• cümə, 29 Mart, 12:18
  • Baku Bakı 14°C

Rusiya qorxusu hər bir erməninin qəlbindədir

28.11.13 09:00 1269
Rusiya qorxusu hər bir erməninin qəlbindədir
Ermənistan hakimiyyəti ciddi-cəhdlə Rusiya prezidenti Vladimir Putinin səfərinə hazırlaşır. Bütün ölkəboyu ciddi hazırlıqlar aparılır, narazı elementlər şəhərdən uzaqlaşdırılır. Xatırladaq ki, Rusiya prezidenti dekabrın 2-də Ermənistana rəsmi səfərə gedəcək. Dünən səfərin gündəliyi açıqlanıb. Bəlli olub ki, Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla birlikdə Yerevanda və Gümrüdə bir sıra tədbirlərdə, həmçinin Rusiya-Ermənistan regionlararası forumunda iştirak edəcək. Rusiya prezidentinin Gümrüdəki 102-ci rus hərbi bazasına baş çəkəcəyi də bildirilir.
Tərəflər Ermənistanın Gömrük İttifaqına və Vahid İqtisadi Məkana üzvlük məsələlərini müzakirə edəcək və ikitərəfli əməkdaşlıq haqda bir sıra sənədlər imzalayacaqlar. Səfər ərəfəsində ermənilər qeyri-adi bir qərara imza atıblar. Rusiya prezidentinə xoş gəlmək üçün Ermənistan hökuməti Müdafiə Nazirliyinin təklifi ilə öz ərazisinin bir hissəsini Rusiyanın hərbi bazasının ixtiyarına verib. Bu isə o deməkdir ki, Ermənistanı iqtisadi cəhətdən işğal edən Kreml getdikcə bu ölkənin torpaqlarına da yiyələnməyə başlayıb. Gümrüdəki hərbi qarnizon, eləcə də Yerevanda bir sıra ərazilər rusların ixtiyarına verilib. Aeroport yaxınlığında yanacaq-sürtgü anbarı da Rusiyanın ixtiyarına verilir. Bu ərazidə vertolyotlar üçün meydança tikiləcək. Rusiya-Ermənistan hökumətlərarası komissiyasının qəbul etdiyi qərarda göstərilir ki, bununla məqsəd 102-ci Rusiya hərbi bazasını gücləndirməkdir. Rusiya buna müvafiq olaraq Ermənistana əlavə 18 ədəd vertolyotun verilməsini nəzərdə tutur. Rusiya nəşrlərinin yazdığına görə, həmin vertolyotlar artıq noyabrın sonunda Yerevanda olacaq. Rusiya hərbi bazasının ərazisinin genişlənməsi isə ermənilər arasında gərginliyə səbəb olub. Bir sıra qüvvələr belə bir xəbər yayıblar ki, erməniləri ən çox təşvişə salan müstəqilliyin getdikcə itirilməsidir. Gümrü sakinləri isə şəhərin qapalı əraziyə çevriləcəyindən narahatdırlar. Yəni şəhərə yalnız xüsusi buraxılış vərəqələri ilə getmək mümkün olacaq.
Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan deyib ki, Putin Ermənistana deyil, Rusiya hərbi bazasına və ona yaxın ərazilərə baş çəkəcək. “Putin hesab edir ki, Rusiyanın əyalətlərindən birinə baş çəkir” deyə sabiq nazir vurğulayıb. Sabiq nazir əlavə edib ki, bütün siyasi sistem Rusiyanın maraqlarına xidmət edir. Öz növbəsində politoloq Levon Şirinyan isə bu qənaətdədir ki, Rusiya güc qütbünə çevrilmək məqsədini güdür və bu səbəbdən də özünün müttəfiqləri, o cümlədən Ermənistanla əməkdaşlıq edəcək. Onun qənaətincə, Türkiyə tərəfdən real təhlükə var və bu səbəbdən də Ermənistanın siyasi və hərbi rəhbərliyi öz ərazilərini Rusiyanın hərbi bazasına vermək qərarını qəbul edib.
Artıq Rusiya prezidentinin zirehli avtomobili Yerevana gətirilib. Görünür, ermənilər ölkədə antiRusiya əhval-ruhiyyəsinin güclü olmasından ehtiyatlanırlar. Onlar Rusiya tərəfinə bildiriblər ki, səfər zamanı təhlükəsizliklə bağlı hər şey ola bilər. Bu səbəbdən də yaxşı olardı ki, Putin zirehli avtomobillə hərəkət etsin. Səfərlə bağlı prezident Serj Sarkisyanın iştirakı ilə güc strukturları rəhbərlərinin toplantısı da keçirilib. “Joxovurd” qəzeti yazır ki, prezident bildirib ki, güc strukturları səfər müddətində çox diqqətli olmalıdırlar. Belə ki, Putinin səfəri zamanı irimiqyaslı etiraz aksiyaları keçiriləcək. “Qolos Armenii” qəzeti də yazır ki, Rusiya prezidentinin Ermənistana səfəri çox güclü rusofobiya fonunda baş tutacaq. Nəşr iddia edir ki, rusofob baxışları ilə tanınan qruplar bundan yararlanmağa çalışacaqlar. Məsələn, prezidentliyə keçmiş namizəd Paruyur Ayrikyan noyabrın 28-29-da paytaxtın Teatr meydanında etiraz aksiyası keçirəcəyi barədə artıq xəbərdarlıq edib. İstisna deyil ki, aksiyalara bir sıra qərbyönümlü partiyalar və ictimai təşkilatlar da qoşulacaq.
Səfər ərəfəsində erməni nəşrləri Ukrayna ilə Ermənistan arasında analoqlar aparmağa başlayıblar. Ukraynanın Avropaya inteqrasiya xəttindən əl çəkərək Rusiya ilə yaxınlaşmağa üstünlük verməsi, bəlli olduğu kimi, ölkədə etirazlara səbəb olub. Ermənistan da eyni addım atdı və Gömrük Birliyinə qoşulmaq barədə qərar qəbul etdi. Belə olan halda, erməni cəmiyyəti də etirazlara başlaya bilərmi? “LRAGİR” yazır ki, Ukraynadan fərqli olaraq Ermənistanda irimiqyaslı aksiyaların keçirilməsi real deyil: “Birincisi, Ermənistanda əksər partiyalar Rusiyayönümlü olduqlarını açıq şəkildə bəyan edirlər. Bundan əlavə, Putindən qorxu hissi yüksəkdir. Və heç kim “kürən” olaq istəmir. Rusiya Federal Təhlükəsizlik Xidməti hər bir erməninin ruhundadır. Və bu hissi onların qəlbindən heç bir Avropa təmizləyicisi və Amerika investisiyaları çıxara bilməz. Bu qorxu yaşayacaq və erməni qəlbini dağıtmaqda dava edəcək. Ermənilər ayağa qalxıb bu qorxunu çıxarmasalar, proses davam edəcək”.
Erməni deputat Qurqen Arsenyan da hesab edir ki, Ukraynadakı vəziyyəti Ermənistanla eyniləşdirmək olmaz: “Birincisi, Ermənistanda qərböyönümlü, şərqyönümlü istiqamətdə dəqiq ölçü yoxdur. İkincisi isə odur ki, erməni xalqı çoxdan qərar qəbul edib. Mənə elə gəlir ki, hələ 200 il bundan əvvəl qərar qəbul edib”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər