• cümə axşamı, 28 mart, 21:37
  • Baku Bakı 13°C

Rusiya Paşinyana inanmır

17.05.18 11:00 614
Rusiya Paşinyana inanmır
Bir neçə gün əvvəl Avrasiya İttifaqının Soçidə keçirilən tədbirində Ermənistanın yeni baş naziri Nikol Paşinyan da iştirak edib. Həmçinin səfər çərçivəsində o, Rusiya prezidenti Vladimir Putinlə də görüşüb. Bu görüşdən sonra yayılan xəbərlərdən məlum olur ki, Rusiya hələ də Paşinyana inanmır. Bəs görəsən Rusiya nədən Paşiyana etimad göstərmir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Rusiyada Ermənistanın yeni baş naziri Paşinyana inamsızlıq var: "Təsadüfi deyil ki, son günlərdə Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Jirinovski bir neçə dəfə Paşinyanın əleyhinə açıqlamalar verib. O qeyd edib ki, Paşinyana inam yoxdur və apardığı siyasət Ermənistana heç bir müvəffəqiyyət gətirməyəcək. Yəni, artıq birmənalı mövqe ortaya qoyulub. İnamsızlıq onunla bağlıdır ki, Paşinyan hələ də özünü baş nazir yox, küçə lideri, qəhrəmanı kimi aparmaq istəyir. O hələ dərk etmir ki, dövlətə cavabdehlik daşıyır. Əgər dərk etsəydi, fikirlərində dəqiq olardı və buna görə məsuliyyət daşıyardı. Misal üçün, Paşinyan bu günlərdə çıxışında qeyd edir ki, Ermənistan heç bir halda qərbpərəst, rusiyapərəst, amerikapərəst, iranpərəst, gürcüstanpərəst deyil, məhz ermənilərin maraqlarından çıxış edən siyasət aparacaq. Erməni ekspertləri yazırlar ki, erməni maraqlarına uyğun siyasət aparması ilə bağlı iddiası anlaşılandır, lakin Paşinyan heç bir potensialı olmayan dövlətə rəhbərlik edir. Bu açıqlamasında Qərbin, Rusiyanın, Amerikanın, İranın adını çəkir. Lakin təəccüb doğuran məqam ondan ibarətdir ki, bunlarla yanaşı Gürcüstanın da adını çəkir. Qeyd etdikləri böyük güc mərkəzləri olan dövlətlərdirlər, amma Gürcüstanla bağlı fikir söyləməsi gülüncdür. Ona görə də Paşinyanın xarici siyasətini "Axilles dabanı” adlandırırlar, yəni onun zəif nöqtəsi. Hətta dediyini özü belə dərk etmir”.
Millət vəkili əlavə etdi ki, Paşinyan baş nazir seçilənə qədər ölkəsinin Avrasiya İttifaqından çıxacağını bəyan edirdi: "Eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqdan bəhs edirdi. İndi isə Soçidə Avrasiya İttifaqının tədbirinə gedir və həmçinin orada Rusiya ilə bütün münasibətlərin qorunub saxlanacağını və daha da inkişaf etdiriləcəyindən danışıb. Erməni mətbuatının yazdığına görə, Paşinyan Putindən Ermənistana satılan qazın qiymətinin aşağı salınmasını xahiş edib. Həmçinin digər bir xahişlə Azərbaycana silah-sursat satılmamasını istəyib. Erməni mətbuatı qeyd edir ki, Paşinyanın bu mövqeyinə Putin reaksiya verməyib və bildirib ki, Rusiyanın Azərbaycanla çox dərin əməkdaşlığı var. Diqqət etsəniz görərsiniz ki, bir adamın dilindən tamamilə bir-birinə zidd, bir-birini təkzib edən fikirlər səslənib. Ona görə də Paşinyana qeyri-ciddi siyasətçi kimi yanaşırlar. Artıq indidən Rusiya siyasi dairələrinə belə fikir var ki, o, bu cür davranışı, manevrləri ilə hakimiyyətdə uzun müddət qala bilməyəcək”.
E.Nəsirov vurğuladı ki, Paşinyanın resursunun xalq olduğu qeyd edilir: "Lakin o da bildirilir ki, onun xalqa bağlı resursu qısa zamanda "əriyə” bilər. Gözləntilər doğrulmayacağı təqdirdə isə xalq onun əleyhdarına çevriləcək və Ermənistanı yenidən mitinqlər dalğası bürüyəcək. Bu dəfə isə Paşinyana istefa şüarları səsləndiriləcək və o da Sarkisyanın taleyini yaşayacaq. Artıq Paşinyan haqqında belə fikirlər səslənməkdədir. Bu isə onu göstərir ki, yeni baş nazir böyük siyasətdə özünü qeyri-ciddi və peşəkarlıqdan uzaq bir siyasətçi kimi özünü təqdim etməkdədir”.
Politoloq Natiq Miri bildirdi ki, Rusiya üçün N.Paşinyan tamamilə yad bir şəxsdir: "Bu günə qədər Ermənistanda hakimiyyətdə olmuş bütün siyasilər bilavasitə Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olublar və onlarla əməkdaşlıq ediblər. Paşinyan isə bu şəbəkəyə bağlı olmayan yad bir adamdır. Bu baxımdan, Rusiya N.Paşinyana etibar etmir və bundan sonra da etməyəcək. Rusiya onu da anlayır ki, Paşinyan sadəcə öz hökumətinin mövqelərini cəmiyyətdə möhkəmləndirmək üçün bu cür bəzəkli sözlərdən istifadə edir. Ancaq strateji yöndə təbii ki, Paşinyan hökumətinin əsas hədəfi Qərbə inteqrasiyadır. Rusiya da bunu bilməmiş deyil. Ona görə də Paşinyana münasibətdə ehtiyatlı davranırlar”.
N.Miri əlavə etdi ki, Ermənistan hökuməti məsələlərə münasibətini dəyişmədikcə Rusiyanın mövqeyi eyni ilə qalacaq: "Çünki Rusiya bu gün Ermənistanla münasibətləri tamamilə pozmaq fikrində deyil. Ona görə də Paşinyan buynuzunu göstərməyənə qədər iki ölkə arasındakı münasibətlər dəyişməyəcək. Paşinyan mövqeyini dəyişdirdiyi andan etibarən Rusiyanın da rəsmi Yerevana münasibəti dəyişəcək. Rusiya ehtiyatlı davrandığı üçün bundan sonra da Ermənistanda mövqelərini möhkəmlətməyə çalışacaq. Xüsusilə də, kəşfiyyat nöqteyi-nəzərindən Rusiyanın daha da aktivləşəcəyini düşünürəm”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər