Rusiya qazı Ermənistanı çökdürür TƏHLİL

Rusiya qazı Ermənistanı çökdürür TƏHLİL

Siyasət
24 Oktyabr 2012, 08:54 1423
Ermənilər Rusiya qazının onların suverenliyinə təhlükəyə çevrildiyini iddia edirlər

“Rusiya və Ermənistan arasında qazın qiyməti ilə bağlı danışıqlar davam edir və tərəfləri qane edəcək razılaşma imzalanacaq”. Bu sözləri Rusiyanın nəqliyyat naziri, Rusiya-Ermənistan hökumətlərarası komissiyasının sədri Maksim Sokolov bildirib.

Erməni nəşrləri iki ölkə arasında uzun müddətdir ki, davam edən bu məsələyə xüsusi yer ayırıblar. Məsələn, “Lragir” nəşri yazır ki, qazın qiyməti Ermənistan üçün iqtisadi və siyasi əhəmiyyətə malikdir: “Bu, Rusiya Federasiyasının əlində Ermənistana qarşı böyük rıçaqdır. Belə ki, Ermənistan Qərbə doğru istiqamət götürərək, birtərəfli qaydada Rusiyanın nüfuz dairəsindən çıxmağa çalışır. Ermənistan iqtisadiyyatı qazın qiymətinin artırılması məsələsində çətin duruş gətirə bilsin. Bu qiymət artımı bütün sahələrdə qiymət artımına səbəb olacaq, əhalinin sosial vəziyyətinin gərginləşməsinə səbəb olacaq. Aydındır ki, belə şəraitdə, yumşaq desək, onsuz da ağır olan iqtisadi vəziyyətdə bahalaşma Ermənistanda prezident seçkiləri qabağı sosial vəziyyəti kritik həddə çatdıra bilər. Yəni, Rusiyanın nədən yapışdığı aydın olur. Rusiya qazı Ermənistanın suverenliyinə təhlükədir”.

Nəşr yazır ki, Ermənistan üçün hansı addımın əlverişli olduğunu təsəvvür etmək çətindir. “Onun üçün yaranmış vəziyyətdə əlverişli olan qərar yoxdur. Rusiya qazın qiymətini qaldırmasa belə, Ermənistan qarşısında şərtlərini irəli sürəcək. Təbii ki, hakimiyyət də onları yerinə yetirəcək. Çünki, prezident seçkiləri ilə bağlı bir sıra məsələlər var. Ermənistan üçün bu planda vəziyyət dalana dirənmiş formadadır. Bu bir qapalı dairədir və ondan çıxış yolu mütləq şəkildə başqa istiqamətədir: bu, daxili dəyişiklik, daxili ədalət, qanunun aliliyinin bərqərar olmasıdır. Bunlar reallaşarsa, Ermənistan Rusiya ilə bağlı daha qəti mövqedən çıxış edə bilər.
Nəşr yazır ki, burada əsas rol Qərbə ayrılır. Qərb təbii ki, anlayır ki, müxtəlif subyektiv və obyektiv səbəblərdən Ermənistanda Rusiyanın iqtisadi ekspansiyası qərarlaşıb. Eyni zamanda Qərbin ciddi maliyyə - iqtisadi dəstəyi olmadan Ermənistan bu gün bütün çətinliklərin altından çıxa bilməzdi: “Bu, həqiqətən də subyektiv elementləri özündə birləşdirsə də, obyektiv vəziyyətdir. Eyni zamanda o da tam obyektivdir ki, Qərb artıq Ermənistan hakimiyyət orqanlarının vədlərinə inanmır. Qərb bu ölkədən konkret addımlar gözləyir. Lakin hadisələrin inkişafı göstərir ki, Rusiya ilə danışıqlar nəticəsində Ermənistanın suverenliyi məsələsi yalnız mürəkkəbləşə bilər. Qaz problemi, yəni Ermənistanın suverenliyi yalnız Ermənistan və Qərb arasında gedən danışıqlar yolu ilə həllini tapa bilər. Siyasi qorxu Ermənistanla bağlı daxili siyasi və geosiyasi məsələlərdə başlıca faktora çevrilir. Ermənistanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı müzakirələrdə qorxu yeganə arqumentə çevrilir. Burada məsələ tək Rusiya ilə münasibətlərin dərinləşməsi deyil, həm də Ermənistanın suverenliyidir.
Ermənistanın Avrasiya İttifaqına üzvlüyün qaçılmaz olmasına toxunan politoloq Aşot Manuçaryan bildirir ki, əks təqdirdə, onlardan heç nə qalmaz. Onun bu fikrini digərləri də bölüşür. Rusiyanın xüsusən də Ermənistanla bağlı gözlənilməz və sərt addımlara qadir olduğuna heç kim şübhə etmir. “Lakin bütün inkişaf addımlarını qorxu ilə şərtləndirmək olarmı? Praktiki olaraq Ermənistanın bütün siyasi rəhbərliyi qorxunun hakimiyyəti - Rusiyanın, sosial üsyanın, vətəndaş özünüdərkinin, Qərb fövqəllliyi, türk qorxusunun altındadır” - deyə nəşr yazıb.

Ermənistanın energetika naziri Armen Movsisyan bu arada bildirib ki, Rusiya qazının digər alıcıları ilə müqayisədə Ermənistanda qazın qiyməti aşağı olacaq. Bununla yanaşı Ermənistanda, qazın qiymətinin indikindən ucuz və ya baha olacağı haqda o heç bir məlumat verməyib. Görünür, Rusiya Ermənistana iki seçim variantı təklif edib - əgər Ermənistan Gömrük İttifaqına üzvlüyü qəbul edərsə, o da, Belarus kimi, min kubmetrə 140 dollar ödəyəcək, əgər ki, razılaşmasa onda - 300 dollar ödəməli olacaq.
Ermənistan Enerji və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Rusiya qazının Ermənistana ixracı ilə bağlı satış tarifləri barəsində tərəflər arasında aparılan müzakirələr hələ davam edir. Qeyd olunur ki, danışıqların başa çatması tarixi dəqiq məlum olmasa da, tərəflər razılığa gələndən sonra nazirlik rəsmi bəyanatla çıxış edəcək. İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının tarif siyasəti ofisinin direktor müavini Aşot Ulixanyan tənzimləyici orqana «Armrosqazprom» şirkətindən qaz ixracı üzrə tariflərin deyişdirilməsi ilə bağlı heç bir məlumat daxil olmadığını deyib. Ermənistan və Rusiya prezidentləri arasında keçirilən görüş nəticəsində tərəflər Rusiyadan Ermənistana qaz ixracı tarifinin dəqiqləşdirilməsi prinsipi barəsində razılığa gəlib. Qeyd edək ki, hazırda Rusiya Ermənistana qazı 180 dollar/1000 kubmetr qiyməti ilə satır.
“Lragir” yazır ki, Ermənistan-Rusiya hökumətlərarası komissiyanın iclasından sonra o da məlum olub ki, Ermənistan Rusiyanın onu Gömrük ittifaqına cəlb etmək cəhdlərinə mümkün qədər müqavimət göstərir. Ermənistanın İqtisadiyyat Nazirliyi səviyyəsində bəyan edilib ki, Ermənistanın Gömrük İttifaqına daxil olması, onun digər ölkələr ilə iqtisadi əlaqələrinin yaranmasına mane ola bilər, o cümlədən Gürcüstanla. Rusiya prezidentinin müşaviri İqor Levitin açıq mətnlə bəyan edib ki, əgər Gürcüstan Abxaziya ərazisindəki dəmir yolunu açsa, onda Rusiya ilə Ermənistan arasında ümumi sərhəd olar və artıq Gömrük ittifaqına daxil olmağa heç bir səbəb qalmaz.
Azər NURİYEV