• şənbə, 20 Aprel, 16:00
  • Baku Bakı 23°C

Rusiya və İrandan Xəzərdə güc nümayişi

05.07.13 08:18 1424
Rusiya və İrandan Xəzərdə güc nümayişi

Fəaliyyət müddəti başa çatan İran prezidenti Mahmud Əhmədinejatın Rusiya səfəri başa çatsa da, Qərbin bir sıra nəşrləri bu səfəri diqqət mərkəzində saxlamaqda davam edir. Nəşrlər bildirirlər ki, iki ölkə arasında əməkdaşlıqda prioritet hərbi sahədir. İki ölkəni artıq bu sahə üzrə yüksək əməkdaşlıq telləri bağlayır. Məsələn, Buşəhr AES, İranın ən müasir yeni raketlərlə təchizatı və s. üzrə əməkdaşlıq davam edir.
Rusiya ilə İran arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində ən mühüm addım hərbi sahədə atılıb. Prezidentlərin səfəri ilə eyni vaxtda ilk dəfə olaraq İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər - “Peykan” və “Cuşan” Həştərxan sahillərində görünüb. Qeyri-rəsmi xarakter alan bu səfər ilk dəfədir ki, baş tutur. Qərb nəşrləri yazır ki, bu, Rusiya və İranın Xəzərdə öz mövqelərini gücləndirmək istəyi ilə bağlıdır. Xəzər donanmasının komandan müavini Nikolay Yakubovski bildirib ki, ilin ikinci yarısında dənizdə birgə hərbi təlimlər, o cümlədən Xəzər donanmasının İran limanlarından birinə keçirilməsi planlaşdırılır. Ekspertlər isə bunu Əfqanıstandan çıxarılan NATO yüklərinin Aktau və Bakı limanlarından keçməsi ilə əlaqələndirirlər. Eləcə də bu addım böyük ehtimalla Xəzər zonasında münaqişəli ərazilərin yaranması və karbohidrogen ehtiyatları ilə zəngin ərazilərlə bağlı ola bilər. İran katerlərinin Həştərxana səfəri ilk baxışda mədəni, humanitar xarakter daşıyırdı. Belə ki, qonaqlar yerli etnoqrafiya muzeyinə, Xəzər donanmasının muzeyinə də baş çəkiblər. Hətta birgə futbol yarışması da təşkil edilib. Siyasi əlaqələr də kənarda qalmayıb. İran HDQ dəstələrinin komandiri Azerpeykan Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşüb. Tərəflər bildiriblər ki, Rusiya və İran bütün istiqamətlər üzrə strateji tərəfdaşdırlar. Xəzər dənizinin statusu və hüquqi məsələlərlə bağlı ziddiyyətlərə baxmayaraq, İran və Rusiyanın dənizdə geostrateji maraqları üst-üstə düşür. Hər iki ölkə həm də hərbi təhlükəsizlik və dənizdə üçüncü dövlətin iştirakının yolverilməz olması ilə də bağlı həmrəydir. Rusiyalı hərbi ekspert Vladimr Popov hesab edir ki, iki ölkə arasında münasibətlər Qazaxıstanın və Azərbaycanın maraqlarından belə yaxındır: “Belə ki, sonuncu hər iki ölkə NATO ilə sıx əməkdaşlığın tərəfdarıdır”.
Son illər Xəzəryanı dövlətlərin hamısı istisnasız olaraq özlərinin hərbi donanmalarını gücləndiriblər. Bu sürətli silahlanmanın ən fəal iştirakçıları da Rusiya və İran olub. 2012-ci ildə Rusiya Xəzər sahillərində, Azərbaycanla sərhəd yaxınlığında “Bal-E” mobil raket kompleksini yerləşdirib. Bu sistem 120 km məsafədə dənizdəki hədəfləri vurmaq iqtidarındadır. Xəzər donanmasının tərkibinə, həmçinin “Kalibr-NK” universal raket kompleksinə malik “Dağıstan” adlı raket daşıyan gəmi də yerləşdirilib. Bu sistem bir neçə raket tətbiq etmək kimi xüsusiyyətlərə malikdir. Bu il ərzində Xəzər donanmasının tərkibinə “Uqliç”, “Qrad Sviyajsk” raket gəmiləri də daxil edilib. İran isə 2013-cü ildə yeni “Camaran-2” esminesini suya buraxıb. Həştərxana gətirilən “Peykan” və “Cuşan” raket katerləri də İran gəmi zavodlarında istehsal edilib.
Siyasi Texnologiyalar Mərkəzinin vitse-prezidenti Sergey Mixeyev hesab edir ki, Xəzəryanı dövlətlər arasında problemləri hərbi yolla həll etmək ehtimalı var və bu səbəbdən də onlar silahlanırlar. Onun qənaətincə, bu, çox gözlənilməz nəticələrə gətirib çıxara bilər. Ölkəsinin mövqeyini müdafiə edən ekspert iddia edib ki, Rusiya ona görə silahlanır ki, məsələnin konstruktiv yolla həllinə çalışır. Bu istiqamətdə isə ona məhz İran kömək edir: “Rusiya regional təşkilatın yaradılmasına səy göstərir. Moskva qarşılıqlı ziddiyyətlərin aradan qaldırılması, siyasi və hərbi mənada səylərin güclənməsində maraqlıdır. Bu ideyaya Qazaxıstan neytral, Azərbaycan və Türkmənistan isə xüsusi ehtiyatlılıqla yanaşır. Belə bir bölgü ona görə yaranıb ki, Xəzəryanı dövlətlərdən bəziləri Qərbə doğru istiqamət götürüb və Rusiya ilə İranın Xəzərdə güclənməsinə qarşıdırlar” - deyə rusiyalı ekspert Popov bildirib. O hesab edir ki, Moskva və Tehran bir sıra məsələlərin həllində öz tərəfdaşlarını təhlükə kimi nəzərdən keçirir. Kreml Aktau və Bakının Əfqanıstandan çıxarılacaq NATO yükləri üçün tranzit rolunu oynayacağından ehtiyat edir: “Bu məntəqələrin yaranması ABŞ və Qərbin digər ölkələrinə Xəzərdən keçən tranzit və infrastruktur, o cümlədən boru xətlərinin təhlükəsizliyinə yeni arqumentlər verir. Cənubi Qafqaz-Mərkəzi Asiyadan İran nüvə proqramının həlli hərbi müstəviyə keçəcəyi təqdirdə, istifadə edilə bilər. Bundan da ehtiyat etmək gərəkdir”.
Qərb mətbuatı prezidentlərin Moskvada baş tutan görüşünün təfərrüatlarını da yazıb. Kremldə baş tutan görüşdə Rusiya prezidenti bildirib ki, Rusiya və İran dünyanın təbii qaz ehtiyatına görə ən böyük ölkələrindəndirlər: “Sözsüz ki, bizim burada böyük maraqlarımız var. Bizim bu gün ikitərəfli münasibətlərimizi, regiondakı ümumi vəziyyəti müzakirə etmək imkanımız var. Biz sizinlə Xəzər regionunda da qonşuyuq. Əlbəttə ki, burada da ümumi maraqlarımız var”. Mahmud Əhmədinejat isə Rusiya və İran əməkdaşlığının iki ölkənin də xeyrinə olduğunu bildirib: “İndiki vaxtda bizim əməkdaşlığımız çox vacibdir. Biz bir-birindən ayrıla bilməyən iki qonşu dövlətlərik. Neft-qaz sahəsində Rusiya-İran əməkdaşlığı sürətlə inkişaf edir. Hesab edirəm ki, biz bunu praktikada da tətbiq etməliyik. Atom enerjisi sahəsində əlaqələrə gəldikdə isə, siz İstanbulda verdiyiniz sözü tutdunuz. İndi bu söz artıq gerçəkləşib. Atom stansiyasının tikintisi başa çatıb. Artıq stansiya elektrik enerjisi istehsal edir. Buşəhr atom stansiyası Rusiya-İran ikitərəfli əməkdaşlığının simvoluna çevrilib. Fikrimcə, biz bu sahədə əlaqələrimizi daha da genişləndirə və yeni elektrik stansiyası tikə bilərik”.
İki prezidentin görüşündə nüvə enerjisi məsələsi də müzakirə mövzusu olub. Çıxışı zamanı Putin bu sahədə əməkdaşlığın genişləndirilməsinə zəmanət verdiyini bildirib. Əhmədinejat da, həmçinin çıxışı zamanı rəsmi Tehranın yeni nüvə enerjisi layihələri üzrə planlar qurduğunu qeyd edib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər