• cümə, 19 Aprel, 07:03
  • Baku Bakı 13°C

“Rusiya-Türkiyə yaxınlaşmasının Azərbaycana xeyri var”

29.11.14 10:06 1830
“Rusiya-Türkiyə yaxınlaşmasının Azərbaycana xeyri var”
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasında iştirak etmək üçün dekabrın 1-də Ankaraya səfər edəcək. İclasda iki ölkə arasında enerji və iqtisadi-ticarət sahələr başda olmaqla, əməkdaşlığın geniş spektri, eləcə də beynəlxalq problemlərin müzakirə olunacağı, həmçinin bir sıra ikitərəfli sənədlərin imzalanacağı gözlənilir. Bununla bərabər, iclasda iki ölkə arasındakı 35 milyard dollarlıq ticarət həcminin 2020-ci ildə 100 milyard dollara çatdırılması məsələsinin müzakirə ediləcəyi də ehtimal olunur.
Rusiyalı bir neçə nazir və digər dövlət rəsmilərinin müşayiət edəcəyi V.Putinin səfər çərçivəsində türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla ikitərəfli görüş keçirəcəyi də gözlənilir. Rusiya prezidentinin Türkiyə səfəri, prezidentlərin görüşündən gözləntilər, bunun regiona və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsiri, Rusiya-Türkiyə münasibətlərindən Ermənistanın narahatlığı və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu cavablandırır.
- Elxan bəy, Rusiya prezidentinin Türkiyəyə gözlənilən səfərini necə qiymətləndirirsiniz?
- İndiki şəraitdə Vladimir Putinin Türkiyə səfəri çox önəmlidir. Ukrayna münaqişəsinə, Krımın işğalına, separatçıları dəstəklədiyinə görə, Rusiya Qərbin sanksiyaları ilə üzləşib. Dünyada, xüsusən də Qərbdə Putinə qarşı sərt reaksiya var. İnanmıram ki, bütün bunlardan sonra Rusiya prezidenti hansısa Qərb dövlətinə rəsmi səfərə dəvət oluna. Ona görə də Putin əlində olan imkanlardan, hazırda ona edilən dəvətlərdən maksimum yararlanmalıdır. Belə bir vəziyyətdə Türkiyədən Putinə səfər üçün dəvət var və o, bu dəvəti dəyərləndirmək məcburiyyətindədir. Əvvala ona görə ki, Türkiyə ilə Rusiyanın çox ciddi ticarət əlaqələri var. Hər iki ölkə yaxın illərdə bu ticarət dövriyyəsinin həcmini 100 milyard dollara çatdırmaq istəyir. İkincisi, bu ölkələr arasında enerji əməkdaşlığı var. Üçüncüsü, Rusiya Türkiyədə böyük nüvə elektrik stansiyasının inşasına başlayacaq. Bütün bunları müzakirə etmək üçün Putinin Türkiyə səfəri önəmlidir.
- Bəs, bu səfər Türkiyə üçün nə dərəcədə əhəmiyyətlidir?
- Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb. Bu, Putinin və Rusiyanın maraqlarına xidmət edir. Bu səbəbdən imkan var ki, ikitərəfli əlaqələr daha da inkişaf etdirilsin. Türkiyə bu sanksiyalardan öz məqsədləri üçün də istifadə edə bilər. Hazırda Avropa Rusiya bazarına kənd təsərrüfatı, ərzaq məhsulları çıxara bilmir. Rusiya bu tələbatını başqa bazarlar hesabına ödəmək istəyir. Belə şəraitdə Rusiya üçün münbit bazar Türkiyədir. Rəsmi Ankara ölkəsinin kənd təsərrüfatı və ərzaq məhsullarını asanlıqla Rusiya bazarına çıxara bilər. Artıq bu istiqamətdə addımlar atılmaqdadır. Bax, buna görə Putinin Ankaraya səfəri Türkiyə üçün əhəmiyyətlidir. Ancaq burada incə bir məqam var. Düzdür, hazırda Türkiyə ilə Rusiya arasında elə də ciddi fikir ayrılığı yoxdur. Əvvəllər Suriya məsələsində yaranan müəyyən fikir ayrılığı da arxa plana keçib. Lakin Rusiya Krımı işğal edəndən sonra bu yarımadada hərbi qüvvələrini daha da gücləndirməyə başlayıb. Bu məqam Türkiyəni narahat edir. Çünki buna qədər Qara dənizdə iki hegemon dövlət var idi: Rusiya və Türkiyə. İndi isə hegemonluq tədricən Rusiyanın əlinə keçə bilər. Bu məsələ həm Türkiyəni, həm də digər Qara dəniz ətrafı ölkələri narahat edir. Ola bilsin ki, bu məsələ də Ankaradakı görüşlər zamanı müzakirə edilsin. Türkiyə xahiş edə bilər ki, Rusiya Qara dənizdə hərbi gücünü balansı pozacaq səviyyəyə çatdırmasın. əks təqdirdə, Türkiyə də Qara dənizdə hərbi qüdrətini artırmaq məcburiyyətində qalacaq.
- Rusiya və Türkiyə prezidentlərinin Ankara görüşü, hər iki ölkə arasında mümkün olacaq yaxınlaşma Qərbi narahat etmirmi?
- Bu yaxınlaşmadan narahat olanlar sırasında elə ən birinci ABŞ-ı qeyd etmək gərəkdir. Təsadüfi deyil ki, Cozef Bayden bu yaxınlarda Ukrayna səfərinin ardınca, dərhal Türkiyəyə getdi. Halbuki Amerikanın vitse-prezidenti Baydenin Ərdoğanla münasibətləri soyumuşdu. Buna səbəb Baydenin Türkiyə prezidenti haqqında sərt fikirlər səsləndirməsi olmuşdu. Ərdoğan isə cavab olaraq bəyan etmişdi ki, Baydenlə bir daha görüşməyəcək. Baş verənlərdən sonra Bayden geriyə addım atmağa məcbur oldu. Əvvəl Ərdoğanla telefon əlaqəsi yaradıb üzürxahlıq etdi, ardınca da Türkiyəyə səfər etdi. Çünki ABŞ Türkiyə ilə əməkdaşlıqdan “qopmaq” istəmir. İraqda və Suriyadakı savaşda, İŞİD-ə qarşı mübarizədə Amerikanın Türkiyəyə ehtiyacı var. Amma burada da müəyyən suallar var ki, Türkiyə onlara cavab axtarır. Misal üçün, erməni lobbisi ABŞ-da yenidən aktivləşib və 2015-ci ilin aprelində “soyqırımın” 100 illiyinə hazırlaşır, Amerika Konqresini də bu məsələyə qarışdırmaq istəyirlər. Hətta Obamanın bu “soyqırımı” tanımaq barədə addım atması ehtimalı da var. Fikrimcə, Baydenin Türkiyə səfəri zamanı rəsmi Ankara ona çatdırıb ki, ABŞ belə bir addım atacağı təqdirdə, bu, hər iki ölkə arasında münasibətləri bir qədər də soyuda bilər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da açıq şəkildə bəyan edib ki, əgər ABŞ bu “soyqırımı” tanısa, onda ölkələrarası münasibətlərə yenidən baxılacaq. Hesab edirəm ki, bu, Amerikaya ciddi mesajdır. Bu, eyni zamanda ondan xəbər verir ki, Baydenlə Ankarada keçirilən görüşlərdə müəyyən razılaşmalar əldə edilməyib, hələ də cavabsız suallar qalıb. Bütün hallarda Bayden, ümumilikdə ABŞ anlamalıdır ki, “soyqırımı” tanımaq kimi addım atsalar, onlar Türkiyəni Rusiyaya tərəf daha çox itələmiş olacaqlar. Belə siyasət Rusiyanın maraqlarına cavab verir. Rəsmi Moskva istəmir ki Türkiyə-ABŞ ittifaqı böyüsün.
- Rusiya prezidentinin Türkiyə səfəri regiona necə təsir göstərə bilər?
- Rusiya-Türkiyə prezidentlərinin görüşü Azərbaycan üçün də faydalı ola bilər. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Əgər Rusiya-Türkiyə əməkdaşlığı artırsa, bu, o deməkdir ki, Moskva Ankaranın maraqlarını da nəzərə almalıdır. Türkiyənin ümdə maraqlarından biri də Dağlıq Qarabağ münaqişəsinin ədalətli yolla, Azərbaycan ərazi bütövlüyü çərçivəsində həlli, işğal altındakı torpaqların qeyd-şərtsiz boşaldılmasıdır. Türkiyə həm də onu istəyir ki, Rusiya Ermənistana təsir etsin, işğal faktına son qoyulsun, bölgədə əməkdaşlığa start verilsin. Buna Rusiyanın imkanları çatır. Çünki Ermənistan bütünlüklə Rusiyadan asılıdır. Bu aspektdən baxdıqda Rusiya-Türkiyə yaxınlaşmasının Azərbaycana xeyri var.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər