• cümə, 19 Aprel, 03:30
  • Baku Bakı 18°C

Rusiya Ukraynada separatizm əhval-ruhiyyəsi yaradır

01.03.14 08:38 1641
Rusiya Ukraynada separatizm əhval-ruhiyyəsi yaradır
Ukrayna ilə Rusiya arasında yaranmış gərginlik pik həddə çatıb. Kiyevdə hakimiyyət dəyişikliyini heç cürə ram edə bilməyən Kreml bu ölkə ilə bağlı bütün vasitələri işə salmaqda davam edir. Hədəf kimi isə Krım seçilib. Bölgədə artıq ikinci gündür ki, Rusiya xüsusi təyinatlıları at oynadır, muxtariyyətin bütün strateji obyektlərində öz qüvvələrini yerləşdirir. Separatizmi yaymaqda böyük təcrübəsi olan Moskva Gürcüstanın başına gətirdiklərini Ukraynaya da yaşatmaq istəyir. Politoloq Qabil Hüseynli hesab edir ki, Ukraynada Rusiyanın yürütdüyü siyasət onun öz başında çatlaya bilər.
- Rusiyanın Krımda yol verdiyi addımları separatizm adlandırmaq olarmı?

- Əvvəla ondan başlayım ki, Ukraynada baş verənlər Yanukoviç hökumətinin səriştəsizliyinin nəticəsi kimi qiymətləndirilməlidir. Xalqına qarşı qırğınlara yol verən bir prezident hakimiyyətdə uzun müddət qala bilməzdi. Ukraynanın onun təsir dairəsindən çıxdığını görən Moskva bundan həddindən artıq narahat olub. Bu səbəbdən də bölgədə vəziyyət gərginləşdirməyə, qarşıdurma yaratmağa çalışır. Birinci növbədə bu addımlarını Krımdan başlamaq qərarına gəlib. Krımın ayrılması üzrə referendumun keçirilməsinə artıq cəhd var. Krımın mərkəzi olan Simferopolda qanunlara, beynəlxalq normalara zidd addımlar atılıb. Hava limanını, beynəlxalq əhəmiyyətli obyektləri ələ keçiriblər. Digər təxribatçı addımlar atmaqda davam edirlər. Bütün bunlar Ukrayna tərəfindən işğal kimi dəyərləndirilib. Bu məqsədlə də Ukrayna hökuməti ölkənin Təhlükəsizlik Şurasının iclasını çağırıb. Eləcə də məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib. Artıq dünya Rusiyanın atdığı bu addımları kəskin pisləyir və bunu çox qəzəblə qarşılayır. Məsələn, ABŞ Dövlət Departamenti rəhbərinin Rusiya xarici işlər naziri ilə telefon danışığı olub və Moskva təmkinli olmağa çağırılıb. Avropa İttifaqına daxil olan ölkələrin xarici işlər nazirləri də məsələ ilə bağlı öz fikirlərini açıq mətnlə ifadə ediblər. NATO-nun baş katibi Anders Foq Rasmussen də analoji bəyanatla çıxış edib və Rusiyanı bu cür hərəkətlərdən çəkinməyə çağırıb. Yəni artıq Ukraynanın arxasında bütün Qərbin, NATO-nun açıq dayandığını görməmək mümkün deyil. Krımın taleyinə gəldikdə ruslar çox nahaq yerə buralara iddia edirlər. Çünki krımlılar 1944-cü ildə Stalinin vəhşi əmri ilə buralardan sürgün ediliblər. Ora Krım tatarlarının vətənidir. Avropa Şurası da bütün deportasiya olunmuş xalqların geri qayıtması barədə qətnamə qəbul edib. Krım tatarları da yavaş-yavaş öz yurdlarına qayıdırlar. Yerli əhalinin 15 faizini təşkil edən tatarlar Ukraynada baş verən dəyişiklikləri dəstəkləyirlər. Rusiya 1783-cü ildə Krımı Osmanlı Türkiyəsindən müharibə yolu ilə alıb. Ona görə də bu gün “Krımda ruslar yaşayır və bura ruslarındır” iddiası ilə çıxış etmək gülüncdür. Belə çıxır ki, dünyanın harasında ruslar yaşayırsa ora iddia edilməlidir.
- Ukrayna Rusiyaya cavab verə biləcəkmi?

