• çərşənbə, 24 Aprel, 00:14
  • Baku Bakı 14°C

“Rusiya rəsmi İrəvanı sülh prosesindən çəkindirməyə çalışır”

25.01.14 08:56 1503
“Rusiya rəsmi İrəvanı sülh prosesindən çəkindirməyə çalışır”
Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün ardınca ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər edərək, Dağlıq Qarabağ probleminin dinc yolla həlli istiqamətində danışıqların intensivləşməsinə çalışıblar. Həmsədrlər Azərbaycanda Elmar Məmmədyarov, Ermənistanda isə Edvard Nalbəndyanla müzakirələr aparıblar. Nəticədə xarici işlər nazirlərinin 2014-cü il yanvarın 24-də görüşü barədə razılıq əldə olunub. Həmsədrlər bu ilin ilk yarısında prezidentlərin növbəti görüşünü təşkil etmək istədiklərini də açıqlayıblar. Prezidentlərin Vyana görüşü, xarici işlər nazirlərinin Fransada bir araya gəlməsi, Rusiyalı diplomatın açıqlamaları, cəbhə xəttində gərginliyin artması, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin rolu və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cavablandırır.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı keçirilən görüşlərdən danışılarkən Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü xüsusi vurğulanır. Politoloq kimi Siz prezidentlərin son görüşünü necə qiymətləndirirsiniz?
- Bu görüşün xüsusi vurğulanmasına səbəb uzun müddət fasilənin ardınca prezidentlər səviyyəsində danışıqların baş tutmasıdır. Vladimir Putin Rusiya prezidenti seçiləndən sonra bu görüşü həmsədrlər təşkil etmişdilər. Hələlik ilk görüş kimi tarixdə qalıb. Qərbdə həm diplomatik dairələrdə, həm də digər mənbələrdə belə bir yanaşma olub ki, Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi maraq göstərmir. Prezident postunda Dmitri Medvedev olanda belə görüşlər daha intensiv xarakter almışdı. Bu fəallıq ondan əvvəl prezident olan Putinin dövründə müşahidə edilməmişdi. Yalnız bu baxımdan prezidentlərin son görüşü optimist dəyərləndirilə bilər. Ancaq münaqişənin həlli, hansısa yenilik olması baxımından optimist dəyərləndirilməli nəsə yoxdur. Bizə bəlli olan açıq mənbələrdən elə bir məlumat görülmür ki, onun əsasında optimist fikir yürüdə bilək. Hələlik münaqişənin həllində yenilik yoxdur.
- Rusiya xarici işlər naziri Sergey Lavrov həmsədrlərin əlavə təkliflərinin danışıqlar masasında olduğunu, həmçinin ATƏT-ə təqdim edildiyini bildirib. Sizcə söhbət hansı təkliflərdən gedə bilər?
- Nə qədər ki, bu təkliflərin mahiyyəti açıqlanmayıb, mülahizə yürütmək çox çətindir. Danışıqlar prosesində münaqişənin müxtəlif həlli variantları təklif olunub. Bu variantlara ya Azərbaycan, ya da qarşı tərəf razılıq verməyib. Hazırda ortada olan təkliflər işğal altında olan Azərbaycan ərazilərinin, ilk növbədə isə Dağlıq Qarabağ ətrafı ərazilərin bir hissəsinin azad olunması müqabilində status məsələsinin müzakirəyə çıxarılması, qoşunların təmas xəttində bir təhlükəsizlik zolağının yaradılması ola bilər. Ən azından, görünən işarələrdən belə fikir yürütmək olar. Təbii ki, bu, yalnız mülahizədir. Biz bilirik ki, bəzi hallarda Türkiyə diplomatiyası da bu haqda müəyyən mülahizələri, məlumatları mətbuata sızdırmışdı. Hər halda rəsmi qaydada təkliflərin hansı elementlərdən ibarət olması məlum deyil.
- Rəsmi Moskva bəyan edir ki, amerikalılar və fransızlarla birlikdə Azərbaycan və Ermənistanı stimullaşdırır, Bakının və Yerevanın nəzərdən keçirməsi üçün ideyalar təklif edir. Eyni zamanda bildirir ki, münaqişənin tənzimlənməsində ən başlıcası, tərəflərin nizamasalma prosesinin əsasını təşkil edən prinsiplərlə razılaşmasıdır. Bu mənada rəsmi Bakı danışıqlar zamanı hansı prinsiplərlə razılaşır, hansılarla yox?
- Mən ilk öncə Lavrovun bu bəyanatını şərh etmək istərdim. Bu bəyanat bir qədər təhlükəlidir. Diqqət yetirsək görərik ki, həmin bəyanatda Rusiya bir növ kənara çəkilir, danışıqlar prosesinə görə bütün məsuliyyət digər həmsədr ölkələrin, o cümlədən münaqişə tərəflərinin üzərinə qoyulur. Biz onu da müşahidə etdik ki, bu bəyanatın arxasınca cəbhə bölgəsində, qoşunların təmas xəttində gərginlik müşahidə olundu. Bunları nəzərə alaraq Rusiya xarici işlər nazirinin son bəyanatını ikibaşlı və riskli açıqlama kimi qəbul edirəm. O ki, qaldı prinsiplərə, bunlar olduqca təzadlı və ziddiyyətlidir. Bir tərəfdən ərazi bütövlüyü əsas prinsip kimi götürülür, digər tərəfdən isə öz müqəddəratını həlletmə məsələsi gündəmə gətirilir. Rəsmi Bakı ikinci prinsiplə heç bir halda razılaşa bilməz. Çünki bu, faktiki olaraq Dağlıq Qarabağda yaşayan ermənilərə referendum keçirilməsi, bununla da statusun müəyyənləşdirilməsi imkanının verilməsi deməkdir. Bunun da hansı nəticələrə gətirib çıxaracağı indidən aydındır.
- Rusiya ATƏT-in Minsk qrupuna həmsədr ölkə kimi hər iki tərəfə kömək etməyə hazır olduğunu bəyan edir, amma münaqişənin tənzimlənməsi üçün Ermənistana hər hansı formada təsir etmir. Kremlin məsələyə bu cür yanaşmasının arxasında nə dayanır?
- Bu sualın çox sadə cavabı var: Ermənistan Rusiyanın müttəfiqidir. Ermənistan bu münaqişədə haqsız olan tərəfdir. O, qonşu dövlətin, başqa bir ölkənin ərazilərini işğal edib. 20 ildən artıqdır bu işğal davam edir. Rusiya isə hər iki tərəfə yardım göstərməklə öz maraqlarını güdür. İlk növbədə münaqişə tərəflərinə silah satır, çalışır ki, münaqişəyə nəzarəti əlində saxlasın, lazım olanda öz maraqları üçün manipulyasiya etsin. Bugünkü geosiyasi rəqabətdə müəyyən geriçəkilmələrə yol verən Rusiya mühüm hərbi bazaları yerləşmiş Ermənistanı bütün vasitələrlə qorumaqda maraqlıdır. Rusiya rəsmi İrəvanı sülh prosesindən çəkindirməyə çalışır. Kreml bunu elə edir ki, Ermənistan dünyada təcavüzkar kimi görünməsin.
- ATƏT-in Minsk Qrupu həmsədrlərini iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünü necə qiymətləndirirsiniz?
- Dağlıq Qarabağ probleminin tənzimlənməsi məqsədi ilə keçirilən bu görüşdən gözləntilərim minimumdur. Bu, son günlər cəbhə xəttində yaranan gərginliyin aradan qaldırılması ola bilər. Başqa gözləntiləri dilə gətirmək optimist qiymətləndirmə sayılar.
- Sizin də qeyd etdiyiniz kimi son 2 gün ərzində cəbhə bölgəsində atəşkəs üst-üstə 200 dəfəyə yaxın pozulub. Hətta müxtəlif vaxtlarda erməni-kəşfiyyat diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınıb. Sizcə cəbhədə vəziyyətin birdən-birə gərginləşməsinə səbəb nədir?
- Mən istisna etmirəm ki, Qərb dövlətləri, xüsusən də ATƏT-in ABŞ və Fransadan olan həmsədrlər münaqişənin həlli ilə bağlı həqiqətən də həll paketi hazırlayıblar. Böyük ehtimalla münaqişə tərəfləri bununla razılaşa bilərlər. Təbii ki, Rusiya həmsədr ölkə olaraq buna qarşı çıxa bilməz. Amma münaqişənin həllində maraqlı olmayan Rusiya hazırkı status-kvonun qorunub saxlanması üçün də fəaliyyətini səngitmir. Ona görə də, ola bilər ki, Lavrovun son bəyanatı da, cəbhədəki gərginlik də həmin o təkliflər paketini “blok” eləməyin fərqli bir yoludur. Amma bu halda sözügedən yolun icraçısı Azərbaycan və Ermənistan olur.
- Fransa prezidenti Fransua Ollandın Ankaraya səfəri zamanı Dağlıq Qarabağ probleminin həlli məsələsinin də müzakirə olunacağı gözlənilir. Sizcə rəsmi Ankara münaqişənin həllində hansı rola malikdir?
- Münaqişənin tənzimlənməsində rəsmi Ankaranın rolu həmsədr ölkələrin rolu qədər deyil. Ermənistan Türkiyənin istənilən formada vasitəçiliyini birmənalı şəkildə rədd edir. Ona görə də Türkiyə yalnız bölgədəki öz rolunun önəmini nəzərə alıb, münaqişənin həllinə təsir edə biləcəyi səyləri təqdim eləyə bilər. Bunu həmsədr ölkələr vasitəsilə reallaşdıra bilər. Onu da diqqətdən kənarda saxlamaq olmaz ki, Türkiyə bu istiqamətdə fəaliyyətini yalnız Fransa ilə aparmır. Türkiyə tərəfi ABŞ-la keçirilən rəsmi görüşlərdə hər dəfə münaqişənin həllinə verə biləcəyi töhfələri təklif edir. Eyni zamanda baş nazir Rəcəb Təyyub Ərdoğanın Moskvaya səfəri zamanı da Dağlıq Qarabağ məsələsi müzakirə olunmuşdu. Yəni, Türkiyə imkanları daxilində münaqişənin dinc yolla həllinə dəstək olmağa çalışır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər