Rusiya qəliz Qarabağ probleminə necə son qoya bilər?!
Son zamanlar Fransa mətbuatında Azərbaycan
və Ermənistan arasında artıq bir neçə
onillik ərzində davam edən və vaxtaşırı qanlı hadisələrlə müşayiət olunan
Dağlıq Qarabağ münaqişəsi barədə analitik yazıların sayı nəzərəçarpan dərəcədə
artmışdır. Bu bir tərəfdən, Fransanın münaqişənin sülh yolu ilə həllinə çalışan
Minsk Qrupunun həmsədrlərindən biri olması ilə bağlıdırsa, digər tərəfdən, son
illərdə Azərbaycan həqiqətlərinin Fransada daha geniş yayılmasından və nəticədə
uzun müddət həll olunmamış qalan bu münaqişəyə elmi, siyasi və diplomatic dairələrdə
marağın artmasından qaynaqlanır. Bu münaqişənin həllinə dair baxışların şərh
olunduğu məqalələrdən biri bu günlərdə "Huffington Post” qəzetində dərc
olunmuşdur.
Məqalənin müəllifi vaxtilə
Əfqanıstanda Fransa hərbi qüvvələri Komandanının müşaviri olmuş və hal-hazırda
Avropada Təhlükəsizlik və Perspektivlər İnstitutunun
prezidenti, geo-siyasət üzrə professor Emanuel Düpüi Dağlıq Qarabağ
münaqişəsinin həllində Moskvanın mümkün rolunu şərh edir.
Maraq doğura biləcəyini nəzərə
alaraq, məqalənin Azərbaycan dilinə tərcüməsini hörmətli oxucularımızın diqqətinə
çatdırırıq.
Adətən deyirlər
ki, sülh yaratmaq üçün iki tərəf lazımdır. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə belə görünür
ki, burada sülh yaranması üçün üçüncü tərəfə ehtiyac
var.
Qonşu Ermənistan
tərəfindən işğal olunmuş Azərbycan torpaqları olan Dağlıq Qarabağın ikinci
böyük şəhəri Xocalı ərazisində 1993-ci ilin 26 fevralında baş vermiş və 600 nəfərdən
çox insanın ölümünə səbəb olmuş qətliamın xatırlanması ilə bağlı Azərbaycanın tədbirlər
keçirdiyi bir vaxtda SSRİ-dən müstəqillik əldə edəndən bəri bu iki barışmaz
qonşu arasında bu günə qədər dağıntılarla müşahidə olunan münaqişə Cənubi
Qafqazda sabitliyi və inkişafı dayanmadan təhdid edir.
Həqiqətən durum
xüsusi olaraq paradoksaldır, çünki hər iki ölkənin coğrafi yerləşməsi Avropa
Birliyinin, Rusiyanın, İranın, Türkiyənin və Çinin nəhəng Avrasiya iddiaları
baxımından xüsusi əhəmiyyət kəsb edir!
Ötən ilin noyabrında Türkmənistanda keçirilmiş və "Lapiz-Lazuli” dəhlizinin
yaranmasının əsasını qoyan Aşqabat Zirvə
Görüşü bir daha təsdiq etdi ki, Qara Dəniz, Xəzər Dənizi və Mərkəzi Asiya
arasında əmlak və ticarət mallarının sərbəst dövriyyəsi yeni İpək Yollarının əsas
elementidir. Xüsusilə, 2015-ci ildə Çin tərəfindən irəli sürülmüş "Bir Kəmər,
Bir Yol” layihəsi bu coğrafiyada nəhəng
sərmayələrin yatırılmasını nəzərdə tutur.
İqtisadi
inteqrasiyaya nail ola bilməyən və diplomatik tanınma axtarışında olan bir region
üçün həyati əhəmiyyətli bu geo-iqtisadi
maraqlar kontekstində Dağlıq Qarabağ ətrafındakı münaqişə olduqca yersiz görünə
bilər.
Ən pisi də odur
ki, "status-kvo”nun bir azdan otuz yaşı olacaq və gərginlik son həddə çatıb: bu
münaqişə 1994-cü ilin 12 mayından etibarən davam edən atəskəsdən sonra
dondurulsa da, 2011-ci ildə və ötən ilin aprel ayında baş vermiş və onlarla azərbaycanlı
və erməni hərbiçilərinin ölümü ilə nəticələnmiş konkret toqquşmaların da göstərdiyi
kimi, bu atəşkəs rejiminin istənilən zaman çat vermə riski getdikcə böyüyür.
BMT-nin 1993-cü
il tarixli dörd qətnaməsinin, Aİ, ATƏT və münaqişənin həlli yolunu tapmaq məqsədi
ilə 1992-ci ildə yaradılmış və Fransanın, Rusiyanın və ABŞ-ın həmsədrlik etdiyi
"Minsk Qrupu” səviyyəsində sərgilənmiş mövqelərin də təsdiq etdiyi kimi, Ermənistan
tərəfindən Azərbaycanın ərazilərinin 20%-nin – Dağlıq Qarabağın və onun ətrafındakı
7 rayonun işğal edilməsi faktını heç kim inkar edə bilməz.
Eləcə də, Xocalı
qırğınının soyqırım xarakterli olmasının dünya üzrə ondan çox milli parlament və
Birləşmiş Ştatların federal dövlətlərini təmsil edən iyirmiyə qədər palata tərəfindən
tanınmasına da faktdır.
Münaqişənin
yerli xalqlar üçün həyati əhəmiyyətli həlli yolunda qəbul edilmiş hüquqi,
qanunvericilik və diplomatik qərarlar nə qədər legitim və vacib olsa da, bütün
bunlar real sülhə gətirib çıxarmır.
Lakin soyuq
müharibə dövrünün və keçmiş SSRİ-nin sonunda güclər nisbətinin yaratdığı bu
"strateji” reallıq bu günün reallığına uyğun gəlmir.
Münaqişənin həlli
Moskvada, İstanbulda, Tehranda, daha çox da ATƏT-in iqamətgahının yerləşdiyi
Vyanada, yaxud da ki, Vaşinqtonda və ya Parisdədir.
Nə erməni
prezident Serj Sərkisyanın ötən həftə Parisə səfəri, nə də onun ardınca onun
Bakıdakı həmkarı İlham Əliyevin Fransa və Azərbaycan arasında diplomatik
münasibətlərin 25 illiyi münasibəti ilə martın 13-də başlayan səfəri vəziyyəti əsaslı
şəkildə dəyişməyəcək. Ən pisi də odur ki, bir-birinin ardınca baş tutan bu
görüşlərdə Fransa diplomatiyası öz fəaliyyətsizliyinə tamaşaçı qismində baxan,
bacarıqsız, təşəbbüs imkanları "getdikcə daralan” vasitəçi təsiri bağışlayır.
Suriya böhranı
nümunəsi də göstərir ki, zor gücünə axına qarşı üzməkdə əslində risk böyükdür.
Əslində Minsk Qrupu vasitəsi ilə Fransanın üzərinə qoyulmuş vasitəçilik rolu,
yeri gəlmişkən, Vladimir Putinin 2013-cü ildə və bu yaxınlarda, ötən sentyabrda
Sankt-Peterburqda rəqib tərəfləri öz himayəsi altında görüşdürərkən üzərinə
götürdüyü təşəbbüslərdən heç də ağır deyildir.
25 ildən bəri
iki Qafqaz ölkəsini üz-üzə qoymuş münaqişənin əsas müəyyənləşdirici elementi
Ermənistanın Kollektiv Təhlükəsizlik Sazişi Təşkilatına qoşulmasıdır. KTST -
kollektiv təhlükəsizlik aləti kimi 2002-ci ildə Moskva tərəfindən yaradılmışdır
və 1990-cı illərin əvvəllərində müstəqillik qazanmış qonşuluğundakı altı
Respublikanı Rusiyaya bağlayır. Sülh həllinin tapılmasında Rusiyanın rolu indiyədək
bu qədər xarakterik və dolğun olmamışdır. Oxşayır ki, Moskva vəziyyəti ölü nöqtədən
tərpədəcək qədər təsir imkanlarına malikdir. O daim Azərbaycanın KTST-na daxil
olmasını şərt kimi qoymaqda davam edir. Bakı həmişə imtina edir...
2008-ci ildən
KTST-na sədrlik edən Ermənistan müasir silahlar sistemindən, konkret olaraq
ballastik "İskəndər” raketlərindən bəhrələnir və öz ərazisində yerləşmiş hərbi
rus "məsləhətçiləri”in xidmətindən yararlanır. Azərbaycan isə bu cür "xüsusi
münasibət”dən bəhrələnmir və Ermənistanın müftə əldə etdiyi silahları pul ilə
almalı olur.
Bu cür yeni
geosiyasi konfiqurasiyada bizim hələ də vasitəçi rolunu oynamaq və bölgədə
sülhün qarantı olmaq imkanlarımız qalırmı? Ötən ilin aprelində münaqişənin
alovlanması və ötən həftə intensivliyin artması bunların əksini sübut edir.
İlham Əliyevin,
Həsən Ruhaninin və Vladimir Putinin ötən
ilin avqustunda Bakıda keçirilmiş görüşü və Türkiyə Prezidenti Rəcəb Təyyub
Ərdoğanın fəallaşması, onun Qafqazda sabitlik platforması ideyasının da delalet
etdiyi kimi İran və Türkiyə də möhkəm
sülhün, təhlükəsizliyin və sabitliyin davamlı axtarışında kənarda qalmırlar.
Amma onu da qeyd etmək lazımdır ki, Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın bu
ideyası 2008-ci ildəki Gürcüstan böhranından sonra ortalıqda qaldı.
Ötən ay Münhen Təhlükəsizlik
Konfransı zamanı İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif də bəyan edərək xatırladırdı ki, Ermənistan və
Azərbaycanın və eləcə də Qarabağın işğal olunmuş ərazilərinin qonşuluğunda yerləşən
bir güc mərkəzi kimi onun ölkəsi də vasitəçilik xidməti göstərməyə hazırdır.
Pakistanın
paytaxtı İslamabadda bir neçə gün öncə baş tutmuş İqtisadi Əməkdaşlıq Təşkilatının
Zirvə Görüşü çoxsaylı regional layihələrin gündəmə gətirilməsi beynəlxalq
münasibətlərdəki "şərqləşməni” xüsusi
olaraq təsdiq etdi.
Bütün bunlar onu
göstərir ki, bu sonuncular davamlı böhrandan çıxış yolunun vacib şərtini
axtarırlar və bu çıxış yolunun tapılmasında onların marağı qarşılıqlı olduğu qədər
də paylaşmış olmalıdır, çünki onlar 1991-ci ildə beynəlxalq ictimaiyyət tərəfindən
sərhədləri tanınmış iki düşmən qonşunun sərhədlərində yerləşirlər. Həm də
bir-birinə düşmən kəsilmiş bu iki müstəqil qonşu dövlət öz hərbi, diplomatik "fəaliyyət
zonasını” get-gedə Orta Şərqdəki münaqişə bölgələrinə qədər genişləndirməyə
çalışan və 2015-ci ilin sentyabrında Suriyaya ağır hərbi müdaxiləsindən sonra
burada "qarant”a çevrilmiş Rusiyanın təsir dairəsindədirlər.
Qısası, bundan
sonra Moskvanın marağı öz yaxın qonşuluğundakı (o bu bölgələri bu yaxınlara qədər
özünün "yaxın xarici” adlandırırdı) münaqişələrin həllində qərar tutur və məqsədi
bütün hərbi gücünü və maliyə imkanlarını özü üçün müəyyənləşdirdiyi iki istiqamətə
cəmləşdirməkdir: Avrasiya, Qafqaz, Mərkəzi Asiya və kontinental istiqamət, eləcə də meridian boyu və Aralıq dənizi
istiqaməti.
Kaş ki, erməni və
azərbaycanlı prezidentlər ən tez zamanda bu imkandan yararlanmağı bacaralar:
bir tərəfdə, qarşıdan gələn 2 apreldə keçiriləcək parlament seckiləri ərəfəsində
indiyədək Yerevanda uğur qazana bilən müharibə çağırışı məntiqi yararsız hala gətirilə,
digər tərəfdə isə Bakının hərbi büdcəsi əhəmiyyətli dərəcədə kiçilə bilərdi.
Adətən, deyirlər
ki, sülhü yaratmaq üçün iki tərəf lazımdır. Dağlıq Qarabağ münaqişəsində isə,
deyəsən, üç olmaq lazımdır və bu oyunda top hazırda meydanın Moskvaya aid hissəsindədir,
Suriya böhranında olduğu kimi.
Emanuel Düpüi
Geo-siyasət üzrə
professor
Avropada Təhlükəsizlik və Perspektivlər İnstitutunun prezidenti