• cümə axşamı, 28 mart, 22:07
  • Baku Bakı 13°C

Rusiya və Gürcüstan liderləri görüşəcək

15.02.14 08:27 1166
Rusiya və Gürcüstan liderləri görüşəcək
Gürcüstanın Soçidə keçirilən Olimpiya oyunlarında iştirakını özünəməxsus formada “qiymətləndirən” Kreml cavab addımları atmaq qərarına gəlib. Rəsmi Moskva Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə prezident Vladimr Putinin görüşünün təşkilinə başlayıb. Məlumata görə, Praqada Gürcüstan baş nazirinin Rusiya üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin arasında görüş keçiriləcək.
Məlumat üçün bildirək ki, Zurab Abaşidze və Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin arasında 2012-ci ildən bu vaxtadək 5 görüş keçirilib. Xüsusi nümayəndələrin martın əvvəlində baş tutacaq növbəti görüşündə prezidentlər üçün bir sıra təkliflər paketi hazırlanmalıdır. Ən yüksək səviyyədə görüşün keçirilməsi ilə bağlı ilk dəfə Rusiya prezidenti Vladimir Putin məsələ qaldırıb. O, gürcüstanlı həmkarı ilə görüşün mümkünlüyünü istisna etməyib. Soçidə jurnalistlərin suallarını cavablandıran V.Putin bildirib ki, Gürcüstan komandasının Olimpiadaya gəlişi Rusiyanı çox sevindirib. “Bu yaxşı bir əlamətdir. Olimpiya oyunları bəzən mümkünsüz görünən hallarda əlaqələrin bərpasına kömək edir. Gürcüstan prezidenti ilə görüşə gəldikdə isə, Georgi Marqvelaşvili bunu istəsə, niyə də olmasın?” - deyə o vurğulayıb. Bu bəyanatdan sonra Gürcüstanın baş naziri İrakli Qaribaşvili Rusiya prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu bəyan edib. Belə bir bəyanatla İ.Qaribaşvili “İmedi” telekanalının canlı efirində çıxış edib. “Mən buna hazıram” - deyə Gürcüstanın baş naziri vurğulayıb.
Rusiya nəşrləri gürcü hökumətindəki mənbələrinə istinadən yazırlar ki, Putinlə gürcü liderlərin yüksək səviyyədə keçiriləcək görüşü Cenevrə danışıqları prosesinə təkan verə bilər. Cenevrədə keçiriləcək görüşdə Rusiya və Gürcüstan nümayəndələri ilə yanaşı, abxazlar, osetinlər, eləcə də beynəlxalq vasitəçilər - ABŞ, ATƏT, BMT və Avropa Birliyi nümayəndələri də iştirak edəcək. Danışıqlar 2008-ci il müharibəsindən sonra başlamışdı. Lakin bu illər ərzində ən ciddi problem olan gürcü qaçqınlarının geri qaytarılması ilə bağlı hər hansı bir irəliləyiş əldə olunmayıb. Gürcüstanın xarici işlər naziri Mayya Pandjikidze bildirib ki, onlar üçün ən əsas məsələ ölkənin ərazi bütövlüyünün qorunması və suverenliyidir. “Əvvəlki hakimiyyət heç bir əlavə şərt irəli sürmədən Rusiya rəhbərliyi ilə görüşə hazır idi. Lakin Moskva hətta onun bu təklifini də qulaqardına vuraraq, görüşlərdən imtina etmişdi. Bizim hökumət konstruktivlik nümayiş etdirir. Görüş xatirinə görüş olmaması üçün böyük işlər görmək gərəkdir» - deyə o bildirib. Gürcü diplomatiyasının rəhbəri Cenevrədə müzakirə olunacaq məsələlərin əhəmiyyətinə toxunaraq orada gürcü qaçqınların geri qaytarılmasının müzakirə olunacağını deyib. Onun sözlərinə görə, Tbilisi və Moskva arasında birbaşa dialoqun başlaması Qərbin də işini yüngülləşdirə bilər. Belə ki, Qərbin Rusiya ilə danışıqlarında əsas məsələlər sırasında Gürcüstan da problemli məsələ kimi qalıb.
Gürcüstan parlamentinin xarici əlaqələr üzrə komitəsi də yaxın vaxtlarda bu məsələ ilə bağlı dinləmələr keçirəcək. “Bizim üçün əsas məsələ icra strukturlarının bu məsələyə necə yanaşması olacaq” - deyə komitənin sədr müavini Ani Mirotadze bildirib. “Rusiyanın bizə düşmən olduğunu da iddia etmək düzgün deyil. Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanımasına baxmayaraq, dialoq aparmaq mümkündür” - deyən parlamentari əlavə edib ki, gürcü rəhbərlərinin Putinlə görüşü Cenevrə prosesinə effektivlik gətirmiş olacaq.
Dünən Gürcüstan prezidenti Georgi Marqvelaşvili də məsələyə münasibət bildirib. O bildirib ki, Gürcüstan Rusiya ilə münasibətlərin normallaşmasında maraqlıdır və bu mürəkkəb məqsədə nail olmaq üçün Rusiya ilə dialoq davam edəcək. Marqvelaşvili müsahibəsində həmçinin bildirib ki, Avropa Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməsilə bağlı mövqeyini də möhkəmləndirib: “Biz öz siyasi mövqeyimizi ortaya qoyduqda və bildirdikdə ki, bizim üçün ən ağrılı məsələ Abxaziya və Sxinvali regionudur, avropalı tərəfdaşlarımız bizim öz mövqelərimizi qaytarmaq üçün heç bir güc nümayiş etdirməməyimizə təəccübləndilər. Avropa bu ərazilərin geri qaytarılmasında maraqlı olduğunu söyləməklə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı mövqeyini möhkəmləndirdi. Avropa bu məsələni sülh və xalqların maraqlarından çıxış edərək həll etməyə hazırdır. Bu, sammitin özündə və ikitərəfli görüşlərdə də aydın hiss olunurdu” - deyə Marqvelaşvili bildirib.
Onun sözlərinə görə, Gürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılması kursunu davam etdirəcək: Gürcüstan Rusiya ilə münasibətlərdə “siyasi temperatur”un azalması istiqamətində əlindən gələni əsirgəməyəcək”. Marqvelaşvilinin sözlərinə görə, Abaşidze-Karasin formatında keçirilən görüşlər gələcəkdə də davam etdiriləcək: “Bu formatda aparılan birbaşa dialoq iqtisadi-ticari və mədəniyyət əlaqələrinin bərpa edərək inkişaf etdirməyə imkan yaradıb”. O əlavə edib ki, bu cür görüşlər iki ölkə arasında kifayət qədər yüksək səviyyədə etimad və gələcəkdə bir çox mühüm məsələlərin həll olunması üçün şərait yaratmağa kömək edəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər