• cümə axşamı, 25 aprel, 17:07
  • Baku Bakı 23°C

Rusiya Qarabağ danışıqlarında təşəbbüsü yenidən ələ alır?

08.02.19 19:24 901
Rusiya Qarabağ danışıqlarında təşəbbüsü yenidən ələ alır?
Hər il ənənəvi olaraq fevral ayında Münhen Təhlükəsizlik Konfransı keçirilir. Bu ilin 15-17 fevral tarixlərində keçiriləcək konfransda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı növbəti görüşün keçirilməsi planlaşdırılır.
ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən təşkil ediləcək görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da iştirakı gözlənilir. Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bundan əvvəlki bir neçə görüşündə Rusiyanın xarici siyasət idarəsinin rəhbəri iştirak etməyib. Rəsmi Moskva tərəfindən belə bir qərarın verilməsi diqqət çəkir.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, hər il fevral ayında Münhendə təhlükəsizliklə bağlı beynəlxalq konfrans keçirilir: "Bilirik ki, Davos iqtisadiyyat, Münhen isə təhlükəsizliklə bağlı ən nüfuzlu beynəlxalq tədbirlərdir. Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu konfransda iştirak edəcək. Hesab edirəm ki, Dağlıq Qarabağ problemi də təhlükəsizlik məsələlərinə aid olduğu üçün münaqişə tərəfləri görüşüb müzakirələr apara bilərlər.
Onu qeyd edim ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Davosda qeyri-formal görüşüb söhbət ediblər. Ancaq rəsmi danışıqlar üçün gərək müəyyən hazırlıqlar olsun. İki ölkənin xarici işlər nazirləri dövlət başçılarının müzakirəsi üçün təkliflər hazırlamalıdırlar. Ümumi fikirlər yox, konkret hansısa bir layihə və ya bir sənəd hazırlanması mümkündür. Ona görə də xarici işlər nazirləri ATƏT-in Minsk qrupu həmsədrləri ilə birgə işləməlidirlər”.
R.Musabəyov qeyd etdi ki, Minsk qrupunun həmsədr ölkəsi olan Rusiyanın xarici işlər naziri Lavrovun görüşə qatılması təbiidir: "Ümumiyyətlə, Münhen konfransında digər həmsədr ölkələr, ABŞ və Fransanın da xarici işlər nazirləri iştirak edəcək. Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində daha fəal iştirak edib. Bəlkə də Lavrovun iştirakı ilə münaqişə tərəflərinin xarici işlər nazirlərinin görüşü baş tutacaq. İstisna deyil ki, Fransanın da xarici işlər naziri bu görüşə qoşulsun. Bu görüşlər əvvəllər də keçirilib və hər bir halda danışıqları hansısa bir razılaşma səviyyəsinə gətirmək üçün görüşə Lavrovun və digər xarici işlər nazirlərinin qoşulması müsbət addım olardı”.
Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bundan əvvəl bir neçə dəfə görüşü keçirilib, amma burada Rusiya vasitəçi kimi çıxış etməmişdi: "Təbii ki, regionun əsas söz sahibi olan Rusiyanın münaqişə tərəflərini başlı-başına buraxması və onların müstəqil şəkildə görüşlər keçirməsi rəsmi Moskvanın maraqlarına cavab verə bilməzdi. Ona görə də onlar münaqişənin tənzimlənməsində vasitəçi kimi iştirak edəcəklər. Açığı, Lavrovun vasitəçi kimi görüşündən nə isə gözləmirəm. Çünki söhbət Rusiyanın xarici işlər nazirindən gedir. Ümumilikdə isə, ayrı-ayrı qüvvələrin Qarabağ məsələsinə baxış bucaqlarında həqiqətən də bir sıra fərqlər vardı. Bəzən həmin fərqlər hətta Azərbaycanın lehinə olur. Bu görüşə gəlincə, Ermənistanın xarici işlər naziri Paşinyandan fərqli olaraq, görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışlarında daha mülayim və diqqətli olur. O, münaqişə ilə bağlı sanki daha çox tərəflər arasında olan mülayim əhval-ruhiyyənin qorunmasında maraqlıdır. Xarici işlər nazirlərinin bu görüşü növbəti dəfə Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında görüşün hazırlanması kimi də başa düşülə bilər. Çünki Paşinyan da bu yaxınlarda bildirmişdi ki, xarici işlər nazirləri görüşərək dövlət rəhbərləri arasında rəsmi görüşün detallarını hazırlayacaqlar. Eyni zamanda bundan əvvəlki görüşlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bəzi məsələlərdə anlaşmalar var idi. Həmin şifahi anlaşmalar üzərində də işləmək lazımdır ki, onlar da öz yerinə otursun. Düşünürəm ki, bu görüş formal olmayacaq və bir çox məsələlərə aydınlıq gətiriləcək. Çünki ilk dəfədir ki, Rusiya xarici işlər naziri Lavrov iştirak edir və bundan əvvəlki görüşlərdə alınan razılıqları daha da dərinləşdirmək və yeni əlavələr etmək lazımdır”.
Z.Məmmədov vurğuladı ki, bu görüşə ATƏT-in Minsk qrupunun digər həmsədrləri olan ABŞ və Fransa xarici işlər nazirlərinin qatılacağı məlum deyil: "Ola bilər ki, bu ölkələrin də xarici işlər nazirləri görüşsünlər. Təbii ki, ATƏT-in Minsk qrupunu təmsil edən ölkələrin xarici işlər nazirləri görüşsə, bu, Dağlıq Qarabağ münaqişəsinə bir töhfə verərdi. Həm də Rusiyadan başqa ABŞ və Fransa xarici işlər nazirlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanında olması daha yaxşı olardı. O zaman biz həqiqətən də bu ölkələrin münaqişə ilə bağlı öz aralarındakı baxış bucaqlarını daha aydın şəkildə görmüş olarıq. Çünki Rusiya, ABŞ və Fransanın münaqişə ilə bağlı baxış bucaqları əsasdır. Təbii ki, burada əsas rolu ABŞ və Rusiya oynayır və Fransanın mövqeyi o qədər də önəmli deyil. Maraqlı olardı ki, ABŞ və Rusiyanın bu münaqişənin həllinə ümumi yanaşmasında hansısa fərqlər varmı? Ümumi götürdükdə, ABŞ və Rusiyanın dünyanın bütün ölkələri və münaqişələri ilə bağlı fikir ayrılıqları mövcuddur. Ancaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ümumi həlli məsələsinə gəldikdə, onların baxış bucağında o qədər də fərqlər yoxdur. Düzdür, Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra Bolton tərəfindən işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması ilə bağlı ABŞ üzərindən ermənilərə konkret təzyiqin artırılmasının şahidi olduq. Təbii ki, bu təzyiqin davam etdirilməsi, ATƏT-in digər xarici işlər və ya dövlət rəsmiləri tərəfindən də buna dəstək verilməsi çox yaxşı olardı”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər