazılıqlar baş qaldırıb. Əsas tələb isə miqrasiya qanunlarının sərtləşdirilməsidir. Eləcə də miqrantların ölkəyə gəlməsində müəyyən problemlər ortaya çıxarılır. O da bəli olub ki, Arutunyan Qarabağda azərbaycanlıların qətlində iştirak edib. Ermənistan mətbuatının verdiyi məlumata görə, yol qəzasında təqsirli bilinən erməni qatilin qızı Lilit Arutunyan “Facebook” səhifəsində atasının Dağlıq Qarabağda döyüşdüyünü yazaraq onun azad edilməsinin vacibliyini vurğulayıb: “Xahiş edirəm, atama lağ etməzdən əvvəl arxivə baxın. Siz orada 90-cı illərdə Qarabağda könüllü şəkildə vuruşmağa gedən və sizin kimi qalındərili insanların dincliyini qoruyan Qraçya Arutunyanının keçmişi haqqında məlumatlar tapacaqsınız”.
Bütün baş verənlərdən bir sadə nəticə çıxarmaq olar: Strateji müttəfiqlik səviyyəsinə qaldırılan Rusiya-Ermənistan münasibətləri bir qadın xalatı ilə pozulacaq qədər kövrək imiş...
Azər NURİYEV
banner

Oxşar Xəbərlər