- Ukraynanın özü də zəif ölkə deyil. Dünya ictimai birliyinin dəstəyi Ukraynayadır, dünya onun arxasındadır. Rusiya bu gün çox təhlükəli bir oyuna girib. Rusiyanın ərazisindəki muxtar vilayətlərdə narazılıq var. Onlar açıq surətdə bildirirlər ki, Krım tatarlara məxsusdur və Rusiya onların işinə qarışmamalıdır. Rusiya nəzərə almalıdır ki, onun ərazisində yüzdən artıq xalqın nümayəndəsi yaşayır. Onların əksəriyyətinin muxtar qurumları belə yoxdur. Rusiyanın daxilində yeni xalq hərəkatı başlaya bilər və bunun qarşısında heç bir qüvvə dayana bilməz. Rusiya əgər Krım ərazisinə müdaxilə etmək istərsə, bu, baş tutan iş deyil. Krım tatarları çox möhkəm adamlardır. Son günlərin hadisələri də bunu sübut edir. Onlar oraların tamamilə rusların hakimiyyəti altına keçməsinə imkan verməyəcəklər. Rusiya nəzərə almalıdır ki, kifayət qədər güclü olan və populyarlaşmış bir ölkə ilə ziddiyyətə gedir. Şübhə etmirəm ki, Rusiya əgər Krıma müdaxilə etmək fikrinə düşsə, çeçen amili bütün qüvvəsi ilə işə düşəcək. Rusiya prezidenti Vladimir Putin bu tip addımlar atmaqda davam edərsə, özü üçün çox xoş olmayan bir perspektiv hazırlaya bilər. Mənim zənnimcə, BMT səviyyəsində Rusiya ilə bağlı ciddi qərarlar qəbul oluna bilər. Hətta, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən kənarlaşdırıla da bilər. Bu isə Rusiyanın dağılması səbəb ola bilən amillərdən birinə çevrilər. Rusiya hələ ki, Krım məsələsində bir müddət təxribatçılıq xarakterli addımlar atmaqda davam edəcək. Ancaq birbaşa Krıma hərbi müdaxiləyə cürət etməyəcək.
- Ukraynada Abxaziya və Cənubi Osetiya ssenarisi təkrar oluna bilərmi?

- Gürcüstandan fərqli olaraq, Krımda Ukraynanın güc qüvvələri var. Ukrayna Müdafiə Nazirliyinin ayrı-ayrı dəstələri də oradadır. Ukrayna lazım gələrsə Rusiyanın hər hansı addımına adekvat cavab verə bilər. Nəzərə almalıyıq ki, Ukraynaya Qərbdən də hərbi dəstək gələ bilər. Bu səbəbdən də Abxaziya və Cənubi Osetiyadakı vəziyyət burada təkrarlana bilməz.
- Proseslərin sonunu necə qiymətləndirirsiniz?

- Rusiyanın bu tip təxribatçı əməllərini hələ bir müddət davam etdirəcək. Çox güman bu müddət ərzində beynəlxalq ictimaiyyət bir sıra siyasi tədbirlər həyata keçirəcək, qərarlar qəbul edəcək. Mən güman edirəm ki, Qərb bu işə müdaxilə edəcək. Rusiyanın daxilindəki bir sıra xalqların narazılıqlarının şahidi olacağıq. Rusiya proseslərin onun əleyhinə çevrilməsini gördükdən sonra rahatlanacaq və bir növ üzrxahlıq edərək öz mövqelərinə çəkiləcək. Ukrayna isə sakitcə nəfəs alaraq özünün quruculuq işləri ilə məşğul olacaq. Rusiya nə qədər çalışsa da Ukraynanı parçalaya bilməyəcək, əksinə, öz addımları ilə Ukraynada yaşayan rusların miqrasiya etməsinə səbəb olacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər