• cümə, 19 Aprel, 05:32
  • Baku Bakı 18°C

Elxan Mehdiyev: “Rusiya-Türkiyə münasibətlərinin inkişafı Ermənistanın Kreml üçün əhəmiyyətini azaldacaq”

19.10.16 11:36 2345
Elxan Mehdiyev: “Rusiya-Türkiyə münasibətlərinin inkişafı Ermənistanın Kreml üçün əhəmiyyətini azaldacaq”
Politoloq: "Rəsmi Moskva görəndə ki, ona daha çox fayda Türkiyə və Azərbaycandan gəlir, bu, Dağlıq Qarabağ münaqişəsinə də təsir edəcək”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburq səfəri zamanı Azərbaycan-Rusiya-Türkiyə üçlü formatının yarana biləcəyi barədə bəyanat verdi. Bir neçə gün bundan öncə İstanbulda keçirilən enerji konqresi zamanı hər üç ölkə başçısının bir araya gəlməsi, ardınca Türkiyə və Rusiya xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamaları sözügedən formatı və onun regiondakı proseslərə təsiri məsələsini yenidən aktuallaşdırdı. Bu hadisə ilə paralel olaraq Türkiyə "Fərat qalxanı” əməliyyatı çərçivəsində Azad Suriya Ordusuna dəstək verməyi, İŞİD-ə qarşı birgə mübarizə aparmaq istiqamətində addımlarını daha da artırdı. Paralel olaraq, Türk Hərbi Hava Qüvvələri koalisiya qüvvələri ilə birlikdə İraqın ikinci ən böyük şəhəri Mosulda İŞİD terrorçularının mövqelərinə zərbələr endirməkdədir. Qeyd olunan məsələlərlə bağlı "Kaspi”nin suallarınıSülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyevcavablandırır.
- Elxan bəy, sizcə Azərbaycan-Rusiya-Türkiyə formatı Dağlıq Qarabağ probleminin ən optimal və fəsadsız həllinə müsbət təsir edə bilərmi?
- Rusiya Azərbaycan və Türkiyə ilə nə qədər yaxın olarsa, problemin həllində bir o qədər maraqlı olar. Çünki, Ermənistan Rusiya ilə münasibətlərini daha çox Rusiya və Türkiyə arasındakı tarixi, eyni zamanda müasir dövrdəki ziddiyyətlər üzərində qurub, hər zaman da bundan faydalanmağa çalışıb. Eyni zamanda, ermənilər Türkiyə qorxusu altında Rusiya ilə münasibətlər qurublar. Belə münasibətlərdən irəli gələrək, ermənilər bir çox iddialar ortaya atıblar. Amma indiki dönəmdə Rusiya və Türkiyə arasında dostluq münasibətləri qurularsa, qarşılıqlı inteqrasiya olarsa, bu iddialar öz qüvvəsini itirəcək, Kreml üçün Ermənistanın əhəmiyyəti də azalacaq. Rəsmi Moskva görəndə ki, ona daha çox fayda Türkiyə və Azərbaycandan gəlir, bu vəziyyət Dağlıq Qarabağ münaqişəsinə də təsir edəcək. Lakin bu təsirin həlledici olub-olmayacağı sual altındadır.
- Ruslara məxsus hərbi təyyarənin vurulmasından sonra Türkiyə ilə Rusiya arasında münasibətlərdə "soyuqluq” yarandı. Lakin prezident R.T.Ərdoğan bir müddət sonra xarici siyasətdə kəskin dönüş etdi, Rusiya ilə münasibətlərin əvvəlki məcraya yönəlməsi istiqamətində mühüm addımlar atdı. Belə bir kəskin dönüş Türkiyənin Suriya siyasətində də müşahidə edilirmi?
- Ötən ilin noyabr ayında baş verən təyyarə insidentinə qədər Türkiyə-Rusiya münasibətlərinin yüksək səviyyədə olması ilə paralel olaraq, Ərdoğanın Putinlə şəxsi münasibətləri də yüksək səviyyədə olub. Həmin vaxt Dağlıq Qarabağ münaqişəsi ikitərəfli münasibətlərin gündəminə gətirilməyib, iki dövlət arasında danışıqlar mövzusuna çevrilməyib. Bu baxımdan mətbuatda vurğulanan fikirlərdən, səsləndirilən bəyanatlardan fərqli olaraq, Ərdoğanın Putinlə indiki zamanda apardığı danışıqlarda Azərbaycan, daha doğrusu Dağlıq Qarabağ məsələsini gündəmə gətirməsinə bir qədər şübhə ilə yanaşıram. Lakin Suriya məsələsi ikitərəfli münasibətlərdə, o cümlədən hər iki liderin görüşlərində müzakirə olunub. Hətta bu məsələ tərəflərin az qala müharibə səviyyəsinə gəlib çatmasında da mühüm rol oynayıb. Hansı ki, Azərbaycan torpaqlarının işğalı, erməni məsələsi Rusiya-Türkiyə arasında bu səviyyəyə qalxmayıb. Hazırda Türkiyənin Suriya siyasətində ciddi dəyişiklik bundan ibarətdir ki, birincisi, rəsmi Ankaranın Bəşər Əsədə olan əvvəlki münasibəti dəyişib. Üstəlik, Türkiyə Rusiya ilə danışıqlar apararaq Suriyanın içərisinə qoşun yeridib. Türkiyənin Suriya daxilinə hərbi müdaxilə etməsi, orada əməliyyatlar aparması Rusiya ilə sövdələşmə, Bəşər Əsədə münasibətin dəyişməsi fonunda baş verib. Əsas dəyişiklik bundan ibarətdir. Rusiya da rəsmi Ankaranın xarici siyasətindəki bu dəyişikliyə cavab olaraq, Suriyadakı PKK və İŞİD terrorçularının Türkiyə sərhədlərindən uzaqlaşdırılmasına razı olub.
- Son vaxtlar Suriyada Rusiya və ABŞ-ın maraqlarının toqquşması pik həddə çatıb. Belə gərginlik region üçün nə dərəcədə təhlükəlidir?
- Belə vəziyyət regiona, eləcə də dünyaya yaxşı heç nə vəd etmir. Böyük dövlətlərin Suriyada maraqlarının toqquşması səbəbindən bu ölkə artıq müharibələr meydanına, xarabalığa çevrilib. ABŞ-Rusiya münasibətlərinin Suriya ilə bağlı gərginləşməsinə gəlincə, indiki məqamda bunu, keçici bir dönəm kimi dəyərləndirmək olar. Çünki Amerika hakimiyyətində qeyri-müəyyənlik hökm sürməkdədir. Dövlət Departamenti ilə Müdafiə Nazirliyi arasında tamamilə koordinasiyasız bir durum var. Barak Obama hakimiyyəti sona yetib, yeni prezident seçilməli, yeni hökumət formalaşdırılmalıdır. İndiki rəhbərlik dəyişəndən sonra vəziyyətin fərqli müstəviyə keçəcəyinə ümid edirəm. Amma Rusiya Suriya siyasətini olduğu kimi davam etdirir. Artıq Bəşər Əsəd ölkənin 40-45 faizinə nəzarət edir. Mərkəzi hökumətə nəzarət, həmçinin ordu onun əlindədir. Hazırda vuruşan qüvvələr də Bəşər Əsədin tərəfindədir. Bununla yanaşı, Rusiya hərbi hava qüvvələri də Bəşər Əsədə dəstək vermək üçün oradadır. Bu günlərdə yayılan xəbərə görə, Rusiya orada hərbi dəniz donanmasının bazasını da daimi olaraq yerləşdirmək istəyir. Beləliklə, Suriyada real güc Rusiya və Bəşər Əsədin qüvvələridir. Bu baxımdan, Suriyanın taleyi ilə bağlı gələcəkdə daha çox Rusiya ilə danışıqlara gedilməlidir, nəinki digər qüvvələrlə.
- Vaxtilə Suriyanın ərazisində yeni dövlətlərin yaradılacağı barədə də fikirlər səsləndirilirdi. Bu baxımdan indiki situasiya nə vəd edir?
- Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasında bu ölkənin özü ilə bərabər, Rusiya, İran və Türkiyə də maraqlı tərəf kimi çıxış edirlər. Ona görə də gələcək danışıqlarda Suriyanın ərazi bütövlüyünün qorunub saxlanması da gündəmdə olacaq. Hətta Suriyada federal bir sistem qurulsa da, ölkənin ərazi bütövlüyü qorunacaq. Ancaq bir qədər əvvəl qeyd etdiyim kimi, Bəşər Əsədin ölkənin 40-45 faizinə nəzarət etməsi, orada əsas qüvvələrin ona məxsus olması federallaşma məsələsini də sual altında qoyur.
- Türkiyənin Suriyada "Fərat qalxanı” əməliyyatı çərçivəsində Azad Suriya Ordusuna dəstək verməsi, İŞİD-ə qarşı birgə mübarizə aparması ilə paralel olaraq, Türk Hərbi Hava Qüvvələri koalisiya qüvvələri ilə birlikdə Mosul şəhərində İŞİD terrorçularının mövqelərinə də zərbələr endirməkdədir. İraqın ikinci ən böyük şəhərində, ümumiyyətlə ölkə ərazisində Türkiyənin hərbi əməliyyatlar aparması yerli hökumət rəsmiləri tərəfindən heç də birmənalı qarşılanmır. Bununla bağlı fikirləriniz nədən ibarətdir?
- Türkiyənin Mosula hərbi müdaxilə etməsi sual doğuran məsələdir. Bunu nə mərkəzi İraq hökuməti, nə də onların müttəfiqi sayılan ABŞ qüvvələri, hökuməti müsbət qarşılamır. Ona görə də türk hərbi qüvvələrinin hansı statusda Mosula girməsi danışıqlar mövzusudur. Türkiyənin Mosuldakı yeri və rolu mübahisə doğurur. Türkiyənin İraq ərazisindəki dostu, yəni Şimali Kürd Muxtariyyəti, onun rəhbəri Bərzani də rəsmi Ankaranın Bağdad hökuməti ilə danışığa getməsini israr edir.
- Okeanın o tayından hansısa bir dövlət Suriyada, yaxud İraqda "terrorçu ovu” adı altında hərbi əməliyyatlar keçirir, bunun təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu bildirərək öz əməlini əsaslandırır və buna qarşı çıxan olmur. Lakin Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün sərhədlərinə yaxın olan, konkret olaraq müxtəlif terrorçu qruplaşmaların nəzarət etdiyi İraq və Suriya ərazilərində antiterror əməliyyatları keçirərkən mərkəzi hökumətlər, həmçinin Qərb tərəfindən qınanır. Bu, nə dərəcədə düzgündür?
- İraqda Səddam Hüseyn rejimini Amerika devirib. Ötən onilliklər ərzində ABŞ İraqda trilyon dollarlarla ölçülən vəsait xərcləyib. İndiki İraq hökumətini də Amerika öz işğalçılıq siyasəti nəticəsində qurub. Bir sözlə, İraqda bu gün söz sahibi Amerikadır. Qərbin buradakı maraqları kürd muxtariyyəti və mərkəzi hökumət tərəfindən qorunmaqdadır. Qərb üçüncü bir tərəfin buraya müdaxiləsini arzulamır. Ona görə də Türkiyənin İraq ərazisinə hərbi müdaxilə etməsi həm mərkəzi İraq hökuməti rəsmilərinin, həm də ABŞ rəsmilərinin narazılığı ilə müşayiət olunur. Suriya məsələsində də eyni mənzərə müşahidə olunur. Ancaq Suriyada Amerikanın rolu məhduddur. Qərb ancaq hərbi hava qüvvələri vasitəsilə bu ölkəyə müdaxilə edir. Amerika ictimaiyyəti, eləcə də bu ictimaiyyətin rəyini nəzərə alan Barak Obama hökuməti Suriyaya quru qoşunları yeritməyib. ABŞ Suriya ərazisində yalnız kürd qruplaşmalarına pul, silah verir, onlara dəstək nümayiş etdirir, İŞİD-ə qarşı döyüşlərə hazırlayır. Bu da Türkiyə ilə maraqların üst-üstə düşməməsinə gətirib çıxarır. Çünki, rəsmi Ankaranın fikrincə, Suriyada Amerikanın silahlandırdığı kürd qruplaşmaları PKK terror təşkilatının bir qoludur. Həmin silahlar sonradan Türkiyəyə qarşı yönəlir. Suriya məsələsində Türkiyənin tələbi başqa olsa da, Amerika bunu qəbul etmir. Ümumiyyətlə, indiki dönəmdə Suriyada vəziyyət tamam fərqlidir. Rusiya Suriyaya müdaxilə edib orada daha da möhkəmləndikdən sonra Qərb dövlətlərinin buradakı mübarizəsinin yönü də bir qədər dəyişib. İndi onlar bu ölkədə daha çox Rusiyanın mövcudluğunu qəbul etməməyə kökləniblər, nəinki əsas problemin həllinə.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər