• cümə, 29 Mart, 13:37
  • Baku Bakı 14°C

Rusiya Türkmənistanı itirmək istəmir

04.10.17 09:00 1486
Rusiya Türkmənistanı itirmək istəmir
Rusiya prezidenti Vladimir Putin sonuncu dəfə 2012-ci ildə ayaq basdığı Türkmənistana rəsmi dövlət səfəri edib. Rusiya nəşrləri yazır ki, səfər türkmən lideri Qurbanqulu Berdıməhəmmədovun təşəbbüsü ilə reallaşıb. Uzun illərdir ki, ağır sosial, maliyyə və iqtisadi böhran vəziyyətində olan Türkmənistan Rusiya ilə ciddi problemlər yaşayır. Məsələ ondadır ki, Türkmənistanın qaz ixracında monopoliya uzun illər Rusiyanın "Qazprom” şirkətinin əlində cəmləşib. Belə ki, "Qazprom” türkmən qazının yeganə alıcısı olduğundan Aşqabad tədarük etdiyi qazı başqa ölkəyə sata bilmirdi. Bu monopoliya ona gətirib çıxardı ki, yekunda Rusiyanın qaz nəhəngi türkmənlərdən qaz almaq istəmədi. Bu da ölkəni yeganə gəlir mənbəyindən məhrum etdi. Düzdür, Rusiya ilə yanaşı, İran və Çin də türkmən qazının alıcıları sırasındadır. Lakin məsələ ondadır ki, Türkmənistan hər iki ölkədən kredit alıb və indi də onları ödəyir. Yəni, adları çəkilən ölkələr Aşqabada nağd pul vermir. Bütün bunlar da Türkmənistan iqtisadiyyatını ağır duruma salıb. Rəsmi Aşqabad çıxış yolunu Qərblə əməkdaşlıqda görərək, Avropa strukturları ilə danışıqlara başlasa da, hələlik nəticə yoxdur. Bu səbəbdən də ümid yenə ruslara qalıb. Rusiyanın da qaza marağı azalıb və diqqəti başqa sahəyədir. Bu da daha çox əfqan və Xəzər istiqamətlərində öz təhlükəsizliyini təmin etməkdir.
Prezidentlərin görüşündə də bu məsələ diqqət mərkəzində olub. İki ölkənin liderləri əvvəlcə strateji tərəfdaşlıq barədə sazişə imza atıblar. Bu o deməkdir ki, ölkələr arasında qarşılıqlı münasibətlər inkişaf edəcək. Bu iki keçmiş sovet respublikası arasındakı münasibətlərə zaman-zaman fikir ixtilafları kölgə salıb. V.Putin iki ölkə arasında ticarət həcmlərinin 2016-cı ildə azaldığından gileylənib və bu mənfi meylin yaxın gələcəkdə aradan qalxacağına ümid ifadə edib. Öz növbəsində Berdıməhəmmədov deyib ki, onun ölkəsi Rusiya ilə qarşılıqlı əməkdaşlığa hazırdır. Bunu da bildirib ki, o, "Rusiyanın Əfqanıstandakı hadisələrə müdaxiləsinin əhəmiyyətini yüksək qiymətləndirir”.
Görüşdə Xəzərin statusu ilə bağlı məsələ də gündəmdə olub. Qurbanqulu Berdıməhəmmədov deyib ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya sahilyanı ölkələrin dövlət başçılarının növbəti görüşündə razılaşdırıla bilər:"Ümid edirik ki, Xəzəryanı ölkələrin 5-ci sammitində Xəzərin hüquqi statusuna dair Konvensiya üzərində birgə işin yekunu nəzərdən keçiriləcək. Bu məsələ strateji əhəmiyyət daşıyır. Ümid edirəm ki, bütün sahilyanı ölkələr bu məsələnin həllinə tərəfdar çıxacaq”
"Nezavisimaya qazeta” yazır ki, ehtiyatlı xarici siyasət yürüdən rəsmi Aşqabad Mərkəzi Asiya regionunda baş verən hadisələr fonunda Rusiyaya söykənmək qərarına gəlib. İqtisadi və ticarət münasibətlərinin inkişafı ilə yanaşı, istisna deyil ki, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində də müəyyən impuls əldə edə bilər. Q.Berdıməhəmmədov bəyan edib ki, Aşqabad Moskva ilə Mərkəzi Asiyada təhlükəsizliyin qorunub saxlanılmasında sıx əməkdaşlığa hazırdır, Rusiyanın bu regionda maraqlarına hörmətlə yanaşır. O, həmçinin Aşqabadın terrorizmlə mübarizə məsələsində birgə fəaliyyət göstərməyə hazır olduğunu vurğulayıb.
Rusiya prezidenti şəxsən türkmən həmkarına "Aleksandr Nevski” ordenini təqdim edib. Təqdimetmə zamanı maraqlı olay da yaşanıb. Diktor türkmən liderin atasının adını səsləndirə bilməyib. Pis vəziyyətə düşən Putin buna məhəl qoymayaraq, Berdıməhəmmədovun ordenini taxıb. "Arxadağ” ləqəbli Qurbanqulunun atasının adı elə də çətin tələffüz olunmur - Məlikqulu. Türkmən prezident də Putini mükafatsız qoymayıb. Rusiya prezidenti Türkmənistanın yeni təsis edilən "Əməkdaşlığın inkişafındakı xidmətlərinə görə” mükafatını alıb. V.Putin bu mükafatı alan ilk şəxs olub. Prezidentlər daha sonra iki sazişə imza atıblar – 2014-cü ildə başa çatan ikili vətəndaşlıq və iqtisadi əməkdaşlıq haqqında. İki ölkə arasında miqrasiyanın tənzimlənməsi məqsədilə paytaxtlarda təmsilçilik ofisləri açılacaq. İqtisadi əməkdaşlıq haqqında sazişə gəldikdə, burada söhbət türkmən qazının Rusiya tərəfindən yenidən alınmasından gedir. Belə ki, 2012-ci ildən Rusiya türkmən qazını almır. Məhz bu faktorların olmaması Moskvanın Aşqabad üzərində nüfuzunun itirilməsinə gətirib çıxarıb. 2016-cı ilin sonlarından vəziyyət bir qədər dəyişməyə başlayıb. Rusiya XİN rəhbəri Sergey Lavrov Aşqabada səfər etdi. Həmin dövrdə əfqan yaraqlılarının Türkmənistan sərhədlərini keçmək halları artmışdı və bu səbəbdən də rusiyalı nazir Aşqabada sərhədlərin möhkəmləndirilməsi köməyini təklif etmişdi. Lakin Q.Berdıməhəmmədov bu yardımdan imtina etmişdi. Türkmənistan onda ABŞ-la hərbi əməkdaşlıq edirdi və bu barədə heç nə deyilmirdi. Türkmən tərəfi Rusiyanın köməyindən imtinasını özünün neytral dövlət olması ilə əlaqələndirmişdi. Bu status ölkə ərazisində xarici ölkənin hərbi kontingentinin olmasını qadağan edir.
Mərkəzi Asiya və Yaxın Şərq üzrə ekspert Aleksandr Knyazyev bildirir ki, rəsmi Aşqabad uzun illərdir Rusiya rəhbərliyini türkmən qazını almağa inandırmağa çalışır: "İqtisadi nöqteyi-nəzərindən bu ixrac gərək deyil. Rusiya sadəcə siyasi maraqlar üzündən Berdıməhəmmədovun arzusunu yerinə yetirməyə hazırdır. O ki qaldı hərbi əməkdaşlığa - Aşqabad bu sahədə əsasən Ukrayna və Türkiyə ilə münasibətləri genişləndirməyə can atıb”.
"Lenta.ru” yazır ki, liderlər iki ölkə arasında ciddi və umu-küsü olan problemdən danışmayıblar. Putinin səfərindən cəmi bir neçə gün əvvəl Türkmənistanın dövlət telekommunikasiya şirkəti Rusiyanın ən böyük mobil telefon əməliyyatçısı MTS-in bu ölkədəki fəaliyyətini dayandırıb. MTS sentyabrın 29-da bildirmişdi ki, şirkət Türkmənistandakı fəaliyyətinin bərpa edilməsi məqsədilə rəsmi Aşqabadla danışıqlar aparır. Lakin nə Putin, nə də Berdıməhəmmədov oktyabrın 2-də keçirilmiş görüş zamanı bu münaqişədən söz açmayıblar.
Beləliklə, Putinin səfərinin hansısa bir müsbət nəticəsinin olub-olmadığını indidən söyləmək çətindir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər